17 
Noy
2018
11:49
57
183
26976
Virtual karabakh

Azərbaycanlı model: Sevgilim, ərim var deyə ailə qurmaram - FOTO

17 Noy, 2018
11:49
26976

Azərbaycanlı model: Sevgilim, ərim var deyə ailə qurmaram - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Model Pərvin Həsənzadənin Oxu.Az-a müsahibəsi:

– Necə oldu ki, modelliyə başladınız?

– Uşaqlıq xəyalım deyildi, təsadüfən alındı.

– Bizdə model anlayışı fərqlidir deyə, ailələr maneçilik törədir.

– Maneə olmadı, ilk işim “Amore Fashion Day” oldu. Bunu da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva keçirirdi deyə, əksinə, ailəm qürur duydu.

– Bildiyim qədəri ilə Moskvada yaşamısınız...

– Bəli, ilk dəfə Kseniya Sobçakın hazırladığı “Top Model Russia” adlı yarışmaya qatılmışam. 30 ən yaxşı model arasında mən də seçildim. Biz də Fransaya gedib, həmin yarışmanın finalında iştirak etməli idik, ancaq mənə oradan mənə viza vermədilər. Karyeramda ilk zərbəni oradan aldım. Özümə güvənirdim, bilirdim ki, oraya gedib çıxsaydım, o yarışmanı qazanacaqdım. Amerikada həmin yarışmanı Tayra Benks aparır, məni də onlayn olaraq Tayra və komandası seçmişdi.

– Sizin viza alınmadı və gedə bilmədiniz. Bu, psixoloji olaraq sizə necə təsir etdi?

– Uşaq olduğuma görə, çox pis olmuşdum. Hər kəs bilirdi ki, yarışmaya gedəcəm, ancaq belə bir problem yaşandı. Sonra universitetə daxil oldum, eyni zamanda modelliyimi də davam etdirdim.

– Hansı sahə üzrə ixtisaslaşdınız?

– Uşaq psixologiyası üzrə ixtisaslaşmışam.

 

– Necə oldu ki, Azərbaycana köçdünüz?

– Hər zaman patriot insan olmuşam.  Həmişə istəyirdim ki, Azərbaycanda yaşayım, ailəm böyük olsun. Ona görə də, Bakıya köçdük. Xaricdə azərbaycanlı səsi eşidəndə istəyirəm qışqıram deyəm ki, mən də Bakıdanam.

– Axı, Fransaya getsəniz, qarşınızda başqa qapılar açılacaqdı, ona görə də vətəndən uzaq qalacaqdınız...

– Yenə də ölkəmə gələcəydim. Ən azından ayda bir dəfə mütləq dəyərdim. Rusiyada universitet bitdi, təklif olmadı. Düşündüm ki, niyə orada qalım? Gedib Azərbaycanda işimi görərəm. Həm öz vətənimlə çalışaram, həm də rahat yaşayaram.

– Sizin kimi beynəlxalq müsabiqələrdə iştirak edən və müxtəlif ölkələrə dəvət alan modellərimiz var?

– Bəli, var. Amma ad çəkmək istəməzdim. Çünki onlar məni haradasa görəndə “Ay, nə eybəcər qızdır”, “Meksikalını haradan tapmısınız?” kimi rəylər bildirirlər. Bura standartlarına uyğun deyiləm deyə, insanlar məni qəbul edə bilmir.

– Hazırda söhbət sizdən getmir, amma müəyyən məqamlarda oxucu haqlıdır. Çünki bəzən müsabiqələrdə çox gözəl olmayıb, amma birinci seçilən modellər olur...

– Bu müsabiqə gözəllik müsabiqəsi olsaydı, mən də onlarla razı olardım. Mən səhər oyananda bir gün xoşuma gəlirəm, o biri gün yox. Yatmağımdan çox şey asılıdır. Bir də səhər hansı əhvalla oyanmağım da çox önəmlidir. Hamısı üzümdə əks olunur. Elə olur ki, insanı eybəcər makiyaj edirlər. Biz də maşallah qızlarımız teatr kosmetikasını üzlərinə vururlar. Hansı ki, həmin makiyaj üzdəki qüsurları gizlətmək üçün istifadə olunur. Sadəliyə üstünlük vermirik. Mən çox nadir halda makiyaj edirəm. Çalışıram ki, onu da özüm nə bacarıram, onu edim. 

Baxırsan ki, qızın 20 yaşı var, amma 28 yaşında görünür. Haranı göstərmək, haranı gizlətmək lazım olduğunu bilmək mütləqdir.

– Modellərimizin xaricə üz tutmağının səbəbi nədir?

– Mənə də Hindistandan dəvətlər gəlir. Pulu az təklif edirlər, gedib üç ay heç yerdə qala bilmərəm. Rusiyanı çıxmaq şərti ilə, qərib yerdə dəli olaram. Ölkəmiz moda industriyası üzrə tanınmadığına görə, onlara baha qiymət deyə bilmirəm.

– Sizə Hindistan adından müsabiqələrdə iştirak təklif olunur?

– Yox, hansısa menecer məni Hindistanın yerli brendlərinə təklif edir. Üç ay ərzində mənə verilən məbləğin qiyməti deyilir. Amma mən bilmirəm ki, hər gün neçə saat işləyəcəyəm. Ona görə də Azərbaycanda qalıb pul qazanmamaqdansa, hansısa modelimiz xaricə gedib, çalışa bilirsə, böyük bir şeydir. Ən azından özünü dolandırır.

– Bu sahə üzrə təhsiliniz var?

– Rusiyada kurslara getmişəm. Deyim ki, sırf vunderkindəm, yox! İstəyim olub deyə, bu sahəyə gəlmişəm.

– Azərbaycanda qadın model olmağın çətin tərəfləri...

– Bir az ağır qarşılanır. Mən kluba getmirəm, gecə həyatım yoxdur. Yaratdığım obrazı qoruyuram. İstəmirəm hamıya əlçatan olum. Göz yormaq istəmirəm. Hər dəfə eyni simaları görəndə, sənin üçün adiləşir. Mən də adiləşmək istəmirəm.

– Hazırda kimlər adiləşib?

– Elə modellər var, amma ad çəkməzdim. Baxırsan yaxşı qızlardır, amma incəsənətdəki “incə”liyi saxlaya bilmirlər. Düzdür, mənim üçün çətin tərəfləri yoxdur. Çünki məni küçədə görsələr heç vaxt deməzlər ki, bu, modeldir. Çəkilişlər istisna olmaqla, məni dikdabanla gəzdiyim yerdə görən olmayıb. Sadə, idman ayaqqabısı ilə gəzirəm. Küçədə gəzərkən özünü bir az yığmaq lazımdır. Açıq-saçıq geyinməklə model olmurlar, mənim də bikinidə fotolarım var. Amma bu, nəyinsə reklamıdır. “Miss Bikini” yarışmasına qatılmışdım.

Bütün model yarışmalarında da format budur ki, mütləq bikini ilə podiuma çıxmalısan. Camaata maraqlı deyil ki, sənin bədəninin hansısa hissəsini görsün, sadəcə sənin dərin necədir, sümük çıxıntıların, bədənin ümumi quruluşu hansı vəziyyətdədir, bədənində çapıq, tatu varmı və sairə suallara cavab tapılması üçün bikinidə çıxmaq mütləqdir.

Tatu model sahəsində yaxşı qarşılanmır. Düzdür, indi bunu qrimlə örtmək mümkündür. Mənim də bikinidə fotolarım var, o demək deyil ki, küçədə açıq-saçıq geyinib, vulqar görünməliyəm. Bir az özünü çərçivədə saxlamaq vacibdir.

– Dediniz gecə həyatım yoxdur, bizdə elə bir mentalitet var ki, birmənalı qarşılanmır. Maraqlıdır, qohumlarınızın sizə münasibəti necədir? Bəzən saytlarda dekolteli fotolarınız çıxır. Bu zaman sizə irad bildirirlər?

– Hər şeyi miqdarında edirəm, balanslaşdırıram. Dayılarım, xalalarım, hamısı mənə dəstəkdir. Ağzımı açıb danışanda pafossuz, olduğu kimi danışıram. Açıq-saçıq nadir hallarda geyinirəm, o da qədərində. Bir az boylu-buxunluyam, gözəgəlimliyəm, qəşəng geyinməyi xoşlayıram. Hamı da məni normal qarşılayır.

– Axı, bu, Azərbaycan mentallığı üçün reallığa uyğun deyil. Ola bilməz ki, hamı sizi dəstəkləsin.

– Heç kimin mənim geyimimə qarışmağa icazəsi yoxdur, buna imkan vermirəm. Qohumlarım da sağ olsunlar, hamının fikri mənim üçün önəmlidir, ancaq öz fikrim daha önəmlidir. 18 yaşımda bunu mənə deyə bilərlər, deyərəm ki, hə, düzdür, mən tam formalaşmamışam, qəbul edə bilərəm. Sadəcə uşaqlıqdan daha geniş düşünürəm. Hər şeyi ölçüb-biçirəm. 

– Aylıq gəlirləriniz sizi qane edir?

– Model sahəsində aylıq gəlir deyə bir şey yoxdur. Ola bilər üç ay gəlir olmasın, amma hansısa çəkilişdən üç ay sənə bəs edəcək pul qazanasan. Çətinliyim olanda isə, ailəm mənə dəstək olur. Atam və anam ayrı yaşayırlar deyə, ən çox da anam dəstək olur – həm maddi, həm də mənəvi.

– “Best Model of Azerbaijan” müsabiqəsinə qatılmısınız.

– 2014-cü ildə “Miss Asia”, 2016-cı ildə Bolqarıstanda “Miss Lady Universe Perfect Body” müsabiqələrində birincilik qazanmışdım.

– Neçə müsabiqədə birincilik qazanmısınız?

– Çoxdur, dəqiq bilmirəm. Amma gözəllik müsabiqələri üçün yaşım ötüb. Biri var 18 yaşında biri ola, biri də var mənim 28 yaşım var.

– Sizə heç 28 yaş vermək olmaz. (Bu yerdə müsahibim sevinir və öpüş göndərir)

– Yaşım ötdüyünə görə, istədim sonuncu dəfə hansısa yarışmaya qatılım. İstəyirəm ki, “Best Model of The World”də iştirak edim. Düzdür, boyum istədiyim səviyyədə deyil, amma nisbətlər bu müsabiqəyə uyğundur. Nə olsun 28 yaşım var? Niyə də bu sahə üzrə işləməyim? İnsanlar var ki, 50 yaşı var, amma retro model olaraq hələ də poiumlara çıxırlar. Ona görə dedim ki, “Best Model of Azerbaijan” yarışmasına qatılım. 

– Birinci olacağınıza əminsiniz?

– Yox, əslində demirəm ki, birinci ola bilərəm. Çünki moda gözü ilə baxsaq, həmin yarışmada iki-üç qız var ki, onlardan da hansısa birinci ola bilər.

– Yaş ötür mövzusu moda üçün keçərlidir dediniz, bəs ailə qurmaq üçün necə? Ümumiyyətlə, Pərvin xanım, nə vaxt tərpənirsiz?

– Çox əfsuslar olsun ki... (gülür)

– Pərvin xanım, çox bədii danışırsınız, sizi AZTV-yə qonaq çağırmamışıq, bir az rahat olun.

– Həyatımda sevdiyim insan olmadığına görə, düşünürəm ki, ailə qurmaq məsələsi də ikinci plana keçir.

– Tək olmağınızın səbəbi nədir?

– Sənin vaxtın özünə dəyərlidir, mənim üçün də həmçinin. Görürəm ki, bu insan vaxtınız düzgün dəyərləndirmir. Boş-boş danışmaq, yalandan kiminsə başını aldatmaqla məşğuldur. Yekə kişisən, mənim 28 yaşım var, yanımda olan da təxminən, o yaşda olmalıdır. Artıq formalaşmısan, yalan söhbətlər nəyə lazımdır? Niyə vaxtımı alırsan? Bu insan özünə hörmət eləmir. Mənim həyatım dəyərlidir. Nələrisə sındırıb, gəlirsənsə, mənimlə birləşmək, bölüşmək istəyirsən. Bunu bacarmayacaqsansa, niyə edirsən?

Mənim sevgilim, ərim var deyə ailə qurmaram. Ailə qururlar, bir uşaq dünyaya gətirib, boşanırlar. Ailəni buna görə qurmurlar axı. Kimdənsə uşaq dünyaya gətirib, boşanıb, aliment gözləməyə alçaqlıq kimi baxıram. İnsan ailə qurur, alınmır. Bu, normaldır. Amma indi hara baxırsan, hamı boşanıb. 

– Sizcə uşağım olsun deyə ərə getmək mentalitetin təsirindən irəli gəlir?

– Yox, onlar rahat həyat güdürlər. Ərə gedib uşaq dünyaya gətirmək məsuliyyətli işdir. Bunu dərk etmək lazımdır. Rahat həyat 5-6 gün işləmək, sonra dostlarınla əylənməkdir. Mən onlar kimi həyat istəmirəm. Kiminləsə ailə quranda ona ata gözü ilə baxmıram, həmin adamı sevirəm, sonra ondan uşaq dünyaya gətirmək fikrinə düşə bilərəm. Zəmanə çətindir, uşağa böyüdüb, düzgün tərbiyə vermək lazımdır. Balam, özün böyü demək də olmur (gülür). Ailə çox ciddi məsələdir. 

Çəkilişdə göstərdiyi köməyə görə “Nizami Restaurant and Lounge”a təşəkkür edirik.

Pərviz Hüseyn
FOTO: Ramil Zeynalov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri