12 
Dek
2018
11:45
475
208
2447
Virtual karabakh

Xalqı ilə yaşayan Lider

12 Dek, 2018
11:45
2447

Xalqı ilə yaşayan Lider

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün sabiq dövlət başçısı, tarixində (20-ci əsrdə) ikinci dəfə istiqlalına qovuşan müstəqil Azərbaycan dövlətinin yaranmasında və qurulmasında böyük və tarixi xidmətləri olmuş mərhum Heydər Əliyevin növbəti anım günüdür.

Azərbaycana rəhbərlik etdiyi dönəmdə, istər sovetlər quruluşunda, 1969-1982-ci illərdə (həmçinin, 1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi yüksək vəzifədə işləyəndə), istərsə də 1993-2003-ci illərdə bütün inkişaf, quruculuq, abadlıq işləri, iqtisadi yüksəliş onun - Heydər Əliyevin adı və birbaşa fəaliyyəti ilə bağlıdır.

Məhz onun yüksək idarəçilik və təşkilatçılıq fəaliyyəti, yorulmazlığı, işgüzarlığı nəticəsində sovetlər dönənimdə, sadəcə, aqrar respublika kimi tanınan və geridə qalan Azərbaycanı qısa zamanda inkişaf etmiş sənaye respublikasına çevrilə bildi.

Azərbaycanın siması bütünlüklə dəyişdi. Azərbaycan keçmiş İttifaqın ən qabaqcıl respublikalarından birinə çevrildi.

Ölkədə elm, texnika sürətli inkişaf yoluna qədəm qoydu. Məhz bu fəaliyyətinin nəticəsi olaraq 1982-ci ildə onu SSRİ kimi nəhəng bir dövlətin, dünyanın iki supergücündən birinin ən ali rəhbərliyinə, Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkdilər.

Heydər Əliyev bu vəzifəsində, beş illik fəaliyyəti dönəmində ona göstərilən etimadı tam doğrultdu, hətta adı SSRİ-yə birinci şəxs ola biləcək dövlət xadimləri sırasında ən ön cərgədə yer aldı. Bu, şübhəsiz ki, onun açıq və gizli əleyhdarlarının, xüsusilə də Mixail Qorbaçovun ətrafında lövbər salmış erməni şovinistlərinin heç bir halda ürəyincə deyildi, Heydər Əliyev şəxsiyyəti onları qıcıqlandırır, narahat edirdi.

Onlar Azərbaycan xalqına qarşı məkrli niyyətlərini həyata keçirmək üçün hər vəchlə Heydər Əliyevin vəzifədən getməsinə çalışırdılar. Bu məsələdə onlara ən böyük dəstəkçi Heydər Əliyev şəxsiyyətinə qısqanclığını heç cür gizlədə bilməyən Qorbaçov idi. Və nəticədə, Heydər Əliyev Qorbaçov idarəetməsinə etiraz olaraq 1987-ci ilin sonlarında istefa verməli olur.

Heydər Əliyevin istefasından, vəzifədən getməsindən çox qısa müddət sonra, 1988-ci ilin yanvar-fevral aylarında məhz Qorbaçovun dirijor çubuğu ilə erməni şovinistləri yenidən Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməyə, Dağlıq Qarabağı Azərbaycandan ayırmaq yönündə addımlar atmağa başladılar və bununla hələ də bitməyən və sonu görünməyən, 30 ilini geridə qoyan Ermənistan-Azərbaycan münaqişəsinin əsası qoyuldu.

Çox qısa bir zaman ərzində 200 mindən artıq soydaşımız tarixi ata-baba yurdlarından, indiki Ermənistan adlanan tarixi Azərbaycan-türk torpaqlarından bir nəfər kimi deportasiya edildilər (Nüvədi kəndi istisna olunmaqla... Bu kənd isə 1991-ci ilin yayında, SSRİ-nin süqutuna yaxın bir vaxtda erməni şovinistləri və barbarları tərəfindən boşaldıldı).

SSRİ rəhbərliyinin açıq və gizli dəstəyilə Azərbaycanın öz daxilində, Dağlıq Qarabağ bölgəsində azərbaycanlılar evlərindən didərgin salınmağa başlandı, terror aktları törədildi. Bağanis-Ayrımda qanlı qətliam, soyqırımı aktı həyata keçirildi.

Eyni zamanda, Qarabağ məsələsi ilə bağlı SSRİ rəhbərliyinin yarıtmaz və məkrli  siyasətinə etiraz əlaməti olaraq ayağa qalmış və milli-azadlıq mübarizəsinin növbəti mərhələsinə start vermiş Azərbaycan xalqının gözünün qorxudulması, qan gölü içində boğulması üçün 1990-cı ilin 20 Yanvar gecəsində böyük vəhşiliyə, yüzlərlə günahsız insanın qətlə yetirilməsinə,  yaralanmasına və əlil düşməsinə səbəb olan faciəyə “imza” atıldı. Amma bununla da faciələr, qanlı hadisələr bitmədi, əksinə, bir-birini əvəzlədi.

Düzdür, 1991-ci ilin avqustunda SSRİ-nin süqut etməsilə (bu süqutda 1989-cu ildə “İlin xalqı” elan edilmiş Azərbaycan xalqının, istiqlalsevərlərinin də böyük xidmətləri var) Azərbaycan xalqı tarixində ikinci dəfə müstəqilliyini əldə etdi, müstəqil dövlətçilik yolunda addımlar atmağa başladı, ancaq Şimaldan, Qərbdən, Cənubdan açıq-gizli dəstək alan ermənilər və Ermənistan Azərbaycanın müstəqilliyi yolunda böyük əngələ çevrildi. Qəsbkarlıq, işğalçılıq siyasətini dayandırmayan Ermənistan Meşəli, Cəmilli, Qaradağlı, Daşaltı, Xocalı, Ağdaban faciələrini, soyqırımlarını törətdi.

Bununla yanaşı, tarixi qalamız olan Şuşa şəhəri və Laçın rayonları, ardınca Kəlbəcər rayonu işğala məruz qaldı, avtobus, metro, helikopter, hava və dəniz limanlarında terror aktlarınının ardı-arası kəsilmədi.

Azərbaycanda qısa zaman ərzində baş verən hakimiyyət dəyişiklikləri də bir nəticə vermədi, Azərbaycanın ikinci müstəqilliyi böyük təhlükə altına düşdü, 1993-cü ilin iyun ayının 4-də o vaxtkı hakimiyyətə və dövlətə qarşı polkovnik Surət Hüseynovun qiyam qaldırması ilə Azərbaycan vətəndaş müharibəsi, parçalanmaq, bölünmək təhlükəsi qarşısında qaldı, ölkənin Şimalında “sadval”çılar, Cənubunda isə “ələkrəmçilər” baş qaldırdı, separatizm başlandı.

O zamankı hakimiyyət və Azərbaycan xalqı nicatı, tək xilas yolunu Heydər Əliyevdə gördü. Çünki Azərbaycanı bu durumdan ondan başqa çıxara biləcək ikinci bir siyasət və dövlət adamı yox idi. 1993-cü ilin iyun ayının 15-də Ali Sovetin sədri seçilən və cəmi doqquz gün sonra, iyunun ayının 24-dən ölkə prezidentinin səlahiyyətlərini icra edən Heydər Əliyevin bununla ikinci hakimiyyət dönəmi başladı və bu dönəmin başlanması ilə çox qısa zamanda Azərbaycan vətəndaş müharibəsi, parçalanmaq, bölünmək, separatizm təhlükəsindən xilas edildi.

Qısa müddətdə ölkədə əsl ordu quruculuğuna start verildi, açıq və gizli təhdidlərə, təzyiqlərə baxmayaraq, məhz Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi ilə 1994-ci ilin 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması baş tutdu və bununla da neft strategiyasının təməli qoyuldu.

Bununla barışa, Azərbaycanın müstəqilliyini heç cür həzm edə bilməyən xarici qüvvələr və onların Azərbaycandakı əlaltıları 1994-cü ilin oktyabrında və 1995-ci ilin martında öz istəklərinə, məkrli məqsədlərinə nail olmaq üçün dövlət çevrilişlərinə cəhd etsələr də, bunlara müvəffəq ola bilmədilər.

Heydər Əliyevin xalqla birgəliyi sayəsində həmin cəhdlər dəf edildi, Azərbaycanda çevrilişlər ənənəsinə birdəfəlik son qoyuldu. Bundan sonra Azərbaycanda inkişaf mərhələsinə tam qədəm qoyuldu, 1995-ci ilin noyabr referendumunda ilk Konstitusiyamız qəbul edildi, həmçinin, Milli Məclisə ilk çağırış seçkilər keçirildi. Heydər Əliyevin fəaliyyəti, müdrikliyi və uzaqgörənliyi sayəsində Azərbaycan bütün cəbhələrdə, bütün istiqamətlərdə, bütün sahələrdə uğurlar, nailiyyətlər əldə etməyə başladı. 

“Cürət edib deyə bilərəm ki, ümumiyyətlə, indi daha da irəliləməyin açarı Sizdədir…

Bakı-Tblisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi nəhəng layihələrin gerçəkləşdirilməsi istiqamətində böyük məsafə qət edildi.

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi yönündə məhz Azərbaycanın, Heydər Əliyevin yaxından iştirakı ilə danışıqlar prosesinə başlanıldı və bu proses düz 22 il sonra, bu ilin yayında - avqust ayında Aktau Konvensiyasının imzalanması ilə nəticələndi. Bu yerdə tarixə qısa ekskurs edərək, 1998-ci ildə yaşanmış bir tarixi hadisəni, məqamı mütləq xatırlatmaq gərəkdir.

Belə ki, Heydər Əliyevlə görüşündə Xəzər məsələlərini müzakirə edən Rusiyanın, dünyanın yenə iki fövqəldövlətindən birinin xarici işlər nazirinin birinci müavini Boris Pastuxov Azərbaycan liderinə bunları söyləyir:

“Heydər Əliyeviç, bir sözlə, indi biz elə bir vəziyyətdəyik ki, Xəzəryanı beş dövlətin hamısı dənizin dibi məsələsində razılığa gəlmişdir. Əgər suyun qalınlığı məsələsində irəliləsək, onda biz hamını qane edən razılaşmalara kifayət qədər tez bir zamanda nail ola bilərik. Cürət edib deyə bilərəm ki, ümumiyyətlə, indi daha da irəliləməyin açarı Sizdədir”.

Həqiqətən də, tarix Rusiya rəsmisinin dediklərini, arzularını reallıqda təsdiqlədi, gerçəyə çevirdi, Əliyevin müdrikliyi, uzaqgörənliyi, siyasi iradəsi öz bəhrəsini verdi. Bu hadisədən, görüşdən məhz 20 il sonra Heydər Əliyev siyasətinin uğurlu davamçısı ölkə prezidenti İlham Əliyevin səbirli və təmkinli siyasəti nəticəsində Xəzərlə bağlı uzun illər sürən və gərgin şəkildə davam edən danışıqlar prosesinə son qoyuldu və nəhayət, bu ilin avqust ayının 12-də beş Xəzəryanı dövlət başçısının bir araya gəlməsi, anlaşması və tarixi sənədə imza atması ilə sonuclandı.

Ermənistanın və Darbinyanın arzuları necə gözündə qoyuldu?

Heydər Əliyevin müəllifi olduğu layihələr Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum (eləcə də, Bakı-Tbilisi-Qars) layihələri tam reallığa çevrildi, Azərbaycan nəinki bölgənin, bütövlükdə Avropanın və dünyanın enerji təhlükəsizliyi təminatında əsas aktorlardan birinə çevrildi. 

Tarixi Böyük və Yeni İpək Yolunun gerçəkləşdirilməsində böyük addımlar atıldı, Ermənistanın bu məsələdəki utopik və reallığa heç cür yaxın olmayan arzularının gerçəkləşdirilməsinə imkan verilmədi.

Belə ki, 1998-ci ildə Bakıda İpək Yoluna həsr olunan və bir çox dövlət-hökumət rəhbərlərinin iştirakı ilə keçirilən nüfuzlu beynəlxalq konfransda iştirak edən Ermənistanın o vaxtkı baş naziri Darbinyan çıxışı zamanı bildirirdi ki, Gürcüstanın Batumi və Poti limanlarından başlayıb Yerevandan keçərək Naxçıvana, oradan isə İran Culfasından keçib Tehrana və sonra Mərkəzi Asiya və İran körfəzi ölkələri istiqamətində gedən dəmiryol marşrutu olsun.

Və yaxud, təklif edirdi ki, Türkiyənin Qars şəhərindən başlayıb Ermənistanın Gümrü şəhərindən keçərək Tbilisiyə gedən yüzillik dəmir yolu bərpa edilsin. Həmçinin, təklif edirdi ki, Yerevan-Tibilisi avtomagistralı çəkilsin və bununla Ermənistanın avtomobil yollarının Tibilisidən başlayıb Xəzər dənizi limanları vasitəsilə Asiyaya gedən yollarla birləşdirilməsi mümkünləşsin və sair. 

Ancaq Azərbaycanın gücü, Heydər Əliyevin uzaqgörənliyi, İlham Əliyevin siyasəti nəticəsində Ermənistanın, Darbinyanın bu arzuları gözündə qoyuldu, düz 19 il sonra, 2017-ci ilin oktyabrın 30-da Azərbaycanın, dövlət başçısı İlham Əliyevin  iştirakı ilə Bakı-Tblisi-Qars dəmiryolu xəttinin tarixi açılış mərasimi keçirildi.

1993-2003-cü ildə ölkədə çoxpartiyalılığın oturuşması, insan hüquq və azadlıqlarının, söz, mətbuat, vicdan azadlığının təmin edilməsində önəmli məsafələr qət edildi. Azərbaycan 2001-ci ilin əvvəllərində dünyanın və Avropanın nüfuzlu təşkilatlarından olan Avropa Şurasının bərabərhüquqlu üzvünə çevrildi.

Bu yöndə misalları artırmaq olar, ancaq elə hesab edirəm ki, ehtiyac yoxdur. Çünki “görünən kəndə nə bələdçi?!”, - deyiblər atalarımız. Vətəndaş müharibəsinin astanasında olan, parçalanmaq, bölünmək təhlükəsi ilə burun-burun dayanan Azərbaycan qısa zamanda  yerləşdiyi regionla yanaşı, Avropanın və dünyanın nüfuzlu, çəkili, sözükeçən dövlətlərindən birinə çevrildi. Bunlar isə məhz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır...

Təəssüflər olsun ki, bu gün Heydər Əliyev bizimlə, bizim aramızda deyil. Amma onun əməlləri, ruhu bizlərlədir, bizimlədir, şah əsəri olan Azərbaycanladır. Və nə qədər ki, Azərbaycan var, Azərbaycan xalqı var, Heydər Əliyev də ruhən, mənən bizimlə, bizlərlə, Azərbaycanla birgə olacaq, yaşayacaq!

Allah rəhmət eləsin!

Kamil HƏMZƏOĞLU
www.oxu.az 

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri