12 
Sen
2017
20:31
54
21
1654
Virtual karabakh

Elektron imza sertifikatının verilməsi qaydası təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə fərman imzalayıb. 

Oxu.Az-ın məlumatına görə, fərmanla “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası” və “www.azexport.az” internet portalı haqqında Əsasnamə” təsdiq edilib. 

“www.azexport.az” internet portalının (bundan sonra – Portal) operatoru İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi müəyyən edilib.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi vasitəsilə Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında məlumat mübadiləsinin aparılması ilə bağlı müvafiq normativ hüquqi aktların layihələrini hazırlayıb üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək,  informasiya sistemlərinin Portala inteqrasiyası üçün texniki tələbləri üç ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Portalın fəaliyyətinin təşkili, saxlanması və ondan səmərəli istifadənin təmin edilməsi üçün zəruri tədbirlər görməli, Portalın saxlanma xərclərinin maliyyələşdirilməsi ilə əlaqədar təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Xüsusi Dövlət Mühafizə Xidməti ilə birlikdə Portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir. 

Müəyyən edilib ki, bu fərmanla təsdiq edilmiş Əsasnamədə nəzərdə tutulan sərbəst satış sertifikatı ixracatçıların müraciəti əsasında yalnız Azərbaycan Respublikasında istehsal olunan mallara verilir, ixracatçılar tərəfindən sərbəst satış sertifikatının əldə olunması könüllü xarakter daşıyır, sərbəst satış sertifikatı ixrac olunan malın Azərbaycan Respublikasında sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanları və qurumları tərəfindən sertifikatlaşdırıldığını və standartlara cavab verdiyini təsdiqləyən sənəddir, sərbəst satış sertifikatı Azərbaycan və ingilis dillərində olmaqla, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən verilir.

Daxili İşlər Nazirliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Vergilər Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə razılaşdırmaqla, bu fərmanla təsdiq edilmiş Əsasnamənin tələblərinə uyğun olaraq, Portalın fəaliyyətini təmin edəcək hüdudlarda onun “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə inteqrasiya olunmasını dörd ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Özlərinə məxsus informasiya sistemləri vasitəsilə Portalda informasiya mübadiləsində iştirak edən orqanlar informasiya sistemlərinin həmin Portala inteqrasiya olunmasını təmin edib, görülmüş işlərin nəticəsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidirlər.

Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.

E.Ə.
www.oxu.az

Digər Siyasət xəbərləri