13 
Okt
2017
12:58
239
66
2067
Virtual karabakh

İlham Əliyev və Rumen Radev bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

13 Okt, 2017
12:58
2067

İlham Əliyev və Rumen Radev bəyanatlarla çıxış ediblər - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bolqarıstan prezidentinin Azərbaycana səfərinin çox böyük əhəmiyyəti var”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstan prezidenti Rumen Radevlə görüşdən sonra mətbuata bəyanatında deyib.

“Bu gün həm təkbətək formatda, eyni zamanda, nümayəndə heyətlərinin iştirakı ilə keçirilmiş görüşlərdə biz Bolqarıstan-Azərbaycan əlaqələrinin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha təsdiqlədik ki, Bolqarıstan və Azərbaycan dost, tərəfdaş ölkələrdir və bizim tərəfdaşlığımızın çox böyük əhəmiyyəti var. İki il bundan əvvəl biz strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzaladıq və əslində, bu Bəyannamənin adı özlüyündə bir göstəricidir. Bolqarıstan və Azərbaycan strateji tərəfdaşdırlar. Siyasi əlaqələrimiz ən yüksək səviyyədədir və bu gün əsas müzakirə mövzusu iqtisadi, nəqliyyat, energetika, turizm sahələrində və digər sahələrdə əməkdaşlığa əsaslanırdı. Bu sahədə böyük perspektivlər ola bilər. Təbii ki, qarşılıqlı ticarət dövriyyəsinin həcmi bizi qane edə bilməz. Bugünkü görüşdə müvafiq göstərişlər verilib ki, aidiyyəti orqanlar ticarət dövriyyəsinin artması ilə bağlı konkret təkliflər təqdim etsinlər”, - deyə o vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Hava Yolları şirkəti Bakıdan Sofiyaya birbaşa təyyarə uçuşlarını təşkil edəcək: “İndi hazırlıq işləri gedir. Əminəm ki, bütün danışıqlar uğurla nəticələnəcək və tezliklə Bakıdan Sofiyaya, Sofiyadan Bakıya təyyarə reysləri açılacaq. Mən bunu da səfərin gözəl nəticəsi kimi qiymətləndirirəm. Əlbəttə, bu gün biz energetika sahəsindəki əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq. Biz bu sahədə də strateji tərəfdaşıq. Bolqarıstan Cənub Qaz Dəhlizinin üzvüdür. Bolqarıstan Bakıda bir neçə dəfə keçirilmiş Cənub Qaz Dəhlizinin Məşvərət Şurasının iclasında həmişə yüksək səviyyədə təmsil olunub və Cənub Qaz Dəhlizinin icrası ölkələrimizi bir-birinə daha da yaxın edəcək. Bu, nəhəng transmilli layihədir. Cənub Qaz Dəhlizinin maliyyə tutumu 40 milyard dollara bərabərdir və bu layihə 7 ölkəni birləşdirir. Azərbaycanın nəhəng “Şahdəniz” yatağından qaz Avropa ölkələrinə, region ölkələrinə, o cümlədən Bolqarıstana çatdırılacaq. Əminəm ki, Azərbaycan qazı Bolqarıstanın enerji təhlükəsizliyi məsələlərinin həllində öz rolunu oynayacaq”.

Prezident deyib ki, görüşdə energetika sahəsində, xüsusilə qaz sahəsində növbəti əməkdaşlıq planları haqqında fikir mübadiləsi də aparılıb: “Bir halda ki Azərbaycan qazı bir neçə ildən sonra Bolqarıstan bazarına çatdırılacaq, əlbəttə, gələcək əməkdaşlıq üçün də çox yaxşı imkanlar açılacaq. Mən Prezidenti məlumatlandırdım ki, Bakı-Tbilisi-Qars dəmir yolu yaxın vaxtlarda istifadəyə veriləcək. Bu da tarixi layihədir və əminəm ki, Bolqarıstan da bu layihədə fəal iştirak edəcək. Bu layihə bütün ölkələr, o cümlədən dəmir yolu boyu yerləşən ölkələr üçün yeni imkanlar açacaq. Əlbəttə ki, biz humanitar sahədə əməkdaşlıq haqqında da danışdıq. Bu sahə həm Bolqarıstan, həm də Azərbaycan üçün çox önəmlidir. İnsanlararası əlaqələr, humanitar əməkdaşlıq, təhsil sahəsində əməkdaşlıq, əlbəttə ki, əlaqələrimizin möhkəm zəminini daha da gücləndirəcək. Bir sözlə, qeyd etdiyim məsələlər artıq əyani şəkildə göstərir ki, bizim əməkdaşlığımız çoxşaxəlidir və çox uğurludur. Prezidentin səfəri bu sözlərimi bir daha təsdiqləyir”.

***

12:03

Bu gün Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.

Oxu.Az xəbər verir ki, məlumatı Azərbaycan prezidentinin mətbuat xidməti yayıb. 

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri