22 
Yan
2019
16:18
23
105
3847
Virtual karabakh

Vətəndaşlıqla bağlı qanun və Ailə Məcəlləsi dəyişdirilir

22 Yan, 2019
16:18
3847

Vətəndaşlıqla bağlı qanun və Ailə Məcəlləsi dəyişdirilir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 22-də Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin parlamentin qarşıdan gələn 2019-cu il yaz sessiyası ilə bağlı ilk iclası keçirilib.

Oxu.Az xəbər verir ki, MM sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova əvvəlcə 2018-ci il payız sessiyasının yekunlarından danışaraq, bildirib ki, hesabat dövründə komitənin altı iclası keçirilib, yeddi məsələ, o cümlədən, üç qanun layihəsi müzakirə olunub:

“Müzakirəyə çıxarılan hər bir qanun layihəsi Milli Məclisdə qəbul olunub”.

Deputatlar komitənin payız sessiyasına dair hesabatını məqbul sayıblar.

İclasda 2019-cu ilin yaz sessiyası üçün komitənin iş planı müzakirə olunub.

Müzakirələrdə çıxış edən komitə üzvləri 2019-cu ilin yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə fikirlərini bildirib, bir sıra təkliflər səsləndiriblər. Sonra komitənin iş planı təsdiqlənib.

Daha sonra gündəlikdəki digər məsələlərə baxılıb.

İclasda “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” Qanunun mövcud redaksiyasına əsasən, fərdi identifikasiya kartı vətəndaşın valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin, bir sözlə, qanuni nümayəndəsinin müraciəti əsasında verilir.

Vətəndaşın qanuni nümayəndələrinin müəyyən səbəblərə görə fərdi identifikasiya kartının alınması üçün müraciət etmək imkanının olmadığı hallarda digər şəxslərin fərdi identifikasiya kartının alınması üçün müraciətləri ilə bağlı münasibətləri dəqiq tənzimləmək məqsədilə qanuna bəzi dəyişikliklər təklif olunur.

Belə ki, vətəndaşın qanuni nümayəndəsinin notariat qaydasında təsdiq edilmiş etibarnaməsi əsasında təyin olunmuş şəxsin də fərdi identifikasiya kartının alınması üçün müraciət etmək hüququ təmin olunacaq.

Qeyd edilib ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna təklif olunan dəyişiklik bu sənədi “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanuna uyğunlaşdırmaq məqsədilə hazırlanıb.

“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun 1.1-ci maddəsinə əsasən, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı Azərbaycan Respublikasının ərazisində onun şəxsiyyətini təsdiq edən sənəddir.

Buna uyğun olaraq “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunun 6-cı maddəsinə Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərin siyahısına Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi və pasportu ilə yanaşı, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının əlavə olunması təklif olunur.

Sonra Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub. Bildirilib ki, təklif olunan dəyişiklik doğumun qeydə alınmasının notariat qaydada müəyyənləşdirilməsi və qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır.

Bu Məcəlləyə təklif edilən digər dəyişiklik Azərbaycan Respublikası prezidentinin 2016-cı il 27 aprel tarixli, 1993 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün milli Fəaliyyət Planı”nın 1.4-cü bəndinin icrası ilə bağlı elektron xidmətlərin tətbiqi ilə əlaqədar dövlət orqanları tərəfindən tələb edilən rəsmi sənəd və arayışların sayının azaldılmasının təmin edilməsi məqsədi daşıyır.

Müzakirə edilən bütün qanun layihələri MM-in plenar iclasına tövsiyə edilib.

Kamil HƏMZƏOĞLU

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri