25 
Apr
2017
15:17
89
30
2386
Virtual karabakh

Azərbaycan AŞPA-da Türkiyənin monitorinq prosesinə daxil edilməsinə qarşı çıxıb

25 Apr, 2017
15:17
2386

Azərbaycan AŞPA-da Türkiyənin monitorinq prosesinə daxil edilməsinə qarşı çıxıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən yaz sessiyasının bugünkü plenar iclasında “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı hesabat ətrafında müzakirə aparılıb. 

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, müzakirələrdə çıxış edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib ki, Avropa Şurasının təsisçilərindən olan Türkiyənin indiki ağır vaxtında bu ölkəyə qarşı monitorinq prosesini açmaq deyil, əksinə, Türkiyəyə yardım etmək lazımdır:

“Ümumilikdə hesabatda əks olunanlarla razılaşmaq olar, amma burada bir mühüm məsələ var. Bu da postmonitorinq mərhələsində olan Türkiyənin monitorinq prosesinə salınıb-salınmamasıdır. Bu, qəbuledilməzdir. Düşünün bir görək, postmonitorinqlə monitorinqin fərqi nədədir? Ola bilsin ki, belə bir qərar qəbul olunduqdan sonra ölkə üzrə iki deyil, üç, dörd və daha çox məruzəçi təyin edilsin. Və ya bəlkə bundan sonra Türkiyəyə indikindən daha çox səfərlər ediləcək? 

Fikrimcə, bu məsələni qabartmaqdansa, biz monitorinq prosesi anlayışının özünü dəyişdirməliyik. Biz doğrudan da Türkiyəyə yardım etmək istəyiriksə, o zaman yaxşı olar ki, bu ölkə üzrə xüsusi bir qrup yaradaq. Assambleya üzvlərindən ibarət olacaq bu qrup türk dostlarımızla əməkdaşlıq edərək bu ölkəni, orada gedən prosesləri daha düzgün anlaya bilərdi. Monitorinq məsələsinə əl atsaq, o zaman biz bu hərəkətimizlə bir növ Türkiyəni cəzalandırmış olacağıq. 

Bununla biz AŞPA olaraq Türkiyə ilə qurduğumuz münasibətləri pisləşdirə bilərik. Hesab edirəm ki, Türkiyənin postmonitorinqdən monitorinq mərhələsinə salınması əksinə, bu ölkənin Avropadan izolyasiyasına gətirib çıxaracaq. Biz bu məsələdə müdriklik nümayiş etdirib, belə kəskin qərarlara əl atmamalıyıq.

Hesab edirəm ki, burada bəzi ölkələr, bəzi dairələr bəlkə də məsələnin bu cür inkişaf etməsini arzulayırlar. Ancaq yaxşı olar ki, biz bu müddəanı hesabatdan çıxaraq. Mən sizi, hörmətli həmkarlarımı, Türkiyəni postmonitorinq mərhələsində saxlamağa, bu ölkəni dəstəkləməyə, Türkiyə və eləcə də Avropa üçün bu çətin vaxtlarda bu ölkəyə yardım etməyə çağırıram”.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri