May
2017
15:00
222
49
5018
Virtual karabakh

Veteran: Fərqli millətlərin birgə əzm nümayiş etdirməsi Vətənə olan sevginin tərənnümüdür

9 May, 2017
15:00
5018

Veteran: Fərqli millətlərin birgə əzm nümayiş etdirməsi Vətənə olan sevginin tərənnümüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Keçdiyim döyüş yolu mənim üçün ağır olduğu qədər şərəflidir.

Oxu.Az Böyük Vətən müharibəsi veteranı, əmək veteranı Sücaət Mirzəyev ilə müsahibəni təqdim edir. 

Mirzəyev Sücaət Məmmədəli oğlu 1926-cı ilin dekabrın 15-də Bakı şəhərinin Suraxanı rayonunun Hövsan kəndində anadan olub, yaşadığı kənddə 82 nömrəli orta məktəbi bitirib. Müharibədə ağır yara aldıqdan sonra ordudan tərxis edilib və doğma Bakıya qayıdıb. Orta məktəbdə İHH müəllimi vəzifəsində çalışıb. Təhsilini davam etdirmək üçün işdən ayrılıb və həmin illərdə Xəzər hövzəsi Balıqçılıq sənayesinin Baş İdarəsi (“Kasprıba”) nəzdində fəaliyyət göstərən Təkmilləşdirmə Texnikumuna daxil olub. Təhsilini başa vurduqdan sonra Cənub Neft-Dəniz Donanmasının Balıqçılıq idarəsində şturman, kapitan köməkçisi, daha sonra isə kapitan vəzifəsində çalışıb. Burada işə başlayan müharibə veteranı fəaliyyətini ARDNŞ Təhlükəsizlik İdarəsinin Dövlət gəmi və liman nəzarəti müfəttişliyində davam etdirib. İdarədə baş inspektor, liman nəzarəti kapitanı və baş kapitanı vəzifələrində çalışıb. Dəfələrlə istehsalatda fərqlənməsinə, işinə məsuliyyətli yanaşmasına, tapşırılan işi vaxtında və keyfiyyətli yerinə yetirdiyinə görə təşəkkürnamələr alıb. 

Azərbaycan Dövlət Neft Şirkətinin Şurasının 2005-ci il 21 aprel tarixli 34-K saylı qərarı ilə Mirzəyev Sücaət Məmmədəli oğlu “Respublikanın neft və qaz sənayesinin inkişafında xüsusi xidmətlərinə görə” Fəxri fərmanla təltif edilib.   

Böyük Vətən müharibəsi veteranı, Əmək veteranı, II qrup müharibə əlili S.Mirzəyevin altı övladı, 10 nəvəsi, bir nəticəsi var.   

– Döyüş yolunuz haqqında danışardınız...

– 1942-ci ilin sentyabr ayının 15-də könüllü olaraq cəbhəyə getmişəm. Gürcüstanın Qori və Düşest şəhərlərində hərbi təlim keçdikdən sonra cəbhəyə yola düşdüm. Lenin adına 76-cı dağ atıcı diviziyanın 3-cü alayının tərkibində Smolensk istiqamətində 1-ci Qərb cəbhəsində döyüşə getdim. Diviziyamız qəsəbələri, kəndləri faşistlərdən azad edərək Smolensk şəhəri doğru irəliləyirdi. Döyüşlərin birində sol ayağımdan yaralandım. Geriyə sanitar hissəyə qayıtmaq istəmədim. Ayağımı özüm sarıyıb yenə də döyüşlərdə iştirak etdim. 2-3 ay ərzində ayağım yaralı vəziyyətdə döyüşdüm. Ağır meşə döyüşlərində həm hava, həm də quruda toplardan atəşə tutulduq. Yanımda partlayan top mərmilərindən biri bu dəfə sağ ayağımı dizdən aşağı parçaladı. Təxminən 10-12 saat yaralı vəziyyətdə meşədə qaldım, həddən artıq çox qan itirdim, amma necə deyərlər “əcəl saatı gəlməyənə ölüm yoxdur”. Məni ordumuzun əsgərləri tapdı, sanitar hissəyə gətirdilər, daha sonra Moskvaya hərbi hospitala yolladılar. 1 dəfə Moskvada, 2 dəfə Omskda əməliyyat olundum. Daha sonra sağlamlığın bərpası batalyonuna apardılar.

– Faşizm üzərində qələbədən 72 il keçir. Bu qələbənin mahiyyətini bugünkü gənclərə necə izah edərdiniz?  

– Mən müharibəyə yalnız bir amal ilə getdim. Vətənimi, torpağımı müdafiə etmək, yad işğalçılardan qorumaq istəyirdim. İllər sonra aldığım yaralar mənə əziyyət versə də, heç nə üçün təəssüflənmirəm. Çünki uğrunda savaşdığımız, ölüm-dirim müharibəsinə atıldığımız qələbəni qazandıq. Milyonların qanı və canı bahasına qazanılan qələbənin mahiyyətinə gəldikdə isə bunu sözlə ifadə etmək çətin olduğunu deyə bilərəm. Elə bir ifadə, elə bir söz yoxdur ki, bu dəyəri lazımınca əks etdirsin.




– Hər dəfə müharibəni xatırlayanda qeyri-ixtiyari olaraq ilk gün yada düşür. Siz həmin ilin iyunun 22-ni necə xatırlayırsınız?

O zaman 16 yaşım olmamışdı, şagird idim. Böyüklərdən eşitdim ki, Almaniya SSRİ-yə hücum edib. Həmin an bu hücumun, bu hadisənin mahiyyətini yetərincə dərk etmədim. İnstinktiv olaraq müdafiə etməli, qorumalı olduğumu hiss etdim.

– Hansı döyüş daha çox yadınızda qalıb?

– Smolenskdə meşəni almanlardan təmizlədiyimiz döyüş çox ağır oldu. Üstündən illər keçib, amma o gecənin dəhşətini hələ də dünən olmuş kimi xatırlayıram. Partlayan bombalar, güllə səsləri... Döyüşlərin birində komandirin əmri ilə əsgər yoldaşlarımdan biri ilə gecə kəşfiyyata getdik, 6 alman əsgərini əsir götürdük. Daha sonrakı döyüşdə isə düşmən tankını məhv etdim. Buna görə “Za otvaqu” medalı ilə təltif edildim. 

– 1941-ci ilin iyunun 22-dən 1945-ci ilin may ayının 9-na qədər davam edən müharibədə sizin üçün ən ağır gün hansı olub?

– “Müharibə” sözünün özü ağırdır. 20 milyon qurban, dağıdılan kəndlər, viran qalan şəhərlər... Bu sözün arxasında duran dəhşəti, qanı, itkini, yarımçıq qalan ömür yollarını, puç olan arzuları və göz yaşlarını düşünsək, 1418 gün davam edən kabusun ağırlığını təsəvvür etmək olar. Müharibənin hər günü ağır olub. Buna baxmayaraq, keçdiyim döyüş yolu mənim üçün ağır olduğu qədər şərəflidir.

– Sizcə müharibə insanlara ən çox hansı hissi aşıladı?

– İlk olaraq birliyi. Müharibə bir olub, Ana, Vətən üçün gözünü qırpmadan canından keçməyi, son tikəni bölməyi, dözümlü və mətin olmağı öyrətdi.

– Əsgərdə ən çox dəyər verdiyiniz keyfiyyətlər hansılardır və gənc Vətən keşikçilərini necə görmək istərdiniz?

– Vətəni qorumaq üçün yalnız fiziki güc və qüvvə yetərli deyil. Əsgər dediyin döyüşə həm də ruhən hazır olmalıdır. Onda məsuliyyət, qorxmazlıq, cəsarət və hünər kimi keyfiyyətlər olmalıdır. Vətənimizi, torpaqlarımızı göz bəbəkləri kimi qorusunlar.

– Əlbəttə, bu ağır yolda aldığınız bütün mükafatlar qiymətlidir, amma seçmək imkanınız olsaydı, hansı mükafatınızın dəyəri daha yüksək olardı? 

– Müharibədə qazanılan ən böyük mükafat düşmən üzərindəki qələbədir. Amma orden və medllarımdan danışsaq, düşmən tankını məhv etdiyim üçün aldığım “Za otvaqu” və Qələbənin 50 illik yubileyi münasibəti ilə Ümummilli lider Heydər Əliyevin təltif etdiyi medalımı deyərdim.




– Qələbə haqqında xəbəri harada eşitdiniz? İlk keçirdiyiniz hiss nə oldu?

– Ordumuz zəfər qazananda mən aldığım ağır yaralara görə ordudan tərxis edilmişdim. O zaman orta məktəbdə İHH müəllimi işləyirdim. Sevinc və qürur hiss etdim. Sevindim, çünki uzun illər apardığımız müharibənin nəticəsində faşizm üzərində Böyük Qələbəni qazandıq, qürur duydum. Çünki bu Qələbədə mənim də payım var idi.

– Qələbə günü sizin üçün nə ifadə edir?

– Bəlkə də dediyim adi səslənəcək, amma bu tarix mənim üçün xeyrin şərə qalib gəldiyi tarixdir. Fərqli millətlərin birgə əzm nümayiş etdirməsi Vətənə olan sevginin tərənnümüdür.
Mən hər il bu bayramı ailə üzvlərim, doğmalarım ilə birgə masa arxasında toplaşaraq qeyd edirəm və onlara keçdiyim şərəfli döyüş yolumdan danışıram.

– Gənc nəslə nə arzu edərdiniz?

– Müharibəsiz, firavan bir həyat və xoşbəxtlik arzu edirəm. Onların bilikli və savadlı olmasını istəyirəm. Çünki gələcək üçün mübarizə, yalnız döyüş meydanında deyil, elm və siyasət meydanında da aparılmalıdır.

– Maraqlı söhbət üçün təşəkkür edirik, Oxu.Az saytı Sizin timsalınızda bütün veteranlara bu Qələbə, göstərdiyiniz qəhrəmanlıq üçün təşəkkür edir, cansağlığı arzu edir.  

Səbinə Səmidxan
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri