İyl
2016
16:00
168
61
12014
Virtual karabakh

Mansur Şərifov: İdmanla məşğul olanların çoxunun əsas məqsədi gözəl görünməkdir

1 İyl, 2016
16:00
12014

Mansur Şərifov: İdmanla məşğul olanların çoxunun əsas məqsədi gözəl görünməkdir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Məşqçi idmançının fiziki durumu barədə ətraflı məlumata malik olmalıdır”.

Oxu.Az fitnes məşqçi konsultant Mansur Şərifov ilə müsahibəni təqdim edir.

- İdmanın başqa növlərindən fərqli olaraq, fitnes bu gün bir çox insanların müraciət etdiyi sahədir. Nə üçün bu istiqaməti seçdiniz?

- Uşaq yaşlarımdan idmana, aktiv həyat tərzinə böyük marağım var idi. Tez-tez idman zallarına gedir, məşq edirdim. Yaşadığım Buzovna kəndində gənclərin idmanla məşğul olduğu kiçik bir zal var idi. İdmanda ilk addımlarımı ciu-citsu ilə məşğul olmaqla başlamışam. 

Eyni zamanda fitneslə də məşğul idim. Fitneslə məşğul olmağımın səbəbi sağlam həyat tərzinə üstünlük verməyimdir. Bu idman növü gün ərzində insana ruh yüksəlikliyi verir, idmançını formada saxlayır, insanı yeni uğurlara aparmaqda yardımçı olur. Bunları nəzərə alaraq mən fitnes məşqçiliyinə başladım. Çox şadam ki, insanlara bu sahədə yardımçı oluram. 

- Peşəkar idmanla məşğul olanlar barədə nə söyləmək olar?

- Peşəkar idmançılar öz istək və məqsədlərini bilirlər. Onların məşqçiləri xüsusi proqram hazırlayır, qida rasionunu müəyyən edirlər. Qidaya təbii və kimyəvi əlavələr qatılır. Xüsusi proqramlar vasitəsilə yarışlara hazırlaşırlar. 

- Kimyəvi əlavələr demişkən, cəmiyyətdə onların insan orqanizminə mənfi fəsadları barədə çox danışılır. Bir peşəkar kimi bunlardan istifadəyə münasibətinizi bilmək istərdim.

- İdmanla məşğul olmağa başlamısınızsa, ilk növbədə, qidaya fikir vermək lazımdır. Ümumiyyətlə, qida insan orqanizmini lazımi maddələrlə təmin edir. Gündəlik fəaliyyətimizi tənzimləyərək normal hərəkət etməyimizi təmin edir. Əgər idmanla məşğuluqsa, deməli, enerji itiririk. Bu enerjini bərpa etməli və düzgün qidalanaraq onu bədənimizə proporsional bölünməsini təmin etməliyik.

Məşqçilər bu sahədə kömək etməlidirlər. Bir çoxları qida əlavələri ilə streoidləri səhv salır. Məsələn, proteinlər tərkibində böyük həcmdə yüksək keyfiyyətli zülal olan toz konsentratıdır. Protein əzələ kütləsinin artımını təmin etmək üçün vacibdir. İdman qidaları dərman preparatı deyil, dopinq sayılmır. Proteinlərdən istifadə etməzdən öncə həkim və məşqçi ilə müvafiq preparatı razılaşdırmaq lazımdır. Peşəkar məsləhəti olmadan proteinlərdən istifadə etmək məqsədəuyğun deyil. 

- İdmana başlamaq istəyənlər həkim müayinəsindən keçməlidirlərmi? 

- Hər bir insanın orqanizmi, götürmə qabiliyyəti, darta biləcəyi yük, fiziki göstəriciləri, əlbəttə ki, fərqlidir. Bu səbəbdən məşqçi idmançının fiziki durumu barədə ətraflı məlumata malik olmalıdır. Məşqlərə başlamazdan öncə idmançı həkimdən sağlamlıq arayışı gətirməlidir. 

- Valideynlər adətən uşaqları idmanla məşğul olmasını istəyirlər. Valideynlərimizə nə məsləhət görə bilərsiniz?

- Övladlarının idmanla məşğul olmasını istəməsi valideynlərin arzusudur. Daha kiçik yaşlı uşaqların idman zallarına gəlməsinə ehtiyac yoxdur. Ancaq 4-5 yaşdan yuxarı olan uşaqları idman seksiyalarına yazdırmağı məsləhət görərdim. Uşaqlar yalnız məşqçilərin nəzarəti altında məşq etməlidirlər. 

- Fitneslə məşğul olub, sonradan bunu yarımçıq saxlamaq barədə çox danışırlar. Nə zaman dayanmaq lazımdır? 

- Təbii ki, hər bir işdə olduğu kimi ardıcıllıq önəmli məsələdir. İdmanla davamlı məşğul olmaq, oturaq və yeknəsəq həyatdan uzaq olmaq lazımdır. Əgər peşəkar idmanla məşğul deyilsinizsə, idmanı yarımçıq saxlamaq sizə ciddi fəsadlar yaratmaz. Mən hər birinizi sağlam həyat tərzinə üstünlük verməyə, idmanla məşğul olmağa səsləyirəm.

Nərmin Kazımova 
Asif Əliyev (Foto)
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri