12 
Dek
2015
20:52
96
44
12151
Virtual karabakh

Vüqar Namazov: Ulduz xəstəliyinə tutulmaq lazım deyil – MÜSAHİBƏ

12 Dek, 2015
20:52
12151

Vüqar Namazov: Ulduz xəstəliyinə tutulmaq lazım deyil – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Arxayınçılıq insanın düşmənidir”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı poverliftinq üzrə Avropa və dünya çempionu, Vergilər Nazirliyinin əməkdaşı, zabit Vüqar Namazovdur.

- Vüqar Namazov deyəndə poverliftinq yada düşür! Bir az keçmişə qayıdaq.

- Mən 1979-cu ildə Şəmkir rayonunun Çaparlı kəndində anadan olmuşam. 1986-cı ildə birinci sinfə getmişəm.

Artıq məktəb vaxtından ali məktəbə qəbul olmağa hazırlaşırdım. Anam mənim Bakı Dövlət Universitetinə qəbul olmağımı çox istəyirdi, amma ilk olaraq İqtisad Universitetinin tələbəsi oldum, 1997-ci ildən 2001-ci ilədək orda təhsil aldım. Sonra Bakı Dövlət Universitetinin magistraturasına qəbul oldum və anama zəng edib təbrik etdim ki, istədiyin universitetə qəbul oldum.

- İlk işiniz və ilk maaşınız?

- İlk işim universitet vaxtı olub, şirkətdə çalışırdım, təxminən 150 şirvan almışdım (gülür).

İnsanın öz maaşı, öz işinin zəhməti şirindir. Artıq insan öz ayaqları üstündə durmağı bacarmalı olduğunu, öz işini, karyerasını qurmalı olduğunu dərk edir. İnsanın əziyyəti heç vaxt yerdə qalmır, bunu bilirəm.

- İdman elə bir sahədir ki, o, ya insanın özündə olur, ya kimsə məsləhət görür, ya da ailədən aşılanr. Sizdə necə, ailədə idmanla məşğul olan kimsə vardı?

- Mən ilk dəfə güləşlə məşğul olmuşam. O vaxtı idman çox inkişaf etməmişdi, atam balaca qantellər almışdı, özüm üçün onunla məşq edirdim. Sonra artıq müəllimlə məşq etməyə, turnirlərdə iştirak etməyə başladım, amma bir şey var idi ki, mənim həmişə ağırlıq qaldırmaya marağım var idi. Yaxşı güləşməyimə baxmayaraq poverliftinqi sevirdim.

- Bəs necə oldu poverliftinqə keçid etdiniz?

- Dediyim kimi, mən bu idman növünü sevirəm, mənə bu idman növünün incəliklərini öyrədən müəllimə, dostuma - Quliyev Bəxtiyara təşəkkür edirəm.

1997-ci ildən artıq peşəkar olaraq bu idmanla məşğul olmağa başladım. Dörd dəfə dünya çempionu, yeddi dəfə Avropa çempionu olmuşam. Dünya rekordçusuyam. 1997-ci ildən bu günə kimi bu idmanla məşğul oluram və davam edirəm.

- Neçə ildir bu idmandasız və nə vaxta kimi davam etmək fikrindəsiz?

- Deyə bilərəm ki, artıq 20 ildir peşəkar olaraq bu idmandayam, nəsib olarsa hələ iştirak edəcəyim yarışlar var. Əgər bizim idman növü İslam Oyunlarına daxil olarsa mütləq iştirak edəcəm.

- Hansı yarış yaddaşınızda qalıb?

- Əslində hər yarışın özünün bir xatirəsi var. İdmançının qələbəsi ona ruh yüksəkliyi verir. Fərqi yoxdur, yarışın hər birinin pis-yaxşı xatirəsi olur, amma mən bir idmançı kimi deyə bilərəm ki, yaddaşımda həmişə yaxşı anlar olub.

- İqtisad Universiteti, Bakı Dövlət Universiteti və idman! Uzlaşa bilirmi? İstər iş, istər karyera, istərsə də idman - fərqi yoxdur - hər birini öz günlük həyatınızda uzlaşdıra bilirsiz?

- İnsan başlayacağı işi əvvəldən özü dərk edir, düşünür və nə edəcəyini bilirsə, demək ki, öhdəsindən də gələcək. Mən Maliyyə üzrə oxumuşam və Vergilər Nazirliyinin əməkdaşıyam, zabitəm.

Demək olar ki, uzlaşdıra bilirəm. İşimi, idmanımı, hər birini vaxtında çatdırıram.

- Fərqi yoxdur, hansı peşədə olursuz olun, heç özünüzə demisiniz ki, mən artıq zirvədəyəm!? İdmanda və yaxud başqa sahədə?

- O idmançı özünə desə ki, mən zirvədəyəm demək ki, çox şeyi bilmir. Ulduz xəstəliyinə tutulmaq lazım deyil (gülür).

İnsan özünü, sözünü, işini, gücünü bilməlidir. Uğurlu insan ola bilər, amma o, mən artıq zirvədəyəm deməməlidir. Arxayınçılıq insanın düşmənidir.

- Yaxşı insan, yaxşı dost, yoxsa yaxşı idmançı?

- Mən özümə qiymət verə bilmərəm, ən azı yaxşı olmağa çalışıram.

- Hər bir uğurlu idmançının özü bir müəllimdir. Siz necə, tələbələriniz varmı və yaxud hazırlaşdırırsınız?

- Mən istənilən dost, tanış, məndən yaşca kiçik olanlara həmişə nəyisə başa salmışam, öyrətmişəm. Onlara məsləhətim olub, amma bu o demək deyil ki, mən onlara başçılıq, müəllimlik edirəm. Kənardan məni tanıyanlar da deyə bilər ki, mən öz köməyimi heç kəsdən əsirgəməmişəm, əsirgəmərəm də.

Mən nəsə edəndə onu şişirdib demirəm, demərəm də.

- Poverliftinq Federasiyası və idmançıları ilə münasibətiniz necədir?

- Çox yaxşı. Bizim komanda bizim dostlarımızdır. Ümumiyyətlə, məncə poverliftinqi Azərbaycana Ələddin Əliyev gətirib. İlk medalı da deyərdim Ələddin müəllim gətirib, o olmasaydı, bu gün nə Federasiya olardı, nə də biz. Onun sayəsində bu gün poverliftinqçilərimiz var, nailiyyət və nəticələrimiz var. Hər bir kəs öz gücü müqavilində idmanı inkişaf etdirməlidir.

Bizim Prezidentimizin idmana necə diqqət göstərdiyini hər birimiz bilirik. Bu gün biz cənab Prezidentə borcluyuq.

- Nəticə və nailiyyətlərinizdən razısınız?

- Avropa və dünya çempionuyam, fəxri fərmanla təltif olunmuşam, Vergilər Nazirliyi tərəfindən mükafatlandırılmışam. Qismət olsa, irəlidə yarışlar olacaq və mən iştirak edəcəm. İdmançı kimi, insan kimi nədənsə narazı olmağa haqqım yoxdur.

- Övladlarınıza nəyi məsləhət görürsünüz, ən çox hansı sözü deyirsiniz?

- Layiqli övlad olsunlar sadəcə, hansı peşəni, sənəti seçməklərindən asılı olmayaraq həmişə öz seçimlərinə hörmətlə yanaşacam. Yaxşı dost olmağı bacarsınlar. Bəlkə də biz özümüz dost sözünü ucuzlaşdırmışıq, hər tanışa ətrafda olanlara dost deyirik.

Çox sevdiyim bir ifadə var: Deyir, Hz.Əli buyurub ki, məni dostlarımın xətasından qoru, düşmənlərimdən özüm qorunaram.

Həqiqətən də insan yaxınından xəta gözləmir, əsas odur, dost dediyi adamın insana qarşı düşmənçiliyi olmasın.

- Bəs yaxşı insan, dost dediyiniz insanlar var?

- Əlbəttə var, mən onlara dost deyirəmsə, deməli dost sözünə layiqdirlər.

Nərmin Kazımova
Foto: Müslüm Mikayılov

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri