26 
Yan
2016
17:00
87
13
5854
Virtual karabakh

Qrossmeyster Ülvi Bacarani: Şahmatda hələ çox inkişaf edəcəm – MÜSAHİBƏ

26 Yan, 2016
17:00
5854

Qrossmeyster Ülvi Bacarani: Şahmatda hələ çox inkişaf edəcəm – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Gözümü açandan şahmat və tibb ab-havasında böyümüşəm”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı qrossmeyster Ülvi Bacaranidir.

- Ülvi, gəncsən, amma şahmatda az da olsa, öz sözünü demisən. Özünü bizə təqdim elə, səni daha yaxından tanıyaq, sonra nailiyyətlərinlə tanış olaq.

- Mən, Ülvi Bacarani, ziyalı ailəsində doğulmuşam desəm, yanılmaram. Bakıda anadan olmuşam, burada da böyümüşəm. 126№-li orta məktəbi bitirmişəm, Tibb Universitetinin 4-cü kurs tələbəsiyəm.

Ailədə dörd nəfərik. Anam mühəndisdir. Atam, İlqar Bacarani isə 30 ildir tanınmış şahmat müəllimidir, beynəlxalq usta, beynəlxalq hakim, yaxşı təşkilatçı və əməkdar məşqçidir, uğurlar qazanmış bir çox tələbələri var. İlk müəllimim atam olub və mənim də bu səviyyəyə qalxmağımda onun böyük zəhməti olub və hal-hazırda da var.

- İlk olaraq şahmatda hansı uğurların olub?

- Beş yaşımdan şahmatla məşğulam.

Birinci dərəcəni artıq 7 yaşımda almışdım, 9 yaşda olarkən Bakı çempionatında qalib gəlmişdim. Daha sonra 10 yaşımda Avropa və Dünya çempionatlarındakı medallarıma görə FİDE ustası oldum, 14 yaşımda Beynəlxalq usta adını və 16 yaşımda ən yüksək şahmat titulunu – Beynəlxalq qrossmeyster titulunu qazanmışam.

- Şahmat və tibb – hər ikisi başqa-başqa sahələrdir.

- Mən gözümü açandan şahmat və tibb ab-havasında böyümüşəm, bacım da şahmat oynayırdı. Kiçik bibim Kübra da FİDE ustasıdır. İndi İdman Akademiyasında işləyir.

Mənim böyük bibim də, nənəm də həkimdirlər. Bacım da onların yolunu davam etdirir. Yəni bu ab-havada böyümüşəm deyə tibbə daxil olmağı qərara aldım. Amma şahmatla həkimliyin hər ikisini yüksək səviyyədə işlətməyin çox çətin olduğunu qabaqcadan düşünərək əczaçılıq fakültəsini seçmişəm.

- Valideynlərinin hər ikisi də şahmatla məşğuldu, ya sadəcə atan?

- Xeyr, amma anamın da qayğısı əvəzsizdir. Həmişə yarışlarda mənə dəstək olur, onun dəstəyi mənə önəmlidir. Uzaqda olanda isə internetlə hər gün əlaqə qururuq.

- Tələbəsən və məqsədin hansı yöndə olacaq – şahmat, yoxsa tibb? Tibbi oxuyub şahmatı seçəcəksən?

- Mən ümumiyyətlə, sosial insan olmaq istəyirəm. Hələki özümü fərdi olaraq inkişaf etdirirəm. Hansı sahədə daha çox uğurlarımın olacağını zaman göstərəcək.

- Başqa idman növləri ilə məşğul olmusanmı?

- İdman növlərindən qısa bir müddət üzgüçülüklə məşğul olmuşam, indi Ciu-Citsu ilə həftədə 3 dəfə məşğul oluram. Əsas fikrim fiziki hazırlığımın şahmata dəstək olmasıdır. Onu zaman göstərəcək, amma deyim ki, şahmatda hələ çox inkişafım olacaq, özümdə o potensialı görürəm.

- Şahmat səbir tələb edir, yəqin ki, özün də səbirli birisən!

- Bəli. Şahmat düşündürür və sən o düşüncəndə səbirli olmalısan, konsentrasiyanı itirməməlisən, ən son saniyə belə nəyisə həll edə bilər. Yaxşı fiziki hazırlığın olmalıdır, fiziki olaraq dözümlü olmalısan. Çünki yarışlarda saatlarla düşünə bilərsən və buna insanın fiziki durumu tab gətirməlidir, beyin və orqanizm yorulmamalıdır.

Potensialım var və o potensialla irəliləyəcəyimə əminəm.

- Başqa idman növlərində yarışdan öncə mütləq hazırlıq mərhələsi olur – bəs şahmatda necədir?

- Şahmat belədir ki, özün hazırlaşırsan, müəlliminlə, və yaxud təkbətək oturub hazırlıq edirsən, xüsusi bir hazırlıq mərhələsi ola da bilər, olmaya da. Adətən dayanmadan non-stop rejimdə çalışmaq lazımdır.

- Şahmat daha çox hansı ölkədə inkişafdadır?

- Deyə bilərəm ki, Çin, Hindistan, Rusiya, Ukrayna, ABŞ-da inkişaf var, amma uşaq şahmatı daha çox Hindistanda, Rusiyada, Çində güclüdür.

Bu ölkələrdə şahmat güclü inkişaf edir, dövlət və sponsorlar tərəfindən məqsədyönlü düzgün dəstək var.

- Azərbaycan Şahmat Federasiyası və yaxud Azərbaycanda şahmatın inkişafı bir gənc şahmatçı kimi səni qane edir?

- Deyərdim çox da yox, çünki bu elə idman növüdür ki, guya hər kəs sərbəst məşğul ola bilər, amma təcrübəli məşqçilərin rolu və məsləhətləri əvəzsizdir. Bununla məşğul olanlara, ələlxüsus da gənclərə dəstək olmaq lazımdır, müntəzəm təlim-məşq toplantılarına böyük ehtiyac vardır.

İlboyu bir neçə dəfə müntəzəm təlim-məşq toplantıları keçirilməsi çox xeyir verir. Orda həm həkim, həm psixoloq, həm professional məşqçilər və idman hazırlığı üzrə mütəxəssis olsa onda hazırlıq dolğun olar.

Məsələn, birinci əsas komandaya diqqət var, onlarla rəsmi olaraq Aleksandr Xalifman işləyir, amma biz ikinci komandadayıq və ona dəstək, diqqət azdır. Çox istəyərdim lazımi diqqət olsun.

- Növbəti Şahmat Olimpiadası Azərbaycanda keçiriləcək. Ona hazırlaşırsanmı?

- Əslində iştirak etmək istəyirəm və hazırlıq deyəndə ki, hazırlığı özümüz edirik, bizə xüsusi hazırlıq keçilmir. Azərbaycanda Şahmat Olimpiadası keçiriləcək deyə əsas komandadan savayı daha iki komanda ev sahibi kimi iştirak edəcək.

Əsas komandaya diqqət var dediyim kimi, amma ikinci komandaya da o diqqət olsa biz də daha uğurlu çıxış edərik.

- Yaxşı, olimpiadada özün üçün bir fərziyyən varmı, neçənci yerə düşə bilərsən?

- Bu, komanda turniridir, şəxsi nəticəni komandanın maraqlarından üstün tutmaq olmaz. İlk 15 komanda sırasına düşə bilərik. Bütün ölkələrdən komandalar gələcək, hardasa 160 ölkə gözlənilir və komandalar olduqca güclü olacaq.

- Bax, hansı qalibiyyətdir ki, sən onu qazanmaq istəyirsən? Və yaxud hansısa titul?

- Dünya kubokuna vəsiqə qazanmaq istəyirəm, inanıram ki, qazana bilərəm.

- Hansı fiqurlar sənə daha yaxındı?

- Düzü, vəziyyət hər dəfə dəyişir, oyun gedən zaman hansı fiqur mənə kömək olursa o fiqur da mənə yaxşıdır.

- Heç peşmanlıq hissi keçirmisənmi niyə mən şahmatla məşğul oldum?

- Əvvəllər olurdu, amma indi tamamilə bu fikrə ziddəm.

- Azərbaycan şahmatçısı deyəndə kimlərin adını deyə bilərsən?

- Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov komandamızın liderləridir.

İkinci eşalonda Rauf Məmmədov, Eltac Səfərli və Qədir Hüseynovu qeyd etmək lazımdır. Amma ümid edirəm ki, ölkə şahmatçıları arasında mənim də öz layiqli yerim olacaq.

- Dostların sənin oyunlarını və turnirlərini izləyirlərmi?

- Əvvəllər bunu bilmirdim, amma ötən il Gənclərin Dünya çempionatında ermənistanlı Karen Qriqoryanı gərgin mübarizədə udduqdan sonra dostlarımdan xeyli mesaj almışdım, onlar mənim bu uğuruma çox sevindiklərini yazırdılar. Dərsə qayıdanda hətta tanımadığım uşaqlar da mənə təbriklər söyləyirdi, çünki dostlarım sosial şəbəkələrdə bu qələbə haqqında məlumatı paylaşmışdı.

- Şahmatın yaşı varmı və məşğul olmağa hansı yaşdan başlamalısan? Hansı yaşda olmaz deyə bir şey varmı?

- Yox, qətiyyən, şahmat üçün yaşın böyük fərqi yoxdur deyərdim, hansı yaşda başlayırsan başla, əsas əzmkarlıqla, məqsədyönlü şəkildə məşğul olmaq lazımdır. Özünə əmin olmalısan, uğursuzluqlardan ruhdan düşməyərək geriyə çəkilməməlisən!

- Nailiyyətlərindən hansılar yadda qalıb?

- Qazandığım uğurlardan uşaqlar arasında Avropa çempionatının medalları - 2 gümüş və 1 bürünc, Dünya çempionatında 1 bürünc qazanmışam, gənclər arasında bir neçə dəfə Azərbaycan çempionu olmuşam.

Böyük uğurlarımdan biri 19 yaşında kişilər arasında ölkə çempionu adını qazana bilməyimi sayıram. “Odlar Yurdu” komandasının tərkibində Avropada klublar arasında 4-cü yeri də tuta bilmişdik.

Bir çox müxtəlif səviyyəli beynəlxalq turnirlərdə iştirak etmişəm və qələbələrim də var. İranda, Fransada, Belçikada, Birləşmiş Ərəb Əmirliyində, Ukraynada qalib olduğum turnirlər var.

Azərbaycanı Rusiyada, Yaponiyada, Vyetnamda, Türkiyədə, Argentinada, Çexiyada, Makedoniyada, Serbiyada, Rumıniyada, İspaniyada, Çernoqoriyada, Polşada layiqinicə təmsil etmişəm.

- Bəs son ildə hansı uğurların yadda qalıb?

- Bu il bir neçə turnirlərdə müvəffəqiyyətlə çıxış etmişəm. Türkiyədə “Ordu open” turnirdə ikinci olmuşam.

Moskvada tələbələrin turnirində 3-cü yeri tutmuşam. 20 yaşlıların Dünya birinciliyində uzun müddət liderlər qrupuna daxil idim, amma sonda 5-ci yeri tutdum. Bu da yaxşı nəticə kimi hesablana bilər.

Türkiyədən Ankaranın ONUR komandasında oynamaq dəvəti almışdım və başçılıq etdiyim komanda birinci dəstə turnirini uğurla keçirdi və qalib oldu. Rumıniyanın Arad şəhərində güclü turnirdə 1-3-cü yerləri bölüşdüm, ondan dərhal sonra isə Belçikanın Brasçat şəhərində açıq turnirdə qalib oldum.

Əsas isə mənim oyunumun digər səviyyəyə qalxmasıdır. Çünki 2600 əmsallı şahmatçılarla görüşlərimin çoxunda uğurla oynamağa başlamışam, yaddaqalan qələbələrim oldu. Hətta ilin son turniri “Əl-Əyn open”də 2711 əmsallı Ukrayna şahmatçısını məğlub etdim. Bu isə dünyanın top-oyunçularının səviyyəsinə yaxındır.

Çəkilişdə göstərdikləri köməyə görə “Şıkıdım” restoranına, Eminə təşəkkür edirik.

Nərmin Kazımova
Müslüm Mikayılov

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri