22 
İyl
2014
17:43
66
39
8086
Virtual karabakh

Ceyhun Vəliyev: İdmana gözümü yumub gəlməmişəm – MÜSAHİBƏ + FOTOSESSİYA

22 İyl, 2014
17:43
8086

Ceyhun Vəliyev: İdmana gözümü yumub gəlməmişəm – MÜSAHİBƏ + FOTOSESSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizdə idmana sağlamlıq üçün gələnlər çox azdır”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının budəfəki qonağı poverliftinq üzrə dünya çempionu Ceyhun Vəliyevdir.

- Ceyhun, yay ab-havası necə keçir?

- Yay istirahət mövsümüdür, gəzməkdi, istədiyin yerləri görməkdi, amma təəssüf ki, bu, bu il mənə aid deyil. Çünki işlərim çoxdu. Bu yayı çox çalışmalıyam, bu da yeni zalımızın açılışı ilə bağlıdı.

- “Olimpik star”da çalışırdın. Niyə ayrıldın? Kimdən inciklisən?

- Heç kəslə incikliyim yoxdu. Münasibətim yaxşıdı, sadəcə dediyim kimi, idman zalı açırıq və onunla bağlı bir az işlər var idi. Sentyabr ayı üçün açılış olacaq.

- Necə oldu ki, yeni zal açmağa qərar verdin?

- Bir var hardasa trener kimi çalışmaq, bir də var ki, bir trener kimi istədiyin ideyadan tutmuş məşqlərə kimi özün düzəliş verib, fəaliyyət göstərəsən. Bu fikrim çoxdan var idi, axır ki, reallaşdırdıq. Yeni zalın açılışına hazırlıqlar gedir. Zalımızda həm xanımlar, həm də kişilər üçün ayrıca idman zalı fəaliyyət göstərəcək. Çünki elə xanımlar var ki, ümumi zalı istəmirlər. Ona görə də bunu mütləq nəzərə aldıq.

- Yeni açılacaq zala necə ad fikirləşmisən?

- Adı “JV” olacaq. Bu da mənim adım və soyadımın baş hərfləridir. Hər zaman istəmişəm ki, adım brend olsun. Kimsə adının brend olması üçün hansısa restoran, və yaxud butik açır. Mən də istəyirəm idman zalım olsun. Zalımızda isə öz  komandamız çalışacaq – trener xanım və kişilər.

- Deyəsən yarışlara getmədin. Niyə belə tənbəllik edirsən?

- 2008-ci ildə ilk dəfə yarışa çıxdım, 2009-cu ildə ilk dəfə məşqçi kimi fəaliyyətə başladım. 2010-cu ildə Amerikaya yarışa getdik, ondan sonra idman kompleksinə trener kimi dəvət elədilər. Artıq beş ildir ki, trener kimi çalışıram. Yarışa 2012-ci ildə getmişik, sonra həkimlərin səhv diaqnozu nəticəsində 2013-cü ildəki yarışa gedə bilmədim, icazə verilmirdi. Başqa ölkəyə müraciət etdim, oradakı həkimlərin müayinəsindən keçdim. Təəssüf ki, mənə yanlış diaqnoz qoymuşdular. Heç bir problemim yox imiş, amma gəlib hazırlaşmaq artıq gec idi. Çox az vaxt var idi. İrəlidəki yarışlara isə mütləq hazırlaşacam.

- Deyəsən, qədim atributları olan köynəkləri sevirsən, ya da pulun ona çatır deyə onu alırsan?

- Əslində fərqli geyimi sevirəm. Düzdü elə köynəklər çoxdu məndə, amma idman stilində olan köynəklər, geyimlər çoxluq təşkil edir.

- Ən çox hansı xalqın geyimini bəyənirsən?

- Amerikanların geyimini bəyənirəm. Onlar heç nəyə fikir vermədən rahat olan paltarlar geyinirlər. Hətta bir də görürsən ki, rəngləri uyğunlaşmır, amma onlara rahatdı deyə geyinirlər. Bizdə isə bu, fərqlidir. Mütləq kəmər-ayaqqabı, çanta-ayaqqabı eyni rəng olmalıdı. Bizdə rahatlıqdan çox, görünüş üçün geyinməyi sevirlər. Türkləri də buna aid etmək olar, rahat olan paltar geyinirlər, onlar da geyimdə rahatlığa üstünlük verirlər.

- Bu yaxınlarda dostlarınla doğum gününü qeyd elədin. Bəs deyirdin ad günü keçirməyi sevmirsən?

- Düzdü, sevmirəm, amma bunu mənim xanım tələbələrim etdi. Özüm də gözləmirdim, amma dedilər ad gününüzü mütləq keçirək. Onların xətrinə dəyə bilməzdim. Çox da yaxşı keçdi, həm kişi, həm xanım tələbələrimin əksəriyyəti orda idi. Onlara yaxşı ki, varsınız deyirəm.

- Bir trenerin bu qədər tələbəsi olar?! Tələbələrin neçə nəfərdi? İnanmıram ki, dava olmasın?!

- Hamısı məni sevir (gülür). Böyük dava olmayıb, amma sözləşmə olub. Məsələn, bir dəfə iki qız arasında dava düşmüşdü. Bir dəfə də oğlanlarla söz-söhbət olmuşdu. Bunlar təbii şeylərdi, amma yolverilməzdi.

- İdmanı çox sevirlər, yoxsa göstəriş üçün gəlirlər?

- Düzünü desəm, gələnlərin əksəriyyəti formada qalmaq, bədən yığmaq və arıqlamaq üçün gəldiklərini deyirlər. Kimsə sağlamlıq üçün gəldiyini demir. Bəlkə 300 nəfərdən 3 nəfəri olar ki, idmana sağlamlıq üçün gəlsin.

- “Kurtlar vadisi”ndə özünü hansı rolda görürsən?

- Düzünü desəm, bu haqda heç fikirləşməmişəm, amma baş rol hamı üçün maraqlıdı. Baş rol ola bilər, həm də “Polad” rolu məntiqlidir, maraqlıdır. Mətnaltı başa düşüləcək çox şeylər var.

- Dünya çempionatına baxırdın? Favoritin hansı komanda idi?

- Baxırdım. Portuqaliya, İspaniya, İtaliya yaxşı oynadı. Almaniyanın qələbəsi isə əla oldu. Braziliya elə-belə çempionata baxmağa gəlmişdi.

- Mənə bir az ondan danış desəm?

- Danışaram, amma gəlsin sonra, mən onu bu döymələrlə gözləyirəm (gülür).

- Döymələrin nə demək istəyir ki?

- 1.Sevgi, 2.Ehtiras, 3.Həyat yoldaşım, 4.Mən – yəni sevgi və ehtirasla həyat yoldaşımı gözləyirəm...

- Qız sənə evlənmə təklifi etsə?

- Əla olar, amma evlilik təklifi olmayıb, sadəcə bəyəndiyini söyləyib və mən də normal qarşılamışam.

- Bəs sən necə?

- Son 3 ildə heç kəsə deməmişəm.

- Neçə gün ac-susuz qala bilərsən?

- Əslində indi oruc tuturam. Hesablasaq 17 saat ac qala bilirəm, amma belə idmanla məşğul oluram deyə qidama fikir verməliyəm.

- Neçə gün avtobus şoferi işləyə bilərsən?

- Məncə bu işi bacararam, amma çətin işdi, məsuliyyətlidi. Kimsə özünə sığışdırıb işləməz ki, ay nə bilim sürücü nədir, amma səmimi deyirəm işləyərdim. Mən şəxsən idmanla məşğul olmasaydım fotoqraf olardım, rahat işləri sevirəm, kabinet, kreslonu sevmirəm.

- İqtisadiyyatdan idmana bir addımdı deyəsən?

- İqtisadiyyatı bitirmişəm, amma idmandayam. Təbii ki, gözümü yumub elə idmana gəlməmişəm, professional məşğul olmuşam. Lakin bizdə elə məşqçilər var ki, karyerası yoxdu. Bir trenerin keçmişi mütləq idmançı olmalıdır, nələrisə incəliyinə kimi bilməlidir.

Nərmin Kazımova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri