May
2017
19:00
772
26
13530
Virtual karabakh

Oljas Süleymenov: Heydər Əliyev mənim siyasi baxışımı formalaşdırıb

3 May, 2017
19:00
13530

Oljas Süleymenov: Heydər Əliyev mənim siyasi baxışımı formalaşdırıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oljas Omaroviç Süleymenov – dövrümüzün ən məşhur qazax şairi, yazıçısı, linqvisti, ictimai xadimi, siyasətçisidir. SSRİ-də ilk nüvə əleyhinə “Nevada-Semipalatinsk” hərəkatı məhz o yaradıb. Hərəkat 1989-cu ilin oktyabrında Semipalatinsk və Novozemelsk poliqonlarında sınaqları dayandırıb. 

1995-ci ildən 2014-cü ilə qədər o, Qazaxıstanın İtaliyada, Yunanıstanda, Maltada səfiri, Qazaxıstan Respublikasının YUNESKO-da daimi nümayəndəsi olub. Hazırda o, respublikanın Yaradıcılıq Assosiasiyasının və “Mədəniyyət” fondunun rəhbəridir. Onun kitabları bir çox dillərə tərcümə edilib. 

Oxu.Az tanınmış şair Oljas Süleymenov ilə müsahibəni təqdim edir: 

- Bizdə sizi daha çox Azərbaycan xalqının dostu kimi tanıyırlar. Azərbaycanın ən ağır anlarında Siz hər zaman xalqımızın yanında olmusunuz. Sonuncu dəfə Azərbaycanda nə vaxt olmusunuz? 

- Azərbaycanda keçən il olmuşam. Demək olar ki, hər il mədəni tədbirlərə gəlirəm. YUNESKO-da işləyərkən Qazaxıstanın daimi nümayəndəsi kimi tez-tez Azərbaycana gəlirdim. Azərbaycan – sevimli diyardır. Azərbaycan xalqı ilə mən çoxdan dostam, ondan yazıram, əlaqə saxlamağa davam edirəm.

 

- Ümummilli lider Heydər Əliyev ilə münasibətiniz necə idi?

- Heydər Əliyev ilə tez-tez görüşmürdüm. Amma hər görüşün bir ömürlük xatirəsi var. O, demək olar ki, mənim müəllimim idi. Heydər Əliyev, Dinmuhammed Kunayev – bu insanlar mənim siyasi və ümumtürk dünya görüşümü formalaşdırıblar. 

- Azərbaycanda baş verən hadisələri izləyirsinizmi? 

- Bəli, daima izləyirəm. orada ümumilikdə nə baş verdiyindən xəbərdaram. Amma mən baş verənlərə kənar müşahidəçi kimi deyil, yaxın dost, qohum, qardaş kimi izləyirəm. Ona görə də Azərbaycanda baş verən proseslərdən kənarda qalmıram.  

- Azərbaycan yazıçıları ilə hazırda əlaqə saxlayırsınızmı?

- Mən dostluq etdiyim bir çox Azərbaycan yazıçı və şairlərinin adlarını çəkə bilərəm. Məsələn, Anar mənim çoxdankı dostumdur. Dünyasını dəyişənlərdən isə Bəxtiyar Vahabzadəni çox sevirdim və dostluq edirdim. 1990-cı ildə yanvarın 20-də gecə saat 3-də mənə Bəxtiyar zəng etmişdi. O, “Gəl, burada tanklar var...” demişdi. Mən yığışdım və aeroporta getdim. Amma Bakıya mülki təyyarələr uçmurdu. Deputat mandatımın sayəsində yarım-hərbi təyyarədə Azərbaycana gəldim.

- Siz sadəcə gözəl şair deyilsiniz, həm də bir çox məsələlər üzrə öz mövqeyi olan türkoloqsunuz. Hazırda hansı istiqamətdə fəaliyyət göstərirsiniz? 

- Mən hazırda qədim türk yazılarının mənşəyi haqqında yazıram. Hesab edirəm ki, qədimdə iki türk yazısı mövcud olub. Biri Orxon-Yenisey – şərqi-türk yazısıdır. İkincisi isə Balkanda olub. Onun haqqında çox az məlumat var, amma o, Kirill əlifbasının əsasındadır. Bu bulqar-qıpçaq yazısı olacaq. Belə deyək, mən onu şərti olaraq qərbi-türk yazısı adlandırıram. Bulqarlar xristianlığı qəbul etdikdən sonra Kirill onların yazısını yunan əlifbasına yaxınlaşdırmaq üçün əlindən gələni edib və çox sayda yunan hərifləri daxil etsə də, bir neçə vacib türk əlaməti qalıb.

Bəzi həriflər hələ də türk hərifləri kimi oxunur, çünki türk əlifbası bütün dünya əlifbalarından seçilir. Belə ki, burada incə və qalın hərflər var. Bu nə yunan, nə latın, nə Finikiya, nə də digər hərf sistemlərində yoxdur. Bu prinsipə Kirill əlifbasında riayət edilir. 

Qədim Kirill əlifbasında qalın və incə hərflər var idi. Bu yalnız türk yazısında olur. Bu barədə mən 2001-ci ildə “Türklər tarixə qədər” kitabında yazmışam. Bu kitab hətta “Kültəgin” (türkologiya sahəsində nailiyyətlərə görə) mükafatı da alıb. Amma təəssüf ki, Elmlər Akademiyası onu oxumayıb, əks halda siz bu haqda eşidərdiniz. Amma indi bu kitabın bir fəslini davam etdirmək və Kirill, Orxon-Yenisey əlifbasının mənim təsəvvürümdə nə olduğundan danışmaq istəyirəm. Bu, bizim tariximizdir. Bizim əcdadlarımızın mədəni irsidir, onu mütləq gələcək nəsillərə çatdırmaq lazımdır.

- “Dədə Qorqud”un 1300 illiyinə həsr olunmuş tədbirdə siz bizim fikrimizcə “Dədə Qorqud” və “Koroğlu” eposlarının daha çox yaşı olduğu və onların Qədim Misir dövrünə gedib çatdığına dair maraqlı fikir söylədiniz. O vaxtdan bu günə qədər sizin dəlil bazanız artıbmı?

- Mən artıq bir neçə onillikdir ki, sözlərdən tarixi araşdırmağa çalışıram. Bu sözlərin mənşəyini açıqlayan etimoloji mexanizmi tapmaq lazımdır. Mənə elə gəlir ki, mən o mexanizmi tapmışam. Ona görə də “Mağara sözü” – etimoloji lüğət kitabı üzərində işləyirəm, bu kitabda bizə gəlib çatan bütün sözlər, o cümlədə Koroğlu və Dədə Qorqud sözləri də yer alır. Onların hamısı tərəfimdən təqdim ediləcək, onlar bir neçə əsr deyil, bir neçə minillik yaşı olan tarixdən danışacaqlar. Bu adlar Qədim Misir, Asiya, Şumerdə və s. yaranıb. Mən bütün bunlar haqqında oxucularıma danışmaq istəyirəm. 

- Maraqlı müsahibə üçün təşəkkür edirəm. 

Nigar Оrucova

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri