12 
Dek
2018
15:28
182
24
7629
Virtual karabakh

Putin Rusiya biznesinə görə Paşinyanı necə cəzalandıracaq?

12 Dek, 2018
15:28
7629

Putin Rusiya biznesinə görə Paşinyanı necə cəzalandıracaq?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Yerevanda Ermənistanın sabiq prezidenti Robert Koçaryana dəstək aksiyası keçirilib. Nümayişçilər eks-prezidentin azad olunmasını tələb edirdilər. 

Oxu.Az xəbər verir ki, 2018-ci ilin iyul ayının sonunda Robert Koçaryan 2008-ci ildə ölkədə konstitusiya rejimini devirməkdə ittiham edilərək həbs olunub.

Yerevanın Apellyasiya Məhkəməsi avqustun 13-də həbs qərarını ləğv edib və Koçaryan azadlığa buraxılıb. Erməni KİV-in yaydığı məlumata görə, bu hadisə Rusiya prezidenti Vladimir Putinlə Ermənistanda “xalqın baş naziri” Nikol Paşinyan arasındakı danışıqlardan sonra baş verib. 

Ancaq Ermənistan Baş Prokurorluğu qərardan kassasiya şikayəti verib və dekabrın 8-də Robert Koçaryan Ermənistanda keçiriləcək seçkilər öncəsi növbəti dəfə həbs edilib. 

Yeni erməni hakimiyyətinin bu cür addımı çox səciyyəvidir, axı aydın idi ki, həbssiz də keçinmək mümkün idi, bundan başqa, Robert Koçaryanın Ermənistanı tərk etmək imkanı yox idi. 

İndi ekspertləri maraqlandıran əsas sual var: Kremlin və şəxsən Vladimir Putinin buna cavabı nə olacaq? Axı Rusiya prezidenti şəxsən Koçaryanı müdafiə etmişdi.

Moskvanın “Carnegie” mərkəzinin müəllifləri Kirill KrivoşeyevAyk Xalatyan yazır ki, Paşinyanın sabiq elita ilə ən böyük münaqişəsi eks-prezident Robert Koçaryanla bağlıdır. 

“...Robert Koçaryanın hazırkı baş nazirlə şəxsi hesablaşmaları var. Ancaq problem də mövcuddur: Koçaryanın Vladimir Putinlə dostluq kimi ciddi təsir vasitələri var. Koçaryana qarşı cinayət işi və onun həbsi ilə Paşinyan sələflərin toxunulmazlığı ilə bağlı erməni ənənəsini pozub.

Ölkənin birinci prezidenti Levon Ter-Petrosyana qarşı nə 1998-ci ildə güc strukturlarının tələbi ilə, nə də 2008-ci il mart hadisələrindən sonra cinayət işi açılıb (Dağlıq Qarabağla bağlı güzəştlərə hazır olmasını ona bağışlaya bilmirlər)”, - mətndə qeyd edilib. 

Krivoşeyev və Xalatyan hesab edir ki, bundan sonra Vladimir Putin dostuna görə qisas ala və qaz nəqlində güzəştə getməyə bilər: “Qazın qiyməti Ermənistan üçün vacib göstəricidir. Burada mərkəzi istilik sistemi yoxdur və hər kəs öz evini özü qızdırmaq məcburiyyətindədir. Və Paşinyanın Putinlə qiymət məsələsini danışmaq istəməklə bağlı bəyanatına baxmayaraq, real nəticələr yoxdur”. 

Aşağı fəallıq və eyni zamanda, yüksək emosionallıqla müşayiət olunan seçkilərin nəticələrinə görə, “Mənim addımın” və “İşıqlı Ermənistan” kimi anti-Rusiya qüvvələri parlamentə daxil oldu. Üçüncü siyasi qüvvə olan “Çiçəklənən Ermənistan” şərti olaraqRusiyameyilli Rusiyameyilli hesab olunur. Ancaq onun lideri, oliqarx Qaqiq Tsarukyan öz siyasi qeyri-sabitliyi ilə məşhurdur. Qısası, Qaqiq Tsarukyan olmadan da Ermənistan Milli Məclisində anti-Rusiya qüvvələri toplandı. 

Buna görə də Ermənistanda Rusiya biznesinə təzyiqlərin artmasına təəccüblənmək lazım deyil. Misal üçün Putin-Paşinyan səviyyəsində müzakirə edilən Cənubi Qafqaz dəmiryolu xətti ilə bağlı məsələni göstərmək olar. Ermənistan vergi orqanları bu layihə üzrə yoxlamalar aparıb və cərimələr tətbiq edib. 

Bundan sonra Ermənistana taxıl idxalı ilə bağlı problemlər yaranıb. Erməni analitiklər bununla bağlı bəyan etdilər ki, Cənubi Qafqaz dəmiryolu xətti (daha doğrusu, Rusiya – red.) Ermənistan hakimiyyətinə təzyiq göstərmək və ya Azərbaycanla Türkiyənin həyata keçirdiyi “blokada siyasəti”nə dəstək vermək məqsədi daşıyır. 

Bəzi erməni şərhçilər isə bildirdilər ki, hazırkı vəziyyət 90-cı illərin əvvəlini xatırladır. Ermənistan qaz blokadası şəraitindədir, Rusiya isə Azərbaycana qaz satır və rusiyalı pilotlar “Stepanakert”i (ermənilər Azərbaycanın işğal edilmiş Xankəndi rayonunu belə adlandırır – red.) bombalayır.

Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi ilə işləri yoluna qoymaq mümkün deyil. Və budur, “EaDaily” nəşri belə bir sualla çıxış edir: Paşinyan nəyə görə Rusiya biznesinə təzyiq göstərir?

“Ermənistan hökuməti “xalqın baş naziri” Nikol Paşinyanın rəhbərliyi ilə kölgə iqtisadiyyatı və korrupsiyaya qarşı genişmiqyaslı mübarizə çərçivəsində Ermənistandakı nəhəng Rusiya biznesinə də “ilişiblər”. “Məxməri inqilab”dan bir ay sonra Ermənistanda bu ilin yazında “Qazprom Ermənistan” şirkətində və Cənubi Qafqaz dəmiryolu layihəsinin erməni hissələrində irimiqyaslı vergi yoxlamaları aparılıb.

Bundan əvvəl, Ermənistanın baş naziri qaz və elektrik enerjisi tariflərinin azaldılması məsələsinə yenidən baxılmasının zəruriliyini bəyan edib və onun tələbi ilə bu təkliflərin öyrənilməsi üçün xüsusi İşçi qrupu yaradılıb”.

Hətta ermənipərəstliyi ilə seçilən Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədrinin birinci müavini Konstantin Zatulin Yerevanda keçirilən “Lazarev klubu”nun iclasında Cənubi Qafqaz dəmiryolu layihəsində və “Qazprom Ermənistan”da yoxlamalar aparan erməni hökumətini qınayıb:

“Hətta Nikol Paşinyanın Ermənistan və Rusiya arasında əlaqələrin əvvəllər belə məhsuldar olmadığını bəyan etməsinə baxmayaraq, respublikada adıçəkilən iki şirkət barəsində istintaq tədbirləri bunun əksini sübut edir”. 

Nikol Paşinyanın rəqibləri sayılan sabiq hakim Respublikaçılar Partiyasının rəhbərliyi açıq şəkildə bəyan etdi ki, hazırkı erməni baş nazirin fəaliyyəti Ermənistan və Rusiya arasındakı əlaqələrin pozulmasına xidmət edir. Misal üçün, belə bir fikri Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan deyib. 

Hazırda vəziyyət necədir? Ermənistandan kapitalların çıxarılmasına başlanılıb: təkcə oktyabrda bu məbləğ 121 milyon dollardan çox olub. Balaca Ermənistan üçün bu, böyük rəqəmdir. 

Vəsaitləri kimlər çıxarır: sabiq hakimiyyət nümayəndələri və ya Rusiya ilə əlaqəli biznesmenlər? Vacib deyil. Xalq ayaqları ilə, biznesmenlər isə pulları ilə səs verir. Hər iki göstərici Paşinyanın xeyrinə deyil. Ancaq bir məsələ qalır: hazırkı Ermənistan rəhbərliyinin Rusiya ilə razılaşdıra bilmədiyi qazın qiyməti...

Nair Əliyev
www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri