Dek
2018
11:09
161
42
2271
Virtual karabakh

100 yaşlı Azərbaycan Parlamenti

Sabah Azərbaycan parlamentarizminin yaranması günüdür.

Düz 100 il öncə, 1918-ci ilin dekabr ayının 7-də Azərbaycanda, ümumən Müsəlman-Şərq dünyasında ilk parlamentin əsası qoyuldu.

Həmin gün saat 13:00-da məşhur xeyriyyəçi, böyük azərbaycanlı Hacı Zeynalabdin Tağıyevin Nikolayev (indiki İstiqlaliyyət) küçəsində yerləşən keçmiş Qızlar Məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin (Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin) təntənəli açılışı oldu.

Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri, ilk müstəqil Azərbaycan dövlətinin qurucusu və banisi, böyük öndər Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söylədi.

***

Bu yerdə tarixə ekskurs edərək, qeyd etmək  istərdik ki, bir əsrə yaxın (1813-1828-ci illərdən 1918-ci ilin əvvəllərinə qədər) tərkibində yaşadığı Çar Rusiyası dağıldıqdan, şər imperiyalarından biri çökdükdən sonra Zaqafqaziya Seymindən başlanan ictimai-siyasi, tarixi dəyişikliklər demokratiya və müstəqillik uğrunda gedən mübarizə və mücadilələrin məntiqi sonluğu olaraq müstəqil Azərbaycan dövlətini tarixin təkzibolunmaz faktı kimi təsdiq etdi. 

Özlüyündə Azərbaycan xalqının əldə etdiyi nailiyyət olmaqla, AXC-nin qurulması bütövlükdə Müsəlman-Şərq aləminin həyatında respublika ideyasına əsaslanan düşüncə və idarə üsulunu gətirmək, milli azadlıq və müstəmləkədən xilas olmaq üçün bir örnək rolunda çıxış etdi.

Yaxın-uzaq dövlətlərlə aparılan sülhsevər siyasət, qarşılıqlı əməkdaşlığa və bir-birlərinin hüquqlarına hörmətə əsaslanan əlaqələr nəticəsində dünya birliyi tərəfindən tanınması və qəbul olunması AXC-ni qısa müddətdə beynəlxalq hüququn subyektinə çevirdi.

Parlamentli respublika üsuli-idarəsinin seçilməsi isə Azərbaycan-Türk şüurunda və həyat tərzində min illərlə mövcud olmuş məşvərət mədəniyyətinin qədim dövlətçilik ənənəsindən müasir demokratik dövlət quruculuğu prosesinin əsas prinsipi kimi təsdiq etməklə müstəqil Azərbaycan dövləti ilə sivil dünya arasında etibarlı əlaqələrin əsas istinadgahı kimi böyük rol oynadı.

1918-ci il mayın 27-də özünü Azərbaycan Milli Şurası elan etmiş AXC qurucuları istər Milli Şura, istərsə də Xalq Müvəqqəti hökuməti çərçivəsində fəaliyyətləri zamanı ölkə həyatı üçün çox vacib addımlar atdılar. 

Azərbaycanın ilk parlamenti və hökuməti təşkil edildi. Qısa müddətdə ölkənin ərazi bütövlüyünü, təhlükəsizliyini təmin etməli olacaq o zamankı dövr üçün yüksək döyüş qabiliyyətli ordu hissələri yaradıldı. Azərbaycanın dövlət dili, təhsili, mədəni yüksəlişi, iqtisadiyyatı və kənd təsərrüfatı sahəsinin inkişafı üçün əhəmiyyətli qanunlar qəbul edildi.

Bakı şəhərinin yadelli qüvvələrdən azad edilməsi uğrundakı səylər öz səmərəsini verdi. Daşnak, eser, menşevik və s. qüvvələrdən ibarət Sentrokaspi diktaturası da Bakı Soveti kimi, Qafqaz İslam Ordusunun hücumlarına tab gətirməyərək süquta uğradı. Bakı şəhəri 1918-ci il sentyabrın 15-də azad edildikdən sonra Azərbaycan hökuməti əvvəl Tiflis, daha sonra isə Gəncə dövrü fəaliyyətini daha geniş şəkildə davam etdirmək üçün paytaxt Bakıya köçdü.

Milli Şuranın paytaxtda fəaliyyətini bərpa etməsindən sonra isə əsas diqqət Cümhuriyyət Parlamentinin yaradılması prosesinə yönəldildi. Bir sıra vacib tədbirlər həyata keçirildi, hüquqi çərçivələri müəyyən edən əhəmiyyətli sənədlər, xüsusilə Azərbaycan Parlamentinin təşkili haqqında qanun layihəsi üzərində iş başa çatmaqla Parlamentin formalaşmasına başlanıldı və yuxarıda da qeyd edildiyi kimi, ilk iclas 1918-ci il dekabrın 7-də keçirildi.

Çoxpartiyalı əsasda çağırılan Parlamentin işi xüsusi olaraq hazırlanmış nizamnaməyə əsasən, demokratik prinsiplərə uyğun şəkildə qurulurdu. Qanunlar bir qayda olaraq geniş müzakirə və işgüzar fikir mübadiləsi əsasında aparılmaqla, üç oxunuşda qəbul olunurdu.

1918-ci ilin dekabrın 7-dən 1920-ci ilin aprel ayının 27-dək, Azərbaycanın yenidən və daha qorxulu bir şər imperiyasının - sovetlərin ilhaqına, işğalınadək Azərbaycan Parlamentinin 145 iclas keçirildi, 270-dən çox qanun layihəsi müzakirə edildi və onlardan 230-u qəbul olundu.

Çox çətin və mürəkkəb bir bölgədə, eləcə də, bu region və onun sərvətləri uğrunda gedən ziddiyyətli mübarizələr fonunda AXC hökuməti və xüsusilə Parlamenti qarşısına qoyduğu hədəflərə çatmaq üçün ölüm-dirim savaşına girmişdi.

Bu savaş ilk növbədə müasir, dünyəvi, demokratik düşüncə ilə yoxdan bir dövlət qurmaq istəyən öncüllərlə öz həyatını bu ideyaların reallaşması naminə dəyişmək iqtidarında olmayan kəsimin, yəni əhalinin vətəndaşa çevrilməsi prosesinə hazır olmayanların arasında gedirdi.

Cənubi Qafqaz regionunda kəskinləşən daxili ziddiyyətlər, erməni silahlı dəstələrinin mülki azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınlar, bunun ardınca Erməni Milli Şurasının müraciətinə əsasən, İrəvanın güzəştə gedilməsindən sonra sülh əldə ediləcəyinə olan ümidlərin puça çıxması, daxili ziddiyyətlərlə bərabər xarici təcavüzkar həmlələrə də davam gətirmək getdikcə çətinləşirdi.

Bolşevik Rusiyasının yeritdiyi siyasətin əsas məqsədi isə, əlbəttə ki, əvvəlki sərhədlərini bərpa etmək, Milli hökumətləri süquta uğratmaq idi. Ağır, üzücü müharibə Qarabağ ətrafında davam edən əsassız ərazi iddialarının körüklənməsi hesabına gənc müstəqil respublikanı taqətdən salmış, müdafiə və təhlükəsizlik sahəsindəki imkanlarını heçə endirmişdi.

Cəmi 23 aylıq ömrü olsa da, bolşevik Rusiyasının təcavüzünə məruz qalaraq 1920-ci il aprelin 28-də işğal edilən Azərbaycan milli dövlətinin milyonların şüurunda bərqərar etdiyi müstəqillik ideyası unudulmadı.

Sovet Rusiyasının XI Qızıl Ordu dəstələrinin müdaxiləsi və qanlı əməliyyatları nəticəsində çökdürülən AXC Parlamenti də fəaliyyətini dayandırdı.

Birinci Respublika və onun Parlamenti tarixin qapalı səhifələrinə, istiqlal məfkurəsi isə müstəqil dövlət arzusunu reallaşdırmağı özünə amal seçmiş insanların qəlblərinə və düşüncələrinə köçdü. Azərbaycanda bütün hakimiyyət inqilab komitəsinə keçdi. Əlbəttə ki, bütün qərarlar və göstərişlər real hakimiyyət orqanı olan K(B)P-ın yerli orqanı Azərbaycan K(B)P Mərkəzi Komitəsi tərəfindən verilirdi və onun iradəsindən kənarda heç nə baş verə bilməzdi.

Bolşeviklərin imperiyanı yeni forma və məzmunda bərpa etməsinə yönəlmiş məqsədlərini ört-basdır etməyə və xarici dəstəyi qazanmaq məqsədlərinə xidmət edirdi. Məhz elə buna görə də qısa müddətdə hakimiyyətin guya xalqa məxsus olduğunu göstərmək üçün nümayəndəli hakimiyyət orqanlarının yaradılmasına start verildi.

Bu proses zamanı isə əhalinin, əsasən, müsəlman olmayan təbəqələrinə üstünlük verilirdi. Ümumiyyətlə, bolşevik Rusiyasının ucqarlarla (milli respublikalarla) bağlı siyasəti birinci Konstitusiyanın qəbulundan sonra yeni bir əsasda İttifaq dövlətinin formalaşdırılması istiqamətində addımları ilə müşayiət olunurdu.

ZSFSR-in yaradılması yolu ilə Cənubi Qafqaz respublikalarını daha möhkəm vasitələrlə özünə bağlamasını təmin edərək, ayrılmaq imkanlarını mümkünsüz etdi. Maksimum mərkəzləşdirmə siyasəti öz bəhrəsini verdi və 1922-ci ilin dekabrında SSRİ-nin yaradılması ilə kommunist diktaturasının hakimiyyəti daha da möhkəmləndi.

Azərbaycanı birbaşa ittifaq dövlətinin üzvü kimi təsbit edən 1936-cı il SSRİ Konstitusiyası və 1937-ci il Azərbaycan SSR Konstitusiyası əsasında qanunverici orqan olaraq Ali Sovet formalaşdı. İldə iki dəfə SSRİ qanunları əsasında hazırlanmış layihələrə səs verməklə və kommunist partiyasının şəriksiz hakimiyyətinin qəbul etdiyi qərarlara qanunverici sənəd statusunu təsdiq etməklə öz vəzifələrini yerinə yetirmiş sayılan deputatlar bunun üçün əməkhaqqı almır, bir növ ictimai əsaslarla parlamentdə işləyirdilər.

Sözün əsl mənasında parlamentarizmdən, təşəbbüskarlıqdan, müzakirə, dinləmə mədəniyyətinin formalaşmasından, prinsipial və ortaq mövqe axtarışından söhbət gedə bilməzdi. Azlığın mövqeyinin çoxluq tərəfindən demokratik nəzərə alınması deyil, çoxluğun üstün mövqeyinin diktaturası hakim olan bir təmsilçilik mövcud idi.

***
Bu “siyasət”, bu “xətt” müəyyən istisnalarla ta ki, SSRİ süqut edən dövrə qədər davam etdirildi. Ancaq sovetlərin çöküşü ərəfəsində, dünyada, post-sosialist və post-sovet məkanında milli-azadlıq hərəkatları geniş vüsət aldığı -1988-91-ci illərdə istər-istəməz bu “xətdə” də çatlar baş verdi. Xalqlar artıq öz seçdikləri nümayəndələri parlamentdə görmək istəyirdi.

Düzdür, bu istəklər can verməkdə olan İmperiya - Mərkəz tərəfindən süngü ilə qarşılansa da, proses artıq başlamış və qarşısıalınmaz xarakter daşımışdı. Böyük çətinliklər (həm də fövqəladə rejim dövründə) hesabına Azərbaycan xalqı 1990-ci ilin payızında Azərbaycan SSR Ali Sovetinə sonuncu çağırışı zamanı öz görmək istədiyi bir neçə nümayəndəsinin parlamentə düşməsinə nail ola bildi.

Bunlar arasında ikinci müstəqil Azərbaycan dövlətinin qurucularından olan böyük siyasət və dövlət adamı mərhum Heydər Əliyev də vardı.

O vaxt yerli və mərkəzi hakimiyyətin etirazlarına, müqavimətinə rəğmən, Azərbaycan xalqı Heydər Əliyevi Naxçıvan Muxtar Respublikasının (Naxçıvan MSSR) Babək rayonundan Azərbaycan SSR Ali Sovetinə deputat seçdilər. 1990-ci ildə formalaşdırılan Ali Sovet Azərbaycanın keçmiş SSR tərkibindəki son, müstəqil Azərbaycanın isə ilk qanunverici orqanı oldu.

Belə ki, Ali Sovetin 1991-ci ilin fevral-mart aylarında fəaliyyətə başlamasından bir az sonra, 1991-ci ilin avqustunda Sovetlər Birliyi birdəfəlik çökdü və həmin vaxt parlamentdəki müxalifət və müstəqil (içlərində də milli təfəkkürlü keçmiş kommunistlər də vardı) deputatların təkidi ilə 300-dən artıq üzvü olan Ali Sovet 50 nəfərlik Milli Şura ilə əvəzləndi.

1995-ci ilin noyabr ayında isə Azərbaycanın ilk Milli Məclisinə (artıq Ali Sovet-Milli Şura rəsmən Milli Məclis ifadəsi ilə rəsmiləşdirildi) birinci çağırış seçkilər keçirildi. Artıq həmin vaxtdan nə az-nə çox, düz 23 il keçir.

Həmin müddətdə artıq beş dəfə parlament seçkilər keçirilib və hazırda 5-ci çağırış parlament öz fəaliyyət dövrünün 3-cü ilini başa vurmaq ərəfəsindədir. Bu illər, yəni müstəqillik illəri ərzində Ali Sovetli, Milli Şuralı və Milli Məclisli üst-üstə parlament tərəfindən (sonuncu və davam etməkdə olan 2018-ci il payız sessiyası istisna olunmaqla) 5992-yə yaxın qanunvericilik aktı qəbul olunub.

Milli Məclis ötən illər ərzində dünyanın əksər ölkələri, nüfuzlu beynəlxalq və regional təşkilatları ilə əməkdaşlığa nail ola bilib. Milli Məclisdə 80-dən artıq ölkə ilə parlamentlərarası dostluq qurumları mövcuddur. Milli Məclisin nümayəndə heyətləri Avropa Şurası, NATO, ATƏT, İƏT, QDİƏT, GUAM, Baltikyanı və sair parlament assambleyalarında təmsil olunur.

***

İlham Əliyev: Deyə bilmərəm ki, biz o vaxt beynəlxalq təcriddən tam çıxa bilmişdik. Bizi qəbul etməyənlər də var idi...

Bu yerdə xatırladaq ki, bu ilin sentyabrın ayının 21-də Azərbaycan Parlamentinin 100 illiyi təntənəli şəkildə qeyd olundu. Bu təşəbbüs də məhz ölkə prezidenti İlham Əliyevdən gəlir, onun 2018-ci ilin “Cümhuriyyət İli” elan olunması haqqında tarixi sərəncamından qaynaqlanırdı.

Belə ki, bu ilin sentyabr ayının 21-də AXC Parlamentinin 100 illiyinə həsr olunmuş, yəni 50-yə yaxın ölkənin və beynəlxalq təşkilatın (parlament) nümayəndə heyətlərinin iştirakı ilə Milli Məclisin xüsusi və təntənəli iclası keçirildi. İclasa qatılan ölkə prezidenti parlamentarilər və qonaqlar qarşısında geniş nitq söylədi.

Dövlət başçısı geniş nitqində “Biz bu gün parlamentin 100 illiyini qeyd edirik”, - deyərək, Azərbaycan Parlamentin yaranmasını və onun 100 illiyini tarixi hadisə adlandırdı. Eyni zamanda, təəssüf hissi ilə onu da qeyd etdi ki, 100 il bundan əvvəl Azərbaycan parlamenti öz funksiyalarını tam şəkildə icra edə bilmirdi. 

“Biz, əlbəttə, müstəqil dövlət idik, ancaq onu da hamımız bilməliyik ki, 1918-1920-ci illərdə müstəqilliyimiz tam deyildi. Azərbaycan çox zəif bir ölkə idi. Azərbaycan müstəqil həyatda ilk addımlarını atırdı. Ölkə daxilində kifayət qədər çox problemlər var idi. Deyə bilərəm ki, hökumət ölkə ərazisinə tam nəzarət edə bilmirdi. Deyə bilmərəm ki, biz o vaxt beynəlxalq təcriddən tam çıxa bilmişdik. Bizi qəbul etməyənlər də var idi. Biz tarixi yaxşı bilirik”, - deyən ölkə prezidenti bildirdi ki, bu gün isə Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir. 

O, sonra “Bu gün Azərbaycan tam müstəqil siyasət aparır. Qeyd etdiyim bütün məsələlər - istər xarici siyasətlə, daxili siyasətlə, iqtisadiyyatla bağlı olan bütün nailiyyətlər bu məqsədə xidmət göstərir ki, bizim müstəqilliyimiz daha da möhkəmlənsin. Müstəqillik təkcə dövlət atributları deyil. Sən müstəqil siyasət apara bilirsən, yoxsa yox? Bunu uğurla apara bilirsən, yoxsa yox? Bu müstəqil siyasət sənə xeyir gətirir, yoxsa yox? Bax, bu suallara cavab verdikdə əminliklə deyə bilərik ki, bu gün tam şəkildə müstəqil siyasət aparan Azərbaycan öz milli maraqlarını tam şəkildə təmin edir. Azərbaycan parlamentinin bu işlərdə önəmli rolu var…”, - deyərək çıxışını və fikirlərini yekunlaşdırdı.

100 yaşlı Azərbaycan Parlamentini, keçmişli və indikili parlamentariləri, Azərbaycan parlamentarizminin əsasını qoymuş böyük kişiləri, bütövlükdə Azərbaycan xalqını, Azərbaycan türklərini bu əlamətdar, tarixi gün münasibətilə təbrik edir, müstəqil Azərbaycan bayrağı göylərin ənginliklərində dalğalandıqca, Azərbaycan parlamentinin də var olmasını, müstəqil Azərbaycanın inkişafı, demokratikləşməsi yolunda mühüm töhfələr verməsini diləyirik.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri