16 
Mar
2015
17:37
114
14
3224
Virtual karabakh

Elmar Məmmədov: Xocalı faciəsindən daima danışmalıyıq – MÜSAHİBƏ + FOTO

“Son illər ərzində ölkəmiz irəliyə doğru böyük addım atıb”.

Oxu.Az oxuculara “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri Elmar Məmmədov ilə müsahibəni təqdim edir:

- Elmar müəllim, oxuculara özünüz haqqında danışın.

- Ali məktəbi bitirdikdən sonra Azərbaycan Respublikası Prezidentini mühafizə dəstəsində, general-polkovnik Vaqif Axundovun rəhbərliyi altında xidmət etmişəm. Polkovnik rütbəsinə qədər yüksəlmişəm. Azərbaycanda təhsilimi davam etdirdim, Polis Akademiyasını və Sosial Politologiya İnstitutunu bitirdim. 2014-cü ildə “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədri seçilmişəm.

- Bu yaxınlarda siz Ukrayna Parlamentinə Xocalı soyqırımının tanınmasına dair müraciət yollamısız. Bu məsələdə irəliləyişlər var?

- “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansı tərəfindən bu istiqamətdə çox fəal iş aparılır, indiki mərhələ üçün bu mənim əsas məqsədimdir. Hesab edirəm ki, Xocalı barədə yalnız fevral ayının 26-da deyil, daima danışmalıyıq. Bununla əlaqədar mən Ukrayna Ali Radasının Komitəsinin sədri Roman Nasirov ilə görüşmüşəm. Bundan başqa mənim Ukrayna siyasətçiləri ilə, o cümlədən Yuliya Timoşenko ilə görüşlərim planlaşdırılıb, bu görüşlərdə Xocalı soyqırımının tanınması üçün Ali Radaya qanun layihəsinin çıxarılması müzakirə ediləcək.

Qeyd etmək istərdim ki, bu məsələdə əslən azərbaycanlı olan Ukraynanın Ali Radasının deputatı Roman Nəsirov çox böyük kömək edib. O, yeganə azərbaycanlıdır ki, Ali Radaya seçilib. Roman həmçinin vergi və gömrük məsələləri üzrə komitənin sədridir.  

Bu gün üçün bizim diaspora Ukraynada ən güclü diasporadır. Bir neçə diaspora təşkilatı mövcuddur, onların fəaliyyəti barədə rəhbərlərinə istinadən fikir yürütmək olar. Mən onlardan birinin – “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının sədriyəm.

Digər təşkilat Paşa Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərən Qafqaz xalqları konqresidir, o özünə “Paşa İllisuyski” ləqəbini götürüb. O, XİN-də Prezident protokolunda çalışıb, Dubayda məsləhətçi olub, indi isə bu konqresi təsis edərək onun başına keçib.

Rövşən Tağıyev və Hikmət Cavadovun rəhbərlik etdikləri digər diaspora təşkilatları da mövcuddur.

Ona görə də mənim fikrimcə, bütün bu dörd təşkilatın rəhbərləri savadlı və vətənpərvərdirlər. Axı insanın öz ölkəsinə, prezidentinə, xalqının adət-ənənələrinə sadiqliyi ən əsas meyardır.   

- Bildiyim qədər sizin azərbaycanlı və ukraynalılar arasında qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi sahəsində fəaliyyətiniz Ukrayna tərəfindən xüsusilə qeyd edilib.

- Bəli, Ukrayna Patriarx Filaret məni İkinci dərəcəli Knyaz Vladimirin ordeni ilə təltif edib. Bildiyim qədər bu şərəfə cəmi 25 nəfər layiq görülüb, onlardan yalnız 2-si ordeni Patriarxın əlindən alıb. Mən bu orden ilə təltif edilən, sadəcə ilk azərbaycanlı deyiləm, eləcə də ilk qafqazlıyam.

Patriarx Filaret Ukrayna ərazisinin bütövlüyünə dəstək üçün Azərbaycan Prezidenti və Azərbaycan xalqına təşəkkür məktubu yollayıb. Bu məktubda Kiyev və bütün Kiyev Rusiyasının Patriarxı “Azərbaycan-Ukrayna” Beynəlxalq Alyansının Elmar Məmmədov başda olmaqla, iki ölkənin xalqları arasında qarşılıqlı münasibətlərin və dostluğun möhkəmləndirilməsində fəal iştirak etmələrini qeyd edib.  

Mən hər zaman Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü daima dəstəklədiyini göstərməyə çalışmışam və Ukrayna xalqı bizə əminliklə ümid edə bilər.

- Son ildə Ukraynada baş verən hadisələrdə zərərçəkən azərbaycanlı çoxdur?

- Çox deyil, amma var. Bu yaxınlarda Kremençuqun meri Oleq Babayev qətlə yetirilib, o əslən azərbaycanlı idi, Luqanskda da azərbaycanlı iş adamı qətlə yetirilmişdi.  

Bir hadisə də olmuşdu. Düzdür, Ukraynada hərbi hadisələrlə əlaqəsi yox idi. Yanvar ayının 1-də Odessada azərbaycanlını döymüşdülər, bu qanunsuz hərəkəti milislər törətmişdi. Mən, Beynəlxalq Alyansın sədri kimi, bu milis əməkdaşlarının cəzalandırılması üçün Ukraynanın baş prokuroruna müraciət etdim.

Amma xoşbəxtlikdən belə hadisələr nadir hallarda olur, və belə hadisələr baş verdikdə mən müdaxilə etməyə və həmvətənlərimizə yardım etməyə çalışıram. Mən azərbaycanlıların özlərini Ukraynada təhlükəsiz hiss etmələri üçün hər şey edirəm, yəni onların hər zaman dəstəklənəcəklərini bilmələrini istəyirəm. Bu istiqamətdə Azərbaycanın Ukraynadakı səfiri, həmvətənlərinin ehtiyaclarından söhbət getdikdə hər şey edən bir insan - Eynulla Mədətlinin fəaliyyətini xüsusi qeyd etmək lazımdır.

- Ukraynadakı hazırkı vəziyyət barədə proqnozlarınız necədir?

- Bilirsinizmi, mən bu haqda müəyyən heç bir şey deyə bilmərəm. Burada proqnoz vermək çox çətindir. Mən dəfələrlə müsahibələrdə demişəm ki, analoji vəziyyətdə Azərbaycanın Prezidenti tərəfdən bəxti gətirib. Və Allah elə etsin ki, Ukraynanın da bəxti gətirsin və Poroşenko ölkəni bu mürəkkəb vəziyyətdən çıxara bilsin.

1993-cü ildə bizdə nə baş verdiyini xatırlayın, qayda-qanunsuzluq! Yalnız Heydər Əliyev bütün bunların kökünü kəsib, hər şeyi öz yoluna qoya bildi. Deyirlər əvəzolunmaz adam yoxdur, amma mən bununla razı deyiləm. Əvəzolunmaz adam var, onlardan biri Heydər Əliyevdir.

- Siz düşünürsüz ki, ukraynalıların prezident tərəfdən bəxti gətirməyib?

- Mənim fikrim belədir: Pyotr Poroşenko öz xalqının layiqli oğludur və o, Ukraynanı bu xaosdan qurtara biləcək.

- Alyansın gələcək planları necədir?

- Mən Alyansın Türkiyədə və BƏƏ, Dubayda ofislərini açmağı düşünürəm – orada çoxsaylı Ukrayna qaçqınları var. Axı “Azərbaycan-Ukrayna” Alyansı azərbaycanlıların olduğu kimi, ukraynalıların da haqlarını qorumalıdır. Eləcə də Gürcüstanda da ofis açmağı düşünürəm, mən bu yaxınlarda ordan gəlmişəm. Biz həm də gələn seçkilərdə Alyansın üzvlərinin Ukraynanın Ali Radasında deputatlığa namizədliyini irəli sürməyə hazırlaşırıq.

Bir sözlə, planlarımız genişdir. Görülən işlər də az deyil.

Məsələn, Ümummilli lider Heydər Əliyevin anım günündə Turskovets şəhərində Heydər Əliyev guşəsi açılıb. Mən açılışa gələn insanların sayını gördükdə heyrətə gəldim. Yerli əhalinin məlumatlandırılması istiqamətində böyük iş görmüşük, bizə həm də Turskovets şəhərinin meri Ruslan Kobzır çox kömək edib.  

Bu il Turskovets şəhərində Heydər Əliyev adına parkın açılmasını planlaşdırıram. Lvovda da konfrans keçirməyi planlaşdırırıq. Eləcə də planda Kiyev və bütün Kiyev Rusiyasının Patriarxının Azərbaycan səfərinin təşkil edilməsi var.

- Necə düşünürsüz, Krımdakı vəziyyət bizdə Qarabağda olduğu kimi yetərincə uzun sürəcəkmi?

- Mənə elə gəlir ki, bəli. Tərəflərin razılığa gəlməsinə qədər çox uzun müddət keçəcək. Həm Ukrayna, həm də Rusiya bu vəziyyətdə müdriklik nümayiş etdirməlidirlər.

- Siz harada rahatsız, Azərbaycanda, ya Ukraynada?

- Ukrayna Azərbaycandan sonra mənim ikinci vətənimdir. Orada da özümü evdəki kimi hiss edirəm.

Bizim ölkəmiz son illərdə irəli böyük addım atıb. Bakıya baxın, necə gözəl şəhərdir! Əvvəllər insanlar həmişə bizdə Avropada olduğu qədər təmiz, gözəl olmadığından şikayət edirdilər, hər zaman Almaniyanı – orada küçələrin şampunla yuyulduğunu misal gətirirdilər. İndi bizdə də yuyurlar!

Mən bilirəm ki, ölkəmizdə baş verən bütün müsbət prosesləri qaralamağa çalışan qüvvələr var, amma onlar buna nail olmayacaqlar. Bu gün Azərbaycanda güclü lider - Azərbaycanın Prezidenti İlham Əliyev var.

Bakıda Avropa Oyunlarının keçirilməsi mənim fikrimcə böyük hadisədir. Bu, bizim beynəlxalq idman tarixinə daxil olduğumuzu deyir, bu barədə on illər keçdikdən sonra da danışacaqlar! Bura xarici idmançılar, turistlər, mətbuat nümayəndələri gələcək, necə gözəl şəhərimiz olduğunu görəcəklər. Bu, bizim üçün özümüz haqqında bəyan etməyə gözəl imkandır! Azərbaycan haqqında hamı biləcək və danışacaq. Biz ölkəmizdə keçiriləcək bu qəbildən olan beynəlxalq tədbirlərin bütün üstünlüklərini anlamalıyıq.

Manatın devalvasiyası ilə də vəziyyət eynidir. 5 il öncə manat dollara bərabər idi, nədənsə heç kim panikaya düşmürdü. Əminəm ki, zaman keçəcək, maaşlar və təqaüdlər artırılacaq və qiymətlər münasib səviyyədə olacaq.

Amma bu, təbii-iqtisadi prosesdir, Gürcüstanda, Ukraynada, Türkiyədə nə baş verdiyinə baxın – orada da yerli valyutanın kursu enib. Biz axı dünyadan təcrid edilməmişik!

Siz bilirsiniz ki, ən populyar sayt sizin saytınızdır? Bütün mənim tanışlarım və qonşularım Oxu.Az-ı oxuyurlar (gülür). Mən sizin mobil telefonlar üçün olan proqramı yükləmişəm, çox rahatdır. İşlədiyiniz, maraqlı informasiyalar əldə etdiyiniz görünür. Təəssüf ki, bütün informasiya resursları belə işləmir.

- Maraqlı müsahibə üçün çox sağ olun!

Foto: Nüsrət Abdullayev 
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri