13 
Okt
2021
19:35
316
47
1905
Virtual karabakh

Avropanın Azərbaycana artan marağı: Prezidentin verdiyi önəmli mesajlar – TƏHLİL

13 Okt, 2021
19:35
1905

Avropanın Azərbaycana artan marağı: Prezidentin verdiyi önəmli mesajlar – TƏHLİL

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də növbəti dəfə Qərb mətbuatını (İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsi) maraqlandıran sualları cavablandırıb.

Dövlət başçısı səsləndirdiyi fikirlərdə növbəti dəfə Azərbaycan dövlətinin və xalqının maraqlarını müdafiə edib, ölkəmizə qarşı aparılan kampaniyalara qarşı mübarizəsini ortaya qoyub, eyni zamanda Azərbaycanın postmüharibə dövründə rəhbər tutacağı yolun konturlarını təsvir edib.

Çıxışında müharibədən sonra işğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurulması məsələsinə xüsusi diqqət çəkən dövlət başçısı İtaliyanın bu işdə Azərbaycanla sıx əməkdaşlığından bəhs edib.

Qeyd edə bilərik ki, Azərbaycan-İtaliya münasibətləri dövlət başçısının uzaqgörən siyasəti və fəaliyyəti sayəsində xüsusən son dövrlərdə hər zaman yüksələn xətlə inkişaf edib. Azərbaycan xalqı münasibətlərdəki bu yaxınlığın bariz nümunəsini Vətən müharibəsi günlərində də İtaliyanın Azərbaycanın yanında olması fonunda daha aydın müşahidə edə bilib. Məhz bu yaxınlıq və dəstək işğaldan azad edilən torpaqların bərpası prosesində də İtaliyanın xüsusi çəkisini artırıb. Elə dövlət başçısı da bu prosesdə İtaliyanın yaxından iştirakının təsadüf olmadığını bu sözləri ilə ifadə edib:

“İtaliya bu işlərə cəlb edilən ilk ölkələrdəndir. İlk ölkə Türkiyədir, ikincisi isə İtaliyadır. Bu, təsadüfi deyil. Bu, bizim seçimimiz idi. Mən demişdim ki, biz Böyük Qayıdışla bağlı yenidənqurma layihələrinə yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik”.

Bəli, bu, Azərbaycan dövlətinin haqlı seçimlərindən biri idi, çünki Azərbaycan dövləti müstəqil siyasət yürütməklə öz dostlarını, müttəfiqlərini, tərəfdaşlarını seçməkdə sərbəstdir. Bu seçim zamanı isə ikitərəfli münasibətlər və formalaşmış qarşılıqlı etimad mühiti əsas götürülüb. İlham Əliyevin liderliyi dövründə isə İtaliya hər zaman məhz qarşılıqlı etimad və dəstəyin güclü olduğu dövlətlərdən biri kimi qarşımıza çıxıb.

Prezidentin müsahibəsi zamanı diqqət yetirdiyi digər bir məqam işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı və sürətli bərpa və yenidənqurma işləri olub. Azərbaycan dövləti müharibə başa çatdığı andan etibarən “Böyük qayıdış”ın sağlam təməllərini atmağa başlayıb.

Bu istiqamətdə yol-nəqliyyat, enerji təchizatı və bir çox infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulub, bunlardan bir qisminin icrasına artıq başlanılıb.

Azərbaycan dövləti müharibədən sonrakı dövrdə həmçinin vətəndaşlarının illərdir həsrət qaldıqları öz doğma yurd-yuvalarına ən qısa zamanda qayıtmasını prioritet vəzifə kimi qoyub. Heç şübhəsiz ki, bütün bu işlərin icrası üçün böyük resurs və sərmayə tələb olunur. Lakin müharibən qalib çıxan, öz parlaq zəfəri ilə dünyada adından bəhs etdirən Azərbaycan dövlətinin qüdrəti də sadəcə hərb sahəsində ön plana çıxmır. İlham Əliyevin çoxsaylı çıxışlarında da qeyd etdiyi kimi dövlətimiz bu işləri layiqincə yerinə yetirmək üçün kifayət qədər böyük iqtisadi resurslara sahibdir. Bütün bunlar isə Azərbaycanda uzun illərdir yürüdülən uzaqgörən siyasətin və aparılan islahatların, ölkədəki quruculuq işlərinin məntiqi nəticəsi olaraq bu gün qarşımıza çıxır.

İqtisadi qüdrəti gündən-günə artan Azərbaycan dövləti azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edib. Bu istiqamətdə sadəcə cari il üçün nəzərdə tutulmuş məbləğ isə 1.3 milyard ABŞ dollarına bərabər olub. Bu cür nəhəng layihələrin icrasını öhdəsinə götürən Azərbaycan dövləti isə hazırda sahib olduğu genişmiqyaslı layihələrin həyata keçirilməsinə imkan verən potensialını İlham Əliyevin rəhbərliyi ilə atılmış dəqiq və sərrast iqtisadi addımlarla qazanıb.  

Ölkə başçısının fikirlərində xüsusi yer ayırdığı bir məqam da ölkəmizin Azərbaycanın nəqliyyat potensialı və bu potensiala Avropa böyük marağın olmasına əsaslanıb. İlham Əliyev vurğulayıb ki, Azərbaycan Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələndirilmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çevrilir.

Müasir dövrdə kommunikasiya marşrutlarının şaxələndirilməsi iqtisadi inkişafın yüksək templə getməsinə da zəmin yaradır. Odur ki, bu mənada Azərbaycan dövləti növbəti dəfə qarşısına böyük hədəflər qoyur. Sözügedən məqam həmdə regionun digər dövlətlər üçün də cəlbedici olmasını şərtləndirir. Avropa isə Azərbaycanın əməkdaşlıq və iqtisadi münasibətlərində olduqca mühüm rol oynayır. Dövlət başçısı Qərb mediasına verdiyi müsahibədə səsləndirdiyi fikirlərlə həm də postmüharibə dövrünün yeni reallıqları şəraitində Avropa ilə yüksək səviyyədə əməkdaşlıq qurulması yolunda Azərbaycan dövlətinin qərarlılığını bir daha xatırladır.

Şübhəsiz ki, İlham Əliyevin Qərb mətbuatına verdiyi müsahibələr həmçinin Azərbaycanın mövqeyinin və maraqlarının Qərb oxucusuna çatdırılması və obyektiv reallıqların hər kəs tərəfindən öyrənilməsinə xidmət edir. Bu mənada dövlət başçısının Azərbaycan-İran münasibətlərindəki gərginliklə bağlı səsləndirdiyi dəqiq və olduqca tutarlı fikirlər də müsahibəsində ayrıca xətt təşkil edib.

Dövlət başçısı bu zaman da Azərbaycan tərəfinin hər zaman sadiq olduğu diplomatik etika qaydalarına uyğun təmkinli davranışına nümunə olub. Öz fikirlərindəki məntiqi və arqumentləri dəqiqliklə ortaya qoymaqla məsələnin mahiyyətini Qərb oxucuları üçün aydınlaşdırıb.

Ancaq İran dövlət barədə eyni sözləri demək mümkün deyil, İran tərəfi atdığı isterik addımlar, rəsmi şəxslərin, dindarların dilindən verilən yersiz bəyanatlarla məsələnin əsl mahiyyətindən yayınmağa çalışıb.

Ancaq dövlət başçısı İlham Əliyev müsahibə zamanı məsələnin əsl mahiyyətini də məharətlə ortaya qoyub:

“Baş verənlərin səbəbi çox sadədir. Azərbaycan öz sərhədlərinə hörmətlə yanaşılmasını istəyir. Qarabağın azad edilməsindən sonra biz Ermənistanla öz sərhədimizə çıxdıq. Biz öz sərhədimizə gəlib, orada yerləşdik. Ermənistanın bəzi şəhərləri arasındakı yol Azərbaycanın ərazisindən keçir. Bu yoldan Qarabağa, bizim ərazimizə malların qeyri-qanuni daşınmasında istifadə olunduğunu görməyə başladıq. Bu, qəbuledilməzdir. Biz öz sərhədlərimizə hörmətlə yanaşılmasını tələb edirik. Biz hər hansı digər ölkənin sərhədini qeyri-qanuni olaraq pozmuruq. Beləliklə, mesajımız çox sadə idi - dayandırın bunu!”.

Dövlət başçısı səsləndirdiyi bu fikirlərlə həm də növbəti dəfə Azərbaycanla diktə dilində danışmağın faydasız və mənasız olması barədə bütün dünyaya mesaj verib. Bu mesajın əsasını isə bu anlayış təşkil edir: Azərbaycan dövləti və onun lideri tam müstəqil siyasət aparmaqla mehriban münasibətlərin formalaşdırılması və möhkəmləndirilməsində maraqlıdır, ancaq bütün bunlar qarşılıqlı hörmət və ehtiram çərçivəsində olmalıdır. Bunun əksi olan bütün təşəbbüs və addımlar isə Azərbaycan dövləti tərəfindən zərərsizləşdirilir və Azərbaycan daim öz müstəqil mövqeyini ortaya qoyur.

Orxan Tağıyev

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri