Yan
2019
22:45
148
112
20068
Virtual karabakh

“Azərsu”nun mühəndisi: İlk vaxtlar evə gec gedəndə arvadım məndən inciyirdi

2 Yan, 2019
22:45
20068

“Azərsu”nun mühəndisi: İlk vaxtlar evə gec gedəndə arvadım məndən inciyirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın suallarını “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin operativ idarəetmə şöbəsinin aparıcı mühəndisi Hüseyn Ağasıyev cavablandırıb:

- Uzun illərdir bu sahədəsiniz?

- Universiteti bitirdikdən sonra mühəndis işləmişəm. 1982-ci ildə Nərimanov rayonunun su idarəsində mühəndis, 1989-1992-ci illərdə texniki şöbəsində çalışmışam. Daha sonra rayonun rəisi vəzifəsinə qədər qalxmışam.  2017-ci ilə kimi “Azərsu” ASC-nin Nəsimi rayon su-kanal idarəsinin baş mühəndisi işləmişəm. İndi də fəaliyyətimi Operativ idarəetmə şöbəsində davam etdirirəm.

Əsas məqsədimiz əhalini dayanıqlı su ilə təmin etmək və baş vermiş qəzaları aradan qaldırmaqdır. Sovet dövründə texnika yox idi və çətinliklər olurdu. Bakı şəhərində o vaxt 13 rayona xidmət edəcək cəmi üç texnika var idi. Bəzən olurdu ki, hər hansı bir rayonda qəza olanda bir həftəyə yaxın texnika gözləyirdik.

İndi vəziyyət tamam fərqlidir, hər bir rayonun bir neçə xüsusi texnikası var. Və bu da imkan verir ki, qəzalar tez bir zamanda aradan qaldırılsın. Bununla da su fasilələrinin müddətini və itkilərin həcmini minimuma endirməyə nail olmuşuq.

- Daha çox hansı ərazilərdə su ilə bağlı qəzalar olur?

- Nəsimi və Nərimanov rayonlarında ən çox problemlərlə fərdi yaşayış evlərinin, xüsusən Sovet dövrü gecəqondularının salındığı məhəllələrdə qarşılaşmışıq. Alatava, Kubinka deyilən ərazilərdə primitiv qaydada, sakinlər tərəfindən necə gəldi çəkilən su xətləri var ki, tez-tez qəzalar baş verir.

- Qəzalarla necə xəbəriniz olur? Hansı müddətə aradan qaldırılır?

- “Azərsu” ASC-nin qaynar xəttinə və ya yerli rayon idarələrimizə qəza barədə məlumat gəlir. Hadisə hansı rayon ərazisində baş veribsə, o rayona məlumat verilir və araşdırılır. Daha sonra digər məsul qurumlara da məlumat verilir. Qəzanın aradan qaldırılması növündən və miqyasından asılıdır.

Bu, bir saat da çəkə bilər, bir neçə sutka da. Görürsən ki, şəhərin mərkəzində hərəkətin intensiv olduğu küçədə su qəzası var, amma məcburuq orada gecə saatları işləyək. Bu kimi hallar bəzən qəzanın aradan qaldırılmasının müddətini artırır.

- Tez-tez qarşılaşırıq ki, evdə içməli suyun verilməsi dayandırılır və yenidən bərpa olunanda artıq su çirkli olur. Bunun səbəbi nədir?

- Hansı xətt uzun müddətli istismarda olursa, həmin xətlərin dib hissəsində çöküntü yarana bilir. Qəza olanda o xətt boşaldılır, qəzalı hissəsi təmir olunur və yenidən şəbəkəyə suyun verilişi bərpa olunanda borunun dib hissəsində toplanmış çöküntü su ilə qarışır. Amma suyun nisbətən bulanıq gəlməsi çox çəkə bilməz, 5-10 dəqiqədən sonra tam duru su gələcək və bu da uzun illərdir istismar olunan xətlər üçün qəbulediləndir.

- Gün ərzində neçə qəza qeydə alınır?

- Bizim xidmət 24 saat işləyir. Gecə qəzalar baş verən zaman təmir olunur. Gecə briqadaları olmasa, gün ərzində baş verən qəzaları aradan qaldıra bilmərik. Şəhərin müxtəlif yerlərində intensiv hərəkətlər var. Biz onları gündüz gözləyir, axşamlar işləyirik.

“Azərsu” ASC istədiyi yeri qazıb qəzanı aradan qaldıra bilmir. Biz Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məlumat verdikdən sonra küçələrdə təmir işləri aparırıq. Qəzanın müddətinin uzanmasının səbəbi digər qurumlara məlumat verməyimiz və müsbət cavab almağımızla bağlıdır.

Gündəlik hər bir rayonda iki qəza briqadası işləyir, su üzrə iki, kanalizasiya xidməti üzrə iki briqada. Ümumilikdə Abşeron yarımadasında hər gün irili-xırdalı 200-dən çox qəza baş verir. Bakı genişlənir, ətraf ərazilər böyüyür, zirzəmilərdən keçən, istismar müddətini başa vuran xətlərdə qəzalar olur.

- Bu işin çətinlikləri nələrdir?

- Magistral kəmərlərdə qəzalar olan zaman suyun boşaldılması 8-10 saat vaxt aparır. Yer var ki, oranın təmirinə cəmi iki saat vaxt ayrılır. Amma su borunun boşaldılması və təmirdən sonra doldurulması 12-20 saat vaxt aparır.  Çünki su birdən xəttə buraxılsa, təzyiqlə gələn su borunu yenidən partlada bilər. Yəni hidravlik rejimlərə əməl olunmaqla bu proses həyata keçirilməlidir.

Tam səmimi deyirəm, Bakı kimi böyük bir meqapolisdə insanları su ilə təmin etmək çox çətin işdir. 1000 km-lərlə əsas şəbəkə, paylayıcı xətlər, aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, yeni yolların salınması və s. bizim işimizi daha da artırır. Bəzən olur ki, problem qonşular arasında olur. Qonşu digər qonşunun başına su axıdır, təmiri üçün qapını açmır, bizim əməkdaşları içəri buraxmır. Bəzən bu kimi problemləri “JEK” işçilərinin, polisin köməyi ilə həll edirik.

- Qəzalar daha çox hansı ərazilərdə olur?

- Qəsəbələrdə çox olur. Binəqədi, Sulutəpə, Biləcərini misal çəkmək olar. Çünki orada insanlar su xətlərinin üzərində evlər tikir. Adam var qaz borusu ilə, adi kapron boru ilə və ya neft borusu ilə su xətti çəkir. Belə hallar sonradan həm sakinlərə, həm də bizə ciddi başağrısı olur. Bu gün Bakının bir hissəsinin su xətləri 1930-1940-cı illərdə çəkilib. Onlar hissə-hissə yenilənir.

- Siz əvvəldən bu sahədə, ağır sahədə  işləmisiniz. İşinizə görə evdə problemlərlə qarşılaşmısınız?

 - Elə vaxt olub ki, fasiləsiz günlərlə  işləmişəm. Elə olurdu ki, 24 saat ərzində qəzaların təmirinə çalışırdıq. Gecələr evə getmişəm və ya heç getməmişəm. Bunlara görə ilk vaxtlar olub ki, həyat yoldaşım məndən inciyib, danışmayıb. Mən izah etmişəm ki, qəza baş verirsə, təmir edilməlidir. Daha sonra həyat yoldaşım bu vəziyyətə öyrəşdi.

20:00-dan sonra evə getmirdimsə, bilirdi ki, qəza olub və mən problemi həll etməmiş gəlməyəcəm. Çünki bura kommunal sahədir, xidmət sahəsidir, əhalini susuz qoymaq olmaz. Elə olub ki, yaxın qohumlarımın xeyir işinə, hətta yasına belə gedə bilməmişəm.  Amma indi hamı buna öyrəşib, bilirlər ki, bunlar işə görədir.

Əgər 7/24 saat xidmət sahəsində işləyirsənsə, ələlxüsus da su-kanalizasiya kimi strateji və məsuliyyətli sahədə, bunu izah etmək elə də çətin deyil.

- Yadda qalan hadisə olubmu? 

- Bir dəfə gecə saat 01:00-da xəbər gəldi ki, Türkiyə səfirliyini su basır. Bu əraziyə yaxında yaşadığım üçün tez əraziyə getdim. 30 santimetr hündürlüyündə lil və su səfirliyin ərazisinə dolmuşdu. Səhərə kimi suyun içində işlədik və əlavə briqadalar cəlb eləməklə subasmanın qarşısını ala bildik.

İlhamə Əbülfət

FOTO: Ramil Zeynalov

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri