22 
Sen
2017
12:07
85
21
3100
Virtual karabakh

Natiq Bağırov: Biz burada iki dövlət arasında dostluq körpüsü rolunu oynayırıq - FOTO

Oxu.Az “Belarusun Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyinin sədri, Belarusun Əməkdar idman ustası, sambo və cüdo üzrə dəfələrlə Dünya və Avropa çempionu, “Şöhrət” (2006) ordenli Bağırov Natiq Nadir oğlu ilə müsahibəni təqdim edir.

- Uzun illərdir ki, qərib ölkədə yaşayırsınız. Belarusa köçməyinizin əsas səbəbi nə idi?

- Artıq 30 ildir Belarusda yaşayıram və 20 ildir ki, diasporda rəhbərlik edirəm. Mən həyatımı Azərbaycansız təsəvvür edə bilmirəm. Baxmayaraq ki, vətənimdə Birinci dərəcəli idman ustası, komandanın kapitanı idim, lakin o zamanlar idmanla məşğul olmağa, məşq etməyə şərait yox idi. Ona görə də elmi-tədqiqat institutunda mühəndis kimi çalışırdım. Amma iş elə gətirdi ki, məni idmançı kimi fəaliyyət göstərmək üçün Belarusa dəvət etdilər və qərar verdim ki, 2-3 il orada çalışdıqdan sonra vətənə geri dönüm. Allahın işini bilmək olmur. Artıq o vaxtdan 30 il ötüb və mən hələ də Belarusdayam.

- Rəhbərlik etdiyiniz Birliyin fəaliyyət istiqamətləri barədə məlumat verməyinizi xahiş edirik.

- Təşkilatımız Belarusun bütün vilayətlərində - Minsk, Mogilyov, Qomel‎, Qrodno, Vitebskdə təmsil olunur. Fəaliyyətimiz ərzində Belarusun müxtəlif şəhərlərində yüzlərlə tədbirlər həyata keçirmişik. Bizim fəaliyyətimiz Belarusda Azərbaycan səfirliyinin yaradılmasından da öncəyə dayanır. Biz burada xalq diplomatiyası, iki dövlət arasında dostluq körpüsü rolunu oynayırıq. Vaxtilə burada səfirliyin də missiyasını yerinə yetirirdik. Burada on minlərlə azərbaycanlı yaşayır. Problemləri olan həmyerlilərimizə dayaq oluruq, onlarla maraqlanırıq. Eyni zamanda, Azərbaycanın imici ilə əlaqəli olan bütün prosesləri Belarus ictimaiyyətinə çatdırırıq. Buradakı KİV-ə düzgün informasiya ötürürük.

- Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətkar əməllər, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın mədəniyyət, idman və digər sahələri ilə bağlı burada hansı istiqamətdə işlər aparırsınız?

- Bəlli tarixlərdə Xocalı faciəsi, rayonlarımızın işğal günləri, ümumilikdə Azərbaycan həqiqətləri ilə bağlı hər il tədbirlər təşkil edərək, sözügedən məsələlərlə əlaqədar Belarus ictimaiyyətinə məlumat çatdırırıq. Hətta Ermənistanın Azərbaycana qarşı törətdiyi vəhşilikləri həmin tarixləri gözləmədən də, imkan dairəsində burada yaşayan və fəaliyyət göstərən başqa ölkələrin nümayəndələrini də məlumatlandırmağa çalışırıq.

Mədəniyyət sahəsi ilə bağlı Belarusda “Azərbaycan mədəniyyəti günləri” keçiririk. Belarusda keçirilən bütün bayramlarda diaspor səviyyəsində iştirak edirik. Burada keçirilən Milli Mədəniyyət Festivalı çərçivəsində ölkəmizi təmsil edərək, milli geyim, mətbəx, tarix, musiqimiz və s. ilə bağlı tədbirlər həyata keçiririk. Burada bizim nümayəndələrimiz dəfələrlə həmin festivallarda laureat adını qazanıblar. Bundan əlava, Minsk şəhərində illərdir “Azərbaycan mədəniyyət günləri” təşkil edirik. Azərbaycandan ifaçıları, rəqqasları bura cəlb edirik. “Gənclər təşkilatı”mızın ən fəal üzvü, “Qafqaz əfsanələri” rəqs qrupunun rəhbəri Vüsal Qarayev, müğənni Günəş Abbasova, Ruslan Aslanov və digərləri burada bizi təmsil edirlər.

Burada Milli Mədəniyyət Mərkəzi də fəaliyyət göstərir, orada Koordinasiya Şurasının sədriyəm. “Gənclər təşkilatı”nın üzvləri ilə birlikdə uşaq evlərinə gedirik. Onları müxtəlif ərzaq, oyuncaq, geyimlə təmin edirik. Mərhum həmyerlimiz Mətləb İsgəndərov uzun illər ərzində “Belarusun Azərbaycan İcmaları Konqresi” adından uşaq evlərinə dəfələrlə kömək edib. Qrodno şəhərindəki nümayəndəmiz Namiq Vəliyev və digərləri xəsətəxana, uşaq və qocalar evlərinə yardım edirlər.

- Fəaliyyətinizdə Azərbaycanın dövlət qurumlarının dəstəyini necə hiss edirsiniz?

- Bizim Azərbaycanla - Nazirlər Kabineti, Prezident Administrasiyası, Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əlaqələrimiz var. Belarusda Azərbaycanla bağlı tədbirlərin həyata keçirilməsində bizə yaxından kömək göstərirlər. Çalışırıq ki, bu əlaqələri gündən-günə genişləndirək.

- Belarusda azərbaycanlı biznesmenlər üçün hansı şərait var?  Buranı investisiya mühiti kimi necə qiymətləndirirsiniz?

- Belarus prezidenti dəfələrlə öz çıxışlarında “Burada azərbaycanlı iş adamlarının yolunu gözləyirik, gözümüz üstündə yeriniz var” söyləyib. Biznes qurmaq üçün bu ölkədə hər cür şərait var.

- Buradan azərbaycanlılara nə çatdırmaq istəyirsiniz?

- Azərbaycan həmişə bizim ürəyimizdədir. Sizin kimi insanlar buraya Azərbaycanın ətri, istiliyini gətirir. Sizin simanızda bütün həmvətənlərimizə salamlarımızı çatdırırq. Azərbaycanlılara firavanlıq arzu edirik. Allah möhtərəm prezidentimiz İlham Əliyev cənablarına can sağlığı, imkan versin ki, Azərbaycanla bağlı hər güc və istəyini həyata keçirə bilsin. Mərhum prezidentimiz, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev deyib ki, “Bilmirəm necə olacaq, amma onu bilirəm ki, bundan da yaxşı olacaq”.

Sonda sözümü yazıçı Günel Anarqıznın “Ataya məktub” adlı  təsirli hekayəsindən bir neçə misra ilə bitirmək istəyirəm: “Ata, sənin üçün çox darıxmışam, xəstələnmişəm, özümü pis hiss edirəm. Tap, qaytar məni, ay ata. İmza: oğlun Qarabağ”.

Əminəm ki, gün gələcək, Azərbaycan xalqı öz bayramlarını Qarabağda keçirəcək.

Belarus, Minsk
S.T., A.S.

www.oxu.az

Digər Siyasət xəbərləri