16 
Mar
2017
08:30
128
41
782
Virtual karabakh

Vaşinqtonda Azərbaycan mətbəxinə həsr olunmuş kitabının təqdimatı olub

Martın 15-də Novruz bayramına həsr olunan silsilə tədbirlər çərçivəsində ABŞ-ın paytaxtı Vaşinqtonun ən tanınmış məkanlarından biri olan Konqresin Tomas Cefferson adına Kitabxanasında Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin və kitabxananın regional bölməsinin dəstəyi ilə həmvətənimiz Fəridə Buyuranın “Nar və zəfəran: Azərbaycana kulinariya səyahəti” (Pomegranates and Saffron: A Culinary Journey to Azerbaijan) adlı kitabının rəsmi təqdimat mərasimi keçirilib.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə, tədbirdə xarici diplomatlar, kitabxananın ziyarətçiləri və həmçinin Amerikada yaşayan həmvətənlərimiz iştirak ediblər. Sözügedən kitab Amerika ictimaiyyətinə təqdim edilən Azərbaycan mətbəxinə həsr edilmiş ilk nəşrdir.

İşıq üzü görəndən beş böyük beynəlxalq mükafata layiq görülmüş və 317 səhifədən ibarət kitabda oxuculara milli yeməklərimizin Qərb ölkələri şəraitində hazırlanması üçün uyğunlaşdırılmış reseptləri təklif olunub. Bundan başqa, kitaba Azərbaycan mədəniyyəti haqqında hekayələr, ölkəmizin mətbəxinin tarixi, milli bayramlar haqqında məlumatlar da daxil edilib.

Tədbirdə kitabxananın Afrika və Yaxın Şərq bölməsinin rəhbəri Meri-Ceyn Dib və Türkiyə üzrə mütəxəssis Coan Viks çıxış edərək kitab və Azərbaycan mədəniyyəti barəsində öz təəssüratlarını bölüşüblər.

Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanov tədbirdə çıxış edərək Fəridə Buyuranın müəllifi olduğu kitabın ölkəmizin qədim tarixinin, zəngin mədəniyyətinin və ən əsası ləziz mətbəxini əks etdirdiyini qeyd edib. Novruz bayramının qədim tarixi barədə məlumat verərək, bayramın böyük coğrafi məkanda müxtəlif xalqları birləşdirən qədim ənənə olduğunu bildirib.

Daha sonra kitab müəllifi tərəfindən qonaqlara Azərbaycan milli mətbəxinin tarixi barədə ətraflı məlumat verilib. Öz çıxışında F.Buyuran Azərbaycanın müxtəlif bölgələrinin mətbəxlərinin xüsusiyyətlərinə dair danışaraq, Azərbaycanın müxtəlif ənənələri bir araya gətirən zəngin mədəniyyətə sahib cəmiyyət olduğunu qeyd edib. Təqdimatın sonunda Azərbaycan milli mətbəxinin yemək və şirniyyatlarından ibarət müxtəlif təamlar qonaqlara təqdim olunub.

A.S.
www.oxu.az

 

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Siyasət xəbərləri