Mar
2016
11:00
95
28
9919
Virtual karabakh

“Mercedes-Benz”in ehtiyat hissələrini alarkən nələrə diqqət yetirmək lazımdır?

3 Mar, 2016
11:00
9919

“Mercedes-Benz”in ehtiyat hissələrini alarkən nələrə diqqət yetirmək lazımdır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu sualı “AutoStar Kaukasus” şirkətinin ehtiyat hissələri üzrə meneceri Anar İbrahimov cavablandırdı.

Oxu.Az “AutoStar Kaukasus” rəsmi servis mərkəzinin baş qəbulçusu Teymur Rzayev və ehtiyat hissələri üzrə meneceri Anar İbrahimovla müsahibəni təqdim edir.

Teymur bəy ilə müsahibə:

- Teymur müəllim, manatın ucuzlaşması ilə əlaqədar bəzi avtomobil sahibləri öz avtomobillərini qeyri-rəsmi servislərdə təmir etdirməyə başlayıblar, bu barədə nə deyə bilərsiniz?
 
- Mən bu qənaətdə deyiləm. Devalvasiyadan sonra “AutoStar Kaukasus” servis mərkəzinin müştəri bazası nəinki azalmayıb, əksinə,  artıb. Xidmətlərimizin qiymətinə gəldikdə isə onlarda cüzi artım edilib. Bununla yanaşı, rəsmi servis mərkəzində bütün işlərə və ehtiyat hissələrinə 2 il zəmanət verilir.

Müştərilərimiz rəsmi texniki xidmət servisinin (TXS) üstünlüklərinə dair məlumatlandırılıb. Axı hər bir avtomobil sahibi üçün olduğu kimi, onlar üçün də ən əsası avtomobilin texniki vəziyyətinin saz olmasıdır. 

Avtomobil mürəkkəb mexanizm olduğu üçün, ona daimi qulluq etmək və zamanında texniki baxışdan (TB) keçirmək lazımdır. Bu halda peşəkarlar işə qarışmasalar olmur. Axı keyfiyyətli təmir üçün xüsusi avadanlıqdan istifadə etmək lazımdır ki, bu da yalnız idxalçının diler şəbəkəsi tərəfindən təchiz edilə bilər. Anladığınız kimi, “boz diler”in əlində bu cür avadanlıqların olması mümkün deyil.

Müvafiq olaraq, siz həmin servis mərkəzlərində təmir üzrə bəzi xidmətləri görməyəcəksiniz.

Bizim texniki mütəxəssislər mütəmadi olaraq ixtisasları üzrə müəyyən təlimlər keçirlər. Əlbəttə, “boz diler”in də ixtisaslaşmış işçisinin olması mümkündür. Amma təcrübə artımına nəzarət, təbii ki, yoxdur. Mütəxəssis müstəqil şəkildə təlimə gedə bilər, bunu isə çoxları etmir. Həmçinin unutmaq olmaz ki, avtomobil bazarı daim yenilənir, bazara texniki baxımdan mükəmməlləşdirilmiş yeni modellər daxil olur ki, bunun da nəticəsində mütəxəssisin yeni treyninqlər keçməsinə tələbat yaranır.  

Beləliklə də, həqiqətən keyfiyyətli və ən əsası peşəkar təlimi mütəxəssis yalnız rəsmi diler mərkəzində işləyərkən ala bilir.  

Rəsmi servis mərkəzində yalnız orijinal ehtiyat hissələri quraşdırılır ki, bununla da siz zavod zəmanətinin şərtlərini pozmamış olursunuz. Bir çox müştərilər qənaət etmək üçün “boz” mağazalardan ehtiyat hissələri alırlar. Ancaq çox zaman təşkil edilmiş güzəşt aksiyaları nəticəsində rəsmi dilerdəki ehtiyat hissələrinin qiyməti nəinki rəqabət qabiliyyətli, hətta daha ucuz olur. 

Bir çox müştərilər üçün komfortlu müştəri zonası böyük rol oynayır. Onlar öz avtomobillərinin təmirini qəhvə içə-içə, dincələrək izləyə bilərlər.

- Milli valyutanın məzənnəsində iki dəfəyə yaxın ucuzlaşma olmasından sonra servis xidmətlərinin qiymətlərində dəyişikliklər olub?

- Dəyişikliklər var. Amma qeyd etdiyim ki, cüzidir. Bununla yanaşı, biz daim güzəşt aksiyaları keçiririk, onların sayəsində xidmətlərin qiyməti ucuzlaşır.

Belə ki, hazırda 2005-2011-ci illər istehsalı “M-Class (W164)” modelinin ehtiyat hissələrinə, eləcə də işçilik haqlarına endirimli qiymətlər mövcuddur.

- Hansı hallarda xarici mütəxəssislərin yardımından istifadə edirsiz?

- “Mercedes-Benz”in Azərbaycandakı rəsmi servis mərkəzi bu markaya aid avtomobillərin istənilən nasazlığını aradan qaldırmaq imkanına malikdir. Bizdə yalnız ixtisaslaşdırılmış ustalar avtomobil təmiri ilə məşğuldurlar. Ustalarımızın peşəkarlığını təmin etmək üçün onlar mütəmadi olaraq xarici ölkələrdə ixtisasartırma kurslarında iştirak edib, öz bacarıqlarını genişləndirirlər. Almaniyadan mütəxəssislərin cəlb olunması çox nadir hallarda baş verir.

Amma əgər belə bir şərait yaranarsa, o, Bakıya 2-3 gün ərzində gəlir.

- Keçən illə müqayisədə müştərilərin sayı ümumilikdə azalıb?

- Mən artıq müştərilərin sayının artdığını qeyd etmişəm. Keçən il biz ikinci TXS açılışı barədə düşünürdük. Ola bilər ki, onun ölçülərini yenidən nəzərdən keçirəsi olaq. Amma, ümumiyyətlə, onun açılışı planından imtina etmək fikrimiz yoxdur.

- “AutoStar Kaukasus”da bu avtomobillər üçün hansı servis xidmətləri göstərilir?

“Mercedes-Benz” şirkətinin rəsmi servis mərkəzi olan “AutoStar Kaukasus” bu markaya aid bütün minik avtomobilləri və vanlar üçün hər növ texniki xidmət göstərmək qabiliyyətinə malikdir.

Anar bəy

- Anar bəy, ehtiyat hissələrinin qiymətləri və zəmanət müddəti azalıb?

- Bizdə hal-hazırda anbarda olan ehtiyat hissələrinin qiymətlərində heç bir dəyişiklik yoxdur. Lakin yeni sifariş verilən ehtiyat hissələrində qiymət artımı müşahidə olunacaq, çünki onlar avro ilə alınır. 

Nəzərə almaq lazımdır ki, “Mercedes-Benz” avtomobillərinin çoxlu sayda modelləri mövcuddur və hər bir modelin ehtiyat hissəsinin anbarımızda olması qeyri-mümkündür.
Zəmanət müddəti də dəyişilməyib. Biz satılan hər bir ehtiyat hissəsinə iki il zəmanət veririk.

- Sizdə anbarda ehtiyat hissəsi olmadığı halda, sürücülər hara müraciət etməlidir?

- Azərbaycanda “Mercedes-Benz”in orijinal ehtiyat hissələri yalnız “AutoStar Kaukasus”da sifariş etmək mümkündür. Biz istənilən ehtiyat hissəsini sifariş edib, iki həftəyə qədər Bakıya çatdırılmasını və iki il zəmanətini təmin edirik.

- Avtomobillərin orijinal ehtiyat hissələrini necə tanımaq olur?

- Hazırda avtomobil bazarında bir neçə tipdə qeyri-orijinal ehtiyat hissələri təqdim olunur.

Misal üçün “Bosch” şirkəti həm ümumi, həm də xüsusi olaraq “Mercedes-Benz” avtomobilləri üçün şüşətəmizləyici hazırlayır. Xüsusi olaraq Mercedes-Benz üçün hazırlanan şüşətəmizləyici daha sonra “Mercedes-Benz” mütəxəssisləri tərəfindən müəyyən yoxlamalardan keçir. Ümumi avtomobillər üçün hazırlanan şüşətəmizləyicilər isə yalnız istehsalçı şirkətin mütəxəssisləri tərəfindən yoxlanılır, digər yoxlamalardan keçmir. Hər iki detal bir-birindən keyfiyyəti ilə və hazırlandığı materiala görə fərqlənir.

Təbii ki, xüsusi olaraq Mercedes-Benz avtomobili üçün hazırlanan detal daha keyfiyyətlidir və orijinal ehtiyat hissəsi sayılır.

Həmçinin belə hallar da olur ki, keyfiyyətsiz ehtiyat hissələri  orijinal bağlamalarda satılır. 

Həmin ehtiyat hissələri Çində ən keyfiyyətsiz materiallardan hazırlanır, avtomobilə qoyulan zaman isə müəyyən fəsadlara səbəb olur. Həmin ehtiyat hissələrinə baxış zamanı bu işdə peşəkar olmayan insan heç bir fərq görməyəcək. 
 
Biz hətta keyfiyyətsiz ehtiyat hissələri ilə orijinal ehtiyat hissələrini müqayisə etmək üçün stend də quraşdırmışıq. Vizual olaraq onları bir-birindən ayırd etmək mümkün deyil. Keyfiyyətdə isə fərq çox böyükdür.
 
- Qeyri-orijinal ehtiyat hissələri avtomobillərə necə təsir edir?

- Birincisi, qeyri-orijinal ehtiyat hissələri tez bir zamanda sıradan çıxır, üstəlik müəyyən nasazlıqlara səbəb olur. 

Məsələn, avtomobilə saxta əyləc “kolodkaları” qoyulan zaman əyləci sıxdıqda fit səsi, xoşagəlməz iy gəlir və əyləc məsafəsi uzanır. Hətta yüksək sürətdə əyləci basarkən əyləc kolodkaları əriyə bilər. Eləcə də digər saxta ehtiyat hissələrinin istismarı zamanı xoşagəlməz məqamlar üzə çıxır. Bizdə “rasxodniklərdən” başqa, hər bir ehtiyat hissələrinə iki il zəmanət verilir. Sürücü ehtiyat hissələrinin avtomobildə iki il ərzində istismarı zamanı nasazlıq hiss edərsə, bizə gəlib o ehtiyat hissəsini pulsuz dəyişə bilər.

- Azərbaycanda “Mercedes-Benz” avtomobillərinin sahibləri özlərini keyfiyyətsiz ehtiyat hissələrdən necə qoruya bilərlər? Ehtiyat hissələri alarkən nələrə diqqət yetirmək lazımdır? 

- Müştərilərə çox yerdə yalan məlumat verilir ki, bəs bu “Mercedes-Benz” avtomobillərinin orijinal ehtiyat hissələridir. Müştəri də baxır bağlamaya, ştrix-koda və holoqrama, görür hamısı var. Elə bilir ki, orijinaldır. Lakin o yanılır.

Gördüyünüz kimi, orijinal və qeyri-orijinal ehtiyat hissələrini ilk baxışdan bağlamalarına görə ayırd etmək mümkün deyil. Ancaq loqotip və koda diqqətlə baxsanız, görəcəksiniz ki, çox cüzi də olsa, fərqlər var. Misal üçün, loqotipə baxaq: orijinal ehtiyat hissəsinin üstündəki loqotip daha səliqəli və incədir. Qeyri-orijinaldakı isə daha qalın şriftli loqotipdir.

Həmçinin ehtiyat hissəsinin adının yazılışına baxsanız, orijinalda adın bütün hərfləri böyük şrift ilə, qeyri-orijinalda isə baş hərflər böyük şrift ilə, sonrakı hərflər isə kiçik şrift ilə yazılıb. 

Qeyd etdiyim kimi, Azərbaycanın avtomobil bazarında çoxlu sayda keyfiyyətsiz ehtiyat hissələri orijinal bağlamalarda satılır. Peşəkar olmayanlar üçün onları vizual baxımdan ayırd etmək mümkün deyil.
 
“Mercedes-Benz” avtomobillərinin sahibləri üçün saxta ehtiyat hissələrindən qorunmağın yeganə yolu - ehtiyat hissələrini “Mercedes-Benz”in Azərbaycandakı rəsmi servisindən - “AutoStar Kaukasus”dan almaqdır.

Həmçinin, müştərilərimizin artan tələbatını nəzərə alaraq, “Mercedes-Benz”in orijinal ehtiyat hissələrinin və aksessuarlarının pərakəndə satış şəbəkəsini genişləndirmək məqsədi ilə yaxın günlərdə “Gənclik” metro stansiyasının yaxınlığında daha bir mağazanın açılışını planlaşdırırıq.

Elvin Əhmədov
FOTO: Nüsrət Abdullayev
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri