11 
Dek
2018
12:09
273
193
12112
Virtual karabakh

Qohum evliliyindən dünyaya gələn uşaqların əksəriyyəti xəstə doğulur - MÜSAHİBƏ

11 Dek, 2018
12:09
12112

Qohum evliliyindən dünyaya gələn uşaqların əksəriyyəti xəstə doğulur - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün insanlar sahib olduqları I, II, III və IV qan qruplarına görə fərqlənirlər. Bir ailədə isə müxtəlif qan qruplarından olan uşaqlar dünyaya gələ bilir. Övlad sahibi olmaq cütlüklərlə yanaşı, nənə-babaların da ən böyük arzularından biridir. Amma bəzən uşaqların fərqli qan qruplarından doğulması ailədə boşanmalara səbəb olur. Uşağın sağlam və ya xəstə doğulması, hansı qan qrupuna, hansı rezusla doğulmağı belə birbaşa gendən asılı ola bilər.

Ümumiyyətlə, qan qruplarını fərqləndirən cəhət nədir? Doğrudanmı, insanın qan qrupu hər hansısa xəstəliyə tutulma riskinin çoxluğundan xəbər verir? Bəzən uşaq ananın və atanın qan qrupunda yox, fərqli qan qrupunda doğulur. Bu zaman isə “uşağımın damarlarında mənim qanım axır” ifadəsi ikinci plana keçir. Bunun əsas səbəbi nədir?

Oxu.Az-ın bu və digər suallarını B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun İmmunalogiya şöbəsinin İmmuno-hemotoloqu Reyhan Əliyeva cavablandırıb:

- Qan niyə I, II, III, IV qruplara ayrılır?

- İnsanda qan qruplarının fərqliliyini yaradan eritrositlərin üzərində olan antigenlərə görə. Eritrositlərin (qırmızı qan hüceyrələri) üzərində 350-yə yaxın antigenlər var. Antigen isə zülal tərkibli strukturlardır.

Qan qrupu eritrositlərin membranında olan antigenlərin təyini vasitəsilə müəyyən edilir. Ümumi olaraq 2018-ci il üçün 36 qan qrupu sistemi təyin edilib. Səhiyyədə daha çox ABO sistemi və Rh sistemi təyini geniş istifadə olunur. Luteran, Kell, Kidd, Daffi, Lyuis, Bombey və s. qan qrupları sistemi bəzi hallarda hemotransfuzion ağırlaşmalara, yeni doğulanlarda hemolitik xəstəliyin yaranmasına səbəb ola bilirlər.

Məsələn, donorda Kell antigeni varsa, Kell antigeni olmayan resipientə o qanı transfuziya etmək olmaz. ABO sistemi üzrə dörd qan qrupu var. 350-yə yaxın antigenlər isə qruplaşaraq 36 qan qrupu sistemini yaradır. Yəni əslində, qan qrupu sisteminin sayı dörd yox, 36-dır. Amma qan köçürülməsi, qanda hər hansı əməliyyatlar, tədqiqlər aparılanda daha çox bu dörd qan qrupu reaksiya verdiyi üçün biz xüsusilə bu dörd qrup üzərində işləyirik. Bunu, yəni insan qanının tərkibində bu maddələrin mövcudluğunu isə ilk dəfə 1900-cü ildə Lanşteyn adlı alim aşkarlayıb. Adi kombinasiya üsulu ilə onları ayırıb və 1910-cu ildən onları I, II, III, IV qan qrupları kimi adlandırıblar.

- Bəs onların fərqi?

- Fərqini sizə belə izah edim. I qan qrupunda insan bədənində eritrositlərin tərkibində “A” və “B” antigenlərindən heç biri olmur. II qan qrupunun tərkibində yalnız “A” antigeni, III qan qrupunda yalnız “B”, IV qan qrupunda isə eritrositlərin tərkibində “AB” antigenləri mövcud olur.

Məhz bu antigen komplektlərinə görə qanlar bir-birindən fərqlənir. İnsan hansı antigenlə dünyaya gəlirsə, o antigenlərlə də dünyasını dəyişənə qədər yaşayır.

- (Rh)Rezus faktor “-“ və ya “+” nə ilə izah olunur?

- Rezurs faktor dediyimiz antigenlərə görə də biz qan qruplarını “-“ və “+” olaraq ayırırıq. Rezurs faktor sistemi özü 61 antigendən ibarətdir. Onlar arasında bizim üçün vacib olan və immun reaksiya verən “Rh” antigenidir. Daha aydın olsun deyə təkrar deyim ki, hər insanın qanında dediyimiz 35 qan qrupu sisteminin hər biri var.

Sadəcə olaraq, bədəndə məhz bu antigenlərə qarşı immun reaksiya yüksək olduğuna görə, biz yalnız hər kəsin bildiyi dörd qan qrupları ilə çalışırıq. Yer üzərindəki insanların 99,9 faizi bu antigenlərə görə fərqlənir.

- İnsanın qan qrupunun təyin prosesi necə aparılır?

- Qan qrupunun təyin edilməsi uzun illərdir eyni üsulla aparılır. Qan təyini üçün anticisimlərin (A, B, Rezus) içərisində bir damla insan qanı tökülür. Bütün reaksiya insan qanı üzərində aparılır. Əgər qan yalnız “A” lövhəciyində parçalanma yaratdısa, bu o deməkdir ki, həmin şəxs II, yalnız “B” lövhəciyində parçalanma gedibsə III, əgər heç bir lövhəcikdə parçalanma getmədisə I və nəhayət, həm “A”, həm də “B” lövhəciyində parçalanma getdisə, bu, həmin şəxsin IV qan qrupunu daşıdığını göstərir. Rezus anticisim lövhəciyində qan parçalanması müşahidə olarsa, həmin qan qrupları müsbət rezusda, heç bir reaksiya müşahidə olunmazsa, mənfi rezusda sayılır.

- Mənfi, yoxsa müsbət qan qrupu daha təhlükəsizdir?

- Təbii ki, biz qan qruplarını nisbətən hesablaya bilsək də, tam olaraq hansı qan qrupundan olduğumuzu seçə bilmərik. Bu gün yer üzündə çox az insan mənfi rezuslu qan daşıyıcısıdır. Statistikaya görə, 85% müsbət, 15% mənfi rezuslu insan var. Bölgəyə görə fərqlənir, amma ortalama rəqəmlərə görə, dünya əhalisinin 40%-i I, 30%-dən aşağı II, 10%-i III, 5-6 % insan isə IV qan qrupu daşıyıcısıdır.

Təhlükəli tərəfi yalnız odur ki, mənfi qan qrupları az olduğundan, qan köçürülməsi zamanı tez bir zamanda tapmaq çətin olur. Başqa heç bir cəhətdən müsbət və ya mənfi qan qrupları arasında fərq yoxdur.

- Bəzən deyirlər ki, mənfi qan qrupu ilə doğulan qız uşaqları gələcəkdə ciddi problemlərlə qarşılaşırlar. Bu nə dərəcədə doğrudur?

- Əgər qadın mənfi qan qrupudursa və bətnində daşıdığı körpə də mənfi qan qrupunu daşıyırsa, heç bir problem gözlənilmir. Yox, əgər bətnindəki körpənin qanı müsbətdirsə, bu zaman hamiləlik dövründə körpənin qanındakı müsbət anticisimlər ananın qanına keçir. Bu zaman ananın qanında immun reaksiyalar getməyə başlayır.

Mənfi qan qrupu həmin müsbət komponentləri yad cisim kimi qəbul etdiyi üçün başlayır onları parçalamağa. Sonra ananın qanında əmələ gələn anticisimlər keçir uşağın qanına və onun eritrositlərini parçalayır ki, bu da doğulacaq uşaqda ağırlıq dərəcəsindən asılı olaraq hemoliz yaradır. 

Bunun qarşısını almaq üçün mənfi qan qrupundan olan qadınlar hamiləlik dövründə 2-ci aydan etibarən nəzarətdə saxlanılır. Hamiləliyin sonuna qədər qanda anticisimlərin daşınması yoxlanılır. Əgər qanda daşıyıcıların miqdarı artırsa, uşaq doğulmamışdan qabaq və ya doğuşdan dərhal sonra anaya antirezursimmunoqlobulin vurulur.

Kifayət qədər bahalı iynədir. Bu iynə ananın qanında yaranan anticisimləri öldürür və sonrakı hamiləlikdə ananın qanında olan anticisimlərin körpənin qanında parçalanma yaratma ehtimalının qarşısını alır.

Belə bir məqam da var ki, mənfi qan qruplu ana bətnində üç aylıq müsbət qan qruplu körpəni tələf edibsə, onun qanında çoxlu sayda anticisimlər kütləsi yaranır. Bu isə növbəti hamiləlik dövrünü sağlam şəkildə sona çatdırma ehtimalını azaldır, körpəni ciddi şəkildə təhlükə qarşısında qoyur.

- Bəzən yanlışlıqla rəsmi sənədlərdə (şəxsiyyət vəsiqəsi və s.) insanların qan qrupu düzgün qeyd edilmir. Belə olan zaman yanlış qan köçürülməsi baş verərsə, insan ölə bilərmi?

- Çox maraqlı məqama toxundunuz. Uzun illər əvvəl bu kimi hallara nisbətən daha tez-tez rast gəlinirdi. Amma indi nadir hallarda da olsa, bəli, rast gəlinir. Mənfi rezusa müsbət rezus qan vurulanda ölüm halları olur. İlk dəfə köçürüləndə ölüm riski aşağı olsa da, ikinci dəfə nə vaxtsa eyni səhv təkrarlanarsa, həmin insan dərhal ölə bilər. Fərqli antigenlər bir-birini parçalayır və qanda düyünlər əmələ gəlir. Bu da qan dövranını pozur və insan ölür.

- Bəzən bir ailədə doğulan uşaq nə ananın, nə də atanın qan qrupuna uyğun gəlir. Bu kimi hallarda boşanmaya qədər gedən mübahisələr olur. Ümumiyyətlə, belə hal mümkündürmü? Bunun elmi izahı varmı?

- Bu məsələdə boşanmaya qədər getmək cahillik əlamətidir. İyirmi birinci əsrdə yaşayırıq, internetdən hər cür informasiyanı əldə etmək olur. Əlbəttə, bu cür hallar mümkündür, bunun elmi izahı var. Belə bir məqam var ki, I qan qrupundan olan ana və ata ailə qurursa, onların övladları yalnız və yalnız bu qrupun daşıyıcısı olacaq.

Bayaq dediyimiz kimi, bu qan qrupunda heç bir antigen olmadığı üçün doğulan uşaq yalnız I qrup olacaq. Cütlüklərdən biri I, digəri II qan qrupudursa, o zaman doğulacaq körpələr həm I, həm də II qan qrupunu daşıya bilər. Cütlüklərdən biri I, digəri III qan qrupudursa, doğulacaq körpələr həm I, həm də III qrup ola bilər.

Nəhayət, cütlüklərdən biri I, digəri IV qan qrupudursa, burada çox maraqlı vəziyyət yaranır. Bu cütlüklərin övladları heç bir halda öz qan qruplarından, yəni I və IV qan qrupundan ola bilməz. Onların uşaqları ya II, ya da III qan qrupunun daşıyıcı olurlar.

Eyni qan qrupundan olan cütlüklər evlənirsə, məsələn, II qan qrupunu götürək, onların uşaqları həm I, həm də II qan qrupundan ola bilərlər. Cütlüklərdən biri II, digəri III qan qrupudursa, onların doğulacaq övladları I, II, III, IV qrup ola bilər. Ən müxtəlif qan qrupu bu hesab olunur. Elmi izahı budur ki, qan qrupunun tərkibində fərqli antigenlər olduğundan, onların birləşməsi zamanı başqa qruplar meydana gəlir.     

Amma rezus fərqləri isə bəzən gendən asılı ola bilir. Məsələn, iki müsbət rezuslu qan qrupundan olan cütlüyün övladı mənfi rezuslu qan qrupunda doğula bilər. Bu, ona görə baş verir ki, insanların fenotipi (hazırda daşıdığı qan) və genetikası eyni olmaya bilər. Fenotipi müsbət rezus qan qrupu olan insanın genetikasında mənfi rezuslu qan qrupları varsa, mümkündür ki, doğulacaq uşaqlarda bu özünü büruzə versin. Gen itmədiyi kimi, bunun heç bir limiti yoxdur. Bir neçə nəsildən sonra belə bu hal ortaya çıxa bilir.

- Heç olubmu bu cür problemlə rastlaşan cütlüklər müraciət etsin?

- Bəli, biz onlara vəziyyəti izah etmişik. Amma israrla bunu qəbul etmək istəməyən cütlüklərə bu gün üçün ən dəqiq test olan DNT analizini verməyi (dırnaq, saç, ağız suyu) tövsiyə etmişik.

- Qan qruplarına görə pəhrizlər, xasiyyətlər, hər hansı başqa cəhətlərin müəyyən edilməsinin elmi izahı varmı?

- Xeyr, əlbəttə ki, bu kimi söhbətlər fərziyyələrdir. Onların heç bir elmi izahı yoxdur. Yaponiyada hətta insanları qan qruplarına görə işə götürürlər. Alimlər düşünür ki, qan qrupu insanın İQ səviyyəsinə təsir edə bilir, buna görə insanların aktiv, passiv olmasını düşünüb işə götürürlər. Düşünürəm ki, onlarda kasta bölümləri olub və bu da ondan irəli gəlir. Amma bu, təbii ki, elmi cəhətdən isbat olunmayıb və əsassızdır.

- Bəs “qohum evliliyi” necə? Əksər hallarda cütlüklərin doğulacaq övladları xəstə doğulur. Bunun səbəbi nədir?

- Bu, gendən asılıdır. Məsələn, bir nəfər qohum evliliyi yox, yad bir genin daşıyıcısı ilə ailə qurur. Əgər onun genetikasında hər hansı gizli xəstəlik varsa (talassemiya, daun və s.), bu digər genetikaya qarışacaq və itəcək. Əgər gen təmizdirsə, o zaman heç bir təhlükə gözlənilmir. Amma qohum evliliklərində eyni vəziyyətə nəzər salaq.

Məsələn, oğlan A(X) olsun, evlənəcəyi əmisi qızı A(X) olsun. X burada hər hansı bir xəstəlik olaraq işarələnir. Cütlükdən dünyaya gələcək uşaqların sağlam doğulma ehtimalına baxaq. AA birləşməsi olarsa, uşaq sağlam doğulur. Bunun mümkün olma ehtimalı isə olduqca azdır. A X ilə birləşərsə, uşaq xəstə doğulur. X X ilə birləşərsə, dünyaya gələcək uşaq çox daha ağır xəstə  olacaq.

Bu səbəbdən qohum evliliyindən dünyaya gələn uşaqların əksəriyyəti xəstə doğulur. Çünki heç kim gen daşıyıcılarının təmiz olub-olmadığından əmin ola bilməz. Bunu gen yoxlanışı ilə aşkarlamaq mümkündür. Elə ola bilər ki, o cütlüyün uşağı sağlam doğular (AA birləşməsi ilə), amma gələcəkdə övladının övladında bu xəstəlik özünü büruzə verə bilər.

- Bədəndə xalların artması, şişməsi, hətta ciddi xəstəliklərə çevrilməsində qan nə qədər rol oynayır?

- Qanda tumor əleyhinə maddələr var. Bu, bizim hər birimizin qanında var. Amma neyrofibromatoz deyilən nadir xəstəlik var ki, bu xəstəlik daşıyıcılarının qanında o maddələr olmur. Onlarda dəridə idarə olunmaz artımla xallar əmələ gəlir. Kiçik xallar belə birdən-birə böyüməyə başlayır, hətta bütün dəri örtüyü xal ilə qapanır.

Normal insan orqanizmində xalların böyüməsinin qarşısını alan maddə var. Qan elə bir şeydir ki, əgər qanda dominant xəstəliklər varsa, o, hökmən nəsildən nəslə keçəcək. Resessiv xəstəliklərdirsə, keçə də bilər, keçməyə də.

- Qan qrupuna görə xəstəliklərə yoluxmaların elmi izahı varmı? Deyə bilərikmi ki, bu qan qrupu bu xəstəliklərə mütləq tutulacaq?

- Belə bir şey var. Aparılan elmi araşdırmalarda məlum olub ki, I qan qrupu daşıyıcıların bədənində tərkibi məlum olmayan antigenlər var ki, helikabakterpilari (mədə xorası, mədə qastriti törədən bakteriya) deyilən bakteriya üçün rahat şərait yaradır. Rahat inkişaf edir və mədə xərçənginə qədər gətirib çıxara bilir.

Amma digər qan qruplarında bu xəstəliyin rast gəlinməsi faiz etibarilə azdır. Malyariya xəstəliyi isə, demək olar ki, I qan qrupu olan insanlarda rast gəlinmir. Mədə xərçəngi xəstəliyi daha çox II qan qrupunda rast gəlinir. Amma səbəbi hələ də araşdırılır. Ona görə ki, bu xəstəliyin endemik olduğu ərazilərdə yaşayan insanların orqanizmində həmin maddələr itib və xəstəliyin inkişafı üçün rahat şərait yoxdur. Həmin zonalarda yerli əhalidən çox gələn insanlar, turistlər daha çox malyariya xəstəliyinə tutulur.

- QİÇS xəstəliyi və digər yoluxucu xəstəliklər zamanı qan qrupları hər hansı bir rol oynayırmı?

- Fərqli qan qrupundan olan insanlarda QİÇS xəstəliyinə yoluxma ehtimalı azalır. Məsələn, II qan qrupu daşıyıcısı QİÇS xəstəsi olan qadın IV qan qrupu daşıyıcısı olan kişi ilə cinsi əlaqədə olan zaman kişinin QİÇS-ə yoluxma ehtimalı minimuma enir. Ona görə ki, qadından kişiyə keçən yoluxmuş hüceyrələr qadının eritrosit antigenlərin daşıyır. Kişi orqanizmi onu yad cisim kimi məhv edir və yoluxma ehtimalı azalır.

Eyni qan qrupu olanda isə yoluxma ehtimalı yüksəkdir. Hepatit B,C xəstəlikləri, parenteral(steril olmayan alətlər), vertikal(anadan bətndəki uşağa), transfuziya zamanı(qan köçürülməsi), cinsi əlaqə zamanı yoluxa bilər. Bu xəstəlik dıri kontaktı ilə yoluxmur. Selikli qişalar və ya dəridə açıq yaralar varsa, xəstə qanla kontak zamanı yoluxma baş verə bilər. Yəni bu xəstəlik daşıyıcıları rahat şəkildə cəmiyyətdə işləyə bilir.

- Həmin xəstələrlə işləyən həkimlərin ehtiyatsızlıqdan yoluxma halları olurmu?

- Bəli. Həkimlər 6 aydan bir Hepatit B,C yoxlanılır. Xəstəliyə yoluxma ehtimalları daim nəzarətdə saxlanılır.

- Hepatitin, QİÇS-in böcək dişləməsi vasitəsi ötürülməsi mümkündürmü?

- Hazırda bu istiqamətdə araşdırmalar aparılır. Amma bu barədə verilən açıqlamalarda qeyd edilir ki, transmissiv yoluxma yoxdur. Yəni bir ağcaqanad xəstə insanı dişləyib, ardından sağlam insanı dişləyərsə, yoluxma baş verməz. Baxmayaraq ki, qan mühiti yaradır, yenə də elmi cəhətdən belə bir yoluxmanın mövcudluğu sübut edilməyib. Amma bəlkə də, yaxın gələcəkdə bu istiqamətdə hər hansı yeni açıqlamalar yayımlanır.

Mən öz fikrimi deyə bilərəm ki, bu cür yoluxma mövcud olsa, bu, artıq dəhşətli hal alar. Yəqin ki, yoluxma baş verməsi üçün minimum miqdar var.

- Peyvəndlər xəstəliklərin qarşısını ala bilirmi?

- Bilirsiniz, bu da maraqlı məqamdır. Müəyyən bakteriyaların qarşısını almaq üçün vurulan peyvəndlərin özünün də müddəti var - 3, 5,10 il. Ola bilər ki, uşağa peyvənd vurulsun, amma uşaq 3, 5 il heç həmin xəstəliklə qarşılaşmasın. Nəhayət, peyvənd öz təsirini itirdikdən sonra bu xəstəliklə rastlaşanda yoluxur. Həmin anticisimlər effektini itirir və sanki heç peyvənd olunmamış kimi qalır. Amma biz bunu təxmin edə bilmərik deyə, peyvəndlərdən istifadə edirik.

- İnsanların xəstəliklərə yoluxması niyə bu qədər artıb?

- Təmiz qida yoxdur. Yediyimiz qidaların tərkibinə vurulan müxtəlif kimyəvi qatqılar, geni modifikasiya edilmiş məhsullar, konservantlar, eyni zamanda, ekoloji faktorlar da bu prosesi sürətləndirir. 100 il bundan qabaq nənə-babalarımız sadaladığımız konserogen məhsullarla nadir hallarda rastlaşırdısa, biz də bu gün təmiz qidalarla nadir hallarda rastlaşırıq. Bu səbəbdən də bu gün əksər xəstəliklər cavanlaşıb. Konserogen maddələr birbaşa xərçəng əmələ gəlmə riskini artırır.

Xərçəng əmələ gətirən iki virus var - HTLV və Epşteyn-Barr. Həmin qidaları istehlak edən zaman isə orqanizmdə qan hüceyrələri mutasiyalara uğrayır. Ümumiyyətlə, bütün orqanizmdə mutasiyalar baş verir, sadəcə olaraq, onların sağ qalma üstünlüyü azdır. Lakin həmin bu kimyəvi tərkibli qidalar bədəndə mutant hüceyrələrin sayını artırır, sürətli bölünmələr nəticəsində bədəndə şişlər yaranır (bəd-xoş xassəli).

Hətta araşdırmalar göstərib ki, xərçəng xəstəliyi təbiətdə yaşayan heyvanlarda daha azdır, nəinki ev heyvanlarında. Ev heyvanları insanların istehlak etdiyi qidalardan istifadə etdiyi üçün onlarda bu xəstəlik daha çox aşkarlanır.

- Yer üzündə yalnız 43 nəfərdə mövcud olan Rh Null qan qrupu var. Azərbaycanda bu qan qrupunda insan varmı?

- Bu qan qrupu dünyada yalnız 43 nəfərdə var. Həmin insanlar isə daim nəzarətdə saxlanılırlar. Azərbaycanda bu qan qrupu daşıyıcısının olub-olmadığını müəyyən etmək çox çətindir, çünki onun yoxlanılması üçün şərait və cihazlar yoxdur. Həmin qan qrupu daşıyıcılarında bizdən fərqli olaraq, rezus sistemi yoxdur. Yəni onlara qan lazım olanda yalnız özləri kimi qan qrupuna sahib insandan alınmalıdır. Bunun üçün isə həmin qan bir ölkədən digərinə daşınmalıdırsa, həyati riski daha da artır.

Qan transportuna icazə verilmədiyi üçün dövlət həmin qan qrupu daşıyıcısını o xəstənin yanına göndərir. Bu anomaliya hesab olunmur. Heç bir fərqimiz yoxdur. Tək fərq odur ki, onların eritrositlərində bizdə olan 50-60 antigen yoxdur.

- Tibb o qədər inkişaf edib ki, demək olar ki, bütün orqanların əvəzləyicisi var. Bəs qanı əvəz edən hər hansı bir kəşf varmı?

- Bu gün alimlər ideal qan üzərində çalışırlar. Yəni heç bir antigen daşımayan qan ən ideal qan hesab oluna bilər. Antigen daşımadığı üçün həmin qanın əvəzləyicisi əldə edilərsə, insanlara heç bir problem olmadan saf eritrositləri vurmaq olacaq. Eritrositlər üzərində aparılan araşdırma müsbət nəticə verərsə, bu, çox böyük nailiyyət olacaq. Antigensiz eritrosit kütləsi dünyada ilk ola bilər.

Könül Cəfərli
FOTO: Ramil Zeynalov
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri