25 
Fev
2016
21:30
90
24
7898
Virtual karabakh

Sevda Güləhmədova: Sağlamlıq artıq darıxdırıcı mövzu olmayacaq!

25 Fev, 2016
21:30
7898

Sevda Güləhmədova: Sağlamlıq artıq darıxdırıcı mövzu olmayacaq!

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Həyat tərzinə çevrilən aktual problemlər müzakirə ediləcək.

Oxu.Az 14 ildən artıq radio və televiziya sahəsində çalışan, Azərbaycanın FM radio məkanında gender bərabərliyi və qadın hüquqlarından bəhs edən ilk və yeganə proqramın müəllifi və aparıcısı Sevda Güləhmədova ilə müsahibəni təqdim edir.

- Yeni verilişin əsas hədəfi nədən ibarətdir?

- Əsas məqsədimiz “Avto FM” vasitəsilə bildiklərimizi bölüşmək, səhhətimizlə bağlı hər hansı problemimizin sağlam həllini tapmağa çalışmaqdır.

Və bunu radiosevərlərə mümkün qədər sadə dillə izah etməkdir. “Sağlam ol!” proqramında ölkənin ən yaxşı tibb mütəxəssisləri sağlamlığa dair ən vacib məsələləri dinləyicilərlə bölüşəcəklər.   

- Niyə məhz radio-efir və “AvtoFM” radiosu?

- Çünki radio böyük qüvvədir (gülür). Bəli, tele-efirin imkanları genişdir. Amma elə insanlar var ki, hansısa səbəblərdən - iş saatı, həyat tərzi və s. əlaqədar televiziya efirindən kənardadırlar. Radio isə daha əlçatandır. Götür-qoy etdikdən sonra gördüm ki, formata görə, “AvtoFM” radiosu bu məqsəd üçün daha uyğundur.

Bu gün radio və xüsusilə də “Avto FM” radiosunun əsas dinləyiciləri həm də avtomobil sürücüləridir. Uzun müddət və ya ümumiyyətlə yollardakı sıxlıq vəziyyətində sükan arxasında olmaq müəyyən xəstəliklərə yol aça bilər. Düşünürəm ki, bu insanların dəstəyə ehtiyacı var. Çünki əgər siz sükan arxasındasınızsa, demək, siz artıq risk qrupuna daxilsiniz.

- Risk qrupu deyərkən, siz hansı kateqoriyaları risk qrupuna daxil edirsiniz?

- Veriliş efirə getməmiş, bu barədə danışmaq istəməzdim (gülür). Amma veriliş zamanı mütamadi olaraq sürücülərimizə məhz sükan arxasında nələrə diqqət etmək gərəkliliyini  xatırladacam. Hətta “Avto FM” üçün zidd səslənsə də, ara-sıra avtomobildən imtina etməyə çağıracam (gülür).

- Sevda xanım, gender bərbərliyi, qadın hüquqları və birdən-birə sağlamlıq haqqında veriliş. Keçid çox kəskin olmadı ki?

- Sadəcə, televiziyadan “Çox yaşa” layihəsi üçün təklif gəldi. Sınamaq istədim. Buna düzü, sadəcə əlavə iş kimi yanaşdım. Buna qədər televiziya təcrübəm olmuşdu. Diplomatlarla bağlı bir layihəm olub. Həmişə xaricə maraq duyan insan olmuşam. Bu bir fürsət idi. Müxtəlif xalqların, millətlərin gündəlik həyatlarını, adətlərini, maraqlarını öyrənmək üçün bir imkan idi. Bir də sağlamlıq mövzusu üzə çıxdı, ABŞ, Rusiya, Latın Amerikası, Avropanın populyar tibb şoularını təhlil etdikdən sonra (gülür) anladım ki, dünya insanı hər yerdə eynidir. Belə bir fürsətim olduğuna sevinirəm.  Həm öz, həm də bacardığım qədər insanlarımızın sağlamlığının qayğısına qalmaq gözəl hissdir!

- Sizin “AvtoFM” radiosunun efirində təqdim edəcəyiniz “Sağlam ol” verilişinin o biri verilişlərdən fərqi nədir?

- Mən bayaq dedim ki, fərqli ölkələrin populyar tibb şoularını izləyirdim. Bu verilişlərə baxmaqda məqsədim uyğunlaşdırmaq yox, fərqlilik yaratmaq idi. Çünki seçilmək üçün fərqli nəsə təqdim etməyi bacarmalısan. Bu verilişin fərqi isə bu işin başında artıq bu sahədə püxtələşmiş, sağlamlığımızın mahiyyətinin fərqinə varmış birinin durmasıdır (gülür).

- Yəni, məsləhətləri həvəskarlardan yox, peşəkarlardan alacağıq?   

- Bəli (gülür). Təvazökarlıqdan kənar da olsa deyim ki, mən kifayət qədər bu sahədə təcrübə toplamışam. Və hətta məndən həkim olmağımı belə soruşanlar var. Bizim proqramımızda sualları həkimlərin hazırlamasına,  ehtiyac qalmır (gülür). Məlumatları qonaq mütəxəssislərimizlə bərabər dinləyicilərimizə hamının anlayacağı dildə çatdırmağa çalışıram. Mənim üçün əsas olan verdiyimiz məlumatın dinləyicini düşündürməsidir.

- Sağlam həyatı təbliğ edən Sevda xanımın “olmazlar”ı nədən ibarətdir?

- Mən nə alkoqol istifadə edirəm, nə də siqaret çəkirəm. Bundan istifadə edən insanları qınayanlar kateqoriyasına daxil deyiləm. Düşünürəm ki, hər kəsin öz seçimi var. Mən sadəcə bunun sağlamlığa mənfi təsiri baxımından əleyhinəyəm. Hətta özümə düşmən qazansam belə, hər fürsətdə bunu vurğulamaqdan çəkinmirəm.

- Bir deyim var “Heç vaxt heç vaxt demə” ....

-  Hə (gülür). Bəlkə nə vaxtsa əsas ixtisasım üzrə (kino və teatr aktrisası) rol təklif etsələr, səhnədə əlimə siqaret ala bilərəm. Siqaret mövzusunda prinsipalam: “Heç vaxt heç vaxt de!”.

- Sağlamlıq hamını narahat edən sahədir, hansısa problemin müzakirəsində Sevda xanımın yanaşmasında aparıcılıq ya fərdilik daha çox üstünlük təşkil edir?

- Sağlamlığa dair verilişdə, təbii ki, biz sağlamlığa zidd şeyləri təbliğ edə bilmərik. Tibb ilə bağlı mövzuları o qədər araşdırmışam ki, artıq aparıcı olmaqdan çıxmışam. Təqdim etdiyim mövzuya bir fərd kimi yanaşıram. Axı şəxsi təcrübə bölüşülməsə, dinləyicinin etibarını qazanmaq olmaz. Düzdür, efirin öz öhdəlikləri var, aparıcı olaraq opponentlik etməlisən. Bunu da unutmuram. Amma fərd olaraq da öz fikirlərimi də irəli sürürəm. Mən, ümumiyyətlə, məsləhət verməyin yox, seçim imkanı yaratmağın tərəfdarıyam.

- Yəni, dinləyicini istiqamətləndirmək, düşündürməyə çalışırsınız?

- Bəli. Heç kimə sən bunu etməlisən nəzəriyyəsi ilə yanaşmaq olmaz. Mövzunu açıqlamaq, mənfi, müsbət tərəflərini göstərmək, çıxış yolunu izah etmək və dinləyicinin seçim qarşısında qoymaq. Və əgər o seçim insanın həyatında nəyisə dəyişir, hansısa pis bir vərdişdən uzaqlaşmağa gətirib çıxarırsa, mən bunu böyük bir qələbə hesab edirəm. Bununla qürur duyuram. Çünki sağlamlıq ən əsas məsələdir. Çünki sağlam olmaq istənilən nəticələri əldə etmək imkanına malik olmaq deməkdir. Sağlam bədəndə, sağlam ruh olur!

- Verilişin formatı haqqında bir neçə söz deyərdiniz...

- Həftə içi hər gün səhər saat 10-12 arası 107.7 FM – Avto FM radiosunda yeni layihə təqdim olunacaq. Mən konkret qəlib yaratmaq niyyətində deyiləm. Müxtəlif rubrikalar olacaq, diqqətimiz gündəlik həyatda üzləşdiyimiz problemlərə yönələcək. Məsələn, artıq xəstəlik sərhədlərini aşıb, həyat tərzinə çevrilən aktual problemlər müzakirə ediləcək. Bu isə geniş mövzudur.

- Oxucularımıza və dinləyicilərinizə nə demək istərdiniz?

- Onlara demək istərdim ki, mənimlə olmasa belə səhhətləri üçün gündə heç olmasa bir saat vaxt ayırsınlar. Çünki sağlamlıq bizimlə bir ömür addımlayan məsələdir. Bir şeyə əlimizi uzatmadan onun xeyrini və zərərini öyrənməliyik. Radionun əsasən sükan arxasında dinlənildiyini bilirik, ona görə də “Avto FM” vasitəsilə onlara yardım etməyə çalışacağıq. Əmin olun ki, “Avto FM”in efirində sizə təqdim ediləcək “Sağlam ol!” verilişində sağlamlıq artıq darıxdırıcı mövzu olmayacaq!

- Maraqlı söhbət üçün təşəkkür edirik.

Səbinə Səmidxan

Foto Nüsrət Abdullyev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri