29 
Avq
2016
11:00
89
62
7632
Virtual karabakh

Mehriban Xanlarova: “Ölülər XXI əsr” filmi mənim üçün ikinci nəfəs oldu

29 Avq, 2016
11:00
7632

Mehriban Xanlarova: “Ölülər XXI əsr” filmi mənim üçün ikinci nəfəs oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onlardan təklif alacağım ağlıma gəlməzdi.

Oxu.Az 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 2012-ci və son üç ildə Prezident mükafatına layiq görülmüş aktrisa Mehriban Xanlarova ilə müsahibəni təqdim edir.

M.Xanlarovanın Fatma xanım rolunu canlandırdığı “Ölülər XXI əsr” filmi sentyabrın 22-dən Bakının bütün kinoteatrlarında nümayiş olunacaq.

- Uğurlu layihələri ilə məşhur olan, bununla yanaşı, son zamanlar efir problemi ilə üzləşən “Planet Parni iz Baku” teatrının təklifinə münasibətiniz necə oldu?

- Düzünü deyim ki, şok keçirdim (gülür). Yəni onlardan təklif alacağım ağlıma gəlməzdi.

- Səbəb?

- Çünki həmişə düşünürdüm ki, onların öz aktyor çevrəsi var və yalnız o çevrə ilə işləyirlər. Yəni, onlardan təklif alacağım ağlıma gəlməzdi. Ona görə də Tahir İmanovun zəngi məni təəccübləndirmişdi. Daha sonra ora toplaşan komandanı gördükdə, məndə ciddi bir işin ortaya çıxacağına əminlik yarandı.



- Komanda ilə ilk işdən təəssüratlarınızı bölüşərdiniz...

- İlk olaraq ciddiyyət gördüm. O qədər işgüzar və eyni zamanda xoş aura var idi ki, sözlə demək bir qədər çətindir. Hər şeyin zamanı o qədər dəqiq hesablanmışdı ki, işdən yalnız zövq almaq mümkün idi.

- Yaradıcı insanlarda zaman və məkan məhdudiyyətinin olmadığı kimi bir fikir var...

- Yaradıcı insan sərbəstliyi sevir, amma filmin çəkilişi zamanı yaranan vəziyyət heç də sıxıcı deyildi. Yaradıcı insana nə lazımdır? Öz potensialını üzə çıxarmaq üçün meydan, imkan, fürsət... Bütün bu sadaladıqlarım var idi. Qalırdı sadəcə yaratmaq (gülür). Orda hətta çəkiliş qrupunun iştirakçılarından birinin ad gününü qeyd etdik. Kollektiv çox mehriban idi.


- Rol seçimi necə, sizin istəyinizlə oldu, ya artıq sizə ssenari təqdim edilənə qədər seçilmişdi?  

-  Tahir İmanovun bir xüsusiyyətinin şahidi oldum. O, aktyora öz potensialına uyğun rol seçmə imkanı verir. Əslində bu gözəl bir cəhətdir, çünki rolun bu cür seçilməsi aktyordan daha məsuliyyətli yanaşma tələb edir.

- Bu dəfə aktrisanın seçimi ilə rejissorun seçimi üst-üstə düşdümü?

- Mən özümü o rolda gördüm. T.İmanovda bu rolda, necə deyərlər, mənə öz məharətimi göstərmək imkanı yaratdı (gülür). “Ölülər XX əsr” filmi, bu filmə dəvət mənim üçün ikinci nəfəs oldu. Son zamanlar yaşadığım xoşagəlməz hadisələrdən sonra, karyeramda belə bir səhifə mənə qol-qanad verdi. Filmdə mən Hacı Həsən ağanın arvadı Fatma xanımın rolunu oynamışam. Ümid edirəm, tamaşaçılar tərəfindən bəyəniləcək.




- Rolda sizi nə cəlb etdi?

- O Fatma xanımın qızı və oğlu ilə danışıqlarında mənə aid olan bir şeylər gördüm. O, elə də avam qadın deyil. Ərindən qorxur, amma öz bildiyini də əldən qoymur (gülür). Sadəlövhdür, bu səbəbdən də təsir altına düşür və ölülərin dirilməsinə inanır.

- Klassik Fatma xanımın müasir Fatma xanım ilə fərqi nədir?

- Fərq yoxdur, çünki həmin dövrdə yaşanan problemin indi də həlli yoxdu. İndi də həmin Fatma xanımlar, həmin cahillər, həmin sadəlövhlük və bu sadəlövhlükdən faydalanan fırıldaqçılıq hökm sürür. Bəlkə də indi də hardasa ölünün dirilməsinə inananlar var (gülür), bu gülüş göz yaşı içində gülüşdür. Film cahilliyə, nadanlığa qarşı mübarizəyə çağırışdır.

- Mehriban xanım, sizə uğurlar arzu edirik. İnanırıq ki, bizi qarşıda hələ çox rollar ilə sevindirəcəksiniz.

- Təşəkkür edirəm, sizə də uğurlar arzu edirəm. Son olaraq oxucularınızı filmə baxmağa dəvət edirəm və inanıram ki, “Ölülər XXI əsr” filmi maraqla qarşılanacaq.

Səbinə Səmidxan
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri