18 
Fev
2016
12:28
25
81
7685
Virtual karabakh

Ramil Ağasiyev: Biz səhnələrimizdə pornoqrafiya göstərmək istəmirdik

18 Fev, 2016
12:28
7685

Ramil Ağasiyev: Biz səhnələrimizdə pornoqrafiya göstərmək istəmirdik

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Zalda bu səhnələr zamanı səs-küy yarandı”.

Oxu.Az 2015-ci ildə ictimaiyyətə təqdim edilən, tamaşaçılar tərəfindən birmənalı qarşılanmayan, açıq-saçıq səhnələri ilə müzakirələrə səbəb olan “Arzuların ardınca” filminin rejissoru Ramil Ağasiyev ilə müsahibəni təqdim edir.

- “Arzuların ardınca” ilk filminizdir?

- İndiyə qədər kiçik işlər, reklam filmləri olub... Amma ciddi olaraq bu ilk işimdir.

- Filmin ideyası real hadisələrə əsaslanır, ya tamamən rejissor təxəyyülünün məhsuludur?

- Filmin ideyası əslində çox qəribə bir situasiyada meydana gəlib. Dostumun maşınında yağışlı bir havada yol gedirdik. Həmin gündən bir neçə ay öncə əmimi xərçəng xəstəliyindən itirmişdim. Və bu ideya onda yarandı və vaxt itirmədən ssenaristə zəng etdim. Mehmana deyəndə ideyanı bəyənmişdi, onun da atası məhz bu xəstəlik nəticəsində dünyasını dəyişmişdi. Doğmalarımızı əlimizdən alan bu amansız xəstəliyə olan nifrət və bəzi hadisələr də reallığı əks etdirir.

- Baş qəhrəmanların arzular siyahısı bir neçə məşhur filmdə rast gəldiyimiz elementdir...

- Mən onlardan ilham almamışam (gülür). Elementlər oxşar ola bilər.  

- Film ilə cəmiyyətə hansı mesajı vermək istəmisiniz?

- Əslində, orda əsas arzular siyahısı deyildi. Əgər fikir verdinizsə, Kamil ölümü dərk etmişdi, qəbul etmişdi. Arzu isə mübarizə aparırdı, hardasa bu bəladan qurtulacağına inanırdır. Adətən, ölümə məhkum edilmiş xəstələri, müalicəsi olmayan xəstələri çox zaman yalnız qoyurlar. Mesaj da məhz bundan ibarət idi ki, insanı ölümə tərk etmək olmaz. Onun həyatının qalan hissəsinin yadda qalan etmək, bu insanların ətrafdakılar üçün dəyərli olduğunu göstərmək lazımdır.

- Ramilin qəhrəmanlarında öz arzularının ardınca getmə cəsarəti qorxudan doğur?

- Biz insanlar həyatımızı necə yaşayırıq? Fikir vermisiz? Səhər işə gedirik, axşam evə gəlirik. Biz həyatımızdan zövq almırıq, həyatımızı tam yaşamırıq. İnsan düşünür ki, pul qazanmalıdır, ev almalıyıq, ailə qurmalıyıq, uşağı böyütməliyik...

- İnsanın ölümlü olduğunu bildiyimiz halda, sabaha olan bu arxayınlıq hardandır?

- Söhbət də bundan gedir. Həyatımızı kiməsə, nəyəsə qurban veririk. İnsan öz istəklərini, arzularını arxa plana keçirir. Çünki sabah olacaq. Amma sabah olmaya da bilər. Amma bir gün buna “STOP” demək lazımdır. Axı sən özün də varsan... Qəhrəmanlar üçün bu “STOP” məhz xəstəlikləri oldu. Həm də istək, xəyal, arzu yerinə yetəndə insanın yanında ona inanan, onu anlayan biri olmalıdır. Belə insanlar azdır.

- Filmdə açıq-saçıq səhnələr yer alır. Bunun tənqid, mənfi reaksiya ilə qarşılanacağını düşünərək çəkindiyiniz anlar oldu?

- Heç vaxt. O haqda düşünməmişəm. İnsanlar fərqlidir. Həm türk flimlərində, həm də xarici filmlərdə də belə səhnələr yer alır. Hamı da baxır. Heç kim də buna qeyri-adi reaksiya vermir. Amma fikir verdinizsə, zalda bu səhnələr zamanı səs-küy yarandı.

- Sizcə xarici filmlərdə belə səhnələri sakit qarşılayan tamaşaçı niyə yerli filmlərdə bu səhnələrə fərqli reaksiya verir?

- Mənim fikrimcə, tamaşaçı hələ formalaşmayıb. Biz hələ də özümüzə kənardan baxa bilmirik. Küçədə kimsə öpüşürsə, biz ona dəhşətli bir əməl törətmiş kimi baxırıq. Amma həmin adamlar bunu özləri edəndə, bunu elə də dəhşətli hesab etmirlər. O zaman özündə bunu eyib bilməyən niyə başqası bu hərəkəti etdikdə normal qarşılamır? Təbii olan eyib deyil.

- Filmin çəkilişində ən böyük dəstəyi kim göstərdi?

- Ən böyük dəstəyi komandadan aldım. Çünki büdcəsi demək olar ki, yox dərəcəsində olan, az büdcəli film çəkib ərsəyə çatdırmaq üçün sənin arxanda sənə inanan, sənə güvənən komanda olmalıdır. Çünki bu yaradıcı heyət səninlə çiyin-çiyinə çalışır.

- Filmin sponsoru var idi, ya öz hesabınıza çəkmisiz?

- Sırf öz hesabıma, özüm yığdığım pula çəkilib.

- Ramil siz özünüz peşəkar rejissorsunuz?

- Bəli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və R.İbrahimbəyov adına Kino Akademiyasında oxumuşam. Filmin ikinci rejissoru Asif Rəhimov da peşəkar rejissordur. Operatorumuz təcrübəli idi. Bununla yanaşı, heyətdə həvəskarlar da var idi. Məsələn, elə baş rolu canlandıran Ziya, qapı sexində işləyir. Aktrisamızın ilk filmi idi.  

- Bu film Ramilin öz arzularının ardınca getməsi kimi qəbul etmək olar?

- Hə, elə bir şey oldu (gülür). Bu nəinki Ramilin, ssenarist Mehmanın da arzusu idi, əvəllər komediya filmlərinin çəkilməsində iştirak edən və melodrama çəkmək istəyən quruluşçu operatorun da arzusu var idi. Yəni bütün komandanın arzusu idi.

- Ramilin ən çox qorxduğu şey nədir?

- Təklik. Tək qalmaqdan. Yəni nə olursa-olsun, insanın yanında sevincini, dərdini, fikirlərini bölməyə kimsə olmalıdır. Başqa heç nədən qorxmuram. Hətta yaxşılıq etdiyim insanlar arxadan zərbə vursalar belə, bağışlamağı bacarıram. Kin saxlamıram, ümumiyyətlə...

- Filmdə şəxsi imzanız kimi təqdim edəcəyiniz bir element var?

- Bu haqda düşünməmişəm hələ. Növbəti işdən asılı olaraq, yəqin ki olacaq. Bu, ilk film idi, təcrübəsizlikdən irəli gələn səhvlər çox idi. Yəni peşəkarlar buna baxanda o səhvləri görürlər. Əslində hər bir filmdə ismarış olmalıdı, tamaşaçılar sənin dəsti-xəttini tanımalıdır. Yaşa dolduqca, təbii ki, təcrübə də artır, müəyyən məfhumlara baxış dəyişir, hadisələrə münasibətlər dəyişir. Yəqin bu da olacaq (gülür).

- Filmin çəkilişi zamanı sizin üçün ən yadda qalan hadisə hansı oldu?

- Filmi çəkib qutardıqdan sonra baş rolun ifaçısı Ziya zəng eləmişdi mənə, ağlayırdı. Nə olduğun soruşdum dedi ki, mən roldan çıxa bilmirəm hələ də Kamili yaşayıram (gülür). Film başlayanda müəyyən aura var idi, həmin auradan çıxmaq məhz Ziya üçün çox çətin oldu. Hardasa iki-üç ay özünə gələ bilmədi.

- Ramil filmin nümayişinə gələrkən, onun 1 saat 30 dəqiqə gedəcəyini bilirdim. Film bitdikdən sonra mənə elə gəldi ki, orda 15  dəqiqədir oturmuşuq.  Sizcə, bu nədən irəli gəldi, süjetin axıcılığındanmı, filmdəki hadisələrin baş verdiyi məkanların tez-tez dəyişməsindənmi? Hətta məndən arxa sırada oturanlar “vəssalam?” da dedilər. Sizcə, bu müsbətdir, ya mənfi?

- Əslində, film 2 saat olmalı idi. Bəlkə də mən səhv elədim ona tez baxdım, yəqin ki, baxmamlıydım. Məni sıxdı film. Onun bəzi hissələrini çıxartdım. Düzünü desəm, bu çox çətin prosesdi, çəkilənlər arasında bəzi səhnələrdən imtina etməli olursan. Sonradan isə bəzi səhnələrin nahaq yerə çıxartdığımı düşündüm.

Film monoloq üzərində qurulmuşdu, Kamilin dilindən eşitdiyimiz qısa hekayələrdən ibarətdir film. Mənə tamaşaçının reaksiyası, fikri, hər bir rejissor üçün olduğu kimi çox mühüm idi. Əlbəttə, mənim üçün müsbət (gülür). Tamaşaçının filmi necə qəbul etməsi, mənim üçün çox önəmlidir. Tamaşaçı isə normal qəbul etdi.

- Ən mənfi reaksiya kimdən gəldi?

- Elə də kəskin reaksiya olmadı. Qala gecədə elə də tənqid olmamışdı, sonradan da... Facebook səhifəsində “Azərbaycan qadını xəyanət etməz” kimi şərhlər yazırdılar. Biz səhnələrimizdə pornoqrafiya göstərmək istəmirdik.

Amma kriminal xəbərlərə baxsaq, məhz xəyanətə əsaslanan mübahisələr zəmnində baş verən cinayətlər heç də nadir hal deyil. Bəzən elə fikir irəli sürürlər, elə şərh yazırlar ki, sanki Azərbaycan cəmiyyətində yaşamırlar. Mən yenə də təkrar edəcəm sözümü, məncə bunun səbəbi bizim hələ də kənardan özümüzə baxıb, bəzi xoşagəlməz reallıqları qəbul edə bilməməyimizdən irəli gəlir.

- Xəyanətkarın milliyyəti yoxdur deyirlər...

- Başa düşə bilmirəm, niyə rekasiya məhz “Azərbaycan qadını xəyanət edə bilməz” kimi oldu. Mən nəyisə bütləşdirməyin əksinəyəm. Biz insanıq hamımız. Burda milli mənsubiyyətin, dini təriqətin, sosial durumun fərqi yoxdu, əsas insan amilidir. Fərdi yanaşmadır. Öz düşüncəsi olan, öz hissləri olan fərdlər var. Demək olmaz “Azərbaycan qadını bunu etməz”.  

- Facebookda rəylər içində belə bir rəyə də rast gəldim ki , “o qadın ölürdü. Bilirdi ki, sabahı yoxdur, əgər sağalmağa ümidi olsaydı, bunu etməzdi” bununla nə dərəcdə razısınız?

- Bir az çətin sual oldu (gülür). Əslində həqiqətən sabahı yox idi. Amma düşünmürəm ki, Arzu bunu məhz xəstə olduğu üçün etdi.

- Yəni, Ramil Arzunun addımını xəyanət hesab etmir?

- Xeyr, mən bunu xəyanət hesab etmirəm. Hissdir bu, bir anlıq istək idi. O, bu hissi yaşamalı idi. Arzu ölümcül xəstəliyə mübtəla olmadığı halda belə, Kamil kimi onu anlayan bir adamla qarşılaşsaydı eyni addımı atardı. Çünki ailə həyatı istəksiz qurulmuşdu. Fikir verdizsə o, hər addımda Arifin adın çəkirdi, bu sadəcə onun ümidlərinin təzahürü idi. O, bunu son ana qədər ərindən gözləyirdi. Amma...

- Ramil Arzuya və Kamilə haqq qazandırır?

- Hə. 

- Gələcək planlarınızdan danışardınız?

- Yeni bir film yayda çəkilib, o filmdə ikinci rejissoram. Hələ ki, maliyyə məsələlərinə görə bir qədər çətindir. İştirak etmək istədiyimiz festivallar var, amma yenə deyirəm maliyyəyə görə qalırıq. Düzünü desəm, sponsor tapmağa cəhd etməmişəm. İndiki vəziyyətdə kiməsə film üçün müraciət etmək, məncə, düz deyil (gülür). Amma “Arzuların ardınca” filmini bir neçə festivala göndərmək istərdim. Tərcümə edib rus və ingilis dillərinə. Titrlər yazılsın, başa çatsın, sonra hansı festivala göndərəcəyimizi qərar verəcəyik.

- Son olaraq oxucularımıza nə demək istərdiniz?

- Oxcularımıza demək istərdim ki, oxusunlar, yerli filmlərə baxsınlar və ən əsas müzakirə etsinlər (gülür). Onların rəyləri bizim üçün çox önəmlidir.

- Maraqlı söhbətə üçün təşəkkür edirik.

Səbinə Səmidxan
Foto Nüsrət Abdullayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri