18 
Okt
2017
13:33
166
41
4782
Virtual karabakh

Azərbaycanla Rusiyanı yeni körpü birləşdirəcək - FOTO + YENİLƏNİB

18 Okt, 2017
13:33
4782

Azərbaycanla Rusiyanı yeni körpü birləşdirəcək - FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əminəm ki, Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisi sərhəd buraxılış məntəqələrindən buraxılışı sürətləndirəcək”.

Oxu.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində avtomobil körpüsünün təməlqoyma mərasimində çıxışı zamanı bildirib.
 
Onun sözlərinə görə, körpünün istifadəyə verilməsi hər iki istiqamətdə sərnişin və yükdaşımaların həcminin daha da artmasına səbəb olacaq: 

“Bu gün Azərbaycan bir sıra beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılmasında iştirak edir. Buna misal olaraq, Bakı-Tbilisi-Qars, Şimal-Cənub nəqliyyat dəhlizi və sair layihələri göstərmək olar. Samur çayı üzərindən yeni avtomobil körpüsünün tikintisi də bu cür layihələrdən biridir. Azərbaycanla Rusiya arasında nəqliyyat sahəsində əməkdaşlıq sürətlə inkişaf etməkdədir. Bunun sübutu kimi ilbəil sərnişin və yükdaşımaların həcminin artmasını göstərmək olar”.

Nazir əlavə edib ki, çayın hər iki sahilində bir-biriləri ilə qohumluq əlaqələri olan insanlar yaşayır ki, bu da körpünün sosial əhəmiyyətini artırır.
 
Tədbirdə çıxış edən Rusiyanın nəqliyyat naziri Maksim Sokolov isə qeyd edib ki, Samur çayı üzərindən yeni müasir avtomobil körpüsünün tikintisinin ərsəyə gəlməsinə səbəb Rusiya ilə Azərbaycan, o cümlədən digər Xəzəryanı ölkələrlə ticarət dövriyyəsinin həcminin artmasıdır. 

“Körpünün tikintisinə dair hökumətlərarası saziş 2013-cü ildə iki ölkə başçısının razılığı ilə imzalanıb. O zamandan bəri sənədləşdirmə və layihələndirmə işləri aparılıb, həmçinin maliyyə və təşkilati məsələlərə başlanılıb. Biz səbirsizliklə bu körpü ilə nəqliyyat vasitələrinin hərəkət edəcəyini gözləyirik. Bizim babalarımız tərəfindən inşa edilən körpü beynəlxalq tələblərə cavab vermir. Ümid edirəm ki, 2019-cu ilin yaz aylarında artıq körpü istismara hazır olacaq”, - deyə M. Sokolov qeyd edib.

12:09

Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib.

Oxu.Az-ın APA-nın şimal bürosuna istinadən məlumatına görə, mərasimdə Rusiya tərəfdən nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan tərəfdən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Təməlqoyma mərasimi Azərbaycanın “Samur” gömrük buraxılış məntəqəsi və Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqəsinin ərazisində baş tutub.

Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb.

Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək.

Körpünün uzunluğunun 325,3 metr, eninin 17,3 metr olması nəzərdə tutulur.

***

11:36

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası sərhədində Samur çayı üzərində avtomobil körpüsünün tikintisi məqsədilə iki ölkə arasında protokolun  imzalanma mərasimi keçirilib.

Oxu.Az-ın APA-nın şimal bürosuna istinadən məlumatına görə, protokolu Azərbaycan tərəfdən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Rusiya tərəfdən isə nəqliyyat naziri Maksim Sokolov imzalayıblar.

Bu gün körpünün təməlqoyma mərasimi keçiriləcək.

Qeyd edək ki, Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü ilin sentyabr ayının 13-də imzalanıb.

Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək.

Körpünün uzunluğunun 325,3 metr, eninin 17,3 metr olması nəzərdə tutulur.

Körpü üç zolaqlı olacaq.

N.O.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri