12 
Apr
2024
11:30
267
9
1285
Virtual karabakh

Şəhid kəşfiyyatçının anası: “Onlar olmasaydı, Vətənimiz əldən gedərdi”

12 Apr, 2024
11:30
1285

Şəhid kəşfiyyatçının anası: “Onlar olmasaydı, Vətənimiz əldən gedərdi”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şəhidlərimiz olmasaydı, Vətənimiz əldən gedərdi”.

Bunu “Report”un Xocavənd rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında “Xocavənd əməliyyatı”nda şəhid olan Anar Rzayevin anası Siyafət Rzayeva deyib.

O, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti, şəhidlərin və qazilərin canı, qanı bahasına 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanıldığını bildirib:

“Məhz həmin qələbənin sayəsində övladlarımızın şəhidliyə ucaldığı yerləri ziyarət edirik. Şəhidlərin hamısı bizim övladlarımızdır. Biz övladlarımızı heç bir şəhiddən seçməmişik. Şəhidlərimiz olmasaydı, bəlkə də, Vətənimiz əldən gedərdi”.

S.Rzayeva qeyd edib ki, müharibə vaxtı oğlu universitetdə oxuyurdu: “Mənə dedi ki, ana və bacılarımız erməni əlindədir, bizim burada qalmağımızın mənası yoxdur. Allah onların hər birinə rəhmət eləsin”.

“Xocavənd əməliyyatı”nda şəhid olan Nizami Ələkbərovun bacısı Mətanət Əsədova isə deyib ki, qardaşının qismətində şəhidlik zirvəsinə ucalmaq varmış: “O deyirdi ki, torpaqlarımız düşmənin tapdağı altındadır, onu azad etməliyik. Qardaşım dostları ilə birlikdə qəhrəmanlıq göstərərək şəhid olub”.

Şəhid Dinar Mustafayevin bacısı Şəfəq Mustafayeva artıq dördüncü dəfədir qardaşının şəhid olduğu yeri ziyarət edir: “Biz qardaşımın şəhid olması xəbərini iki ay sonra öyrəndik. Bu müddət ərzində ondan xəbər tuta bilmirdik. Qardaşım dünyanın acı və şirinliyini dadmamış, 20 yaşında şəhid olub. Bu gün bizə təsəlli qardaşımın şəhid olduğu yeri ziyarət etməkdir. Dövlətimiz tərəfindən ona mənzil də verilib. Bütün bunlar bizə təsəllidir”.

Qeyd edək ki, Xocavənd əməliyyatı 7 aprel 1997-ci ildə keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri