14 
Noy
2014
16:43
173
15
8328
Virtual karabakh

Vəfa Quluzadə: Vurublar, düz ediblər – MÜSAHİBƏ

14 Noy, 2014
16:43
8328

Vəfa Quluzadə: Vurublar, düz ediblər – MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bütün bunlar ağrımayan başa dəsmal bağlamaq üçün lazım idi”.

Oxu.Az-ın suallarına politoloq, Azərbaycanın keçmiş dövlət katibi Vəfa Quluzadə cavab verir. 

- Necə hesab edirsiniz, Ermənistan HHQ-nin helikopterinin məhv edilməsi ilə əlaqədar insident Dağlıq Qarabağda gərginliyin artmasına gətirib çıxara bilərmi?

- Azərbaycan və Ermənistan müharibə şəraitindədirlər. Bu atəşkəsin 20 ildən artıq sürməsinə və xalqın bu atəşkəsə alışmasına baxmayaraq biz müharibə şəraitindəyik.

Bu yaxınlarda Parisdə Fransa prezidentinin təşəbbüsü ilə keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşünə baxmayaraq, İran prezidentinin Bakıya səfəri zamanı, erməni tərəfi qoşunların təmas xəttində təlimlər keçirərək, Azərbaycanı qıcıqlandırır.

Düşünürəm ki, bu düşünülmüş, məqsədyönlü təxribatdır. Onların helikopteri qoşunların təmas xəttini pozub və bizim silahlı qüvvələrimiz atəş açıb, onu vurublar. Və düzgün ediblər.

Erməni tərəfi aqressordur, işğalçıdır, amma arxasında Rusiya kimi nüvə dövləti olduğu üçün özünü çox üzlü aparır. Yaxud da, nizama salınma istiqamətində atılan bütün addımların pozulması üçün elə oradan idarə edilir. Bunun, Azərbaycanı Ermənistan tərəfindən hücum edən ölkə kimi göstərmək üçün Moskvanın ismarıcı olması da istisna deyil.

Gərginliyə gəldikdə isə, o heç vaxt özbaşına yarana bilməz. Vəziyyətə Moskva nəzarət edir, və onsuz münaqişənin gərginləşməsi baş verə bilməz.

- Bu Moskva üçün hansı məqsədlə əlverişli ola bilər? Axı? bu son aylarda müşahidə edilən Azərbaycan-Rusiya münasibətlərinin fəallaşmasına və Bakı ilə Moskvanın yaxınlaşmasına ziddiyyətdir.  

Mən dəfələrlə belə vəziyyətlərin şahidi olmuşam. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə gəldikdə, Xalq cəbhəsinin hakimiyyətinin antirusiya siyasətindən sonra Azərbaycan və Rusiya arasında münasibətlərin yaxşılaşması üçün hər şey etdi. Amma onun dövründə nə qədər belə təxribat olub! Həddən artıq çox.

Mən bir hadisəni xatırlayıram. Biz Rusiya tərəfini Ermənistana 1 milyard dollar məbləğində silah çatdırmasında ittiham edirdik. Yəqin ki, Dövlət Dumasında bu informasiyanı general Roxlinin açıqladığını xatırlayırsınız. Hətta o zaman bizim suallarımıza Rusiya “bu, ayrı məsələdir, sizinlə olan dost münasibətlərimiz isə ayrı” ruhunda cavab verirdi. Düşünürəm ki, Rusiyanın mövqeyi elə indi də belədir.

- Erməni hərbi helikopterinin bizim ərazidə vurulmasına baxmayaraq, xarici KİV heç də hər zaman vəziyyəti obyektiv şəkildə təsvir etmir və heç kim tərəfindən tanınmayan separatçı Dağlıq Qarabağ rejimini müstəqil ərazi qurumu kimi təqdim edirlər. Cari insident ətrafında xaricdə yaranmış bu qeyri-obyektiv informasiya fonu nə ilə əlaqədardır?

- Hesab edirəm ki, informasiya fonu Ermənistan üçün heç də əlverişli deyil. Bilirsiniz niyə? Çünki informasiya fonu münaqişənin yalnız sülh yolu ilə həll oluna biləcəyindən xəbər verir. Ermənistan, Azərbaycanın dəstəklədiyi neçə sülh təşəbbüsünü məhv edib! Ona görə də hər şey bu məsələyə necə yanaşmaqdan asılıdır. Erməni təxribatı Azərbaycanın onun hərbi helikopterini məhv etməsinə gətirib çıxardı.

Öz ərazisində. Hətta İran prezidenti belə Qarabağ probleminin hərbi həlli olmadığını, onun yalnız sülh yolu ilə həll olunmasının gərəkdiyini dedi. Qoşunların təmas xəttində gərginlik nəyə lazımdır?

Azərbaycan mövqelərinin, Azərbaycan kəndlərinin gündəlik atəşə tutulması nəyə lazımdır? Axı özünüz cəbhəyanı kəndlərin sakinlərinin evlərinin, heyvanlarının belə atəşə tutulduğunu televiziyada görürsünüz. Bəzən yerli sakinlər işləmək üçün başlarını belə qaldıra bilmirlər. Bu nəyə lazımdır?

Əgər Ermənistan bəyan edildiyi kimi, münaqişəni sülh yolu ilə həll etmək istəyirsə, vəziyyəti bu dərəcəyə çatdırmaq nəyə lazımdır? Bütün bunlar ağrımayan başa dəsmal bağlamaq üçün lazım idi.

- Necə düşünürsüz helikopter insidenti münaqişənin nizama salınması perspektivini uzaqlaşdırır və ya əksinə bəzi müşahidəçilərin fikrincə, vasitəçilərin onun həllinə olan marağını artırır?

- Hesab edirəm ki, müşahidəçilər yanılırlar. Əgər nizama salınma yaxın olsaydı deyərdim ki, hə, bu qərarı uzaqlaşdırır. Nizama salınmadan xəbər yoxdur! Nizama salınmanın yaxınlaşdığını bildirən heç bir detal məlum deyil. Kim belə bir detalı misal gətirə bilər? Yoxdur. Parisdə görüş olub, detallar məlumdur.

Müsbət heç nə yoxdur. Daha öncə Putinin təşəbbüsü ilə Soçidə görüş olmuşdu, və? Müsbət irəliləyişlər hanı? Yoxdur. Ona görə də cari insidentin nizama salınmanı uzaqlaşdırdığını demək düzgün deyil. Uzaqlaşması üçün nəyinsə yaxınlaşması lazımdır. Cari vəziyyətdə isə bu barədə danışmağa dəyməz.

F.H.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri