27 
Noy
2018
16:16
163
87
15664
Virtual karabakh

“Lifttəmir”in yeni direktoru: Heç bir qohumumu özümlə gətirməmişəm - MÜSAHİBƏ

27 Noy, 2018
16:16
15664

“Lifttəmir”in yeni direktoru: Heç bir qohumumu özümlə gətirməmişəm - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın suallarını Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinə yeni təyin olunmuş baş direktor Xalid Ələkbərov cavablandırıb.

- İki aya yaxındır ki, baş direktor təyin edilmisiniz.  İdarə hansı yenilikləri edəcək?

- Bir çox yeniliklər olacaq. İdarə tərəfindən dispetçer xidməti yaradılıb. Qurumun beş rayon ərazisində xidmət sahəsi var. Yaradılacaq xidmət şəhərin mərkəzində 24 saat, ətraf ərazilərdə isə gecə 00:00-a kimi fəaliyyət göstərəcək. Bu gün müasir texnologiyalar var. Onlar xüsusi sistemlə işləyəcəklər.

Mobil operatorların biri ilə müqaviləmiz var. Artıq işçilərə telefonlar almışıq. Onlar maşınla təmin olunmalıdır. Bunlar gələcəkdə nəzərdə tutulub. Kimin hansı mərtəbədə liftdə qalması təyin olunacaq.

Hamıya məlumdur ki, bir çox yerlərdə transformatorları, mühərrikləri oğurlayırlar. Bizim qurduğumuz sistem vasitəsilə şaxtaları kim açsa, siqnalizasiya vasitəsilə dispetçer xidmətinə məlumat ötürüləcək. Deyə bilərəm ki, bu gün Lift İdarəsində yenidənqurma işləri gedir.

- Artıq 2019-cu il yaxınlaşır. Yeni liftlər alınacaqmı? Fəaliyyətə başladığınız dövrdən paytaxt ərazisində nə qədər lift quraşdırılıb?

- Prezident İlham Əliyevin göstərişinə əsasən, dövlət büdcəsindən ayrılan pul hesabına 2012-ci ildə Bakı şəhərində 1230 lift yenisi ilə əvəzlənmişdi. BŞİH-in tabeliyində olan “Lifttəmir” İstehsalat Birliyinin balansında 5 min 289 lift var.

Əsasən, şəhərətrafı yerlərdə 1975-1985-ci illərdə quraşdırılan liftlər hissə-hissə dəyişdiriləcək. Bununla yanaşı, Nizami rayonu pilot layihə kimi seçilib. 177 liftin hamısı dəyişdiriləcək və dispetçer xidməti yaradılacaq. 2019-cu ildə liftə aid olan bütün strukturlar yenilənəcək.

- Yeni liftlər alınacaqmı?

- Xaricdən beş şirkətin nümayəndələrini Bakıya dəvət etmişik, görüşmüşük. Bizim lift almağımız vəsaitdən və seçdiyimiz şirkətlərin satdığı liftin keyfiyyətindən asılıdır.

Prezident İlham Əliyev də çıxışı zamanı bildirmişdi ki, liftlər yenilənməlidir. Çünki onların istismar müddəti bitib. Biz çalışacağıq ki, gələn il 1200 lift dəyişdirilsin. Bunun üçün dövlət vəsaitindən pul ayrılacaq.

- Bir liftin istismar müddəti neçə ildir?

- Bu gün bizim liftlərin ən kiçiyinin yaşı 25-dir. 28, 30, 35 yaşı olan liftlər var. Hansısa problem yaranırsa, lift dayandırılır və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının rəyi əsasında quraşdırılır.

- Köhnə baş direktorun yol verdiyi neqativ hallar cəmiyyətdə və Milli Məclisdə müzakirə edildi. Belə hallara son qoyulacaqmı?

- Mənzil Kommunal Birliyi ilə Lifttəmir” İstehsalat Birliyi arasında ikitirəlik olub. Hər iki qurum problemləri bir-birinin boynuna atıb. Bizim qurumda pul yığımı çətindir. İki aya yaxın müddətdə 54 lift istismara buraxılıb. Hansı ki, onlar vaxtilə vəsait çatışmazlığından saxlanılmışdı. Lift işlək mexanizmdir. Gecə də problem yarana bilər.

- Lift İdarəsinin yenidən formalaşması üçün nə qədər vaxt lazımdır? Qarşıya qoyulan məqsəd nədir?

- Mən oktyabr ayında baş direktor vəzifəsinə təyinat almışam. Ay yarım ərzində xeyli işlər görmüşük. Hər halda İdarənin formalaşması üçün iki-üç ay lazımdır ki, insanlara xidmət edək, onlar liftdən təhlükəsiz şəkildə istifadə etsinlər. İlk öncə biz qurumun rezerv fondunu yaratmalıyıq.

Bu gün material almağa vəsait azdır. Maddi texniki baza yaradılmalıdır. Bundan sonra işçilərdən iş tələb edə bilərəm. Burada işləyən insanlar hamısı çalışqan insanlardır. Onlar az maaşla insanlara sevərək xidmət edirlər. Kollektivi dağıtmaq fikrimiz yoxdur. İşçilər üçün də şərait yaratmışıq.

Məqsədimiz İdarənin imicini qaldırmaqdır. Çünki mətbuatda idarə haqqında mənfi söz-söhbətlər yazılıb. Mən təsərrüfatı bildiyimə görə, deyə bilərəm ki, burada işləyən insanlar köhnə rəhbərliyin zamanında da işlərini sevən insanlar olub. Bir balaca şərait yaratmaq, işlərinə nəzarət etmək lazımdır.

- İdarədə islahatlar aparılacaqmı?

- İslahatlar qaçılmazdır. Görülən işlər islahatların bir qismidir. Biz iki həftə ərzində funikulyoru təmir etdik və istifadəyə verdik. Orada yeni şərait yaradılacaq ki, funikulyorun gəlişini gözləyən adam bir stəkan çay, su alıb içə bilsin.

- İdarənin nə qədər işçisi var?

- İdarədə 380 işçi var. Rəhbər işçilər azdır. Digərləri isə texniki xidmət işçilərdir. Onların da əməkhaqları 350-400 manat arasındadır. Bizdə növbəli iş rejimində işləyən insanlar var ki, 250 manat alır.

- Hansı rayonlarda lift problemi daha çoxdur? Bununla bağlı statistika varmı?

- Əsasən, Nizamı, Xətai, Nərimanov rayonları ərazisində olan binaların liftlərində problem var. Hazırda Koroğlu Rəhimov küçəsində doqquz blokda yenidənqurma işləri gedir.

- Hazırda idarədə araşdırma aparılır. Nə zaman bitəcəyi məlumdurmu? Artıq hansı problemlərin olması məlumdurmu?

- Araşdırma davam edir. Tam olaraq, hansı problemlərin olmasını deyə bilmərəm. Heç səlahiyyətim də çatmır ki, işlərinə müdaxilə edim. İdarənin imicinin qaldırılması üçün araşdırma aparılması bizim xeyrimizədir. Hansı qərar qəbul edilsə, səhvlər deyilsə, biz onu təkrarlamamaq üçün aidiyyəti qurumlarla işləyəcəyik. Gələn həftəyə kimi araşdırma davam edəcək.

- Sizcə, problemlərin həlli üçün nələr edilməlidir?

- İşçilər üçün şərait yaratmaq mütləqdir. Hazırda lift pulu yığanlar üçün otaq tikilir. Onlar 80 liftə xidmət edirlər, amma oturmağa yerləri yoxdur. Gəlin, düzünü deyək də, sayılmayıblar. Çalışırıq problemləri həll edək.

- Dispetçer xidmətinin yaradılmasından danışdınız. Bunlar həll edildikdən sonra lift qəzalarının qarşısı alınacaqmı?

- Məndə olan arayışlara görə, bizim sistemdə ciddi qəza olmayıb. Mən bura işə gələn günün səhəri iclas etdim. Bildirdim ki, ilk olaraq insanlar liftlərdə qalan zaman onların tez zamanda xilas edilməsi həll edilsin. Onların təhlükəsizliyi bizim borcumuzdur.

- Ola bilərmi ki, gələcəkdə Azərbaycanda belə bir təklif verilsin ki, liftin özünü istehsal edən zavod açılsın?

- Hazırda Azərbaycanda lift istehsal edən zavod var. O zavodun gücü ola bilər ki, bizim tələbatımızı ödəməsin. Həm də bizim liftlərin olduğu şaxtalara quraşdırmaq üçün stendlər uyğun deyil. Bizə daha keyfiyyətli və parametri uyğun lift lazımdır.

Gələn il ərzində 1000-1200 lift almaq istəyirik. Texniki baza təmin edirik ki, yeni il gələn liftləri qoymağa yer lazımdır. Biz ilk növbədə insanların təhlükəsizliyini düşünməliyik.

- Digər qurumlar kimi sistem qurulmasını istədiyinizi dediniz. Liftlərdə də nağdsız ödənişlər olacaq?

- Bəli. Nizami rayonunda 177 lift nağdsız ödənişlə ediləcək. İnsanlar karta pul ödəməklə liftdən istifadə edəcəklər.

- Bir liftin alınması neçəyə başa gəlir?

- Bu qiymət 20-30 min manat arasında dəyişir.

- Belə deyirlər ki, rəhbər dəyişir, amma iş dəyişmir. Proqnozlarınız nədir?

- Biz bu idarənin xidmət səviyyəsini qaldırmalıyıq. Mən işçilərə kostyum, qalstuk, köynək alıb vermişəm. Tapşırmışam ki, işə gələn zaman həmin paltarı geyinsinlər.

- Araşdırmadan sonra işində xətaya yol verənlər işdən azad ediləcəkmi?

- Buna araşdırma bitəndən sonra qərar veriləcək. Təbii ki, kimin hansı sahədə günahı varsa, komissiya rəyindən sonra cəzalanacaq.

- Kim vəzifəyə gəlirsə, öz adamını gətirir. Siz yeni işçi təyin etmisinizmi?

- Heç bir qohumumu, tanışımı burada işlə təmin etməmişəm. Heç fikrim də yoxdur. Sadəcə, sürücümü gətirmişəm. Biz çalışacağıq ki, kollektivlə birlikdə işlərimizi artıraq. Keyfiyyətli liftlər quraşdıraq. İnsanlara xidmət etmək vəzifə borcumuzdur. Bizim başqa yolumuz yoxdur.

İlhamə Əbülfət
FOTO: Ramil Zeynalov

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri