20 
Dek
2018
14:18
178
23
8635
Virtual karabakh

Reynaldo “Qarabağ”a qayıdışından danışdı - EKSKLÜZİV

20 Dek, 2018
14:18
8635

Reynaldo “Qarabağ”a qayıdışından danışdı - EKSKLÜZİV

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ”ın ilk qış transferi braziliyalı Reynaldo Azərbaycana qayıdışından sonra ilk müsahibəni Oxu.Az-a verib:

– Kluba qayıdışınız necə baş tutdu? Qazaxıstanın “Aktobe” klubu ilə müqavilənizi məhz “Qarabağ”a görə pozdunuz?

– “Aktobe” ilə müqaviləmi pozmadım. Müqaviləm bir illik idi, müddəti bitdi. Bildiyiniz kimi, mən müqaviləmin bitməyinə yaxın Bakıya gəlmişdim. Baş məşqçi Qurban Qurbanovdan komandaya qayıtmağa şərait yaratmağı, yenidən mənə şans verməyi xahiş etdim.

Qurban müəllim mənə belə şans veriləcəyini bildirdi. Həmin vaxt “Aktobe” də mənə müqavilə müddətini uzatmaq barədə müraciət etməmişdi. Ona görə də problemsiz şəkildə yenidən “Qarabağ”a qayıtdım.

– İndiki Reynaldo əvvəl gördüyümüz Reynaldodan nə ilə fərqlənir? Çatışmazlıqların aradan qaldırması üçün nə qədər zamana ehtiyacınız var?

– İndi daha yetkinləşmişəm, düşüncə tərzim dəyişib. O vaxt bir çox səhvlərə yol verdiyimi bilirəm. İndi daha fərqli düşünürəm. Danışmaq yox, bunu meydanda göstərmək lazımdır. Söz verirəm ki, əvvəlki formamı qaytarıb komandama yenidən kömək edəcəyəm.

Çempionatın başlanmasına bir aydan bir qədər artıq vaxt alıb. Ona görə də əvvəlki formama qayıtmağım üçün vaxtım olacaq. Düşünürəm ki, budəfəki qayıdışım əvvəlki kimi faydalı olacaq və komandama kömək edə biləcəyəm.

– “Qarabağ”ın avrokubok matçlarını izləyirdinizmi?

– Təbii ki, “Qarabağ”ın bütün avrokubok oyunlarına baxmağa çalışırdım. İkili hisslər yaşayırdım. Həm qürur duyurdum, həm də kədərlənirdim. Məyus olurdum ona görə ki, bu komandanın tərkibində deyiləm. Çünki “Qarabağ”a ilk gəldiyim vaxtda qarşımıza məqsəd qoyulmuşdu ki, qruplarda oynayaq, Çempionlar Liqasına düşək.

“Qarabağ”ı Çempionlar Liqasında görəndə fəxrlə oyunlarını izləyirdim. Həmin vaxt komandada olmağı çox istərdim. Artıq hər şey keçmişdə qalıb. Keçmişlə yaşamaq olmaz. Qarşıda Avropa Liqası və Çempionlar Liqasına düşmək imkanlarımız olacaq. Mən də bu istəyimizi reallaşdırmaq üçün əlimdən gələni edəcəyəm.

– Azərbaycanda ən çox nə üçün darıxmışdınız?

– Ən çox darıxdığım şey insanların mənə qarşı münasibəti, göstərdikləri isti davranışları idi. Bir neçə gündür ki, Bakıdayam. İnsanlar küçədə məni görəndə onların da sevindiyini görürəm. Mən də çox sevincliyəm. “Qarabağ”a qayıtmağımla bağlı saysız-hesabsız mesajlar alıram. Bu da məni sevindirməyə bilməz. İndi oyunlar zamanı bu sevginin qarşılığını vermək mənim vəzifəmdir. Onların etimadını doğrultmağa çalışacağam.

– Qurban Qurbanov intizamsız davranışlarınız, əyləncəyə meyilli olmağınızla bağlı sizinlə danışacağınızı bildirmişdi. Oldumu belə söhbət?

– Təbii ki, oldu. Əslində, bu söhbətə hazır idim. Əvvəldən bilirdim ki, söhbətimiz hansı mövzuda olacaq. Yenə deyirəm ki, əvvəlki “Qarabağ” karyeramın son vaxtlarında səhvlərə yol verdiyimi qəbul edirəm. İndi məşqçinin dediklərini həm məşqdə, həm də oyunda yerinə yetirməliyəm. Çalışacağam ki, daha fərqli davranışım olsun.

– Qış çempionu “Neftçi” oldu. Bu komanda ilə çempionluq mübarizəsi haqda nə deyə bilərsiniz?

– Razıyam ki, bu mövsüm “Neftçi” yaxşı heyətə malikdir, yaxşı kollektivə sahibdir. Bu mövsüm çempion olmaq bizə çətin olacaq. Amma məncə, bizim də yaxşı heyətimiz mövcuddur. Artıq 5-6 ildir ki, yalnız çempionluq uğrunda mübarizə aparırıq. Bu dəfə bu yoldakı mübarizəmiz çətin alınacaq.

Nəzərə alaq ki, komandamız ilk dövrədə avrokubok matçlarına görə çempionata tam köklənə bilmirdi. Amma yanvardan etibarən daha fərqli çempionata şahidlik edəcəyimizi düşünürəm. Əlimizdən gələni edəcəyik ki, müsbət nəticə qazanaq və yenidən çempion olaq.

– “Qarabağ”la 2,5 illik müqavilə bağlamısınız. Müqavilənizin sonunda 32 yaşınız olacaq. Ən yaxşı karyeranızı bu klubda keçirdiyinizi nəzərə alsaq, futbola da burada son qoymağı düşünmüsünüzmü?

– Elə mənim istəyim də karyeramı “Qarabağ”da bitirməklə bağlıdır. Bunu çox istərdim. Sizin də qeyd etdiyiniz kimi, karyeramın ən gözəl çağları “Qarabağ”da olub. Karyeramın sonunadək yenidən ən xoşbəxt anlarımı yaşamaq istəyirəm. Klub rəhbərliyinə, baş məşqçiyə mənə yenidən şans verdiklərinə görə təşəkkürümü bildirirəm. Ümid edirəm ki, hər şey yaxşı alınacaq.

Səbuhi MUSAYEV
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri