27 
Fev
2017
18:38
322
22
4980
Virtual karabakh

Almaniyanın Sosial-Demokratlar Partiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

27 Fev, 2017
18:38
4980

Almaniyanın Sosial-Demokratlar Partiyası Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Almaniyanın Sosial-Demokratlar Partiyasının Bundestaqdakı fraksiyası Xocalı soyqırımın 25-ci ildönümü münasibəti ilə bəyanat yayıb.

Bunu Oxu.Az APA-ya istinadan xəbər verir.

Bəyanatda bildirilir ki, ötən əsrin 90-cı illərinin əvvəlindən etibarən Cənubi Qafqaz ölkələri olan Ermənistan və Azərbaycan arasında baş vermiş qanlı münaqişə nəticəsində hər iki tərəfdən minlərlə insan öz həyatını itirib, yüz minlərlə insan öz evlərini tərk etməli olub və bu günədək geri qayıda bilməyiblər:

“25 il öncə Xocalıda baş verənlər şiddətli hadisələr buna misaldır. 1992-ci ilin 26 fevralına keçən gecə erməni ordusu şəhəri zəbt edərək qadın və uşaqlar daxil olmaqla, yüzlərlə azərbaycanlı mülki şəxsi qətlə yetirib. “Human Rights Watch“a görə, bu hadisə Dağlıq Qarabağ münaqişəsi dövründə ən böyük qətliam olub”.
 
Bəyanatda qeyd olunur ki, 1992-ci ildən ATƏT-in Minsk qrupu münaqişənin sülh yolu ilə həlli istiqamətində səylər göstərir: “Davamlı vasitəçilik cəhdlərinə baxmayaraq, “status-kvo”nun aradan qaldırılması ilə bağlı bütün səylər indiyə kimi uğursuzluğa düçar olub. Sonuncu dəfə münaqişə zonasında 2016-cı ilin yaz aylarında gərginlik olub, nəticədə çoxlu sayda insanlar ölüb və yaralanıb. Münaqişə həm regiondakı inkişafa, həm də sabitliyə qarşı davamlı şəkildə maneçilik törədir. Bundestaqdakı SDP fraksiyası olaraq Almaniyanın həm Ermənistan, həm də Azərbaycanın etibarlı tərəfdaşı olmasını dəstəkləyirik. Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli yalnız sülh yolu ilə mümkündür. Bundestaqdakı SDP fraksiyası Xocalı qurbanlarının xatirəsinin yad edilməsini sülh və barışıq naminə addımın atılması üçün fürsət hesab edir. Bu, 25 illik münaqişəyə son qoyulması üçün indiyə qədər edilən cəhdlər barədə bir daha düşünmək və münaqişənin sülh yolu ilə həllinə töhfə verəcək yeni impulslar axtarmaq üçün bir vasitədir. Dağlıq Qarabağ münaqişəsi unudulmamalıdır. Münaqişənin sülh yolu ilə həlli regionda müsbət iqtisadi və sosial impulsların yaranmasına səbəb olardı. Cənubi Qafqazda sabitlik Almaniya və ümumilikdə Avropa üçün böyük maraq kəsb edir”.
 
Həmçinin Almaniya Bundestaqının Cənubi Qafqaz Qrupunun sədri Karin Strenz Xocalı soyqırımını pisləyən bəyanat yayıb. Bəyanatda deyilir ki, 1992-ci ilin 25 fevralında baş vermiş şiddətli hücum və şəhərin erməni qoşunları tərəfindən işğal edilməsi nəticəsində qadın və uşaqlar daxil olmaqla, yüzlərlə azərbaycanlı öz həyatını itirib: “Bu müddət ərzində, habelə bundan sonra çoxlu sayda insan öz evlərini tərk edərək qaçmağa məcbur olub. 9,5 milyon insanın yaşadığı Azərbaycanda 1 milyondan artıq qaçqın və məcburi köçkün var. Almaniya Bundestaqı sülhü Avropanın sabitliyi üçün ən ümdə şərt olaraq görür. Dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı beynəlxalq hüququn əsas prinsipləridir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi (822, 853, 874, 884 saylı qətnamələr) bu mövqeyi təsdiq edir və Ermənistan tərəfindən ərazilərin işğal olunmasının beynəlxalq hüquqa zidd olduğunu hesab edir. Məsələnin həllinə yönəlmiş ciddi hesab olunan bir addım Xocalıda baş vermiş qeyri-insani hadisələrdən təəssüf və peşmançılığın ifadə olunmasıdır. Bu davranış Cənubi Qafqazda sülh münasibətlərinin təşəkkül tapması istiqamətində mühüm addım olardı”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri