22 
Sen
2017
13:04
266
61
8389
Virtual karabakh

Rus politoloqlardan etiraf: İlham Əliyev BMT-də ədalət dərsi keçdi

22 Sen, 2017
13:04
8389

Rus politoloqlardan etiraf: İlham Əliyev BMT-də ədalət dərsi keçdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan prezidenti İlham Əliyev BMT Baş Assambleyasının iclasında çıxış edib.

Oxu.Az  xəbər verir ki, Azərbaycan lideri çıxışında dünyaya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmamasını bir daha çatdırıb.

İlham Əliyev çıxışında bəyan edib ki, münaqişənin nizamlanmamasına səbəb Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməməsi, beynəlxalq ictimaiyyətin ikili standartlarıdır.

Azərbaycan prezidenti deyib: "25 ildən çoxdur ki, Ermənistan Azərbaycanın 20 faiz ərazisini - Dağlıq Qarabağ və 7 rayonu işğal altında saxlayır".

İlham Əliyev qeyd edib ki, Dağlıq Qarabağ  Azərbaycanın tarixi ərazisidir: "Bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətindədir".

İlham Əliyev xatırladıb ki, Ermənistan Xocalıda azərbaycanlılara qarşı soyqırım törədib: "1992-ci ilin 26 fevral tarixində Ermənistan Xocalının 613 dinc sakinini qətlə yetirib. Onlar arasında 106 qadın və 63 uşaq var. Bu, hərbi cinayətdir".

Dövlət başçısı qeyd edib ki, Xocalı sakinlərinin kütləvi qətlinin iştirakçılarından biri Ermənistanın prezidenti Serj Sarkisyandır.

Azərbaycan lideri onu da bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Amma bu problemin həll edilməməsi Ermənistan tərəfindən hərbi təxribata səbəb olur. Nəticədə isə hər iki tərəfdən insanlar həlak olur: "Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ problemi beynəlxalq hüquq və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir".

"Vestnik Kafkaza" xəbər portalının müxbiri ilə söhbətində tarix elmləri namizədi, siyasi ekspert Oleq Kuznetsov bildirib ki, beynəlxalq ictimaiyyət, eyni zamanda, BMT rəsmi Yerevanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə məcbur edə bilər: "Planetdə olan istənilən kiçik dövlət, onun sahibi olmasa da, müttəfiqi olan daha böyük dövlətdən asılıdır. Bu, beynəlxalq münasibətlərin universal qanunudur. Bu səbəbdən Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə məcbur etmək olardı. Sadəcə, bir sual ortaya çıxır: Ermənistanın sahibi olan ölkə rolunda kim çıxış edə bilər?"

Kuznetsov belə davam edib: "Bu yaxınlara qədər belə dövlət Rusiya idi. Amma rəsmi Moskva Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə məcbur etməkdə tələsmədi. İndi isə görürük ki, rəsmi Yerevan Avro-Atlantik istiqamətdə demarş götürməyə cəhd edir. Artıq Rusiya Ermənistanın tam hüquqlu sahibi deyil. Əgər nəzərə alsaq ki, ABŞ-ın ikinci ən böyük (işçi sayı cəhətdən) səfirliyi Ermənistanda yerləşir və burada 1500 əməkdaş fəaliyyət göstərir, o zaman deyə bilərik ki, Rusiya Ermənistanın yeganə sahibi deyil. Rusiya Ermənistanın ancaq görünüşdə sahibidir. Əslində isə Ermənistan hökumətinə təsir rıçaqları ABŞ-ın əlindədir. ABŞ və Rusiya hazırda konfrontasiya mərhələsindədir. Tərəflərdən biri kompromisə gedərək, Ermənistanı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməyə məcbur edəcək".

Serj Sarkisyanın Xocalıdakı kütləvi qırğınlarda əli olmasının xatırladılmasına toxunan Oleq qeyd edib ki, hüquqi nöqteyi-nəzərdən Ermənistan prezidenti beynəlxalq terrorçudur: "Serj Sarkisyan Qarabağ klanının lideridir. Bu, hərbi-siyasi xunta Ermənistanda hakimiyyətdədir. Onun tərkibini Dağlıq Qarabağ separatçılarının qeyri-qanuni hərbi birləşmələrinin səhra komandirləri təşkil edir. Ermənistanın bütün siyasi sistemi Azərbaycanın işğal edilmiş ərazisində qurulmuş kvazi-dövlətlə əlaqəlidir. Ermənistan isə Qarabağın beynəlxalq terrorçuları tərəfindən qurulmuş bu qondarma dövlətin koloniyasına çevrilib".

Dağlıq Qarabağ münaqişəsinin coğrafi şərtləri elədir ki, beynəlxalq ictimaiyyət BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən icra edilməsi üçün hələ də rəsmi Yerevana lazımi siyasi iradəni göstərməyib. Elə bu səbəbdən ermənilər tərəfindən törədilən təxribatların və insan ölümlərinin qarşısını heç bir vasitə ala bilməz. Kuznetsov  qeyd edib: "Qarabağda müharibə gedir. Oraya sülhməramlı qüvvələrin cəlb edilməsi heç bir effekt verməyəcək. Çünki tərəfləri ən azı dağlıq ərazilərlə ayırmaq lazım gələcək. Bu isə onlarla kilometr məsafə deməkdir. Düşünürəm ki, dünyanın heç bir dövləti hərbçilərindən istifadə edərək eni 20, uzunluğu 500 km olan zolağı nəzarətdə saxlamağa hazır deyil.  Heç kəs 100 min kv.km ərazini nəzarətdə saxlayaraq, infrastrukturu təmin etmək və yerli sakinlərin təhlükəsizliyinə cavab vermək istəməyəcək".

Siyasi tədqiqatlar institutunun direktoru Sergey Markov öz növbəsində qeyd edib ki, "Kazan formulu" Qarabağ münaqişəsinin həllinə kömək edə bilər: "Dağlıq Qarabağ ətrafındakı rayonlar iki dəhlizin verilməsi, regionun blokadasının götürülməsi və hərbçilərin geri çəkilməsi əvəzində işğaldan azad edilməlidir. Sonra Dağlıq Qarabağın Azərbaycanın tərkibində iqtisadi, siyasi və humanitar reinteqrasiyası başlamalıdır. Aydındır ki, Qarabağa azərbaycanlıların qayıtmasından sonra ermənilər də ərazidə qalacaq. Bu isə kondominum olacaq. Amma bu, belə münaqişələrin həllində müasir sülh yoludur".

İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı zamanı Ermənistan rəhbərliyinin hərbi cinayətkar olduğunu, Xocalı sakinlərinin kütləvi ölümündə iştirak etməsini xatırlatmasını şərh edən institut direktoru bildirib ki, bu, rəsmi Yerevanın zəifləmiş mövqeyini əlavə olaraq daha da çətinləşdirir: "Bir tərəfdən, Xocalı məsələsi daha çox gündəmə gəlir, daha çox ümumi diqqəti özünə cəlb edir, böyük nəticələr çıxarmağa imkan verir, orada, həqiqətən, cinayətin törədildiyini daha geniş meydanda etiraf etməyə səbəb olur. Digər tərəfdən, Ermənistan rəhbərliyi daha radikal, qapalı vəziyyətlə üz-üzə qalıblar. Ümumiyyətlə, Ermənistan rəhbərliyi üçün məntiqli addım "Kazan formulu" ilə sülh danışıqlarına oturmaq və münaqişənin həlli olardı. Amma bu rəhbərlik radikal erməni diasporundan qorxur".

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri