Dek
2018
18:00
6
121
1564
Virtual karabakh

Məmmədyarov: Münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır

ATƏT məkanında mövcud münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır. Azərbaycanın prinsipial mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinə əsaslanır.

Vyanada keçirilmiş Nazirlər Şurasının sonuncu sessiyasından bəri, indiyədək biz Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində heç bir konkret irəliləyiş görməmişik.

Əfsuslar olsun ki, gücdən istifadə etməklə ərazilərin ilhaqının yolverilməzliyi, beynəlxalq hüququn ciddi pozulması ilə nəticələnmiş vəziyyətin tanınmaması öhdəliyi və bu vəziyyətin saxlanılmasına köməklik və ya yardım göstərilməsindən çəkinmək kimi fundamental prinsiplər vasitəçi ölkələr tərəfindən selektiv tətbiq olunur.

Oxu.Az xəbər verir ki, bu fikirləri xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Nazirlər Şurasının Milanda keçirilən 25-ci sessiyasında çıxışı zamanı dilə gətirib.

O qeyd edib ki, eyni zamanda, danışıqlar formatının sual altına alınması ilə bağlı Ermənistanın davamlı cəhdləri müşahidə edilir.

Onun sözlərinə görə, diasporunun fəal dəstəyi ilə Yerevan yüz minlərlə azərbaycanlı məcburi köçkünün, onların doğma yurd-yuvalarına qayıtmaq hüququ da daxil olmaqla, insan hüquqlarının pozulması, Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirilməsi qeyri-qanuni təcrübəsini davam etdirir. 

“1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobudcasına pozaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma və digər fəaliyyətlərini davam etdirməkdədir.

İşğal olunmuş ərazilərdə qeyri-qanuni hərbi və mülki infrastrukturun yaradılması da daxil olmaqla, Ermənistan tərəfinin qanunsuz fəaliyyəti onun işğalı möhkəmləndirmək və baş vermiş faktla (fait accompli) üz-üzə qoymaq məqsədi daşıyan niyyətini və sistemli siyasətini nümayiş etdirir.

Bu addımlar, xüsusilə də Ermənistanın imtina etməsi səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərinə fakt araşdırıcı qiymətləndirmə missiyasının göndərilməsində uğursuzluq, sülh prosesində etimada xələl gətirir.

ATƏT-ə üzv dövlətlərin ərazilərinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı olan bu qanunsuz fəaliyyətlər üçün istifadə olunması tamamilə qəbuledilməzdir. Bu, müvafiq mandatlara, ATƏT-in əsas prinsiplərinə, öhdəliklərinə və qərarlarına ziddir.

Biz müvafiq iştirakçı dövlətləri Ermənistan, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış Ermənistanın tabeliyində olan qanunsuz rejimin agentləri tərəfindən suveren torpaqlarının Azərbaycanın qanuni təhlükəsizlik maraqlarına qarşı istifadə olunmasının qarşısını almaq üçün təxirəsalınmaz effektiv addımlar atmağa çağırırıq”, - deyə E.Məmmədyarov sonra  qeyd edib.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri