30 
Noy
2016
11:00
173
49
11765
Virtual karabakh

“EKVİTA”: Hədəflərimiz və məsuliyyətimiz böyükdür – MÜSAHİBƏ

30 Noy, 2016
11:00
11765

“EKVİTA”: Hədəflərimiz və məsuliyyətimiz böyükdür – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan biznes mühitinə görə, biznesə yararlı ölkələr sırasındadır. İş adamlarının rahat biznes qurması üçün qanunvericilik və vergi xidmətlərinin səviyyəsi mühüm əhəmiyyət daşıyır.

Sahibkarın öz işinə köklənərək vergilərin ödənməsi, hüquqi prosedurlara vaxtını itirməməsi biznesin inkişafında çox mühüm amildir.

“EKVİTA” şirkəti məhz iş adamları üçün keyfiyyətli hüquqi və vergi, mühasibatlıq, biznesin inkişafı üzrə məsləhət xidmətləri təqdim edir.

Oxu.Az-ın şirkətin direktoru İlqar Mehti ilə müsahibəsi də sahibkarlar üçün maraqlı olacaq.

İlqar Mehti – “EKVİTA” şirkətinin icraçı partnyorudur. Bakı Dövlət Universitetinin hüquq üzrə bakalavr və magistr dərəcələrinə yiyələnib. 

O, ABŞ-ın Northwestern Universitetinin Hüquq Məktəbindən Hüquq üzrə magistr dərəcəsinə, İspaniya İE Biznes Məktəbinin Biznesin idarə edilməsi üzrə sertifikatına sahibdir.

2000-ci ildən Azərbaycanda biznes sahəsində və hüquqşünas kimi 15 ildən çox peşəkar təcrübəyə malikdir.

O, nüfuzlu beynəlxalq hüquq firmasında hüquq fəaliyyəti ilə məşğul olmuş, həmçinin mühüm beynəlmilləl enerji şirkətində korporativ hüquqşünas vəzifəsini tutmuşdur.

– İlqar bəy, EKVİTA-nın təqdim etdiyi xidmətlərə toxunaq. İş adamları üçün maraqlı təklifləriniz varmı?

– “EKVİTA” bazarda daha çox hüquq şirkəti kimi tanınsa da, əslində, fəaliyyət sahəsini şaxələndirib. Bura konsaltinq xidmətləri, vergi, maliyyə, biznesin inkişafı üzrə məsləhət xidmətləri və s. daxildir.

Şirkətimizin əsası 2008-ci ildə qoyulub və hazırda şirkətdə 22 əməkdaş çalışır. O vaxtdan bu günə bir çox inkişaf mərhələsindən keçərək hazırkı duruma gəlib çatmışıq. Şirkət bir çox beynəlxalq reytinqlərdə ölkə üzrə ilk pillələrdə qərarlaşıb (məsələn, “Chambers & Partners”, “Legal 500”, “IFRL1000”). Xidmət sahələrimiz genişlənib, müştəri bazamız artıb və onların çeşidləri çoxalıb.

Əvvəllər bizi daha çox neft və qaz əməliyyatları üzrə ixtisaslaşan şirkət hesab etmək olardı. Hazırda isə bizim müştərilər iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərirlər.

Belə ki, buraya neft və qaz, dəniz əməliyyatları, bank və maliyyə, İT və telekommunikasiya, tikinti, istehsalat, elektronika və mexanika, konsultasiya, yaradıcı dizayn və reklam sahələrini aid etmək olar.

EKVİTA özünü digər şirkətlərdən nə ilə fərqləndirir?

– Komandamız ilə. Bu, bizim ən vacib aktivimizdir. Söz xatirinə deyil, həqiqətən şirkətimizin əvəzolunmaz işçi heyəti formalaşıb və bir rəhbər kimi mən bununla qürur duyuram. Məhz bu komandanın sayəsində biz şirkətimizin əsas strateji üstünlüyünə nail olmağı bacarmışıq.

Belə ki, biz ilk gündən qərar verdik ki, xidmətdə keyfiyyət bizim üçün məqsəd deyil, gündəlik işimizin tərkib hissəsi olmalıdır. Mövcud komandamızın sayəsində bu məqsədə tam nail olmuşuq və bunun bəhrəsini müştərilərimiz əldə edir.

Digər tərəfdən istənilən fərd ilk gündən keyfiyyətli işləməyə alışdıqda, o, zaman keçməsinə və ya mühitin dəyişməsinə baxmayaraq, artıq heç vaxt pis işləməyi istəsə belə bacarmır.

Nəticədə, bu prosesdən həm müştərilərimiz, həm də peşəkar kimi inkişaf edən işçilərimiz faydalanır.

– İşçilərə olan ən vacib tələblərinizi necə ifadə edə bilərsiniz?

– Bunun sadə resepti var. Biz bütün işçilərimizin, hətta ən gənc və təcrübəsiz işçilərimiz qarşısında “özünü-inkişaf” tələbini qoymuşuq. 

Hər bir işçi öz fərdi xüsusiyyətini üzə çıxarmağı bacarmalıdır. Bunu qabarıq şəkildə hər bir işçidən tələb etməklə yanaşı, fərdi inkişaf üçün münbit iş şəraitini də yaratmağı bacarmışıq.

Əlavə olaraq, bir mühüm məqamı da qeyd edim. Peşəkar konsultant, istər hüquqşünas olsun, istər vergi məsləhətçisi və sair, ilk növbədə, yetkinlik xüsusiyyətinə malik olmalıdır ki, qarşısındakı müştəriyə verəcəyi məsləhəti tam şəkildə əsaslandıra bilsin.

– Bildiyimizə görə, EKVİTA” “BP-Azerbaijan” şirkətinin “Sahibkarlığın inkişafı proqramı”nın (SİP) icraedici partnyoru seçilib, sizi təbrik edirik. Tenderə qoşulmaq ideyası necə yarandı?

– BP şirkəti proqramın icra edilməsi üçün tərəfdaş axtarışında idi. Buna görə də şirkət Azərbaycanda Amerika Ticarət Palatasına (“AmCham”) müraciət etmişdi. Bilirsiniz ki, “AmCham”ın özünün 300-ə yaxın üzv təşkilatı var. Bu şirkət vasitəsilə də şirkətlərə bildiriş getmişdi.

Bizim portfelimizdə artıq Dünya Bankının və Avropa İttifaqının maliyyələşdirdiyi oxşar layihələri üzrə ciddi təcrübəmiz yaranmışdı.

SİP isə bizim inkişaf strategiyamıza tam uyğun gəlirdi. Həmçinin, BP uzunmüddətli müştərimiz olduğundan bu layihədə onun tələblərini düzgün dəyərləndirib, SİP layihəsinə lazımi töhfə verəcəyimizə əmin idik.

Tender dəyərləndirilməsinin nəticəsi olaraq “EKVİTA” qalib oldu və noyabrın 28-də layihənin yeni rəsmi açılışı oldu.

– BP-nin təşkil etdiyi “Sahibkarlığın inkişafı proqramı”nın məqsədi nədir və bu, yerli şirkətlərə hansı töhfələri verir?

– Proqramın məqsədi yerli şirkətlərin rəqabətədavamlı olmasını təmin etməkdir. Bu məqsədlə öncədən müəyyənləşdirilmiş tələblərə cavab verən yerli şirkətlərin ətraflı təhlili aparılır.

Daha sonra müvafiq şirkətlərin biznes proseslərindəki kəsirləri müəyyən edilir və seçilmiş hər bir şirkətə spesifik sahələr üzrə uyğunlaşdırılmış inkişaf proqramları hazırlanır.

Qeyd edim ki, layihə bütövlüklə BP şirkəti və onun tərəfdarları təfərindən
maliyyələşdirilir.

“EKVİTA” yerli şirkətlərə təlim, hazırlıqlar keçir, qaydaları izah edir, istənilən biznes prosedurların tətbiqi və icrasında yaranan problemləri həll edir.

Adından da göründüyü kimi, bu yerli sahibkarların inkişafı üçün təşkil olunan bir proqramdır və xarici şirkətlər bu proqramda iştirak edə bilməz.

– “Sahibkarlığın inkişafı proqramı”nın icrası ilə bağlı “EKVİTA” BP-yə hansı təklifləri verib?

– BP bu layihəni 2007-ci ildən icra edir. Yuxarıda da qeyd etdiyim kimi, bu il keçirilən tenderdə həmin layihənin icraedici partnyoru “EKVİTA” şirkəti seçildi.

Birincisi, bizim təklifimiz bu oldu ki, layihə barədə bazarda məlumatlılıq kifayət qədər deyil.

Layihənin yerli şirkətlər arasında geniş təşviqinə ehtiyac duyulur. İqtisadiyyatın hazırkı dövründə yerli şirkətlərin BP kimi mütərəqqi şirkətlə işləyərək beynəlxalq standartlara yiyələnmək və xarici bazara çıxmasına böyük tələbat var.

Bundan başqa, layihənin bir neçə şaxəli olması vacibdir və layihədə iştirak etmiş şirkətlərlə təması itirmək hesab edirəm ki, düzgün olmazdı.

Onlarla əlaqəni mütəmadi olaraq davam etdirmək lazımdır. Düşünürük ki, əgər həmin şirkətlərin yenə hansısa sahədə çətinliyi yaranarsa, kömək etmək və tövsiyələr vermək vacibdir.

– Gələcək inkişaf planlarınız nədir?

– Hazırkı iqtisadi durumda inkişafla bağlı suallara səmimi cavab vermək çətin olur. Əksər halda sahibkarlar böyüyüb inkişaf etmək haqqında deyil, mövcud nailiyyətlərini qoruyub-saxlamaq haqqında düşünməli olurlar və təbii ki, biz də istisna deyilik.

Amma sırf mənim öz şəxsi fikrimi söyləsəm, hesab edirəm ki, böhrandan da müəyyən ibrət dərsi almağı bacarmalıyıq.

Bu haqda biznes ədəbiyyatında kifayət qədər deyimlər var, məsələn, “Yaxşı böhranı əldən vermə” və sair. Bu kimi ifadələr çox düşündürücüdür.

Həqiqətən sahibkarlar özlərinin komfort zonasından kənara düşdükdə daha kreativ olmağa, yeni imkanlar axtarmağa məcbur qalırlar. Bu isə öz növbəsində, yeni imkanların aşkar edilməsinə səbəb ola bilər. Biz də çalışırıq məhz o tərzdə düşünməyə alışaq.

– İlqar müəllim, elə bu nikbin notlarda söhbətimizi tamamlayaq....

Ülviyyə R. Əli
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri