Okt
2016
11:00
44
20
7059
Virtual karabakh

Şaiq Qəribzadə: “TNT Azərbaycan” bazarda TOP üçlükdədir

7 Okt, 2016
11:00
7059

Şaiq Qəribzadə: “TNT Azərbaycan” bazarda TOP üçlükdədir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az “TNT Azərbaycan” şirkətinin ölkə üzrə meneceri Şaiq Qəribzadə ilə müsahibəni təqdim edir.

- Şaiq bəy, zəhmət olmasa, şirkətinizin fəaliyyəti haqqında məlumat verərdiniz? Şirkətin fəaliyyətinə hansı xidmətlər daxildir?

- TNT şirkəti 1946-ci ildə Avstraliyada yaradılıb və daha sonra isə fəaliyyətinin digər hissəsini Hollandiyada davam etdirib. Buna görə də bütün dünyada daha çox Hollandiya şirkəti kimi tanınır. TNT bu gün dünyada poçt xidmətləri göstərən məşhur dörd şirkətdən biridir.

Bu il TNT şirkəti 70 illiyini qeyd edir və gördüyümüz əsas iş ekspress (təcili - red.) daşımalardır. Şirkət sizin məktub və ya yükünüzü tez bir zamanda, 3-4 iş günü ərzində dünyanın 200-dən artıq ölkəsinə çatdırır. 

1998-ci ildən TNT-nin Azərbaycandakı agent nümayəndəsi “Azəri Ekspress” şirkətidir. “Azəri Ekspress” 1995-ci ildən Azərbaycan bazarında fəaliyyət göstərir. “Azəri Ekspress” yeganə şirkətdir ki, TNT-nin xidmətlərini Azərbaycanda tətbiq etməyə eksklüziv hüququ var. 

“TNT Azərbaycan” ölkəmizdə şəhər və ölkədaxili fəaliyyət göstərir. Daha əvvəl biz Azərbaycanda təkcə xaricə göndərmələr ilə məşğul olurduq. Artıq il yarımdır ki, Azərbaycanda həm ölkə həm şəhərdaxili fəaliyyət göstəririk.

Beynəlxalq poçt xidmətləri göstərən şirkətlərin əksəriyyəti Azərbaycan daxilində fəaliyyət göstərmir. Biz ölkə bazarında bu boş yeri gördük və qərara gəldik ki, o boşluğu “TNT Azərbaycan” şirkəti doldura bilər. Artıq il yarımda biz ölkə və şəhərdaxili göndərmələrdə digər şirkətlər arasında liderlərdən birinə çevrilmişik. Bizimlə artıq məşhur yerli şirkətlər əməkdaşlıq edir, müştərilərimizin sayı gündən-günə artır. 

- TNT şirkəti qeyd etdiyiniz kimi, il yarımdır Azərbaycan bazarında ölkə və şəhərdaxili xidmətlər göstərir. Bu müddət ərzində hansı problemlərlə qarşılaşdınız?

- İlk vaxtlar bu sahədə işçi, eləcə də müştərilər tapmaq çətin idi. Bilirsiz ki, yerli bazarda artıq bu sektor digər şirkətlər tərəfindən tutulmuşdu və müştərilərin əksəriyyəti də onlar ilə əməkdaşlıq edirdi. Həmin şirkətlər ilə rəqabət aparmaq Azərbaycan bazarına yeni daxil olan şirkət üçün ilk günlər çətin idi.

Biz isə bu müddət ərzində bir sıra yeni strategiyalar hazırlamaqla müştəriləri cəlb edə bildik. Bir nüansı da qeyd edim ki, şəhərdaxili təcili göndərmələrin xidmət haqqı, xaricə göndərmələr ilə müqayisədə həmişə aşağı olub. Biz TNT olaraq, öz xidmətlərimizin səviyyəsini aşağı sala bilmərik, çünki biz şirkət qarşısında xidmət səviyyəmizi daim yüksək saxlamaqla bağlı məsuliyyət daşıyırıq.

Məhz bu səbəbdən bizim kuryerlərimiz digər şirkətlərdə çalışan kuryerlərdən daha çox maaş alır. Onların xüsusi geyim formaları da məhz xaricdən gəlir. Nəzərə alın ki, elə şirkətlər var ki, onlar öz brendlərini ölkə daxilində istifadə edilməsinə icazə vermirlər, çünki onlar düşünür ki, bununla onlar ölkə daxilində görülən işləri nəzarətdə saxlaya bilməyəcəklər.

Qeyd edim ki, xaricə göndərmələrin 70%-ni onlar özləri görür. Amma daxili bazarda isə bütün işi sən özün görməlisən. TNT isə bizə etibar etdiyindən bu adı ölkə daxilində istifadə edilməsinə icazə verib. Əgər bizə bu haqq verilibsə, hər şey mükəmməl olmalıdır.

- Azərbaycan bazarında bu sahədə işləmək istəyənlər varmı və onları hansı kriteriyalarına görə seçirsiniz?

- Biz Azərbaycan bazarına yeni daxil olanda, bir çox insanlar zəng vurub xahiş edirdilər ki, onları işə götürək. Biz isə fikirləşirdik ki, 3-4 ay içərisində həmin insanları təcrübəli kadr kimi öyrədə bilərik.

Amma müştərilərimizin, sifarişlərimizin sayı çoxaldıqdan sonra başa düşdük ki, bizə müştəri ilə ünsiyyət qurmağı bacaran, operativ, peşəkar kuryerlər lazımdır. Çox zaman biz kuryer elanı verəndə insanların çoxusu bizə gülür.

Deyirlər ki, siz elə bacarıqlar istəyirsiniz ki, sanki kuryer axtarmırsınız. Biz də izah etməyə çalışırıq ki, onlar bizim şirkətin simalarıdır və biz seçimlərimizdə diqqətli olmalıyıq. 

Düşünürəm ki, heç vaxt kuryer işləməyən birinin bu sahədə çalışması üçün 3-4, 5-6 ay vaxt lazımdır. Hazırda bazarda yaxşı kuryerlərin üstündə, sözün əsil mənasında dava gedir. Xarici daşımalarda isə bizimlə 12-14 il işləyən insanlar var və onlar bizim şirkətin yaratdığı kadrlardır. Biz onlara sərmayə qoymuşuq və bunun bəhrəsini görürük. 

- Şirkət rəhbəri olaraq, işçilərinizə müştərilər ilə münasibətdə nəyi tövsiyə edirsiniz ki, bu gələcəkdə şirkətin imicinə xələl gətirməsin?

- İşçilərimə hər zaman tövsiyə edirəm ki, müştəri ilə heç vaxt mübahisə etməsin. Əgər biz bu şəkildə pul qazanacağıqsa, bu, bizə lazım deyil. İşçilərimə nəyi tövsiyə edirəm. Məsələn, əgər müştəri məktubu tutaq ki, bir saata ünvanına çatdırılmasını istəyirsə, biz çalışmalıyıq ki, onu yarım saata edək.

Onların isə gözündə görürəm ki, bütün bunların onlardan nə üçün tələb olunduğunu göstərən təəccüb işarəsi var. Çünki onlardan heç vaxt bunları tələb etməyiblər. Fikirləşiblər ki, məktubdur da bunu müştəriyə çatdırmaqda elə də problem olmaz. 

Şəxsən mənim mobil nömrəmi bütün müştərilər bilir. Onlar günün 24 saatı mənə zəng vurub, problemlərinin operativ həllini tələb edə bilərlər. Bütün bunları biz nə üçün edirik? Çünki biz TNT kimi beynəlxalq şirkətdə çalışırıq. Əgər biz TNT-də çalışırıqsa, əlimizdən gələni etməliyik ki, həmin işi keyfiyyətli bir şəkildə həyata keçirək. Çünki bizim bu brendi aşağı salmaq hüququmuz yoxdur. 

- Şaiq bəy, şirkət neçə kiloqrama qədər yüklərin daşınmasına zəmanət verir və TNT-nin dünya üzrə nə qədər göndərişləri olur?

- Təxminən 20-40 kq-a qədər yüklərin daşınması bizim maraq dairəmizdədir. Biz əsasən, yükləri təyyarə ilə göndəririk. Onlardan böyük yükləri isə təyyarə ilə göndərmək müştərilər üçün baha başa gəlir. Bizim ümumiyyətlə, gördüyümüz iş ucuz deyil. Çox zaman olur ki, zəng vurub məktubu filan ünvana çatdırılmasını istəyirlər.

Qiyməti eşitdikdə isə bunun bahalı olduğunu deyirlər. Biz isə onlara deyirik ki, bazarda ucuz qiymətə olan yerlər də var. Amma TNT vasitəsilə məktublar 2-3 günə ünvanına çatacaqsa, digər şirkətlər isə bunu 2 həftə edə bilər. Bu gün TNT-nin dünya üzrə bir gündə bir milyon göndərişləri olur, onun 98,5%-i ünvanına vaxtında çatır. 

Bəzən olur ki, aviaşirkət ilə problemlər olur və bu zaman məktub ünvanına çatmır. Müştərilər isə zəng edib narazılıqlarını bildirəndə, biz onlara izah edirik ki, 1,5%-in içində siz də varsınız. Belə problemlər olur. 

Şirkətlərin böyük yükləri olanda onlar çalışır ki, onu avtomobil ilə ya da karqo ilə gətirsin. Karqo ilə bizim fərqimiz ondan ibarətdir ki, biz qapıdan-qapıya (door-to-door) fəaliyyət göstəririk. Yəni, bizə ünvan deyirsiniz, biz də onu həmin mənzilə çatdırırıq. O biri sahələrdə isə qeyd etdiyim kimi bir az başqadır.

Məktublar, yüklər aeroportdan-aeroporta aparılır. Bunun üçün müştəri onu aeroporta gətirməli və təhvil verməlidir. Daha sonra isə həmin məktub və ya yükü götürmək üçün müştəri aeroporta getməli və onu götürməlidir. Ona görə də şirkətlər məhz daha çox “door-to-door” deyilən servisi seçir. 

- Məktublar neçə günə ünvanına çatır və gündə nə qədər məktub daşınır?

- Xarici göndərmələr üçün ölkələr 6 zonaya bölünüb. Zonalara müvafiq olaraq, çatdırılmaların da vaxtı dəyişir. Məsələn, TNT 2-5 iş günü ərizində dünyanın istənilən yerinə çatdırılmaları həyata keçirir. Bu isə minimum 2-3 iş günü, maksimum isə 5 iş günü deməkdir. Azərbaycanı isə 4 zonaya bölmüşük. Təcili çatdırmaları yarım saat içərisində təhvil alırıq, artıq bir saatın içində isə o ünvanında olur. 

Nə qədər məktubun daşınmasına gəldikdə isə, ölkə daxilində bir günə 50-60 məktub daşınır. Şəhərdaxili isə təxminən 500 məktub daşınır. Bu isə daha çox fəsildən asılıdır. 

- TNT-nin bu gün dünyada və Azərbaycan üzrə neçə nəfər işçisi var?

- Ümumiyyətlə, TNT-də 40 minə yaxın insan çalışır. Azərbaycanda isə şirkətin kuryerlər də daxil olmaqla, 40-a yaxın işçisi var. Şəhərdaxili göndərmələr daha tez inkişaf edir. Elə bu səbəbdəndir ki, iki həftə bundan əvvəl 15 kuryer bizdə çalışırdısa, artıq bu gün onların sayı 22-yə çatıb.

Düzdür, bizim imkanımız var ki, 15 nəfər kuryer ilə o işi görək, amma tutaq ki, bir gün işçilərdən kimsə xəstələnsə, bu halda müştərimiz problem yaşayacaq. Ona görə də biz çalışırıq ki, bir az daha çox sərmayə xərcləyək, amma müştəri məmnuniyyətini itirməyək. 

- Şirkətdə çalışan kuryerlər nə qədər maaş alır?

Şəhərdaxili və xarici göndərmələrdə maaşlar fərqlidir. Məsələn, “TNT Azərbaycan” da kuryerlərin maaşı 260 manatdan başlayır və onların bacarıqlarından və təcrübəsindən asılı olaraq artır. Bu aydan isə işçilərimiz bonus sistemi ilə işləyəcəklər. Əvvəl biz bunu edə bilmirdik, çünki müştəri və sifarişlərimizin sayı bu sistemə keçmək üçün kifayət etmirdi. 

- Şaiq bəy, bu gün bütün dünyada iqtisadi böhran yaşanır. Dollar bahalaşır, insanların çoxusu iş yerlərini itirir. Bu situasiyada şirkət xidmət haqqlarını artırmağı düşünürmü?

Bizdə xidmət haqqları Azərbaycan Mərkəzi Bankının (AMB) müəyyən etdiyi məzənnəyə müvafiq dəyişir. Məsələn, əvvəl bir məktubu 50 manata çatdırırdıq.

Bu isə 50 avro demək idi. Bu gün isə 50 avro 80 manat edir. Müştərilərimiz də başa düşür ki, bu şirkətdən asılı olan vəziyyət deyil. Amma bundan artıq qiymət artımına getməyin müştərilər üçün çətin olacağını nəzərə alaraq, bu addımı atmağa tələsmirik.

- Bazarda rəqabəti necə aparırsınız?

- Hazırda biz bu sektorda TOP üçlükdəyik. Amma biz çalışırıq ki, birinci yerdə qərarlaşaq. Amma rəqabət apardığımız şirkətlərə də böyük hörmətimiz var. Onlar da adlı şirkətlərdir. Bazarda rəqabət aparmaq çətindir, çünki xarici göndərmələrdə hamı təxminən eyni işi görür.
Qiymətlər də təxminən eynidir.

Amma bununla belə, biz bir neçə məşhur şirkətlər ilə əməkdaşlıq edirik ki, bunu Azərbaycanda heç bir şirkət etmir. Bununla da biz çalışırıq ki, fəaliyyət istiqamətlərimizi bir az da olsa, genişləndirə bilək. 

- Şaiq bəy, daha nə əlavə etmək istərdiniz?

- Biz müştərilərimizə bəzən pis, bəzən isə yaxşı xəbərlər çatdırırıq. Məsələn, olub ki, müştərimiz xoş xəbər aldığına görə, bizə şirniyyat qonaqlığı edib.

Amma bəzən isə biz onlara pis xəbərlər (məhkəmə qərarları və s.) çatdırmalı olmuşuq. Elə olur ki, müştəri həmin məktubu götürmək belə istəməyib. Belə hallar da yaşanır. Ümid edirəm ki, belə neqativ məktubların sayı azalacaq. Daha pozitiv, xoş xəbərlər eşidəcəyik. 

Ülviyyə R. Əli
Foto: Nüsrət Abdullayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri