14 
Okt
2021
15:16
220
31
5031
Virtual karabakh

Azərbaycanın ən yaşlı diplomatının doğum günüdür - FOTO

14 Okt, 2021
15:16
5031

Azərbaycanın ən yaşlı diplomatının doğum günüdür - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan diplomatiyasının ağsaqqalı, fövqəladə və səlahiyyətli səfir Vəhdət Sultan-zadə 86 illiyini qeyd edir.

Vəhdət Sultan-zadənin diplomatik fəaliyyəti 1960-cı illərdən Əfqanıstan İslam Respublikasında tərcüməçi kimi diplomatik karyerası ilə başlayıb. 1970-ci illərdə V.Sultan-zadə SSRİ-nin İrandakı səfirliyində işləyir. Sovet dövründəki diplomatik karyera sonradan Türkiyədə davam etdirildi, burada Vəhdət Sultanzadə altı il konsul qismində əvvəlcə SSRİ-nin, daha sonra İstanbulda Azərbaycan və Rusiya Federasiyasının maraqlarını təmsil etdi (1988-1994). Dünya praktikasında ilk dəfə olaraq, ölkələrin rəhbərlərinin razılığına əsasən Vəhdət Sultan-zadə iki il ərzində eyni zamanda iki ölkəni layiqincə təmsil edib.

Vəhdət Sultan-zadənin səyləri ilə 1992-ci ildə Azərbaycan İslam Konfransı Təşkilatına - İƏT-ə (2011-ci ildən sonra İslam Əməkdaşlıq Təşkilatı adı verildi) üzv oldu, həmçinin “Aeroflot”un Bakıdan İstanbula ilk tarixi turistik uçuşu baş tutdu.

Diplomatın peşəkar keyfiyyətləri və dövlətinə sədaqətini Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, sonradan Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini, doğma Azərbaycana qayıtdıqdan sonra müasir Azərbaycan dövlətinin qurucusu olan Heydər Əliyevin nəzərindən yayınmayıb. O, Vəhdət Sultanzadəni Azərbaycan Xarici İşlər Nazirliyinin İslam Konfransı Təşkilatının İdarəsinin rəhbəri təyin edib, bununla da ona çətin diplomatik istiqamətlərdən birini - 53 müsəlman ölkəsi ilə əlaqələrə nəzarət etməyi etibar edib. 1994-cü ildə Kasablankada (Mərakeş Krallığı) İKT ölkələrinin sammitinin təşkilində, hazırlanmasında və keçirilməsində fəal iştirak edib. Bu sammitdə Vəhdət Sultan-zadənin səyi ilə İƏT ilk dəfə olaraq Ermənistanın Azərbaycana qarşı təcavüzkar kimi tanındığı qətnamə qəbul etdi.

İƏT-ə üzv ölkələrin Kasablanka şəhərində (Mərakeş Krallığı) zirvə görüşünün təşkilində, hazırlanmasında və keçirilməsində iştirak edib. Vəhdət Sultan-zadənin səyləri nəticəsində bu zirvə görüşündə İƏT-in qəbul etdiyi qətnamədə Ermənistan ilk dəfə olaraq Azərbaycana qarşı təcavüzkar kimi qəbul edilib.

Üç ildən sonra - 1997-ci ildə İƏT-ə üzv ölkələrin Tehran şəhərində (İran İslam Respublikası) zirvə görüşünün təşkilində, hazırlanmasında və keçirilməsində iştirak edib. 2006-2010-ci illərdə Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyində müşavir kimi fəaliyyət göstərib. 2009-cu ildə “Qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə” Türkmənistanın dövlət mükafatına – “Vatana bolan söygüsi üçin” (“Vətənə sevgisinə görə”) medalı ilə təltif edilib. 2010-2015-ci illər aralığında Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub.

2015-ci ildən eyni zamanda Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışıb (Türkmənistandakı missiya ilə eyni vaxtda). Bu, dünya diplomatik praktikasında yeganə hal idi ki, ölkə Prezidenti 80 yaşında şəxsi səfir təyin edir. Bu təyinatda əsas rolu Vəhdət Sultan-zadənin peşəkarlığı, təcrübəsi və biliyi oynayıb. Bunu nəzərə alaraq qeyd etmək lazımdır ki, belə bir təyinat xarici dövlətlərin Türkmənistanda akkreditə olunmuş səfirlərinə də təsirsiz ötüşməyib. Onlar Vəhdat Sultan-zadəni bu yaşda ölkəsini təmsil edən dünyanın yeganə diplomatı olaraq Kitaba daxil edilməsi istəyi ilə Ginnesin Rekordlar Kitabının baş ofisinə müraciət ediblər.

Bildiyiniz kimi, diplomatiya - insan fəaliyyətinin ən qədim sahələrindən biri olaraq, bütün dünya tarixinin inkişaf etdirdiyi, minilliklər boyu toplanmış təcrübə və biliklərin yaratdığı postulatlara malikdir. Bunlardan heç olmasa bəzilərini Vəhdət Sultan-zadənin fəaliyyəti ilə əlaqələndirsək, peşəkar bacarıqların, biliklərin, diplomatik təcrübənin, natiq və analitik kimi təbii qabiliyyətlərinin ən yaxşı diplomatiya ənənələrini özündə təcəssüm etdirdiyi aydın olar.

Vəhdət Sultan-zadə Q.Allahverdiyevlə birgə iki dəfə “Heydər Əliyev və Şərq” kitabının 6 cildini nəşr etdirib. Bu həqiqətən bənzərsiz nəşrlər respublikanın Təhsil Nazirliyi tərəfindən tədris materialı kimi tövsiyə edilib. Qocaman diplomat eyni zamanda bu sahədəki yarım əsrlik fəaliyyətinin bir hissəsini özündə ehtiva edən “Diplomatiya: daxildən baxış” (2018 -ci ildə nəşr olunan) kitabının müəllifidir.

Diplomatik fəaliyyəti dövründə Azərbaycan SSR, Rusiya Federasiyası, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb, bir sıra mükafatlar qazanıb. Birləşmiş Millətlər Təşkilatının “Dünyada Sülhün Mühafizəsinə Göstərilən Töhfəsinə görə” yubiley medalı ilə təltif edilib. Müxtəlif missiyalarla İndoneziya, Pakistan, Efiopiya, Meksika və digər ölkələrdə olub.

Müasir Azərbaycan diplomatiyasının klassiki Vəhdət Sultan-zadə bu gün də zəngin təcrübəsini gənc diplomat nəsillə bölüşməyə davam edir, öz tövsiyələrini verir.

“Heç kim diplomat olaraq doğulmur. Diplomat formalaşır, çətin və gərgin iş rejimində inkişaf edir. Diplomatın əsas keyfiyyəti hər bir şəraitdə öz dövlətinə sadiq qalmaq, xalqının milli maraqlarını müdafiə etməkdir. Vəzifəsindən asılı olmayaraq, hər bir işçi səbirli və sakit davranmağı bacarmalı, öz üzərində işləməli, dünyagörüşünü genişləndirməlidir”, – deyə Azərbaycan diplomatiyasının duayeni Azərbaycanın suverenliyini və müstəqilliyini müdafiə etməli olacaq gənc diplomatlara xitab edir.

Oxu.Az-ın redaksiyası özünü Vətəninə, xalqına xidmətə həsr etmiş, özündə yüksək peşəkarlıq və istedadın birliyini təcəssüm etdirən Azərbaycan diplomatiyasının “ağsaqqalı” Vəhdət Sultan-zadəni təbrik edir, sağlamlıq, xoşbəxtlik və tükənməz enerji arzulayır.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri