27 
Fev
2015
17:25
280
99
5866
Virtual karabakh

Mirkamil Rəhimov: İdmançılarımızdan ancaq qələbə gözləyirəm – MÜSAHİBƏ + FOTOSESSİYA

27 Fev, 2015
17:25
5866

Mirkamil Rəhimov: İdmançılarımızdan ancaq qələbə gözləyirəm – MÜSAHİBƏ + FOTOSESSİYA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hansısa ölkədə bayrağımız qalxırsa bu, şərəfdir”.

Oxu.Az-ın “Oyundan kənar” rubrikasının növbəti qonağı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri, Azərbaycan Uşaq Gənclər Futbol Federasiyasının prezidenti Mirkamil Rəhimovdur.

- Mirkamil müəllim hər zaman sizi idmançıların və idman ictimaiyyətinin yanında görürük. Biz sizi həm idmançı kimi, həm də idmançıların böyük dostu kimi tanıyırıq. İdmanla bağlılığınız necə yaranıb?

- Mən hələ uşaq yaşlarından, 12 yaşımdan sevdiyim idmanın sərbəst güləş növü ilə müntəzəm məşğul olmuşam. O dövrdə idmanla məşğul olmaq hamının diqqətini cəlb edirdi. Xüsusən məktəbdə, məhəllədə dostlar arasında. Nəsimi rayonunun 9 nömrəli orta məktəbini bitirdikdən sonra başqa təkliflər olsa da, 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutuna imtahan verdim və qəbul olundum. 1977-ci ildə institutu bitirdim.

Əmək fəaliyyətimə Nəqliyyat Nazirliyinin 2708 avtomobil dəstəsində idman üzrə təlimatçı-metodist vəzifəsində başladım. Sonradan 1977-1979-cu illərdə Xabarovsk vilayətində hərbi xidmətdə oldum. 1979-1987-ci illərdə Spartak könüllü idman cəmiyyətində baş təlimatçı vəzifəsində çalışmışam. 1987-1992-ci illərdə Bakı şəhər həmkarlar ittifaqları idman cəmiyyətində baş təlimatçı, sədr müavini və 1992-ci ildə Azərbaycan Respublikası İdman Komitəsində idarə rəisi işləmişəm. Bunları sadalamaqla onu demək istəyirəm ki, mən daima idmançılar va idman ictimaiyyəti arasında olmuşam.

1988-1992-ci illər çətin dövr idi. Müharibə şəraitində idik, idmançılara və idman mütəxəssislərinə çox az diqqət yetirilirdi. Bir çoxları ölkəni tərk edirdilər. Səbəb isə məlumdur. Ölkə xaos vəziyyətində idi. Hakimiyyətə yenidən qayıtmış öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin yenidənqurma strategiyasında ilk sərəncamlarından biri də 1994-cü ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması oldu. Mən yenidən nazirliyin strukturunda yer aldım va bu günə kimi işimdəyəm.

- Deyə bilərsinizmi ki, idmanımızın inkişafı hansı illəri əhatə edir?

- Müstəqillik dövründə idmanımız bir neçə mərhələ keçib. 1992-1997-ci il Azərbaycan idmanının tədricən itirilmiş nüfuzunu qaytarmaq, 1997-2002-ci illər özünü tanıma, ayağa qalxma, özünə inam dövrü, 2002-2008-ci illər beynəlxalq arenalarda bir çox idman ölkələrinin bizimlə hesablaşma dövrü və nəhayət, dünya miqyasında keçirilən ən yüksək səviyyəli kompleks yarışlara ev sahibi olmaq dövrü idi.

1997-ci ildən cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçilmişdi. Həmin dövrdən etibarən idman artıq inkişaf etməyə başladı. Bir faktı qeyd etmək istərdim ki, əgər 1993-cü ildə idmançılarımız rəsmi beynəlxalq yarışlarda 23 medal qazanmışdılarsa, bu gün medallarımızın sayı 800-dən çoxdur. Bu rəqəm inkişafın səviyyəsini göstərir.

- Bu qədər yarış, turnir sadəcə inkişaf üçünmü keçirilir?

- Azərbaycanda hər il orta hesabla 40-50, bəzən də daha çox beynəlxalq yarışların keçirilməsinə nail oluruq, bəli, bu inkişafdır, təcrübədir, kadr potensialıdır, yaradılan şəraitdir. Qeyd etdiklərim olmasa heç bir beynəlxalq federasiya yarışların Azərbaycanda keçirilməsinə razılıq verməz. Biz artıq bu etimadı qazanmışıq. Əlbəttə, bu gün biz ölkəmizi tanıdırıq, Azərbaycanın dünyada müsbət imicinin formalaşmasında iştirak edirik. Beynəlxalq yarışlar və turnirlərdə hər bir qələbəmiz inkişafımızın nəticəsidir. Hansısa ölkədə bayrağımız qalxırsa bu, şərəfdir.

- Avropa Oyunlarını böyükdən kiçiyə hamı gözləyir. Oyunlara hazırlıq necə gedir?

- Tarixdə ilk dəfə keçiriləcək Avropa oyunlarının təntənəli açılış mərasiminə yüz gündən bir az artıq vaxt qalır. Bütün Avropanın diqqəti Bakıda olacaq. Biz onsuz da bütün dünyada özümüzü təsdiq etmişik. Artıq gördüyümüz işlərimizlə, adət-ənənəmizlə, musiqimizlə indi da idmanımızla sübut edəcəyik ki, Azərbaycan xalqı yaxşıların yaxşısıdır, qabiliyyəti, mədəniyyəti, işgüzarlığı və qonaqpərvərliyi ilə seçilir.

- Sizcə neçə nəfər idmançımızın qalibiyyəti olacaq?

- Bizim idmançıların son qələbələri göz önündədir. Pekin, London və yeniyetmələrin Nanjinq Yay Olimpiya oyunlarında idmançılarımızın uğurlarını xatırlatmağa ehtiyac yoxdur. Toğrul Əsgərov, Şərif Şərifovun və digər idmançılarımızın Londondakı uğurlu çıxışları bizdə ümid yaradır ki, Azərbaycan idmançıları Avropa oyunlarında müvəffəqiyyətlə çıxış edib ən yüksək əyarlı medallar qazanacaqlar.

Bu gün də inanırıq ki, Bakıda keçiriləcək Avropa oyunlarında qaliblərimiz çox olacaq. Azərbaycan 20 idman növündə 292 nəfər idmançı ilə təmsil olunacaq. Bu gün hər bir idmançı üçün həm nazirlik, həm də federasiya tərəfindən hər cür şərait yaradılıb. Düşünürəm ki, Avropa oyunlarında bizim idmançılarımızdan ən azı 25-30 nəfəri qalib gələcək, bəlkə də daha çox.

- Siz həm də Uşaq Gənclər Futbol Federasiyasının prezidenti vəzifəsindəsiz?!
Bir mütəxəssis kimi bugünkü futboldan nə deyə bilərsiniz?

- Futbol uşaqlıqdan başlayır. Artıq bilirsən ki, sən bu işi bacarırsan, ya yox. Futbol hazırda Azərbaycanda inkişaf mərhələsindədir. Amma biz hələ bəyan edə bilmərik ki, futbolumuz yüksək səviyyədədir. Futbolda inkişaf tədricən gedir. Birdən-birə yüksək inkişafa nail olmaq mümkün də deyil. Əvvəlki illərə nəzər salanda inkişafı görməmək olmaz. Biz bu gün “Real” Madridin Azərbaycanda məktəbini yaratmışıq.

Bizdə bu məktəbi yaratmaq üçün mən Avropada bir çox görüşlər keçirib, danışıqlar aparmışam. Bu gün bizim istedadlı uşaqlarımız var. Onlar belə məktəblərdə öyrənməli, futbolun incəliklərini mənimsəməlidirlər. Daha sonra “Qalatasaray” və digər futbol klubları ilə əməkdaşlığımız var. Bütün bu işləri AFFA ilə birgə görürük. AFFA-nın inkişaf üçün gördüyü işlər göz önündədir. Azərbaycanda dövlət futbolun inkişafı üçün xüsusi diqqət göstərir. Bu idman növünün inkişafı üçün xüsusi dövlət proqramı da qəbul olunub.

- Bu gün sizdən soruşsalar hansı federasiyalar ən yaxşılar sırasındadır?

- Mən deyərdim ki, bu gün gimnastika, güləş, cüdo, boks, voleybol, kikboksinq, karate və taekvondo federasiyaları yaxşı işlər görürlər. Bu federasiyalar idmançılar üçün istənilən şəraiti yaradıblar. İdmançılara isə yalnız məşq etmək və qələbə qazanmaq qalır.

- Ailədə davamçınız varmı?

- Bəli, hər iki övladım idmanla məşğul olub. Hal-hazırda da idmanla bağlı işlərlə məşğuldurlar. Nəvələrim də idmanla məşğuldurlar.

- Nəvələrinizin peşəkar idmançı olmalarını istəyərsiniz?

- Düzünü desəm, istəmərəm. Amma öz seçimləridir, istedad varsa onun qabağına çıxmaq olmaz.

- Avropa oyunlarında xidmət göstərəcək minlərlə gənc könüllü olacaq. Onlar barədə nə deyə bilərsiniz?

- Bu, onların uğurudur. Könüllü olmaq, həm də öyrənmək, çalışmaq deməkdir. Avropa oyunlarında onlar daha da inkişaf edəcəklər, təcrübələri artacaq. Mən belə gənclərlə fəxr edirəm.

- Bu gün idmançılara sözünüz?

- İdmançılar mənim üçün ən doğma insanlardır. Əsl idmançı tərbiyəsi, əxlaqı ilə hər kəsə nümunə olmağı bacarmalıdır. Sevinirəm ki, Azərbaycan idmançıları onlara göstərilən etimadı daim doğruldurlar. Onların hər birinə uğurlar arzulayıram və idmançılarımızdan ancaq qələbə gözləyirəm.

Nərmin Kazımova
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müsahibə xəbərləri