15 
Mar
2017
17:42
662
217
10293
Virtual karabakh

Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri başa çatıb - FOTO + YENİLƏNİB

15 Mar, 2017
17:42
10293

Prezident İlham Əliyevin Fransaya rəsmi səfəri başa çatıb - FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Respublikasına rəsmi səfəri martın 15-də başa çatıb.

Oxu.Az xəbər verir ki, Azərbaycanın və Fransanın dövlət bayraqlarının dalğalandığı Parisin Orli Beynəlxalq hava limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Fransanın yüksək vəzifəli rəsmi şəxsləri yola salıblar.

09:22

Martın 14-də Fransa Prezidenti Fransua Ollandın adından Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə şam yeməyi verilib.

Oxu.Az xəbər verir ki, dövlət başçıları şam yeməyində çıxış ediblər.

09:15

“Biz istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Parisdə sənədlərin imzalanması mərasimindən sonra fransalı həmkarı Fransua Olland ilə mətbuata bəyanatı zamanı bildirib.

“Fransa Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda öz səylərini göstərir. Biz bu səyləri yüksək qiymətləndiririk. Xüsusilə, mən 2014-cü ilin sonlarında sizin təşəbbüsünüzlə bu Yelisey sarayında Ermənistan prezidenti ilə keçirdiyim görüşü qeyd etmək istəyirəm. Çox konstruktiv və müsbət bir görüş idi. Əfsuslar olsun ki, bu görüşdən sonra danışıqlar prosesində müəyyən durğunluq müşahidə olundu.

Biz istəyirik ki, məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında tezliklə öz həllini tapsın. Ermənistan beynəlxalq birlik tərəfindən tanınan Azərbaycan torpaqlarını uzun illərdir ki, işğal edib. Dağlıq Qarabağı və onun ətrafında yerləşən yeddi bölgəni işğal altında saxlayır. O bölgələrdən bütün Azərbaycan əhalisi, yüz minlərlə insan qovulub. Orada bütün infrastruktur və binalar dağıdılıb. 

ATƏT-in faktaraşdırıcı missiyaları işğal edilmiş torpaqlara iki dəfə səfər edib və öz məruzələrində bunu ifadə ediblər. BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul edib. Bu qətnamələrdə açıq-aydın göstərilir ki, erməni qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. O qətnamələr 1990-cı illərin əvvəllərində qəbul edilib. Ermənistan bu qətnamələrin icrasına görünür ki, meyilli deyil. Ona görə birinci mərhələ üçün hazırda danışıqlar tezliklə bərpa edilməlidir. Ermənistan danışıqlardan boyun qaçırmamalıdır.

Prezident Ollandın qeyd etdiyi kimi, status-kvo qəbuledilməzdir. Minsk qrupuna həmsədr olan ölkələrin prezidentləri - Fransa, Rusiya və Amerika prezidentləri bir neçə dəfə deyiblər ki, status-kvo qəbuledilməzdir. Biz də bunu deyirik və istəyirik ki, tezliklə status-kvo dəyişdirilsin və münaqişəyə son qoyulsun, bölgəmizdə sülh təmin edilsin və Azərbaycan köçkünləri öz doğma torpaqlarına qayıda bilsinlər”, - deyə o əlavə edib.

09:10

Martın 14-də Parisdə, Yelisey Sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.

Oxu.Az xəbər verir ki, Yelisey Sarayının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.

Dövlət başçıları birgə foto çəkdiriblər.

Görüşdə iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyətə malik olduğu vurğulanıb. İki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, kənd təsərrüfatı, infrastruktur, kosmik sənaye, turizm, bərpaolunan enerji, ətraf mühit sahələrində səmərəli əməkdaşlığın həyata keçirildiyi bildirilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

21: 10 (14.03.2017)

Azərbaycan Prezidenti İlham Əliyevin martın 14-də Parisdə Fransa Milli Assambleyasının sədri Klod Bartolon ilə görüşü olub.

Oxu.Az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. 

17:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Parisdə Fransa Respublikası Senatının sədri Jerar Larşe ilə görüşüb.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Senatın binasının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul və suvari dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Senatın sədri Jerar Larşe qarşılanıb.

Dövlətimizin başçısı və Senatın sədri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev və Senatın sədri Jerar Larşe birgə foto çəkdiriblər.

Jerar Larşe Azərbaycan Prezidenti İlham Əliyevi Fransa Senatında görməkdən məmnun olduğunu deyib. O, belə səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz arasında münasibətlərin, eləcə də parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə olduğunu vurğulayıb. Dövlətimizin başçısı bir neçə gün əvvəl Bakıda Fransa Senatının bir qrup üzvünü qəbul etdiyini, dünən isə MEDEF-in üzvləri ilə çox səmərəli görüş keçirdiyini xatırladıb.

Jerar Larşe 2014-cü ildə Senatda xanım Mehriban Əliyeva ilə Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun sədri kimi görüşdüklərini xatırladıb, bu görüşün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, belə görüşlərin ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan verdiyini, Azərbaycan-Fransa əlaqələrinin strateji istiqamətdə inkişaf etdiyini bildirib.

Senatın sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə maraqlanıb.

Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın qəti mövqeyini diqqətə çatdırdı. Münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü qeyd edib. Dövlətimizin başçısı Azərbaycanda olan fransalı senatorların Cəbrayıl rayoununun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər etdiklərini və kəndin ermənilər tərəfindən necə dağıdılmasının şahidi olduqlarını vurğulayıb. Azərbaycan Prezidenti gərginliyin mövcudluğunun regiona ziyan vurduğunu bildirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Prezident İlham Əliyev Senatın qızıl kitabını imzalayıb.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri