19 
Dek
2018
12:12
21
189
7870
Virtual karabakh

Leonid Kalaşnikov: ABŞ Qarabağ münaqişəsini həll etmək istəmir - MÜSAHİBƏ

19 Dek, 2018
12:12
7870

Leonid Kalaşnikov: ABŞ Qarabağ münaqişəsini həll etmək istəmir - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oxu.Az-ın Rusiya Federasiyasının Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə daimi komitəsinin sədri Leonid Kalaşnikovla müsahibəsi

- 2018-ci il sona çatır və tarixə qovuşur. Bu il Rusiya-Azərbaycan əməkdaşlığı baxımından nə ilə yadda qaldı?

- Ümumilikdə, bu il Rusiya-Azərbaycan münasibətləri baxımından uğurlu keçdi. Bugünkü gündə dövlət və siyasi səviyyələrdə münasibətlər möhkəmlənir. İqtisadi cəhətdən mal dövriyyəsinin nəzərəçarpacaq dərəcədə artımı müşahidə olunur. Müxtəlif mədəniyyət tədbirlərinin təşkil edilməsi bizim münasibətlərin müsbət xarakter daşıdığının əyani təcəssümüdür. Prezident Putini Bakıda çox xoş qarşıladılar ki, bu da bir göstəricidir. Xəzər konvensiyasının imzalanmasını isə birgə zəfər kimi qiymətləndirmək olar və biz onu tezliklə parlamentdə ratifikasiya edəcəyik.

Rusiya bundan sonranın necə olacağını müəyyən etmək üçün Xəzəryanı şəhərlərin birində Xəzər dənizi beşliyinin parlament spikerlərinin görüşünü təşkil etmək təklifini irəli sürüb. Xəzər təkcə dostluq dənizi deyil, həm də əməkdaşlıq üçün bir meydan olmalıdır. Bunun üçün nəqliyyat, kommunikasiya sahələrini inkişaf etdirmək və bununla bağlı digər məsələləri həll etmək lazımdır.

Biz Azərbaycanın turizm sahəsini necə sürətlə inkişaf etdirdiyinin şahidiyik. Mən bunu hətta dostumun timsalında görürəm. Əvvəllər Alp ölkələrində istirahət edən bir yoldaşım indi bunu Azərbaycanın möhtəşəm xizəksürmə istirahət mərkəzində edir və məni də ora dəvət edir. Azərbaycanda rusiyalı turistlərin gəzməli olduğu çox məkan var və eynilə azərbaycanlı turistlərin  Rusiyada dincələ biləcəyi məkanlar var. Bu, bizim ölkələri birləşdirir.

- Azərbaycana səfər edən rusiyalı turistlərə nə məsləhət görərdiniz?

- Azərbaycanın göstərəcəyi çox şey var. Burada hələ də rus qədim inanclıları olan molokanlar yaşayır. Rus dilinin də geniş yayılması ölkənin üstünlüklərindən biridir. Biz tez-tez rus dilinin istifadəsinin müxtəlif nümunələrini misal göstəririk. Bunu müxtəlif cür etmək olar. Bax, Azərbaycan bunu məhz lazım olduğu kimi edir, üstəlik, bunu sözdə deyil, əməldə, praktikada edir.

340-dan çox rusdilli məktəbin olması çox böyük məna daşıyır. Axı dövlət bunlara çox böyük vəsaitlər ayırır. Digər ölkələrin adlarını çəkməyəcəm, amma onlardan bir çoxu bu haqda çıxış edir, lakin reallıqda rus dilinin səviyyəsinin yüksəldilməsi üçün heç bir addım atmırlar. Onlar bunu öz bütövlüyünə, müstəqilliyinə, suverenliyinə təhlükə kimi görürlər.

Bizdə bəziləri Azərbaycanı Rusiyadan uzaqlaşmaqda təqsirləndirir. Amma mən onlara bu nümunələri sadaladıqda cavab verməyə söz tapmırlar. Baxmayaraq ki, onlar, bununla öyünmürlər, amma Azərbaycan rəhbərliyi prezident İlham Əliyevin və vitse-prezident Mehriban Əliyevanın simasında real işlər görür.  

Mən Azərbaycanı və azərbaycanlı siyasi xadimləri başqalarına nümunə göstərməkdən çəkinmirəm. Çox zaman bu siyasətin təməlini qoyan Heydər Əliyevi xatırlayıram.

- Ölkələr arasındakı parlamentlərarası əlaqələr əməkdaşlığa və qarşılıqlı inteqrasiyaya necə kömək göstərir?

- Biz Azərbaycanlı həmkarlarımızla, o cümlədən təhlükəsizlik barədə bir çox model qanunu qəbul etmişik. Məsələn, biz terrorçu təşkilatların ümumi siyahısını razılaşdırmağa çalışırıq. Sonra model qanunların əsasında MDB iştirakçı ölkələrinin parlamentləri öz qanunlarını qəbul edir. Ümumilikdə, bu bizə qanunları eyniləşdirməyə və hər bir ölkənin milli xüsusiyyətlərini nəzərə almağa imkan verir.

Beynəlxalq arenalarda Azərbaycan bir qayda olaraq Rusiyanı dəstəkləyir ki, bu da yüksək dəyərləndirilir. Bu, bizim ümumi dəyərlərimizin və azərbaycanlı həmkarların səmimiyyətinin göstəricisidir.

İki ölkənin parlament spikerlərinin müxtəlif səviyyələrdə, forumlarda görüşü keçirilib. Tərəflər geniş müştərək komissiyanın yaradılması haqqında razılığa gəliblər. Vyaçeslav Volodin artıq Rusiya Dövlət Dumasında bizim üçün önəmli olan ölkələrlə ikitərəfli komissiyaların yaradılması zərurəti haqqında bəyanat verib. Bu cür geniş komissiyalardan biri Azərbaycanla yaradılacaq.

Hazırda bir sıra detalların razılaşdırılması gedir. Bu, hazırda mövcud olan dostluq qrupu kimi olmayacaq, bu, keyfiyyət baxımından tamamilə yeni bir səviyyə olacaq. Birgə komissiyaya müxtəlif ixtisaslaşmış komitələrin rəhbərləri daxil olacaq və ona hər iki ölkənin parlamentlərinin vitse-spikerləri rəhbərlik edəcək. Bu komissiya icra orqanlarını, hökuməti, hökumətlərarası komissiyaları daha səmərəli işləməyə təşviq edəcək, müxtəlif tədbirlərin keçirilməsinə, qanun layihələrinin qəbuluna və bir çox qərarların icrasına nəzarət edəcək.

- Siz Yerevan parlamentinin nümayəndələri ilə də ünsiyyətdə olursunuz. Fikrinizcə, Dağlıq Qarabağ münaqişəsi necə həll edilməlidir?

- Mən NATO-nun və ona üzv olan ölkələrin sülhməramlılığına çox da inanmıram. Müvafiq olaraq, Minsk əlaqə qrupuna da çox inamım yoxdur. Onların bu illər ərzində Ermənistan-Azərbaycan münaqişəsini həll edə bilməmələri artıq bir göstəricidir. Bunun səbəbini münaqişənin həllinin Amerika və Avropa İttifaqına lazım olmamasında axtarmaq lazımdır.

Böyük ölçüdə bu, bizimlə sizə lazımdır. Azərbaycan, Rusiya, Ermənistan – bir ölkədən çıxıblar. Hesab edirəm ki, üç ölkənin liderləri birlikdə bu problemi həll etməlidirlər. Bilmirəm hazırkı Ermənistan lideri nə dərəcədə istəklidir, amma istəkli olan Putinlə istəkli olan Əliyev var və ona görə də problemi həll etmək lazımdır.

Bugünkü siyasətin reallıqlarını bildiyim üçün təsdiq edirəm ki, həm Rusiyada, həm də Azərbaycanda bu məsələnin həll olunmasını istəyirlər. Ermənistanda həmişə onlarda real hakimiyyətin olmaması haqqında şikayət edənlər var, lakin indi onlar bunu əldə ediblər və onların ciddi dövlət məsələlərini necə həll edəcəklərini zamanla görəcəyik.

- Son zamanlar Azərbaycana Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) status verilməsi haqqında söhbətlər gedir. Bu, nə dərəcədə realdır və bundan kim qazanacaq?

- Dəqiq deyə bilərəm ki, Azərbaycan bu və ya digər keyfiyyətdə KTMT-yə üzv olarsa, KTMT bundan mütləq qazanacaq. Bu təşkilatın mövqelərini möhkəmləndirədək. Hazırda bu, Qarabağ münaqişəsinin həll edilməməsi səbəbindən mümkün deyil. KTMT-də qərarlar konsensus yolu ilə qəbul edildiyinə görə Ermənistanın mövqeyi də aydındır. Başlıca maneə də məhz budur.

Namiq Həsənov
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri