11 
Okt
2021
15:30
507
69
4739
Virtual karabakh

İranın iflasa uğramış planları: “Ocaqnejatçılar”ın aqibəti də eyni olacaq

11 Okt, 2021
15:30
4739

İranın iflasa uğramış planları: “Ocaqnejatçılar”ın aqibəti də eyni olacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran İslam Respublikasının ali rəhbəri Əli Xameneinin Azərbaycandakı nümayəndəsi Əli Əkbər Ocaqnejatın Azərbaycandan qaçması sözün əsl mənasında bu şəxsin illərlə qurulmasına rəhbərlik etdiyi şəbəkəyə ölümcül zərbə oldu, onun çöküşü ilə birgə həm də İranın məkrli planlarının etirafı kimi qarşımıza çıxdı.

Lakin Ocaqnejatın “özfəaliyyəti”nə Tehranda da davam etməsini sübut edən məlumatlar bu gün də peyda olmaqdadır.

Azərbaycan-İran münasibətlərində yaranmış gərginlik fonunda yeni yayılan məlumatlar Ocaqnejatın “fəaliyyət sahəsində” yeni tərpənişlər olduğunu, öz əməllərinə ölkə xaricindən də davam etdiyini söyləməyə əsas verir.

Belə ki, Yaxın və Orta Şərqdəki siyasi proseslərlə bağlı araşdırmalar aparan İngiltərənin nüfuzlu “Middle East Monitor” nəşri Azərbaycanda yeni radikal hərəkat yaradılması iddiası ilə çıxış edib. Nəşr qeyd edir ki, “Hüseynçilər” hələ 2019-cu ildə Suriya münaqişəsi zamanı yaransa da, rəsmən bu günlərdə aktiv edilib. Üstəlik bu “hərəkat” İranın Yaxın Şərqdə yaradılan digər təşkilatları ilə ortaq rənglərə və simvollara sahibdir.

Sözügedən təşkilatlar bu gün Yaxın Şərqin bir çox bölgəsində təhlükəsizlik üçün əsas təhdid olaraq qalmaqdadır. Bütün bu məqamlar həm Ocaqnejatın bu günə qədər Azərbaycandakı fəaliyyətinin məntiqi qiyməti olmaqla bərabər, həm də arxasında dayandığı şəbəkənin iç üzünü bir daha nümayiş etdirir.

Sirr deyil ki, diplomatik pasporta sahib olmasına baxmayaraq, Azərbaycanda məzhəbçiliyin güclənməsi, ölkədə sabitliyi poza biləcək qüvvələrin yaranmasına təkan verilməsi və himayəsi ilə məşğul olan Ocaqnejatın adı təkcə bu günlərdə peyda olan “Hüseynçilər”lə məhdudlaşmayıb.

O, öz planlarını icra etmək üçün özünə məskən seçdiyi “Hüseyniyyə” məscidində din amilini ön plana çəkməklə Azərbaycan dövləti üçün potensial təhlükə ola biləcək agentura şəbəkəsinin formalaşması ilə bağlı gərgin söylər göstərib. Uzun illər ərzində insanların düşüncələrini, etiqadını zəhərləməklə məşğul olan Ocaqnejat rəhbərlik etdiyi şəbəkənin “lideri” kimi nüfuz qazanmağa cəhd göstərib, toruna saldığı vətəndaşları öz məkrli əməllərində istifadə edib.

Yeni yaradılan “Hüseynçilər”in məramı və niyyəti aydın olsa da, hələlik onunla bağlı kifayət qədər məlumat yoxdur. Odur ki, Ocaqnejatın qaranlıq əməllərinin pərdə arxasında dayanan digər iki məqama da diqqət çəkmək məqsədəuyğundur.

Yəqin ki, bir çoxlarımız üçün 90-cı illərin əvvəllərində ölkəmizdə fəaliyyət göstərən İslam Partiyasının adı tanışdır. Partiyanın İran tərəfindən maliyyələşdirildiyinin və ölkəmizə İran inqilabını ixrac etməyə hazırlaşmasını ifşa etmək üçün cəmi dörd il tələb olunub. 1995-ci ildə partiya sədri Hacı Əlikram və müavini İrana casusluqda ittiham olunaraq həbs edilmiş və partiyanın dövlət qeydiyyatı da Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ləğv edilmişdi. Partiya bundan sonra bir müddət qeyri-leqal fəaliyyət göstərib.  

Bu qeyri-leqal fəaliyyətin də kuratoru kimi Ocaqnejat ön plana çəkilib. Partiyanın ideoloji konturları, fəaliyyət prinsipləri və planlarının tərtibində məhz İranın ölkəmizə göndərdiyi “diplomatı” önəmli rol oynayıb. Onun gizli oyunlarının reallaşması üçün ideal səhnəyə çevrilən partiya Azərbaycanda İran dövlətinin maraqlarının hərarətli müdafiəçisi olub, yenə də din amili qabardılmaqla Ocaqnejatın xüsusi dəsti-xətti burada da qarşımıza çıxıb. Partiya Ocaqnejatın himayəsi altında yalnız ölkəmizdə daxili vəziyyətin gərginləşməsi, qeyri-sabitliyin yaradılması uğrunda çalışıb. Lakin Ocaqnejatın bütün həmlələri kimi bu cəhdi də uğurla zərərsizləşdirilib, rəhbərlik etdiyi şəbəkənin qol-qanaq açmasına imkan verilməyib.

Daha bir qaranlıq məqam isə Ocaqnejatın kurasiyasında olan “Müsəlman Birliyi Hərəkatı” barədədir. Bu gün İranın müxtəlif müstəvilərdə verdiyi riyakar bəyanatların əsasını təşkil edən Azərbaycan-İsrail münasibətlərindəki yaxınlaşma amili elə “Müsəlman Birliyi”nin də gündəmində olub. İranın bütün rəsmiləri hazırda regionda İsrail amilindən qorxularını dilə gətirirlər. Ancaq onların heç biri bu qorxunu əsaslandıra, Prezident İlham Əliyevin haqlı olaraq dilə gətirdiyi “Bunlar İsraili burada harada görüblər?” sualına cavab tapa bilmirlər. Çünki bu fobiyanın əsasını İranın siyasi xəttində rəhbər tutduğu şovinist, radikal ideyalar təşkil edir. Həmçinin burada İranın “ağalıq” və İslam dünyasına “bayraqdarlıq” iddiaları ortaya çıxır.

Elə Ocaqnejatın Azərbaycan xalqına etdiyi xəyanətin əsas alətlərindən birinə çevrilmiş “Müsəlman Birliyi Hərəkatı”nın bu şəxsin diqtəsi ilə İranın maraqlarının təmin olunması uğrunda mübarizə aparan üzvlərinin də məqsədi Azərbaycanda və bütün dünyada yəhudilərə qarşı mübarizə aparılması olub. Bir qədər düşündükdə bu ideyanın müəllifinin İran – onun regionumuza göndərdiyi Ocaqnejat olduğunu söyləmək üçün əlimizə kifayət qədər əsas keçir.

Onu da qeyd edək ki, “Müsəlman Birliyi Hərəkatının” saxlanılan üzvlərinin bədənlərinin müxtəlif nahiyələrində xüsusi simvollar olduğu müəyyən edilib. Sosial şəbəkələrdə paylaşılan foto və videolarda təşkilat üzvlərinin sinələrində canavar şəkli, ayaqlarında isə faşist svastikası həkk olunduğu nəzərə çarpıb.

Ocaqnejatın fəaliyyətində ifşa olunan, gün üzünə çıxan bu elementlər onun İranın bəşəriyyətin bəlasına çevrilən terror təhdidinə də gizli yollarla əl atmasını ortaya qoyan nüanslardır. Bu gün hətta İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH belə bir çox hallarda İran dövləti kimi bir çox terror təşkilatlarının himayədarı hesab olunur. İran dövləti kimi Ocaqnejat da bu məkrli planları gizli şəkildə həyata keçirməyə cəhd göstərib. Ancaq yekun nəticə göz qarşısındadır. İran dövləti artıq onun regionumuza diqtə etdiyi virusların taleyi ilə barışmalıdır. Ocaqnejat kimi ifşa olunub arxasına baxmadan Tehrana qaçanlar mütləq şəkildə bilməlidirlər ki, onların gizli qapılar arxasında qurduqları, planladıqları hər kəs üçün artıq meydandadır. Ocaqnejatkimilər öz xain planlarında bəzi “ardıcıl”lar tapsalar da, bu planlar tam iflasa uğrayıb. Ocaqnejatın Azərbaycanda qurmağa çalışdığı agentura şəbəkəsi məhvə məhkum olub. Bundan sonra da istər “Hüseynçilər”, istərsə də “Ocaqnejatçılar” peyda olsun, bu qaragüruhun aqibəti bəllidir. Azərbaycan xalqının şüurunda və yaddaşında xain damğası ilə qalacaq bu şəxs və onun əlaltıları artıq ölkəmizə qarşı təxribatlarına davam edə bilməz, çünki bu ifşa təkcə onların planlarına deyil, həm də istifadə etdikləri ideologiyaya ağır zərbə endirdi…

Orxan Tağıyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri