28 
Sen
2017
14:22
123
50
7561
Virtual karabakh

Fidan Hacıyeva: Artıq mənim öz Karmenlərim var – VİDEO + FOTO

28 Sen, 2017
14:22
7561

Fidan Hacıyeva: Artıq mənim öz Karmenlərim var – VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, opera müğənnisi Fidan Hacıyeva ilə müsahibəni təqdim edir.

- Fidan xanım, artıq müxtəlif yaş qruplarında olan tələbələrinizin səs-sorağı beynəlxalq səviyyəli, nüfuzlu festivallardan gəlir. “Fidan Hacıyeva Musiqi Mərkəzi”ndə təhsil alan tələbələriniz içərisində gələcəyin Karmenləri yetişirmi?

- Bir ildən çoxdur ki, mənim adımı daşıyan musiqi mərkəzi fəaliyyət göstərir. İtaliyada təhsil aldığım müddətdə müşahidə etdim ki, burada böyük ustadlar, sənətkarların öz mərkəzləri var. Düşündüm ki, bunu Azərbaycanda da yaratmaq lazımdır. Çox sevinirəm ki, bunu ölkəmizdə  ilk olaraq mən yaratdım.

Bu il ərzində tələbələrimlə birlikdə müxtəlif konsert proqramları ilə çıxış etmişik. Klassik və vokal üslubda oxuyan çox istedadlı tələbələrim var, onlar müxtəlif festivallarda birinci yer tutub, mükafata layiq görülüblər. Ötən il iki tələbəm Leyla xanım Əliyevanın təşəbbüsü ilə təşkil edilən “Zima” festivalında çıxış edib. Bu il bir tələbəm – Əli Abdullayev həmin festivalda iştirak edib. Gürcüstanda təşkil edilən festivalda Nəzrin adlı tələbəm birinci olub. Çox sevinirəm ki, mənim davamçılarım var. Deyirlər ki, Fidan Hacıyeva Azərbaycan səhnəsinin Karmenidir, artıq mənim öz kiçik Karmenlərim var, onlar mənim yolumu davam etdirirlər.

Nəzrin Həsənzadə, 12 yaş – “Karmen”, “Habanera” (Gürcüstanda “Salyut talantov” festivalında səksən iştirakçı arasında birinci yeri tutub).

Leyla Qürbətli, 10 yaş (“Testene Art Baku” müsabiqəsində üçüncü yeri tutub), Sevil Əsədullayeva, 12 yaş (2016-cı ildə “Zima” festivalının iştirakçısı olub) və Nəzrin Həsənzadə.

Mərkəzdə 5-60 yaş arası tələbələr təhsil alırlar. Onların arasında metro işçisi, həkim və digər peşənin sahibləri, 60-a yaxın yaşı olan xarici vətəndaş da var. İstedadı, səsi olan hər bir şəxs burada təhsil ala bilər. Çalışıram ki, bildiklərimi onların hər birinə aşılayım.

Orxan Cabbarov, 25 yaş, metro işçisi – “Sevgili canan”.

Artıq tələbələrimizlə birlikdə bu il Rəşid Behbudov adına Mahnı Teatrı və “Zirə” Mədəniyyət Mərkəzində konsertlərimiz oldu. Noyabrın 4-də yenidən Rəşid Behbudov adına Mahnı Teatrında tələbələrimlə birgə konsert proqramı ilə çıxış edəcəyik.

Şotlandiyalı Bob Petri.

Əli Abdullayev - “O sole mio”.

Azərbaycanda vokal sənətini təbliğ edənlərin həmişə çox olmasını arzu etmişəm. Bu janr həm ölkəmizdə, həm də xaricdə tanınır, sevilir.

Ariz Nəbiyev, 22 yaş, Bakı Dövlət Universitetinin tələbəsi - Müslüm Maqomayev, “Azərbaycan”.

Musiqi Mərkəzinin direktoru, Fidan Hacıyevanın tələbəsi Elçin Əliyev və Mərkəzin vokal müəllimi Arzu Qurbanova - “Arşın mal alan” operettasından duet.

- Bu sənətin zirvəsini fəth etməkdən ötrü nələrdən keçmisiniz?

- Mübarizə aparmışam. Çətinliklərdən keçmişəm. Çox çalışmışam. Həyatda çalışqan və məqsədimə çatan insanam. Tənbəl deyiləm. Hər gün saat 6-da, ən gec 7-nin yarısında yuxudan oyanıram. Bilirsiniz ki, 12, 11, 4 yaşlarında üç övladım var. Onları hazırlayıb, məktəbə və bağçaya yola salıram. Övladlarımın hər bir işi - diqqət, qayğı, problemi ilə özüm məşğul oluram. Mən hər günümü əvvəlcədən planlaşdırıram. 

- Övladlarınızda hansı istedadı müşahidə etmisiniz?

- İkisi musiqi mərkəzində fortopiano dərslərinə gəlir. Balaca oğlum Çarlzın isə çox gözəl səsi var.

- Sənətdə və həyatda üzərindən birdəfəlik xətt çəkdiyiniz insanlar var?

 - Xətt çəkdiyim yox, amma uzaqlaşdığım insanlar var. Əhval-ruhiyyəmi korlayan insanlarla dostluq etməməyə çalışıram. Bu cür insanlarla ünsiyyətdə olmaq çox çətindir. Ona görə ətrafımda, demək olar ki, bir-iki nəfər adam var. İnsanları özümə çox yaxın buraxmıram. İstəyirəm, onları necə tanıyıramsa, o cür də qalsınlar. Düşünürəm ki, özümə çox yaxın buraxsam, daxili aləminə bələd olub, peşman olaram.

- Bu sahəyə can atmağa çalışan həvəskar ifaçılara nə məsləhət verə bilərsiniz? Hansı ki, çaş-baş qalıblar, nədən başlayacaqlarını bilmirlər...

- Birincisi odur ki, gərək saat 10-da yox, 7-də yuxudan oyansan. Musiqidən başqa, müxtəlif dilləri öyrənmək vacibdir. Çox çalışmağın bəhrəsini həmişə görəcəksən. Gərək hər sahədən bir az anlayışın olsun. Sizə bir misal çəkim. Mən İtaliyada oxuyarkən, müəllimim məndən soruşdu: “Sən, deyəsən, çox varlı ailədənsən?” Ondan niyə belə düşündüyünü soruşanda belə cavab verdi: “Fortepianoda ifa etməyi, müxtəlif dillərdə danışmağı, gözəl mahnı ifa etməyi bacarırsan. Hər sahədən anlayışın var”. Mən ona cavabımda bunlara nail olmaq üçün çox çalışdığımı, daim öz üzərimdə işlədiyimi bildirdim. 

İndiki gənclər isə belə fikirləşir: “Mən bu sahə ilə məşğulam, elə bu mənə bəsdir”. Bu, yanlışdır, gərək hər sahədən anlayışın olsun.

- Şarmlı qadınsınız. Xarici görünüşünüzə diqqət yetirdikdə, həmişə formada olduğunuzu müşahidə edirik. Bəlkə, oxucularımıza belə gözəl qalmağınızın sirrini açıqlayasınız?

- İnsan ruhuna və vücuduna müsbət təsir edən pilates idman növü ilə məşğul oluram.  Saçıma və üzümə maska edirəm, amma onları hazır şəkildə alıram.

- Söylədiyiniz kimi, hər gün nə edəcəyinizi əvvəlcədən planlaşdırır, evdə və işdə hər şeyə özünüz nəzarət edirsiniz. Bəs bu qədər enerjini haradan alırsınız?

 - Çox çətin sual oldu. Yəqin, bu, Allahdan gələn bir qüvvətdir.

- İndiyədək ölkəmizi bir çox dövlətdə layiqincə təmsil etmisiniz. Müşahidələrinizə görə, çıxış etdiyiniz ölkələrin vətəndaşları Azərbaycan barədə məlumatlıdırlarmı?

- Azərbaycan gündən-günə irəli gedir, ölkəmiz abadlaşır. Müxtəlif idman oyunları, “Eurovision” keçirilir. Bir neçə il bundan əvvəl İtaliyada ilk dəfə “Azərbaycan Mədəniyyəti Günləri” keçirildi.  Orada mən də iştirak etdim. Daha sonra Almaniya, Yaponiya və digər ölkələrdə Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı konsert proqramları olub.

Cari ilin iyulun 14-də Fransada milli bayram kimi qeyd olunan Bastiliyanın alınması günü münasibətilə Parisdə yerləşən “Azərbaycan evi”ndə solo konsertim oldu. Bunlar hamısı Azərbaycanın təbliği üçündür. Artıq əcnəbilərin ölkəmizə böyük marağı var. Buna görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya və prezident İlham Əliyevə təşəkkür edirəm.

Aytən Sadıqzadə
Foto və video: Ehtiram Cəbi
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri