Fev
2019
15:07
23
93
1117
Virtual karabakh

Sahib Alıyev: İnformasiya ilə mina kimi davranmaq olmaz

Oxu.Az-ın müxbirinin suallarını millət vəkili, tanınmış telejurnalist Sahib Alıyev cavablandırır:

- Yaz sessiyasının açılışında onlayn media və sosial şəbəkələr haqqında qanunun zəruriliyindən danışdınız. Bunu zəruri edən nədir? “Kütləvi İnformasiya Vasitələri haqqında” qanun media-cəmiyyət münasibətlərinin tənzimlənməsi baxımından yetərli deyilmi? 

- Xeyr, yetərli deyil. Baxın, birdəfəlik tirajı cəmisi 100 nüsxəni ötən, ildə azı on iki dəfə çıxan çap məhsulu dövri nəşrlər sayılır və bu qanunun, səhv etmirəmsə, kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi  adlı 10-cu maddəsi onlara da şamil edilir. Yəni cəmi 100 nüsxə çıxan bir nəşrdə sən dövlət sirrini açdığına, dövlət quruluşunu zorakılıqla devirməyə və ya dəyişdirməyə çağırışa, rasizmi, ksenofobiyanı təbliğə və  bir sıra digər məsələlərə görə  məsuliyyətə cəlb edilirsən. 

Gəlin, açıq deyək, indi bizdə əksər qəzetlərin oxucularının sayı bir çox bloqerlərin yaydıqlarını və yazdıqlarını izləyənlərin sayından dəfələrlə azdır. Hətta elə adamlar var ki, onlar bloqer kimi çıxış etmədikləri halda, onların yazıb və yaydıqlarını izləyənlərin sayı yenə bir sıra klassik nəşrlərinkindən xeyli çoxdur.

Amma bu adamın nə “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunda kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi haqda maddədən xəbəri var, nə də (olsa da, belə) ona əməl etmək heç ağlının ucundan belə keçmir. Yaxud həmin qanunda vurğulanır ki, əgər ortada məhkəmə qərarı, yaxud şəxsin özünün buna yazılı razılığı yoxdursa, onun haqqında gizli audio və video yazılar, kino və foto çəkilişi yayıla bilməz.

İndi mən sizdən soruşuram, nə qədər sosial şəbəkə istifadəçisinin bundan xəbəri var və xəbəri olanın neçə faizi ona əməl edir?

- Cinayət Məcəlləsində bu qəbildən olan hərəkətlərə görə məsuliyyət nəzərdə tutulmur?

- Tutulur, təbii ki və nəinki öz adı altında, saxta ad altında eyni hərəkəti edənlər də məsuliyyət daşıyırlar. 2016-cı ildə Cinayət Məcəlləsinə yeni - 148-1-ci maddə əlavə edildi. Həmin maddədə bildirilir ki, internet informasiya ehtiyatında saxta istifadəçi adlarından, profil və ya hesablardan istifadə edərək böhtana, təhqirə yol verənlər min manatdan iki min manatadək cərimə, üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər, yaxud iki ilədək islah işləri, ya da bir ilədək həbslə cəzalandırılır. 

Orasını da deyim ki, bu əməlləri törədən şəxs desə ki, mənim belə bir maddədən xəbərim yoxdur, bu, onu cinayət məsuliyyətindən azad etmir. Amma əgər siz sosial şəbəkəyə diqqət yetirsəniz, görəcəksiniz ki,  hər gün yüzlərlə deyil, minlərlə belə hal baş verir və buna görə də kimsə məsuliyyətə cəlb olunmur.

Mən qətiyyən onun tərəfdarı deyiləm ki, hər gün bununla bağlı yüzlərlə cinayət işi açılsın və bizim vətəndaşlarımız gedib məkhəmə qarşısında cavab versinlər. Bu maddənin Cinayət Məcəlləsində yer almasında da məqsəd bu deyil. Məqsəd belə halların qarşısının alınması, onların sayının minumuma endirilməsidir. 

Amma biz indi bunun əksini görürük. Görürük ki, bu cür halların sayı nəinki azalır, əksinə, getdikcə artır və bunun da səbəbləri var.

- Səbəblər nədir?

- Birinci səbəb odur ki, az öncə dediyim kimi, qanunda bəzi boşluqların olması nəticəsində bu cür hallara yol verənlər məsuliyyətə cəlb edilmir, edilmədikləri üçün də onları yamsılayanların sayı artır. İkinci səbəb budur ki, bütövlükdə internet istifadəçilərinin, o cümlədən, sosial şəbəkəyə qoşulanların sayı durmadan artır.

Baxın, İnternet araşdırması üzrə ixtisaslaşan “We Are Social” agentliyinin və “Hootsuite” platforması var, onların birgə yaydıqları “Global Digital 2019”dan bəlli olur ki, internet istifadəçiləri orta hesabla oyaq vaxtlarının üçdən birindən çoxunu - 6 saat 42 dəqiqəsini onlayn rejimdə olurlar, internetdə keçirilən vaxtın üçdən ikisi, yəni təqribən dörd saatı sosial şəbəkələrin payına düşür.

Bilirsiniz, maraqlı olan nədir? Bu göstərici inkişaf etməkdə olan ölkələrdə daha yüksəkdir, nəinki inkişaf etmiş ölkələrdə. Yəni ilk baxışda paradoksal görünsə də, inkişaf etmiş ölkələrdə, daha yetkin cəmiyyətlərdə internetdə keçirilən vaxt bütövlükdə dörd saatı keçmir. Digərlərində isə hətta 10 saatın üzərindədir. İnkişaf etmiş ölkələrdə sosial şəbəkəyə ayrılan vaxt saat yarımı keçmir, Yaponiyada isə heç 50 dəqiqəyə də çatmır.

Demək, inkişaf etməkdə olan cəmiyyətlərdə və üçüncü dünya ölkələrindəkilərin sosial şəbəkədə daha çox oturmalarının hesabına ümumi göstərici dörd saat alınır. Bu da onu göstərir ki, inkişaf etmiş cəmiyyətlərdə internetdə keçirilən vaxt daha çox rasional məqsədlərə xidmət edir, nəinki digərlərində. 

Təəssüf ki, biz də bu digərlərinin sırasındayıq. Bir sıra hallarda sosial şəbəkədə keçirilən zaman təkcə vaxt itkisi deyil, həm də cəmiyyət və digər vətəndaşlar üçün təhlükəli, xoşagəlməz halların yaranmasına sərf edilir.

Azərbaycana gəldikdə, onu da deməliyik ki, bizdə bu cür halların total şəkil almasını planlaşdıran, reallaşdırmağa çalışan və buna xeyli muzdlu cəlb edən çevrələr var.

Azərbaycanı sevməyənlər, erməni lobbisi ilə birgə işləyənlər, bir sıra hallarda isə erməni lobbisi adı altında fəaliyyət göstərərək, öz məkirli maraqlarını təmin etməyə çalışanlar ölkəmizdə siyasi və iqtisadi böhran yaratmağın mümkünsüzlüyünü görüb mənəvi böhran yaratmağa, cəmiyyəti bu cür silkələməyə, xaosa sürükləməyə çalışırlar... 

 Səhv etmirəmsə, Rusiyada artıq iki ildir sosial şəbəkə ilə bağlı qanun üzərində işlənilir və orada nəzərdə tutululur ki, hər kəs sosial şəbəkəyə ancaq öz pasportunu təqdim etməklə qoşula bilər. Bir adamın ancaq bir profil açması mümkündür.

Eyni zamanda 14 yaşınadək yeniyetmələrin də sosial şəbəkəyə çıxışları qadağan olunur.

- Siz də belə bir qanunun olmasını təklif edirsiniz?

- Bu sahədə çalışıb insan hüquqlarının qorunması, demokratiya, söz azadlığı baxımından hansı ölkənin təcrübəsi daha mükəmməldirsə, ondan faydalanmalıyıq. Rusiyada hazırlanan qanuna gəldikdə, açığı, həmin qanunda bir sıra maddələr var ki, onların necə reallaşdırılacağı sual altındadır.

Pasport təqdim edildiyi halda, sosial şəbəkədə qeydiyyata alınma başqa ad altında profillər açmağın yolunu kəsir. Ancaq buna kim nəzarət edəcək, həmin pasport göstəricilərini sosial şəbəkələrin ixtiyarına vermək nə dərəcədə doğrudur?

Sosial şəbəkələr Rusiyada təmsilçiliklərini açmalıdırlar ki, onlar konstitusiya quruluşu əleyhinə çağırışların, terrorizmin, rasizmin, ksenofobiyanın, pornoqrafiyanın və qanunla qadağan edilən bu kimi digər şeylərin yayımlanmasının qarşısını alsınlar. Və yaxud orada  “Rosnadzor” adlandırılan rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya üzərində nəzarəti həyata keçirən qurum var, onun təqdimatı ilə saxta sayılan informasiyaların 24 saatda düz olub-olmadığının dəqiqiləşdirilib silinməsi tələbi qoyulur.

Bu, necə yerinə yetiriləcək, həmin şəbəkələrin təmsilçiliklərində nə qədər işçi çalışacaq ki, bu qədər vəzifənin öhdəsindən tez bir zamanda gələ bilsinlər?

Bu qanun layihəsi internet resurslarında şəxsi göstəricilərin qorunması haqda keçən il qüvvəyə minən GDPR (General Data Protection Regulation), yəni Göstəricilərin Qorunması Haqda Ümumi Qaydalar direktivinə ziddir. 

Fikrimcə, biz model olaraq Almaniyada keçən ilin yayından qüvvəyə minən və qısaca NetzDG  adlanan Sosial Şəbəkələrlə bağlı görülən tədbirlər adlı qanun layihəsindən faydalana bilərik. Qanunda “Facebook”, “Instagram”, “Twitter” və “YouTube” qarşısında tələb qoyulur ki,  hakimiyyət təmsilçilərinin təhqir edilməsindən tutmuş, kütləvi informasiya vasitələrində  yayılması qadağan olunan bütün yazı və materialları operativ şəkildə silsinlər. Əks halda onlar 50 milyon avro cərimə ödəməlidirlər.

- Tutaq ki, belə bir qanun qəbul edildi. Onlar saxta, yaxud qanunla qadağan edilən məsələlərin yer aldığı informasiyanı və materialı silmək məcburiyyətində qaldılar. Bu informasiya, yaxud material silinənədək onu milyonlarla adam oxuyacaq. 

- Bəli, görəcəklər, amma bu, sosial şəbəkəni məsuliyyətdən azad etsə də, həmin informasiya və materialı orada yayan şəxsləri azad etmir. Yaydıqları informasiya və material silindikdə belə, onlar qanun qarşısında cavab verirlər. Bilirsiniz, sadəcə, bu yolla mənfi meyillərin qarşısının tam alınacağı düşüncəsində deyiləm. Bizdə geniş maarifləndirməyə ehtiyac var.

Fikrimcə, sosial şəbəkələr hər bir istifadəçiyə səhifənin yuxarısında böyük hərflərlə xəbərdarlıq etməlidirlər ki, onlar hər bir informasiyanı, materialı yayarkən qanunun tələblərinə uyğun davranmalıdırlar. Və qanun nəyi tələb edirsə, onun da linki qoyulmalıdır.

Kimsə deyə bilər ki, bu tələb jurnalistlər qarşında qoyulmalıdır, mən ki jurnalist deyiləm. Amma biz indi elə bir dönəmdə yaşayırıq ki, 15-20 il bundan öncə Azərbaycanda jurnalistlərin sayı bir neçə mini keçmədiyi halda, indi bu cür çıxış edənlərin, belə demək mümkünsə, zorən jurnalistlərin sayı on minlərlə, hətta yüz minlərlə ölçülür. 

İnternet hazırda az qala bütün istifadəçilərinin istehlakçı və alıcı, həm də istehsalçı və satıcı rolunda çıxış etdiyi bir bazardır. Elə bir bazar ki, bundan nəhəngi, qlobalı yoxdur. Açığını deyək ki, bu, hazırlığı, yetkinliyi, savadı, intellekti az olan istifadəçilər üçün yetərincə təhlükəli bir bazardır.

Bazardakıların ən azı üçdən ikisi sadəcə istehlakçı yox, həm də istehsalçı kimi çıxış edirlər. İndi təsəvvür edin ki, birdən-birə istehlakçıların əksəriyyəti həm də başladı onun istehsalçısına çevrilməyə, onda nə baş verəcək?

Çoxunda istehsalçı üçün gərəkən peşə hazırlıqları və bundan doğan məsuliyyət olmadığından, təbii ki, bazara saysız-hesabsız keyfiyyətsiz, bir sıra hallarda isə ölüm təhlükəsi yaradan məhsullar çıxacaq. İnformasiya da belədir. Saxta informasiyanın, insanın ləyaqətini alçaldan, onun şəxsi həyatına müdaxilə xarakteri daşıyan, kütləvi qarşıdurmaya, cəmiyyətdə xaosun yaradılmasına, irqi, dini ayrı-seçkiliyə, ksenofob yanaşmaya xidmət edən, bir sözlə, antihumanist xarakterli çağırışların yaratığı təhlükə, heç də zəhərli ərzaq məhsulunun yaratdığı təhlükədən az deyil, bəzən çoxdur.

Xüsusilə həddi-büluğa çatmayan, psixikası zəif olanlar və bu baxımdan həssas təbəqə sayılacaq digərləri üçün belə informasiya və çağırışların nə demək olduğunu, fikrimcə, açıqlamağa ehtiyac yoxdur. Minlərlə yeniyetmənin özünü öldürməsi ilə nəticələnən internet oyunlarının mövcudluğu da artıq kimsəyə sirr deyil. 

İnternet istifadəçiləri bir çox hallarda təkcə informasiya istehlakçısı yox, eyni zamanda, istehsalçı kimi çıxış etdiklərindən bunun nə dərəcədə qanun çərçivəsində olduğunu, istehsal etdikləri, yaxud da paylaşdıqları məhsulun zərərli, cəmiyyət üçün təhlükəli olub-olmadığını anlamalıdırlar.

Bir daha vurğulayıram, hər hansı bir informasiyanı yazmaq və paylaşmaq da, hər hansı bir məhsulu istehsal edəndə olduğu kimi, müəyyən hazırlıq tələb edir. İnformasiya ilə uşağın mina ilə davrandığı kimi davranmaq olmaz.

Kamil HƏMZƏOĞLU

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri