Avq
2017
14:49
401
73
8264
Virtual karabakh

Türkmənistan prezidenti Azərbaycana gəldi – FOTO + YENİLƏNİB

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Oxu.Az xəbər verir ki, prezidentlər görüşdə çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Hörmətli Qurbanqulu Məlikquluyeviç.

Hörmətli qonaqlar.

Mən sizi bir daha Azərbaycanda səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, səfər Türkmənistan-Azərbaycan əlaqələrinin inkişafında mühüm rol oynayacaq. Biz dostuq, qonşuyuq, əsrlər boyu xalqlarımız dostluq, mehriban qonşuluq şəraitində yaşamışlar və bu gün iki müstəqil dövlət kimi biz əməkdaşlığımızı yeni səviyyəyə qaldırmışıq.

Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik, siyasi, iqtisadi, nəqliyyat, energetika və digər sahələrdə çox yaxşı nəticələr var. Bu gün təkbətək görüşdə müzakirə etdiyimiz məsələlər bir daha onu göstərir ki, bizim mövqeyimizdə eyni yanaşma var. Biz istəyirik ki, Türkmənistan ilə Azərbaycan həmişə olduğu kimi öz əlaqələrini yüksək səviyyədə saxlasınlar, bu əlaqələr daha da inkişaf etsin. Biz istəyirik ki, bölgədə sabitlik, sülh daim bərqərar olsun. İstəyirik ki, xalqlarımız yaxşı yaşasın, rifah içində yaşasın. Əlbəttə ki, ikitərəfli əlaqələrimizin inkişafı xalqlarımızın maraqlarına tam cavab verir və həm beynəlxalq arenada, həm regionda, həm ikitərəfli formatda Türkmənistan və Azərbaycan nümunəvi münasibətlər göstərir. Sizin bugünkü səfəriniz bunun növbəti təsdiqidir.

Mən Sizi bir daha səmimiyyətlə Azərbaycanda salamlayıram, bir daha “Xoş gəlmisiniz” deyirəm. Əminliyimi ifadə etmək istəyirəm ki, səfər çox uğurlu olacaq və əlaqələrimiz daha da yüksək səviyyəyə qalxacaqdır. Bir daha xoş gəlmisiniz”.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov bildirib: "Hörmətli İlham Heydəroğlu, çox sağ olun.

Əvvəlcə Sizə dərin təşəkkürümü bildirmək istərdim. Siz Azərbaycana rəsmi səfərin həyata keçirilməsi üçün məni ölkənizə dəvət etdiniz. Mən öz adımdan və nümayəndə heyətimizin adından Sizə dərin təşəkkürümü bildirirəm. Mənə göstərilmiş səmimi qəbula görə xüsusi təşəkkürümü bildirirəm. Siz qeyd etdiyiniz kimi, biz qonşu dövlətlərik. Mənə göstərilmiş qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirirəm. Burada səmərəli birgə iş üçün çox gözəl şərait yaradılmışdır.

İlk növbədə qeyd etmək istərdim ki, rəsmi səfərin əsas məqsədi dövlətlərimiz və xalqlarımız arasında mövcud olan qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinə yönəlib. Bu gün əlaqələrimizin və əməkdaşlığımızın iqtisadiyyat, ticarət və humanitar sahələrdə inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Siyasi istiqamətə gəldikdə, bildirmək istərdim ki, dövlətlərimiz əsasən məhz beynəlxalq və regional təhlükəsizliyin qorunub saxlanılmasının tərəfdarıdır. Biz arzu edirik ki, ölkələrimizin sabit inkişafı davam etsin. Bu, öz növbəsində Mərkəzi Asiyada və Xəzər dənizi hövzəsi regionunda siyasi proseslərin cərəyan etməsinə müsbət təsir göstərən bir amildir.

Hazırkı şəraitdə ölkələrimiz nüfuzlu beynəlxalq təşkilatlar - BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, MDB, İqtisadi Əməkdaşlıq Təşkilatı və digər təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirməlidirlər.

Söhbət zamanı dost, qardaş, qonşu dövlətlərimiz arasında əməkdaşlıq əlaqələrinin bütün sahələrdə daha da inkişaf etdirilməsi, genişləndirilməsi və möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı. Siyasi, iqtisadi, energetika, nəqliyyat, mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğu vurğulandı, bu istiqamətdə imzalanacaq sənədlərin əhəmiyyəti qeyd edildi.

13:40

Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun iştirakı ilə Azərbaycan-Türkmənistan sənədlərinin imzalanması mərasimi olub.

Oxu.Az xəbər verir ki, “Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzaladılar.

“Bakı (Azərbaycan Respublikası) və Türkmənbaşı (Türkmənistan) limanları vasitəsilə beynəlxalq birbaşa dəmir yolu-bərə əlaqələrində yüklərin daşınmasının təşkili, yük vaqonlarının və konteynerlərin istismarı, nömrələr üzrə uçotu və onlardan istifadəyə görə hesablaşmalar haqqında Saziş”ə əlavə və dəyişikliklər edilməsi barədə Protokolu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov və Türkmənistanın dəmir yolları naziri Deryaqulı Bəşimov imzaladılar.

“Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə Türkmənistanın Maliyyə Nazirliyi arasında vergi orqanlarının fəaliyyəti sahəsində əməkdaşlığa dair Memorandum”u Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Türkmənistanın maliyyə naziri Qoçmırat Mıradov imzaladılar.

“Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Türkmənistanın Turizm üzrə Dövlət Komitəsi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkmənistanın Turizm üzrə Dövlət Komitəsinin sədri Serdar Çolukov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında Saziş”i “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev və Türkmənistanın Dövlət Dəniz və Çay Nəqliyyatı Xidmətinin sədri Amanmırat Qurdov imzaladılar.

“Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Türkmənistanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Türkmənistanın daxili işlər naziri İsgender Mulikov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov və Türkmənistanın kənd və su təsərrüfatı naziri Nursaxet Sapardurdıyev imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında Saziş”i və “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Türkmənistanın iqtisadiyyat və inkişaf naziri Batır Bazarov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Türkmənistanın müdafiə nazirinin müavini, Fövqəladə Hallar İdarəsinin rəisi Yusup Muxammetqulıyev imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkmənistanın Ətraf Mühit və Torpaq Ehtiyatları üzrə Dövlət Komitəsinin sədri Batırmırat Orazmıradov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkmənistanın mədəniyyət nazirinin vəzifəsini müvəqqəti icra edən Ataqeldı Şamıradov imzaladılar.

“Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında energetika sahəsində əməkdaşlığın gələcək inkişafı haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Maksad Babayev imzaladılar.

11:59

Avqustun 8-də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Türkmənistanın prezidenti Qurbanqulu Berdiməhəmmədovun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Oxu.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

10:43

Avqustun 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun təkbətək görüşü olub.

Oxu.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

10:20

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun avqustun 8-də rəsmi qarşılanma mərasimi olub.

Oxu.Az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verdi.

Azərbaycan prezidenti İlham Əliyev Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan prezidentinə raport verdi.

Türkmənistanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və prezident Qurbanqulu Berdiməhəmmədov fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Türkmənistan prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri prezident Qurbanqulu Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Türkmənistan prezidentləri rəsmi foto çəkdirdilər.

10:13

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov avqustun 8-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Oxu.Az-ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb

Q. Berdiməhəmmədovu hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

A.M.

www.oxu.az

Digər Siyasət xəbərləri