23 
Sen
2014
19:10
23
30
1093
Virtual karabakh

Novruz Məmmədov: Müxtəlif ölkələr Azərbaycanın demokratik inkişafından qısqanclıq hissi keçir

23 Sen, 2014
19:10
1093

Novruz Məmmədov: Müxtəlif ölkələr Azərbaycanın demokratik inkişafından qısqanclıq hissi keçir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Hamıya eyni cür yanaşdığınızı sübut edin”.

Azərbaycan hüquq dövləti kimi müxtəlif sahələrdə, o cümlədən siyasi sahədə çox böyük islahatlar aparıb, bundan sonra da aparacaq. Bu gün Azərbaycanda bütün siyasi hüquqlar təmin edilib. Azərbaycanda söz, ifadə azadlığı tam təmin olunub.

Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Ann Brasörün Azərbaycana səfərinə münasibət bildirən Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov söyləyib.

N.Məmmədov deyib ki, insanların siyasi partiyalarda, QHT-də bir araya gələrək öz mövqelərini mətbuatda, elektron KİV-də bildirməsi sahəsində hər hansı məhdudiyyət yoxdur. Onun sözlərinə görə, bu baxımdan Azərbaycan güclü demokratik inkişaf yolu keçib:

“Təəssüflər olsun ki, müxtəlif ölkələrdə, təşkilatlarda Azərbaycanın demokratik inkişafından qısqanclıq hissi keçirənlər var. Sanki bəzi dairələr, təşkilatlar bu qısqanclığı özlərinə vəzifə sayırlar. Belə olmaz.

Bu, əslində Qərbin, Avropanın bəzi dairələrinin tutduğu səhv yoldur, bu yol onlara da xeyir gətirmir. Bizim onlarla söhbətlərimizin də mahiyyəti odur ki, ədalətli olsunlar, ədalətli olmaqlarını fəaliyyətlərində, atdıqları addımlarda nümayiş etdirsinlər, sözdə yox. Deyirik ki, nə qədər şirin sözlər işlətsəniz də, boğazdan yuxarı bəyanatlar versəniz də, siz sözlərlə heç vaxt heç kimi doydura bilməzsiniz. Bizim bu mövqeyimiz görüşlərdə açıqlanır”.
 
N.Məmmədov deyib ki, Azərbaycan tamamilə haqlıdır: “Dağlıq Qarabağ münaqişəsi SSRİ, Varşava Müqaviləsi dağılandan sonra ilk münaqişələrdən biri idi. İlk günlərdən Qərb ədalətli mövqe tutub, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olsaydı, daha sonra kiçik münaqişələr də həllini tapardı və dünyada bugünkü vəziyyətə düşmək məcburiyyətində qalmazdıq.

Ancaq Qərb subyektiv mövqe nümayiş etdirdi, çox zaman Ermənistanın tərəfini saxladılar, digər münaqişələrə yanaşmaları da fərqlənmədi. Nəticədə bu gün güclü gərginlik, eskalasiya meydana gəlib. Belə olan halda bu gün görürsən ki, bəzən Avropa dövlətlərinin, qurumlarının rəhbərləri nə etdiklərini dəqiq bilmirlər, çıxılmaz vəziyyətə gəlib çıxıblar. Bu günə qədər atdıqları səhv addımların cəzasını çəkirlər və yəqin ki, bundan sonra da çəkəcəklər. Çünki ədalətli olmaq prinsipi hər şeydən üstündür.

Bununla bağlı bizim heç kimin qarşısında hesabat vermək borcumuz yoxdur. Azərbaycanda hər şey qaydasındadır, siyasi görüşlərinə görə heç kəsə heç bir irad tutulmur. Amma sən bir siyasətçi olaraq cinayət törədirsənsə, qanunvericiliyi pozan hansısa addım atırsa, o halda qanunvericilik qarşısında da cavab verməlisən. Bu da tamamilə təbiidir. Özünü tam demokratik sayan və dərs keçməyə çalışan dövlətlərdə də belə hallar olur, qanun pozuntusuna yol verənlər həbs edilir. Bizim də istədiyimiz odur ki, ədalətli olun və hamıya eyni cür yanaşdığınızı sübut edin” .

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri