Dek
2018
09:32
52
13
2823
Virtual karabakh

Zatulinlər, kazimirovlar, yevseyevlər düzələn deyil - ŞƏRH

7 Dek, 2018
09:32
2823

Zatulinlər, kazimirovlar, yevseyevlər düzələn deyil - ŞƏRH

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğalçı və təcavüzkar dövlətin paytaxtında - Yerevanda  özünü ictimai diplomatiyanın “yeni formatı” qismində təqdim edən Rusiya-Ermənistan “Lazarev klubu”nun iclası Azərbaycana, o cümlədən, 30 ildən artıq davam edən Ermənistan-Azərbaycan münaqişəsinin sülh və danışıqlar yolu ilə həllinə qarşı yönəlmiş növbəti təxribatçılıq əməlidir.

Bunun başqa adı və izahı yoxdur, bu, təxribatdan savayı bir şey deyil. Çünki bu formatın təşəbbüskarlarına, eləcə də, klubun ilk iclasına qatılan iştirakçılarına ani baxmaq yetər ki, məsələnin əsl mahiyyəti dərhal üzə çıxmış və aydınlaşmış olsun.

Azərbaycan “Rus İcması”nın bəyanatında da vurğulandığı kimi, bu klubun əsas təşəbbüskarlarından və təşkilatçılarından biri, hazırda Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının yeddinci çağırışında MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitə sədrinin birinci müavini vəzifəsini tutan Konstantin Zatulinin faktiki olaraq Ermənistanın rəsmi “dirəyi” və Yerevanın Rusiya Dumasının komitəsindəki nümayəndəsi olmasına çoxdan öyrəşmişik.

Bu adamın Ermənistana və ermənilərə “qulbeçəlik” etməsi artıq kiməsə sirr deyil.

Oxu.Az xəbər verir ki, bunu mətbuata açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Millət vəkilinin sözlərinə görə, bu adam nə öz rəsmi statusuna, nə də təmsilçisi olduğu ölkənin yeritdiyi rəsmi siyasətinə hörmət qoyur:

“Zatulin və onun kimilərinin məqsədləri, niyyətləri bəllidir. Bunun üzərində o qədər də baş sındırmağına, boş və mənasız yerə vaxt sərf etməyə dəyməz. Zatulinlər indiyə kimi olub, var və bundan sonra da olacaqlar. Burada kiməsə sirr və yeni kəşf kimi görünəcək bir məsələ yoxdur.

Belələri öz şəxsiyyətlərini, şərəf və ləyaqətlərini öz şəxsi, cılız maraqlarına görə hər şeydən üstün tunan üzdəniraqlardır, onlar üçün dövlətçilik, milli maraqlar deyilən anlayış yoxdur. Onları varsa da, yoxsa da şəxsi mənfəət, maddi qazanc, pul düşündürür, kim çox pul versə, onların çaldıqlarına oynayırlar.

Amma məsələnin digər və əsas tərəfi odur ki, Zatulin böyük bir vəzifəni tutur, Rusiya kimi dövlətin ali qanunverici orqanının rəhbərliyində təmsil olunur, nüfuzlu və vacib bir komitənin sədr müavinidir. Ancaq bu adam, bu zat nə statusuna, nə də təmsilçisi olduğu dövlətə, onun rəsmi siyasətinə və ali qanunverici orqanına hörmət qoyur.

O, öz çirkin, təxribatçı əməlləri ilə həm öz ölkəsinə, onun nüfuzuna xələl gətirir, həm də Rusiyanın ən yaxın və cənub qonşularından, az qala strateji müttəfiqlərindən biri olan Azərbaycanla münasibətlərinə zərbə vurur. Onun hərəkətləri, addımları Rusiya-Azərbaycan münasibətlərinə də kölgə salır. 

Bu gün Rusiya ilə Azərbaycan arasında ideal münasibətlər mövcuddur, təkcə son 10-11 ayda iki ölkənin prezidentləri ən azı altı dəfə bir araya gəliblər. Həmçinin, Rusiya Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biridir. İndi belə olan təqdirdə, necə ola bilər ki, Rusiya münaqişənin həlli ilə bağlı danışıqlar prosesində vasitəçilik etsin, ancaq onun rəsmi şəxslərindən biri öz ölkəsinin mandatına, missiyasına zərbə vuran hərəkətlərə yol versin?!

Hesab edirəm ki, Rusiya rəhbərliyi, konkret olaraq, Rusiya Duması artıq Zatulin və onun kimilər barədə ciddi qərar verməli, sərt ölçülər götürməlidir. Götürməlidir ki, başqalarına, gələcəkdə bu niyyətə düşmək istəyində olanlara ibrət olsun.

İnanıraım ki, bu, belə də olacaq, Zatulinlərə öz dövlətləri, rəhbərlikləri səviyyəsində haqq etdikləri yer tanıdılacaq və onların təxribatçılıq əməllərinin qarşısı alınacaq. ATƏT-in Minsk qrupunun həmsədri və ən böyük qonşumuz, çox yaxın tərəfdaşımız kimi bizim Rusiyadan gözləntimiz budur”.

Millət vəkili Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) səviyyəsində məsələyə münasibət bildirilməsini, sərt reaksiya verilməsini müsbət hal kimi dəyərləndirərək, qeyd edib ki, oradan səsləndirilən mesajlardan nəticə çıxarılacaq.

Eldar İbrahimov: Zatulinlər, kazirimovlar və onların “yolu” ilə gedənlər necə gəliblərsə, elə də gedirlər

Milli Məclisin (MM) Azərbaycan-Rusiya Parlamentlərarası Dostluq Qrupunun üzvü, parlamentin komitə sədri Eldar İbrahimov da hesab edir ki, “Lazerev klubu” anti-Azərbaycan klubudur və ondan müsbət nəsə gözləmək olmaz.

Komitə sədrinin dediyinə görə, bu klubun ilk iclası bir daha sübut etdi ki, zatulinlər, kazimirovlar, onlara “yenicə” qoşulan yevseyevlər düzələn deyillər:

“Zatulinlər, kazirimovlar və onların “yolu” ilə gedənlər necə gəliblərsə, elə də gedirlər. Heç düzələn deyillər. Yəni atalar məsəlində deyildiyi kimi, qozbel(lər)i qəbir də düzəltməz. Bu insanların fikri-zikri qarşıdurma yaratmaq, qarışıqlıq, fitnə-fəsad salmaq, təxribat törətməkdir. Bu günə kimi onların bir dəfə də olsun, azacıq konstruktiv, ədalətli, obyektiv yanaşması olmayıb.

Hər zaman Ermənistan-Azərbaycan münaqişəsini alovlandırmağa çalışıb, münaqişənin sülh və danışıqlar yolu ilə həll edilməsinə yönəlmiş səylərə, fəaliyyətlərə pəl vurmaq xətti yürüdüblər.

Kazirimovu Azərbaycan cəmiyyətinə xüsusi tanıtmağa ciddi bir ehtyac yoxdur. Rusiyanın danışıqlar prosesində uzun illər iştirak edən nümayəndəsi kimi onun anti-Azərbaycan mövqeyi heç kimin yadından çıxmayıb.

O, hər zaman işğalçının, təcavüzkarın dəstəklənməsi mövqeyindən çıxış edib və illərdir bu övqeyindən əl çəkmir. Zatulindən danışmağa dəyməz. Onun kimi qeyri-ciddi adama rast gəlmək çətin olar. Onun işi-gücü sərsəmləmək və təlxəklik etməkdir. Görün iş nə yerdədir ki, hətta Jirinovski kimi qalmaqallı bir adam belə onu milyonların gözü önündə, teleefirdə təhqir etdi. Məhz yaramaz mövqeyinə görə. Amma o, bundan bir nəticə çıxarmadı.

Çünki onu və onu kimiləri bulanıq suda balıq tutmaq, yəni ancaq və ancaq pul-para düşündürür. Təki pul olsun, nəyə istəsən, gedəcəklər. Ona görə də belə adamların hansısa “yeni format”dan, sülhsevərlik  missiyasından danışmağa nə üzləri, nə də haqları var. Onlar sülhə də, əmin-amanlığa da, insanlığa da təhlükə, ləkə və  üzqarasıdırlar”.

E.İbrahimov Azərbaycanla Rusiya arasında səmimi dostluq və əməkdaşlıq münasibətlərinin olduğunu, bu münasibətlərdən gündən-günə yüksələn xətt üzrə inkişaf etdiyini bildirərək, qeyd edib ki, bütün hallarda münasibətlərin, əlaqələrin məhz bu tempdə davam etməsinə, qorunub-saxlanmasına çalışmaq lazımdır:

“Zatulinlərin, kazimirovların, yevseyevlərin fitnə-fəsadlarına uymaq, fikir vermək lazım deyil. Çalışmaq lazımdır ki, belələri münasibətlərin inkişafına, gedişatına zərbə vura, xətər yetirə bilməsinlər.

İlk növbdə dost və qonşu Rusiya bu məsələdə daha diqqətli olmalıdır. Belələri haqqında sərt və qəti tədbirlər görülməlidir. İmkan vermək olmaz ki, kimlərsə, hansısa qüvvələrsə belələrindən istifadə edib, münasibətləri korlamağa yönəlik cəhdlər göstərsinlər. Azərbaycan-Rusiya münasibətləri inkişafdadır və bu inkişafa ziyan vura biləcək bütün əngəllər, maneələr tam aradan qaldırılmalıdır”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri