Yan
2019
16:00
150
25
18421
Virtual karabakh

Azərbaycan torpaqlarına Peyk Müşahidə Sistemi nəzarət edir

3 Yan, 2019
16:00
18421

Azərbaycan torpaqlarına Peyk Müşahidə Sistemi nəzarət edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan torpaqların idarə edilməsində Peyk Müşahidə Sistemindən istifadə edir. 

Oxu.Az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanından idarə edilən layihənin məqsədi torpaqlara dövlət nəzarətinin həyata keçirilməsində çevikliyi artırmaqdır.

Beləliklə, qanunsuz tikililərin, torpağın münbit qatının korlanmasının qarşısının alınması, torpaq tədqiqatı, geobotaniki tədqiqat zamanı yeni texnologiyaların, süni intellektin imkanlarından istifadə edilməsi mümkün olacaq. 

Komitənin məlumatına görə, ölkə ərazisi peyk vasitəsilə beş gündən bir çəkilir. Peyk vasitəsilə çəkilmiş bütün təsvirlər süni intellektin tətbiq olunduğu Peyk Müşahidə Sisteminə daxil edilir. Süni intellekt vasitəsilə təsvirlərin analizi başlayır və əvvəlki təsvirlərlə sonrakı təsvirlər arasındakı fərqlər, yəni hər çəkilişdən sonrakı dövrdə torpaq səthində baş verən dəyişikliklər və onların koordinatları sistem vasitəsilə avtomatik olaraq müəyyən edilir. 

Sistem vasitəsilə torpaq səthində aşkarlanmış dəyişikliklərə yerində baxışın keçirilməsi Komitənin torpaq müfəttişləri tərəfindən təmin edilir, aşkarlanmış qanunsuz tikililərin qarşısı alınır, torpağın münbit qatının korlanmasına və ümumiyyətlə, qeyri-qanuni istifadəsinə yol verilmir.

Komitə ilə yanaşı, Peyk Müşahidə Sisteminin imkanlarından kənd təsərrüfatı təyinatlı torpaqlarda əkilmiş bitkilərin müəyyənləşdirilməsi və monitorinqi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi, fövqəladə hadisələr zamanı meşə yanğınlarının müəyyən edilməsi və təbiətə dəyən zərərin monitorinqi, su daşqınları zamanı dəyişikliklərin və çaylarda suların artma-azalma intensivliyinin müəyyən edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyi, meşə fonduna daxil olan ərazilərdə dəyişikliklərin müəyyən edilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eyni zamanda, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən istifadə olunacaq. Sistemin bu ilin əvvəlindən ilkin sınaqlar həyata keçirməklə tam istifadəyə verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu gün prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Komitəsinin yeni Əmlak Xidmətləri Məkanının açılışında iştirak edib. Dövlət başçısına Peyk Müşahidə Sistemi barədə məlumat verilib.

İlhamə Abdullayeva

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri