16 
İyn
2016
16:26
258
23
9138
Virtual karabakh

Firuzə İsmayılova: Region hotellərinin qiymətləri həddən artıq yüksəkdir – MÜSAHİBƏ

16 İyn, 2016
16:26
9138

Firuzə İsmayılova: Region hotellərinin qiymətləri həddən artıq yüksəkdir – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2017-ci il üçün müsbət proqnozlar verilir”.

Firuzə İsmayılova artıq 15 ildir mehmanxana biznesində çalışır. Hazırda o, yeni hotellərin birində top-menecerdir.

Oxu.Az yay ərəfəsində Firuzə İsmayılova ilə Azərbaycanda hotel biznesinin xüsusiyyətləri, inkişafı, perspektivləri və ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ayrılmaz hissəsi olan bu sahənin digər aspektləri haqqında söhbət edib.   

- Hotel biznesinin sizin həyatınızda hansı anlamı daşımasından danışardınız. Necə oldu, bu sahəyə sizdə maraq yarandı?

- Hələ birinci kurs tələbəsi olarkən (Azərbaycan Xarici Dillər İnstitutu - red.) tərcüməçi kimi işə düzəldim. Tərcüməçilik peşəmlə əlaqədar tez-tez Avropa ölkələrində konfrans və konqreslərdə iştirak edirdim və əlbəttə, bu zaman Avropanın müxtəlif otellərində qalırdım. 

Bir müddət sonra özümdən asılı olmayaraq, müxtəlif ölkələrdə təqdim edilən xidmət səviyyəsini müqayisə etməyə, daha sonra onların fərqlərini görməyə başladığımı anladım. Bu isə məndə bu və ya digər hoteldə nəyi isə dəyişmək istəyi oyadırdı.

Mən personalın işini müşahidə etməyi sevirdim. Buna o qədər aludə olmuşdum ki, foyeyə vaxtından əvvəl endikdə qeydiyyat şöbəsi və hotelin digər işçilərini müşahidə edirdim. Bir müddət sonra mənə Bakının hotellərindən birində iş təklif etdilər və buna böyük sevinclə razılaşdım.

- Bakı hotellərində hansı qiymətlər müəyyən edilib və onlar bu gün üçün nə dərəcədə rəqabət qabiliyyətlidir?

- “High season” (yüksək mövsüm) və “Low season” (alçaq mövsüm) anlayışları mövcuddur. Şəhər hotelləri üçün “High season” – bu, sentyabrdan dekabrın ortalarına qədər olan dövrdür. Yanvarın ortasından iyunun ortalarına qədər qiymətlər 40 manatdan 500 manata qədər dəyişir. Sahilyanı hotellər üçün isə “High season” yay boyu davam edir və qiymət diapozonu 90-dan 400 manata qədər dəyişir.

Hotel xidmətləri bazarında rəqabətin artdığı şəraitdə hotelin və təqdim edilən xidmətlərin rəqabət qabiliyyətliliyini təmin etmə problemi daha da mühüm məna kəsb edir.

Bu məsələyə baxış zamanı hotelin rəqabət qabiliyyətliliyinin daxili və xarici amillərdən asılı olan və zamanla dəyişən dinamik kateqoriya olduğunu anlamaq lazımdır. Hotellərdə sərt rəqabət mübarizəsini yalnız qonaqlarına keyfiyyətli xidmət təqdim edənlər qazanır, belə keyfiyyətli xidməti isə yüksək ixtisaslı personal olmadan göstərmək mümkün deyil.

Personal hotel sahəsinin əsas tərkib hissəsidir və müvafiq olaraq hotel xidmətinin keyfiyyəti onun bacarığından, motivasiyasında hotelin səmərəli işinə cəlb edilməsindən asılıdır.

Hotelin rəqabət üstünlüyünü təşkil edən resursların əksəriyyəti, rəqiblər tərəfindən zamanla mənimsənilə bilər. Amma hotelin yüksək nüfuza malik olması, loyal yüksək ixtisaslı personal, səmərəli marketinq, səmərəli idarəetmə sistemlərinin istifadəsi kimi rəqabət üstünlükləri, çətin ki, mənimsənilsin.

- Hotel biznesində ən mühüm olan nədir?

- Təqdim edilən servisin səviyyəsi mühümdür. Qonaqlar üçün səhər tezdən dadlı və doyumlu yemək, təmiz otaq və qiymətin keyfiyyətə müvafiq olması əsasdır. İkinci dərəcəli isə əyləncə və hotelin infrastrukturudur.

Rəhbər üçün xidmətdən razı qalan qonaq hər şeydən vacibdir. Bunun üçün isə rəhbərlik fəaliyyəti elə qurmalıdır ki, əməkdaşlar işə motivasiya olsunlar. Əməkdaşlar – şirkətin təməlidirlər. Motivasiyasız əməkdaşlar olmadan müştərilərin tələbatını təmin etmək və sağlam gəliri sistemləşdirmək çətindir. 

- Necə düşünürsüz, nəyə görə Azərbaycanda aztəminatlı müştərilər üçün üçulduzlu hotellər azdır?

- Mənim fikrimcə, bizdə elə ən çox üçulduzlu hotellər mövcuddur, amma onların xidməti heç birulduzlu hotelə də uyğun deyil. Bizdə turistlərin çoxunun istifadə etdiyi hostellər azdır.

- Deməli, Gürcüstanda olduğu kimi, Bakıda da hostellər şəbəkəsini inkişaf etdirmək lazımdır?

- Hazırda hostellərə tələbat çoxdur, bizdə isə hostellər çox azdır. Şəhərimiz səyahət etmək istəyən aztəminatlı turistlər çoxdur. Bununla yanaşı, minimal məbləğ ilə səyahət edən gənc turistlər də var, onlar hər şeydə qənaət etməyə çalışırlar.

Təəssüf ki, Azərbaycan qanunvericiliyində hostel açmaq nəzərdə tutulmayıb. Ona görə də əgər hostel açmaq fikrinə düşsəniz, onu hotel kimi qeydiyyatdan keçirməlisiniz. Bu isə böyük sərmayə və səy tələb edir.

Hostelin saxlanması hotelin saxlanmasından çətindir. Burada dövlət orqanları deyil, əsasən qonşular maneəçilik törədirlər. Belə ki, adi mənzillər hostelə çevrilir, qonşular isə çox sayda yad üzlər görmək istəmirlər.

Tbilisidə hostellər çoxdur və onların sayı getdikcə artır. Onlar müxtəlifdir və hamısı klassik hostel anlayışına uyğun gəlmir, amma yenə də seçim var. Bir qayda olaraq onlar hostel-evlərə və hostel-mənzillərə bölünürlər.

Bakıda hostellər 15 manatdır, Gürcüstanda isə onlar adambaşına 5 manata başa gəlir.

- Ümumilikdə, Azərbaycan hotelləri haqqında nə deyə bilərsiniz? Hotellər arasında fərq çox böyükdür?

- Hotellər müxtəlif müştəri çevrəsi üçün nəzərdə tutulub və dəyişən funksiyaya malikdirlər. Bununla əlaqədar yerləşmənin müxtəlif kateqoriyalarını göstərmək olar.

Otellərin ən çox yayılan növlərindən biri biznes hotellərdir. Biznes-hotellər şəhərin işgüzar mərkəzlərində yerləşir. Bu hotellər işgüzar insanların tələbatını yerinə yetirir, kurort hotellərindən fərqli olaraq bu hotellərdə geniş əyləncə və sağlamlıq proqramı nəzərdə tutulmayıb.

Müasir hotellərin əsas növlərindən biri də istirahət məkanlarında və dəniz kənarında yerləşən kurort hotelləridir. Kurort hotellərinin prinsipial problemlərindən biri mövsümi yerləşmədir: “High season”da onlar bir qayda olaraq dolu, “Low season”da isə boş olurlar.

Fərq, təbii ki var, hər şey otelin kateqoriyasından, yerləşdiyi məkandan və daxili şəraitdən asılıdır.

- Hotelin qiymət siyasəti necə formalaşır?

- Əsasən qiymətlər hotelin ümumi xərclərindən asılı olaraq formalaşır. Belə ki, bundan asılı olaraq otaqların maya dəyəri hesablanır. Amma rəqiblərin biznesinin təhlili də hotelin qiymət siyasətinin qurulmasına təsir edir. Ümumilikdə isə hotelin qiymət formalaşmasının (marketinq və qiymət) üsulları var.  

Marketinq – rəqiblərin qiymətlərinin öyrənilməsi əsasında, qiymət – nömrədə maya dəyəri+qiymətüstü hesablanmaqla meydana gəlir.

- Bizim şərtlərdə hotelin uğurlu inkişafı üçün konkret olaraq nə tələb olunur?

- Böyük əmək, yaxşı komanda, savadlı menecment. Bu ümumilikdədir, konkret olaraq isə peşəkar hotel proqramını yaratmaq lazımdır ki, məsrəf olmasın. Bundan başqa, peşəkar PR-menecer lazımdır. İşçilər üçün treninqlər keçirmək, onlara servisin sirlərini öyrətmək lazımdır.

Qonaqların şikayəti və istəkləri barədə informasiya almaq, onları zamanında həll etmək gərəkdir. Qonaqlara ekskursiyalar və şəhərin pulsuz xəritələri kimi əlavə xidmətlər təklif etmək lazımdır, bir sözlə, qonaqlara özünüzə yanaşılmasını istədiyiniz kimi yanaşmaq lazımdır.  

- Hotellər üçün qonaq sayının minimal göstəricisi nə qədərdir?

- Hotellərin normal qonaq sayı göstəricisi 70%-dən yuxarıdır. Aşağı göstərici zərərdir. Xüsusilə də, əgər hotel icarəyə götürülübsə. Qonaq sayının az olması gəlirin az olmasıdır, bu isə xidmətin səviyyəsinin aşağı düşməsinə gətirib çıxarır, öz növbəsində, qonaqların sayının daha da azalmasına səbəb olur, hər şey bir-birinə bağlıdır.  

Ölkəmizdə hər il möhtəşəm tədbirlər keçirilir, bu tədbirlərin sayəsində şəhərə minlərlə xarici qonaq gəlir. Gələn il Bakıda IV İslam Həmrəyliyi Oyunları, bir sıra sərgilər keçiriləcək. Belə ki, proqnozlar müsbətdir.

- Turistlərin axınına hotel hansı yolla təsir edə bilər?

- Turistlərin cəlb edilməsi hotellərin qiymətindən çox, ümumilikdə ölkədə mövcud olan qiymətlərdən, məsələn, aviabiletlərin qiymətindən, ölkəyə vizanın alınma prosesindən asılıdır. Artıq ölkəyə giriş asanlaşacaq. Belə ki, prezidentimiz xarici vətəndaşlar üçün müraciətdən üç gün sonra elektron vizanın alınmasına dair fərman imzalayıb. Ümumilikdə ölkəmizə gələn qonaq bir günə 150-200 dollar xərcləyir, bura yaşayış və qida daxildir, bu isə az deyil.

Hotellərin qiymətlərini yalnız Bakıda deyil, eləcə də regionlarda da optimallaşdırmaq lazımdır. Orada qymətlər, hətta yerli sakinlər üçün də bahadır. Bununla yanaşı, Azərbaycana giriş üçün vizanın alınmasını sadələşdirmək lazımdır.

Aviabiletlər ilə əlaqədar proses artıq gedir. AZAL aviauçuşlar üçün qiymətlərin ucuzlaşdırma siyasətini tətbiq edir, bununla yanaşı, “Swissair” biletləri də satılır. Bütün bunlar səyahətdə qənaətə imkan yaradır. Turizm agentlikləri də ölkəmizin reklam edilməsi istiqamətində işləməlidir ki, turistlər Azərbaycanı görmək istəsinlər.

Elvin Əhmədov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri