25 
Fev
2017
21:50
319
48
19199
Virtual karabakh

Nadir şahın yadigarı Ağstafada qorunur – FOTO

25 Fev, 2017
21:50
19199

Nadir şahın yadigarı Ağstafada qorunur – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Minilliklər boyu atlar ən surətli və ən rahat nəqliyyat vasitəsi olub. Bu səbəbdən insanlar daim atları təkmilləşdirib, yaşadıqları mühitə alışdırıb, onları növlərə bölüblər. Günümüzdə 260 at cinsi vardır ki, onlardan ikisi Azərbaycanın adı ilə bağlıdır. Bunlar dünyaca məşhur Qarabağ və Qazax Dilbaz atlarıdır. Dilbaz atlarının meydana gəlməsi bir çox mənbələrdə Qazaxın Dilbazilər nəslinin adı ilə əlaqələndirilir. 300 il ərzində bu atların seleksiya yolu ilə inkişafını məhz bu nəsil həyata keçirib. Xalq arasında isə Dilbazların Nadir şahın Haçadil atlarının nəslindən olduğu haqda rəvayətlər dolaşır.

Oxu.Az bu barədə Sputnik-ə istinadla xəbər verir.

18 əsrin 30-cu illərində Tiflisi osmanlılardan geri alan Səfəvi sərkərdəsi Nadirqulu xan (Nadirqulu xan Əfşar 1736-cı ildə Səfəvilər xanədanını devirərək özünü şah elan edib və Nadir Şah adını götürüb) düşərgəsini Qazaxın Xanlıqlar kəndində salır. Burada onun atlarına Əli adlı yerli şəxs qulluq edir. Milliyyətcə türk olsa da, özünü İran dövlətinin təbəəsi sayan Nadirqulu xan gedərkən halallıq almaq üçün Əli kişini yanına çağırır. Onlar arasında farsca belə bir dialoq yaşanır.

Nadir şah Əli kişidən soruşur: “Mən gəldim Tiflisi tutdum və qayıdıram. Sabah gəlib türklər buranı alsa, sən kimin tərəfində olacaqsan?” Əli kişi cavabında deyir: “Mən türkəm, əgər gəlib buranı 10 dəfə də tutsan, mən yenə türklərin tərəfini saxlayacağam”. Nadir şah düz danışması və hazırcavablığından xoşu gələn Əli kişiyə iki at bağışlayır. Acıdilliyinə görə isə onu Dilibaz (acıdil, sərt dil) adlandırır. Sonradan bu atlardan törəyən cinsə xalq Dilibaz adı verir.

Bu ad zaman keçdikcə “Dəliboz”, “Diliboz”, “Dilboz”, “Qazax” kimi formalarda işlənib. 1990-cı ildə Nazirlər Sovetinin qərarı ilə cinsin adı onu yetişdirən nəslin adına uyğunlaşdırılaraq “Dilbaz” olaraq təsdiqlənib.

Süvari atları olan Dilbazlar davamlı gücü və dözümlülüyü baxımından bir çox at cinsini geridə qoyur. Dilbazlar bir gündə belində 115-130 kq yüklə 45-55 km, atlı ilə isə 70 km yol qət etmək bacarığına malikdir. Dilbaz atların burun pərlərinin genişliyi və dillərində Nadir şahın atlarından qalma haçalıq (dilləri batıq olur ki, bu da haça görünüşü verir) onların havanı yarmasına və nəfəs almasına çox kömək edir. Bu səbəbdən uzunməsafəli səfərlərdə çox əlverişlidirlər.

Dilbaz atların bir xüsusiyyəti də doğulduqdan sonra 4 dəfə rəngini dəyişməsidir. Əvvəl kürən doğulan dayça 1 ildən sonra göyə çalır, sonradan isə bir az ağarır. 8-10 yaşından sonra isə onda qırmızı xallar əmələ gəlir və ömrünün axırına kimi elə qalır. XIX əsrin sonlarında Qazax qəzasında Dilbazların sayı 25 minə çatsa da, Birinci və  İkinci Dünya müharibələri zamanı atların cəbhəyə cəlb edilməsi, onların sayının kəskin azalması ilə nəticələnib. Ötən əsrin sonlarına isə demək olar ki, təmizqanlı Dilbaz atların nəsli kəsilmək üzrə olub.

Dilbaz atlarının keçmiş şöhrətini bərpa edən, onlara yenidən “həyat” verən Ağstafa rayonunun Sadıxlı kəndində yerləşən Dilbaz Atçılıq Zavodunun direktoru Zəlimxan Gülalıyev bu atların şöhrətinin qaytarılması haqda belə danışır:

“Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda oxuyarkən əlimə bir qəzet parçası keçmişdi. Həmin qəzet parçasında Qazaxın Dilboz atları haqqında, hələ Böyük Vətən müharibəsi illərində respublika Mərkəzi Komitəsinin verdiyi bir qərar dərc olunmuşdu. Bu sənəddə göstərilirdi ki, alman faşistlərinin Qafqaza yaxınlaşması ilə əlaqədar olaraq Dilboz cinsli atların qorunması məqsədilə onlar respublikanın mərkəzi rayonlarından birinə köçürülsün. Bu məqsədlə 311 Dilboz atı Şəkiyə aparılaraq “Daşüz” sovxozuna yerləşdirilir.

Qərarda o da göstərilirdi ki, müharibədən sonra atlar yerlərinə qaytarılsın. Lakin buna əməl edilməmişdi. Daşüz sovxozu sonradan camışçılıq üzrə ixtisaslaşdığından, atlar orada baxımsız vəziyyətə düşmüşdü. O vaxtlar bu qərarın icrası ilə bağlı çox get-gəldən sonra minbir əziyyətlə, atsevər və vətənpərvər adamların köməyilə Şəkidən 10 baş at gətirdik. Bakı Cıdır Meydanından bir baş ayğır alındı. 1997-ci ildə 11 baş atla bu təsərrüfat fəaliyyətə başladı”.

Gülalıyevin sözlərinə görə, indi həmin vaxtdan illər keçib və atçılıq təsərrüfatı xeyli dirçəlib.

“Dilbozların şöhrətini qismən də olsa, geri qaytarmışıq. Hazırda atların sayı 155 başa çatdırılıb. Bu günə qədər atların sayının artırılması ilə məşğul idiksə, indən sonra atın sırf keyfiyyəti ilə məşqul olacağıq”, - Zəlimxan Gülalıyev deyir.

O, 300 ildir qorunaraq bizə gəlib çatan bu mirasın genefondunu dəyişmədən gələcək nəsillərə ötürülməsini özünə mənəvi borc bilir.

P.S.: Dilbaz atları Qazax rayonunun simvollarından biridir. Rayonun gerbi üzərində onun əksi var, şəhərin girişində isə hündür postament üzərində qanadlanmış Dilbaz heykəli ucalır.



A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Maraqlı xəbərləri