Dek
2018
15:24
322
48
3562
Virtual karabakh

İlham Əliyev Tahir Salahova orden təqdim edib - FOTO + YENİLƏNİB

5 Dek, 2018
15:24
3562

İlham Əliyev Tahir Salahova orden təqdim edib - FOTO + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Prezident İlham Əliyev Tahir Salahovun 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunduğunu, onun hələ əvvəlki dövrlərdə Sosialist Əməyi Qəhrəmanının “Qızıl Ulduzu”na da layiq görüldüyünü vurğulayıb.

Oxu.Az-ın xəbərinə görə, dövlət başçısı 1-ci dərəcəli “Əmək” ordeninin müxtəlif sahələrdə görkəmli xidmətlərə görə verildiyini bildirib.

Tahir Salahovun müasir təsviri incəsənətin inkişafındakı rolunun bütün ictimaiyyət, xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini deyən Prezident İlham Əliyev 1998-ci ildə ulu öndər Heydər Əliyevin Tahir Salahovu “İstiqlal” ordeni ilə təltif etdiyini vurğulayıb. Dövlət başçısı 2008-ci ildə ona Azərbaycanın ən yüksək ordeni olan “Heydər Əliyev” ordenini və 2015-ci ildə isə Heydər Əliyev Mükafatını təqdim etdiyini vurğulayıb.

Bu gün isə dünya şöhrətli rəssama “Əmək” ordeninin təqdim olunduğunu deyən Prezident İlham Əliyev özünün təşəbbüsü ilə yaradılan və üç dərəcəsi olan bu ordenin nisbətən yeni orden olduğunu və müxtəlif sahələrdə fəaliyyət göstərən görkəmli şəxslərə verildiyini bildirib, Tahir Salahovun isə birbaşa 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunduğunu vurğulayıb. “Siz bizim fəxrimizsiniz, Azərbaycan xalqının görkəmli oğlusunuz, siz həmişə öz sənətinizlə Vətənə sədaqətlə xidmət etmisiniz, Azərbaycanı, xalqımızın istedadını, bizim incəsənətimizi təbliğ etmisiniz, bizi bütün dünyada təmsil edirdiniz və edirsiniz”, - deyən Prezident İlham Əliyev Tahir Salahovun ulu öndər Heydər Əliyevlə şəxsi münasibəti və dostluğunun olduğunu bildirərək bu səmimi və çox möhkəm dostluğun hələ Heydər Əliyev 1969-cu ildə respublikaya rəhbərlik etməzdən xeyli əvvəl başladığını vurğulayıb.

Dövlət başçısı Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verəndən sonrakı ağır illərdə, səhhətində problemlər yarandığı vaxtlar məhz Tahir Salahovun onun yanında olduğunu deyərək onların Moskvadakı söhbətlərini, görüşlərini xatırladıb, bütün bunların Heydər Əliyev üçün böyük mənəvi dəstək olduğunu bildirib.

Prezident İlham Əliyev deyib ki, həmin zamanlarda vaxtilə Heydər Əliyevin kömək etdiyi, irəliyə çəkdiyi çoxları kənara çəkilmişdilər, ən yaxşı halda isə susurdular, bəziləri isə onun əksinə çıxış edirdilər.

Hər şeyə, dünya şöhrətinə özü nail olan Tahir Salahov isə Ulu Öndərin yanında idi. Dövlət başçısı bunun çox qiymətli olduğunu və heç vaxt unudulmayacağını vurğulayıb. Prezident İlham Əliyev illər keçdikdən sonra ona yenidən yüksək mükafatı təqdim etməkdən şad olduğunu bildirib.

Sonra dövlət başçısı İlham Əliyev 1-ci dərəcəli “Əmək” ordenini Tahir Salahova təqdim edərək təbriklərini çatdırıb.

Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı Tahir Salahov yüksək mükafata görə təşəkkürünü bildirib. Ümummilli lider Heydər Əliyevin hər zaman öz işini sevən, qeyri-adi, istedadlı bir şəxsiyyət olduğunu deyən Tahir Salahov həyat yolunda onunla dostluq münasibətlərindən böyük xoşbəxtlik duyduğunu vurğulayıb.

“Bizi incəsənət biləşdirmişdi”, - deyən Tahir Salahov ulu öndər Heydər Əliyevin hər zaman incəsənətə və sənət adamlarına xüsusi qayğı ilə yanaşdığını bildirib, onun bu sahə ilə bağlı çıxışlarının bütün incəsənət xadimlərində xoş təəssürat yaratdığını vurğulayaraq deyib:

“Ulu Öndərin həssaslığı, mərdliyi məni heyrətləndirirdi. Belə bir şəxsiyyətlə işləmək, görüşmək mənim üçün böyük xoşbəxtlik idi”.

Tahir Salahov Prezident İlham Əliyevin Azərbaycan mədəniyyətinə və incəsənətinə həmişə böyük qayğı və diqqət göstərdiyini vurğulayıb və onun sənətinə verdiyi yüksək qiymətə və mükafata görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

13:19

Prezident İlham Əliyev dekabrın 5-də Azərbaycanın və SSRİ-nin xalq rəssamı, sosialist əməyi qəhrəmanı, dövlət mükafatları laureatı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib.

Oxu.Az xəbər verir ki, dövlət başçısı müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Tahir Salahovun fəaliyyətini yüksək qiymətləndirib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri