28 
Mar
2017
17:13
128
12
2755
Virtual karabakh

Avropa Məhkəməsi: Qondarma dövlətin “məhkəmə” qərarı əsasında azadlığın məhdudlaşdırılması qanunsuzdur

28 Mar, 2017
17:13
2755

Avropa Məhkəməsi: Qondarma dövlətin “məhkəmə” qərarı əsasında azadlığın məhdudlaşdırılması qanunsuzdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İnsan Hüquqları Məhkəməsi ötən həftə Mitroviç Serbiyaya qarşı (Mitrović v. Serbia (application no. 52142/12) iş üzrə qərarını dərc edib.

İşin mahiyyəti ondan ibarətdir ki, Miladin Mitrovic keçmiş Yuqoslaviya ərazisində gedən silahlı münaqişə zamanı Xorvatiyanın ərazi hüdudları çərçivəsində öz müstəqilliyini elan etmiş qondarma “Krajna Serb Respublikası”nın “məhkəmə” orqanları tərəfindən 1994-cü ildə 8 il azadlıqdan məhrum edilmiş, münaqişə bitdikdən və mübahisəli ərazi üzərində Xorvatiyanın suverenliyi bərpa edildikdən sonra cəzasını çəkmək üçün Serbiyada yerləşən həbsxanaya köçürülmüş, 1999-cu ildə həbsxana hüdudlarından kənarda 10 günlük buraxılışdan geri qayıtmamış, 2010-cu ildə Serbiya rəsmiləri tərəfindən yenidən həbs edilmiş və cəzasının qalan hissəsini çəkmək üçün yenidən həbsxanaya göndərilmiş və nəhayət, 2012-ci ildə əfv edilmişdir. 

Ərizəçi Avropa Məhkəməsinə müraciət edərək beynəlxalq aləmdə tanınmamış qondarma dövlətin məhkəməsi tərəfindən qəbul edilmiş qərar əsasında onun azadlıqdan məhrum edilməsini Konvensiyanın 5 § 1 (a) bəndinin (azadlıq və toxunulmazlıq hüququ) pozulması olmasını iddia etmiş, məhkəmə ərizəçi ilə razılaşmış və pozuntunu tanımışdır.

Qərarın ölkə ictimaiyyəti üçün əhəmiyyəti ondan ibarətdir ki, dünya birliyi tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınan Dağlıq Qarabağ ərazisində Şahbaz Quliyev və Dilqəm Əsgərovun “işinə” separatçı rejiminin qondarma “məhkəməsi” tərəfindən baxılmasına da şamil edilə bilər.

Hüquqşünas Oktay Məhərrəmov qərarı şərh edərkən Oxu.Az-a bildirib ki, Konvensiyanın 5 § 1 (a) bəndinə əsasən, hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ var:

Şəxs yalnız səlahiyyətli məhkəmə tərəfindən qanunla müəyyən olunmuş qaydada məhkum olunduqdan sonra qanuni həbsə alınması halında azadlıqdan məhrum edilə bilər. 

“Azadlıq və toxunulmazlıq hüququnun əsas məqsədi özbaşına və ya əsassız azadlıqdan məhrum edilmə hallarının qarşısını almaqdır. Konvensiyanın müəyyən etdiyi “qanunilik” standartına əsasən, həbs müvafiq milli qanuna əsaslanmalı və “qanunla müəyyən edilmiş prosedura uyğun” icra edilməlidir. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “qanun əsasında yaradılmamış” məhkəmə “səlahiyyətli” deyildir. Hazırkı iş üzrə də Avropa Məhkəməsi qeyd etmişdir ki, ərizəçi Serbiya ədliyyə sisteminə daxil olmayan qondarma qurumun “məhkəmə” orqanları tərəfindən azadlıqdan məhrum edilmişdir. Serbiya tərəfindən öz məhkəmə-hüquq sisteminə daxil olmayan “məhkəmə”nin qərarının icrası çərçivəsində şəxsi azadlıqdan məhrum etməsi “qanunilik” tələbinə ziddir. 

Məhkəmə həmçinin qeyd etmişdir ki, milli qanunvericiliyin tələbinə əsasən, xarici məhkəmə aktlarının tanınması və bundan sonra icraya yönəldilməsi proseduru da tətbiq edilmədiyindən ərizəçinin azadlığının məhdudlaşdırılması üçün qondarma qurumun “məhkəmə” aktının əsas götürülməsi Konvensiyanın müəyyən etdiyi “qanunilik” standartına ziddir.

Şübhəsiz ki, bu iş üzrə qərar əsirlikdə olan Şahbaz Quliyev və Dilqəm Əsgərovun “mühakiməsi” üzrə separatçı rejiminin qondarma “məhkəməsi”nin qanuniliyinin Avropa Məhkəməsi qarşısında mübahisələndirilməsi zamanı əsaslı arqument ola bilər”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri