Okt
2015
02:09
721
82
12331
Virtual karabakh

İlham Əliyevin Ucar və Göyçay rayonlarına səfəri - FOTO

7 Okt, 2015
02:09
12331

İlham Əliyevin Ucar və Göyçay rayonlarına səfəri - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dövlət başçısı bir sıra açılışlar edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar rayonuna səfərdə olub.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Ucar şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.

Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov abidənin ətrafında görülmüş işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Bildirildi ki, Ulu Öndərin abidəsinin ucaldıldığı ərazidə son vaxtlar geniş abadlıq işləri görülüb, yaşıllıq zolaqları salınıb. Bura rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən birinə çevrilib.

---------

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da “Ucar Aqro” MMC-nin quş kəsimi və broyler fabriklərinin fəaliyyəti ilə tanış olub.

Dövlətimizin başçısına əvvəlcə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Aran iqtisadi rayonunda verilən güzəştli kreditlər barədə məlumat verildi. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirdi ki, indiyədək fond vasitəsilə Aran iqtisadi rayonu üzrə 11 min 400-dək sahibkara 445 milyon manatadək, o cümlədən yeni texnologiyalara əsaslanan 10 logistik mərkəz və 9 taxıl anbarı, 8 iri fermer, 15 quşçuluq, 10 cins heyvandarlıq, 6 istixana, 4 üzümçülük, 4 intensiv bağçılıq təsərrüfatları, 6 çörək, 6 meyvə-tərəvəz, 5 süd və 2 ət emalı zavodları, 1 spirtli içkilər, 5 tikinti materialları və 4 digər istehsal və emal müəssisələri olmaqla ümumilikdə 95 müəssisənin yaradılmasına 263 milyon manatdan çox, həmçinin 10 min 700-dək sahibkara 104 milyon manatadək kiçik həcmli güzəştli kreditlər verilib. İqtisadi rayon üzrə verilmiş kreditlər hesabına 36 min 300-dən çox yeni iş yeri yaradılıb. Ucar rayonu üzrə isə 180 sahibkara 19.5 milyon manat güzəştli kreditlər verilib və bunun hesabına 860-dan çox yeni iş yeri açılıb.

Daha sonra dövlətimizin başçısına quşçuluq sənayesinin ümumi mənzərəsi barədə məlumat verildi.

Məlum olduğu kimi dövlətimizin başçısı tərəfindən təsdiq olunmuş və icrası uğurla davam etdirilən “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” üzrə nəzərdə tutulan tədbirlərdən biri də sənaye üsulu ilə quş əti və yumurta istehsalının artırılması, respublika əhalisinin quşçuluq məhsullarına olan tələbatının bütövlükdə yerli istehsal hesabına ödənilməsi məqsədilə quşçuluğun kompleks inkişafının təmin edilməsidir. Bu məqsədlə son illər ərzində İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə illik istehsal gücü 59.4 min ton quş əti, 132.7 milyon ədəd damazlıq və 183.1 milyon ədəd əmtəəlik yumurta olan 43 quşçuluq təsərrüfatına 121.2 milyon manat dövlətin güzəştli kreditləri verilib. Nəticədə quş ətinin illik istehsalının həcmi 2011-ci ilə nisbətən 2,15 dəfəyədək artaraq 46.6 min tondan 100 min tona, damazlıq yumurta üzrə illik istehsalın həcmi 4 dəfədən çox artaraq 32 milyon ədəddən 132.7 milyon ədədə, quş əti istehsalı 1,4 dəfədən çox artaraq 68.6 min tondan 99.4 min tona, yumurta istehsalı 1 milyard ədəddən 1,6 milyard ədədədək artıb, o cümlədən sənaye üsulu ilə quş əti istehsalı 2,17 dəfə artaraq 29.5 min tondan 64.1 min tona, yumurta istehsalı 2,7 dəfə artaraq 260.2 milyon ədəddən 704.8 milyon ədədə çatıb. Bu, həmin məhsulların idxalının kəskin surətdə azalmasına səbəb olub. Belə ki, quş ətinin idxalı 7,9 dəfə azalaraq 17.4 min tondan 2.2 min tona, yumurtanın idxalı isə 5,3 dəfə azalaraq 291.9 milyon ədəddən 54.7 milyon ədədə düşüb. Bütün bunların nəticəsində ölkənin quş əti ilə özünütəminetmə səviyyəsi 2011-ci ildəki 79.9 faizdən 2014-cü ildə 98 faizə, yumurta üzrə isə 77.4 faizdən 99.7 faizə çatıb.

Bu amillər quşçuluq məhsullarının ixracı üçün də imkanlar yaradıb. Maliyyələşdirilmiş quşçuluq fabrikləri dünyanın inkişaf etmiş ölkələrinin aparıcı şirkətləri tərəfindən ən son texnologiyalar əsasında istehsal olunmuş avadanlıqlarla təchiz edilib.

Sonra dövlətimizin başçısı “Ucar Aqro” MMC-nin müasir kəsim və broyler fabrikləri ilə tanış oldu.

Fabriklərin inşasının 1-ci mərhələsinin dəyəri 28.4 milyon manat olub və bu layihələrə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat dövlətin güzəştli krediti verilib. Rayonun Qazıqumlaq kəndi ərazisində hər biri 35 min baş quş tutumuna malik 25 ferma inşa edilib. Bununla yanaşı, Alpout kəndi ərazisində saatda 6 min baş quş kəsimi gücünə malik müasir quş əti emalı fabriki tikilib. Fabrikdə əsas istehsal prosesi 5 sahədə - kəsim, şoklama, soyutma, bölünmə və qablaşdırma sahələrində aparılır. Kəsim fabrikində elektron idarəetmə paneli olan konveyer xətləri, avtomatik qablaşdırma sistemləri, yuyucu və dezinfeksiyaedici qurğular və s. yardımçı avadanlıqlar quraşdırılıb. Tutumu 200 ton olan soyuducu və şoklama kameraları inşa edilib. Fabrikin illik quş əti istehsalı gücü birnövbəli iş rejimində 9.5 min ton təşkil edir. Müəssisədə 65 çeşiddə istehsal olunan quş əti məhsulları “Mərcan” brendi ilə istehlakçılara təqdim edilir.

Prezident İlham Əliyev fabrikin işçiləri ilə görüşüb söhbət etdi.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra dövlətimizin başçısı quşların yetişdirildiyi müəssisəyə gəldi.

Layihələrin ikinci hissəsi olaraq istehsal gücü saatda 20 ton olan yem zavodunun, illik istehsal gücü 10 milyon ədəd damazlıq yumurta olan fabrikin və yem bazasını təmin etmək məqsədilə 4 min hektar ərazidə müasir iri taxılçılıq təsərrüfatının yaradılması nəzərdə tutulur. Azərbaycan Prezidentinin qeyri-neft məhsulları ixracının artırılması və coğrafiyasının genişləndirilməsi siyasətinə uyğun olaraq, quş əti məhsullarının ixracı üçün müəssisə Rusiya Federasiyasının müvafiq qurumlarında akkreditasiyadan keçərək bu ölkənin ərazisinə quş əti məhsullarını ixrac etmək razılığını alıb. Bu da, müəssisəyə imkan verir ki, yaxın perspektivdə quş ətinin ixracına başlasın.

Xüsusi qeyd etmək lazımdır ki, layihənin icrası nəticəsində 240-dan artıq yeni iş yeri açılmış və orta aylıq əmək haqqı 350 manat təşkil edir.

---------

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar rayonuna səfəri çərçivəsində “Fermer” yol-istirahət mərkəzində yaradılan şəraitlə də tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, kompleks 3 hektar ərazidə salınıb. İki hissədən ibarət olan kompleksin birinci hissəsinə Bakı-Gəncə magistral yolunun kənarında yerləşən yarmarka tipli satış məntəqəsi daxildir. Ümumi sahəsi 1200 kvadratmetr olan yarmarka Ucar və ətraf rayonlardan olan vətəndaşların yetişdirdikləri kənd təsərrüfatı məhsullarını rahat, heç bir müdaxilə olmadan istehlakçılara əlverişli şərtlərlə çatdırmalarına geniş imkan yaradır. Bundan əlavə, yarmarkada 24 saat fəaliyyət göstərən aptek və market də var. Ümumilikdə layihə çərçivəsində 80-ə yaxın sakin işlə təmin olunacaq.

Kompleksin ərazisində süni göl yaradılıb, istirahət binaları tikilib. Koteclərdən 2-si mətbəx olmaqla, 3-ü birotaqlı, 1-i ikiotaqlı, 1-i isə dördotaqlıdır. Burada xüsusi qonaq evi də tikilib. Kompleksdəki 80 nəfərlik banket zalında həm müəssisənin işçilərinə, həm də Ucar sakinlərinə xidmət göstəriləcək. Ərazidə geniş yaşıllıq zolağı salınıb, istirahət üçün bütün şərait yaradılıb.

---------

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidentinə aparılan tikinti işləri barədə ətraflı məlumat verildi.

Bildirildi ki, 1970-ci ildə inşa olunan köhnə bina indiyədək təmir olunmadığından yararsız hala düşmüşdü. Yeni xəstəxana üçün 4,4 hektar torpaq sahəsi ayrılıb. Bu ərazinin 1,2 hektarında 4 korpusdan ibarət ikimərtəbəli kompleks tikilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə aparılan tikinti işlərinə 2011-ci ilin sonlarında başlanılıb və bu ilin oktyabr ayında başa çatdırılıb.

Prezident İlham Əliyev tibb ocağında yaradılan şəraitlə tanış oldu.

Burada ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizdə səhiyyənin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotostendlər quraşdırılıb.

Xəstəxana 118 çarpayılıqdır. Burada 340 tibb işçisi çalışacaq. Onların 80-i həkimdir. Bu tibb ocağında cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, reanimatologiya, diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinetal mərkəz, laboratoriya, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin olunub.

Bütün bunlar göstərir ki, son illərdə səhiyyə sahəsində yaşanan ən böyük inqilabi dəyişiklik bu sektorun dünyanın ən müasir tibbi texnika və avadanlıqları ilə təmin olunmasıdır. Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı, qaraciyərin köçürülməsi və digər bu kimi mühüm nailiyyətlərə imza atıb. Bu illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafından xəbər verir. Yeni tikilən tibb ocaqları, ölkəyə gətirilən müasir tibbi avadanlıqlar ilk növbədə bir məqsədə - Azərbaycan əhalisinin sağlam olması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

---------

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar Gənclər Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, üçmərtəbəli binanın tikintisinə bu ilin əvvəlində başlanılıb və inşaat işləri oktyabr ayında başa çatdırılıb. Ərazisi 2 min kvadratmetr olan Ucar Gənclər Mərkəzi respublikada ən böyük gənclər mərkəzlərindən biridir.

Prezident İlham Əliyev mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Mərkəzin foyesində gənclərə daim diqqət göstərən ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Burada, həmçinin Ulu Öndərin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılıb.

Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış oldu.

Burada qurulan 7D formatlı kinozal orijinallığı ilə diqqəti cəlb edir. Xarici ölkələrdə istehsal olunan müasir avadanlıqların quraşdırıldığı zalda 7D formatlı filmlərin nümayişi üçün hər cür şərait yaradılıb. Elektron kitabxana və konfrans zalı da bütün lazımi avadanlıqla təchiz olunub. Burada, həmçinin atıcılıq salonu da təşkil edilib. Ən son avadanlığın quraşdırıldığı salonda gənclərin bu sahədə ibtidai hazırlıq keçmələri və onların interaktiv, pnevmatik silahlardan atəşaçma bacarıqlarının yüksəldilməsi üçün məqsədyönlü işlər aparılacaq.

Bildirilib ki, mərkəzin yaradılmasında əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır . Mərkəzdə kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Akt zalı müasir üslubda qurulub. Burada gənclər üçün müxtəlif mövzularda tədbirləri keçirmək mümkün olacaq. Mərkəzdə gənclər kafesi də fəaliyyət göstərəcək. Bundan əlavə, mərkəzdə Prezident İlham Əliyevin gənclər siyasətini əks etdirən fotoguşələr yaradılıb. Yaradıcılıq mərkəzində gənclər həm sənət öyrənəcək, həm də onların əl işləri sərgilənəcək. Respublikada ilk dəfə olaraq bu mərkəzdə Aşıq məclisi və poeziya dərnəyi yaradılıb.

Qeyd edilib ki, mərkəzdə gənclərin istirahətini təmin etmək üçün stolüstü oyunlar, eləcə də kafe, bar, internet klub, internet kafe də fəaliyyət göstərir. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil ediləcək. Burada yaradılan şərait gənclərin asudə vaxtlarının səmərəli keçməsinə imkan verəcək. Mərkəz, həmçinin gənclərin ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaq.

Dövlətimizin başçısı mərkəzin imkanlarından səmərəli istifadə edilməsi barədə tapşırıq və tövsiyələrini verdi.

---------

Oktyabrın 6-da Ucar rayonuna səfəri zamanı Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına məlumat verildi ki, partiyanın inzibati binasının tikintisi yüksək standartlara uyğun həyata keçirilib. Ümumi sahəsi 600 kvadratmetr olan bina müasir inventar və avadanlıqla təchiz olunub.

Binanın foyesində Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin büstü qoyulub. Burada Ümummilli Liderin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən maraqlı fotolardan ibarət guşə var. Binanın 110 nəfərlik akt zalında partiyanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlər keçirilə bilər. İnzibati otaqlarda səmərəli fəaliyyət üçün hərtərəfli şərait yaradılıb.

Yeni Azərbaycan Partiyasının bölgələrdəki qurumları arasında Ucar rayon təşkilatı da fəaliyyəti ilə seçilir. 1993-cü ildə qurulan təşkilat hazırda 4 mindən çox siyasi həmfikiri bir araya toplayıb və onun üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verirlər, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər. Partiyanın rayon təşkilatının üzvlərinin 35 faizini gənclər, 50 faizini isə qadınlar təşkil edir.

Ölkənin avanqard partiyasının rayon təşkilatları üçün bu cür müasir inzibati binaların tikilməsi ilk növbədə işçilərin yüksək səviyyədə fəaliyyət göstərmələrinə hesablanıb. Bu, eyni zamanda, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikanın ağır günlərində yaranan, çətin və şərəfli yol keçən, ölkənin çiçəklənməsində mühüm xidmətləri olan Yeni Azərbaycan Partiyasına dövlətimizin göstərdiyi diqqəti nümayiş etdirir.

---------

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ucar Tarix-Diyarşünaslıq Muzeyi üçün inşa olunan yeni binanın açılışında iştirak edib.

Dövlətimizin başçısı muzeyin yeni binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, ümumi sahəsi 650 kvadratmetr olan bina bütün lazımi kommunikasiya xətləri və müvafiq avadanlıqla təchiz olunub.

Bu gün ölkəmizdə bir sıra yeni muzeylər tikilir, eləcə də mövcud olanları əsaslı şəkildə yenilənir. Qədim tarixi olan və geniş turizm potensialına malik Azərbaycan üçün bu cür muzeylərin yaradılması olduqca vacib məsələdir. Bu sırada Ucar Tarix-Diyarşünaslıq Muzeyi üçün tikilən yeni binanı göstərmək olar. Qədim tariximizin və mədəni irsimizin öyrənilməsi, gələcək nəsillərə çatdırılması baxımından Ucar Tarix-Diyarşünaslıq Muzeyi mühüm əhəmiyyətə malikdir. Muzeydə həm ölkəmizin, həm də Ucarın tarixini əks etdirən və turistlər üçün böyük maraq doğuran çoxlu sayda eksponat var. Bu eksponatlar bölgənin tarixini öyrənmək baxımından olduqca əhəmiyyətlidir. Bütün bunlar onu göstərir ki, ölkədə muzey işinin təşkilində əhəmiyyətli uğurlar qazanılıb. Gənc nəslin tarixi keçmişimizə maraq göstərməsini təmin etmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından muzeylərin böyük rolunu nəzərə alaraq bu sahədə tədbirlərin daha da gücləndirilməsinə böyük diqqət göstərilir və bu məsələdə Ucar Tarix-Diyarşünaslıq Muzeyi xüsusi yeri ilə seçilir.

Ucar şəhərinin mərkəzində orijinal layihə əsasında inşa olunan Tarix-Diyarşünaslıq Muzeyinin yeni binası xüsusi dizaynı ilə də diqqəti çəkir.

---------

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucar şəhərinin su təchizatı sisteminin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə iştirak edib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Proqram çərçivəsində həyata keçirilən “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla rayon mərkəzində 22 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 37 min nəfər əhalinin yaşadığı 15 kəndə də içməli suyun verilməsi nəzərdə tutulur. Ümumilikdə bu layihədən 59 min nəfər faydalanacaq. Layihə çərçivəsində Ucar Sukanal İdarəsi üçün müasir tələblərə cavab verən yeni inzibati bina tikilib.

Prezident İlham Əliyev idarənin binasında yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, ümumi sahəsi 720 kvadratmetr olan binada müasir tələblərə cavab verən “SCADA” idarəetmə mərkəzi yaradılıb. Onun vasitəsilə suyun mənbədən istehlakçıyadək ötürülməsi onlayn rejimdə tənzimlənəcək. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də Coğrafi İnformasiya Sisteminin yaradılmasıdır. Ucar şəhərində də tətbiq olunmuş bu sistem sayəsində gələcəkdə bütün şəbəkə infrastrukturu coğrafi məlumatlar bazasına əsaslanan rəqəmsal xəritələrin tətbiqi ilə idarə ediləcək. Bu sistem dünyanın iki nüfuzlu müsabiqəsinin qalibi olub.

Diqqətə çatdırıldı ki, 2011-ci ilin oktyabrında icrasına başlanılan “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir. Ucar şəhərini və ətraf kəndləri içməli su ilə təmin etmək üçün Ağsu rayonu ərazisində Girdimançayın yatağında yerləşən Külüllü su mənbəyi seçilib. Burada sugötürücü qurğu, mənbənin yaxınlığında Ucar şəhərini təmin etmək üçün hər birinin tutumu 3750 kubmetr olan 2 su anbarı tikilib. Anbarlardan Ucar şəhərinə 57 kilometr özüaxımlı magistral su kəməri çəkilib. Artıq bu kəmərdən Ucar şəhərinin yaxınlığındakı Gəraybəyli və Qarabörk kəndlərinə içməli su verilib. Ucar şəhərində inşası nəzərdə tutulan 120 kilometr içməli su şəbəkəsinin inşası tam yekunlaşıb, 4891 ünvana birləşmə verilib və smart sayğaclar quraşdırılıb. İçməli su təchizatının dayanıqlığını təmin etmək üçün şəhərdə hər birinin tutumu 1500 kubmetr olan 2 su anbarı tikilib. Hazırda Ucar şəhərinin bütün abonentləri fasiləsiz içməli su ilə təmin olunur.

Bildirildi ki, şəhər üzrə layihələndirilən 88 kilometrlik kanalizasiya şəbəkəsinin 20 kilometrlik hissəsi də hazırdır. Şəhərdə yaranacaq tullantı suları gələcəkdə inşa ediləcək və məhsuldarlığı sutkada 10 min kubmetr olacaq təmizləyici qurğuda zərərsizləşdiriləcək.

Həmçinin qeyd olundu ki, Ucar şəhərində mərkəzləşdirilmiş su təchizatı sistemləri 1970-ci illərin sonlarında yaradılıb. Şəhərə içməli su Göyçay rayonunun Potu kəndi ərazisində yerləşən subartezian quyulardan verilirdi və “Azərsu” ASC şəhər sakinlərinin 55 faizinə xidmət göstərirdi. Əhalinin qalan hissəsi tələbatını kanal və arx sularından istifadə etməklə ödəyirdi. Kanalizasiya sistemi indiyə qədər mövcud olmayıb.

Sonra Prezident İlham Əliyev şəbəkəyə suyun verilməsini bildirən düyməni basdı.

Bununla Ucar şəhərinin 24 saat fasiləsiz su ilə təmin olunması prosesi uğurla yerinə yetirildi.

Diqqətə çatdırıldı ki, idarənin binasında müasir tipli yeni laboratoriya da qurulub. Burada içməli suyun vacib 14 parametri öyrəniləcək. Daha geniş və dəqiq analizlərin aparılması zərurəti yarandıqda nümunələr xüsusi təyinatlı maşınlarda Bakıdakı mərkəzi laboratoriyaya göndərilir. İdarənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə nəqliyyat vasitələri və xüsusi texnikalar alınıb.

---------

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da yenidən qurulan Göyçay-Ucar avtomobil yolunun açılışında iştirak edib.

“Azəryolservis” ASC-nin sədr əvəzi Saleh Məmmədov dövlətimizin başçısına Göyçay-Ucar avtomobil yolunun yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, 3-cü texniki dərəcəli bu yolun uzunluğu 20 kilometrə yaxındır. Eni 12 metr olan yolda iki hərəkət zolağı var. Yol üzərində müxtəlif qovşaqlar, həmçinin bir dəmiryol körpüsü yerləşir. Bu yol Göyçay-Ucar istiqamətində avtomobillərin rahat hərəkətini təmin etməklə yanaşı, bölgədə gedən iqtisadi inkişaf proseslərinə də öz təsirini göstərəcək.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Bu gün Azərbaycanda yol-nəqliyyat infrastrukturunun tamamilə yeniləşdirilməsi və müasirləşdirilməsi, bu sahədə əsaslı dəyişikliklərin yer aldığı proses uğurla davam etməkdədir. Ölkəmizin ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yolların müasir standartlar səviyyəsində tamamilə yenidən qurulması ilə yanaşı, regionları, həmçinin kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, yolayrıcıların və körpülərin inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir. Bu cür yolların müasir səviyyədə inşası regionların inkişafına müsbət təsirini göstərir, rayonların simasını əsaslı şəkildə dəyişdirir, həmçinin nəqliyyatın və əhalinin rahat, təhlükəsiz və maneəsiz hərəkətini təmin edir. Bu işlərin icrası həm də onu nümayiş etdirir ki, dünyanı bürümüş iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bütün sosial layihələr uğurla icra olunur. Bu isə dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsidir. Bu siyasətin bəhrəsini isə hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir.

---------

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Ucara səfərini başa çatdıraraq Göyçay rayonuna gəlib.

Dövlətimizin başçısı əvvəlcə Göyçay şəhərinin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev rayonda görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi.

Bildirildi ki, Göyçay şəhəri öz simasını sürətlə dəyişir. Xüsusilə son vaxtlar şəhərin ən görməli hissəsində yerləşən Heydər Əliyev Mərkəzinin ətrafındakı ərazidə böyük tikinti və abadlıq işləri görülüb. Mərkəzin yerləşdiyi ərazinin ümumi sahəsi 3 hektara çatdırılıb. Qısa müddətdə burada Gənclər Mərkəzi, Bayraq Meydanı və Bayraq Muzeyi, fəvvarə kompleksləri tikilib, mərkəzin qarşısında Ulu Öndərin ağ mərmərdən abidəsi ucaldılıb. Mərkəzin qarşısındakı ərazi başdan-başa abadlaşdırılıb. Burada genişmiqyaslı yaşıllaşdırma işləri görülüb.

Abidənin ətrafında yeni işıqlandırma sistemi qurulub, 500-dən artıq ağac, 10 mindən artıq gül və bəzək kolu əkilib, yaşıllıq zolağı salınıb. Parkda böyük monitor da quraşdırılıb. Burada ana və uşaq kafesi inşa edilib, uşaqlar üçün müxtəlif attraksionlar qurulub. Bir sözlə, burada rayon sakinləri və qonaqların istirahəti üçün hərtərəfli imkan yaradılıb.

---------

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göyçayda Gənclər Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı Gənclər Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Ölkəmizdə gənclər siyasətinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ardıcıl xarakter alıb. Azərbaycanda gənclər siyasətinin formalaşdırılması, yeni inkişaf mərhələsinə qədəm qoyması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu sahənin inkişafı 2003-cü ildən sonra yeni müstəvidə davam etdirilib. 2005-2009-cu illəri əhatə edən “Azərbaycan Gəncliyi Dövlət Proqramı” bu baxımdan çox mühüm rol oynayıb. Hazırda həyata keçirilməkdə olan “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı bu tədbirlərin məntiqi davamıdır. Gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik, milli mənəvi dəyərlərimizə hörmət ruhunda tərbiyə olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Gənclərin asudə vaxtının səmərəli təşkili, onların müxtəlif peşə və sənətə yiyələnməsi məsələsi də daim diqqətdə saxlanılır. Bu baxımdan bölgələrdə yaradılan gənclər mərkəzləri müstəsna əhəmiyyət kəsb edir.

Qeyd olundu ki, Göyçay Gənclər Mərkəzinin tikintialtı sahəsi 3400 kvadratmetr olan ikimərtəbəli binasının inşası yüksək zövq və keyfiyyətlə həyata keçirilib. Burada gənclər üçün hərtərəfli şərait yaradılıb. Binanın foyesində Ulu Öndərin büstü qoyulub, Ümummilli Liderin Göyçaya səfərlərini, sakinlərlə görüşlərini əks etdirən fotolardan ibarət stendlər yaradılıb. Mərkəzdə Prezident İlham Əliyevin həyat və fəaliyyətini, həmçinin gənclərlə görüşlərini əks etdirən fotoguşələr də var.

Burada rayon gəncləri boulinq zalı, qolf, intellektual oyunlar otaqları, kafe, rəqs studiyası, xarici dil kursları, rəsm, xalçaçılıq, poliqrafiya, heykəltəraşlıq dərnəkləri və fotostudiyaların xidmətindən yararlana biləcəklər. Mərkəzdə 60 yerlik böyük iclas və 15 yerlik konfrans zalları var. Bu zallarda rayon gənclərinin müxtəlif tədbirləri keçiriləcək.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

---------

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Göyçaya səfəri çərçivəsində Bayraq Meydanı kompleksində yaradılan şəraitlə tanış olub.

Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olan üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırılıb. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə dalğalanır. Hər bir azərbaycanlı dövlət bayrağını özünün iftixar mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, dünyanın ən hündür bayraq dirəyinin ucaldığı Bakıdan sonra ölkənin əksər bölgələrində üçrəngli bayrağımızın şərəfinə meydanlar yaradılır, bununla bağlı xüsusi layihələr həyata keçirilir.

Bildirildi ki, Göyçayda Bayraq Meydanının və Muzeyinin inşasına bu ilin aprelində başlanılıb. Muzeyin qarşısında hündürlüyü 66 metr olan bayraq dirəyi ucaldılıb. Burada dalğalanan bayrağın eni 12, uzunluğu isə 24 metrdir. Meydan dövlət rəmzlərinin təbliği və gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işinin yaxşılaşdırılması məqsədilə inşa olunub. Bayraq Meydanının ərazisində geniş abadlıq-quruculuq işləri görülüb.

Prezident İlham Əliyev Bayraq Muzeyi ilə də tanış oldu.

Diqqətə çatdırıldı ki, muzeydə ölkəmizin tarixində mövcud olmuş dövlətlərin bayraqları, şəhərlərin gerbləri, Azərbaycanın orden və medallarının nümunələri sərgilənir. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət bayrağına bəslədikləri hörmət və ehtiramı özündə əks etdirən tarixi fotolar böyük maraqla qarşılanır. Müasir səviyyədə inşa olunan bu meydan indi rayonun ən gözəl məkanlarından birinə çevrilib.

---------

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Göyçaya səfəri çərçivəsində rayon mərkəzinə təmiz içməli suyun verilməsinə başlanılıb.

Dövlətimizin başçısı əvvəlcə “Göyçay şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi ilə tanış oldu.

“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, layihə Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən “Şəhər su təchizatı və kanalizasiya layihəsi” və “Su təchizatı və kanalizasiya investisiya proqramı” çərçivəsində həyata keçirilir. Layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Göyçay şəhərində 43 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

“Şəhər su təchizatı və kanalizasiya layihəsi”nin icrasına 2008-ci ildə başlanılıb. Bu mərhələdə Göyçay şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə üç subartezian quyusu qazılıb, sugötürücü kamera və xlorator binası, hər birinin həcmi 2000 kubmetr olan iki anbar inşa edilib. Eyni zamanda, “Göyçay Sukanal” Törəmə Səhmdar Cəmiyyəti üçün yeni ofis binası və istehsalat bazası inşa edilib, zəruri maşın və mexanizmlər alınıb.

Diqqətə çatdırıldı ki, “Su təchizatı və kanalizasiya investisiya proqramı” layihəsinin icrasına isə 2012-ci ildə başlanılıb. Bu mərhələdə Göyçay şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə iki subartezian quyusu qazılıb. Gələcəkdə daha üç quyunun qazılması nəzərdə tutulur. Görülən işlər çərçivəsində artezian zonasında hər birinin tutumu 500 kubmetr olan iki anbar tikilib, buradan şəhərə qədər 5,6 kilometr uzunluğunda magistral su xətti çəkilib. Layihə çərçivəsində inşası nəzərdə tutulmuş 147 kilometr uzunluğunda içməli su şəbəkəsinin tikintisi tam yekunlaşıb, 9761 ünvana birləşmə verilib. Hər bir abunəçi smart tipli sayğacla təmin olunub. Hazırda şəhərin bütün əhalisi fasiləsiz içməli su ilə təmin edilir.

Şəhərin kanalizasiya infrastrukturunun yenidən qurulması işləri çərçivəsində layihələndirilmiş 123 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin inşası da başa çatdırılıb. Göyçay şəhərində tullantı sularının təmizlənməsi məqsədilə məhsuldarlığı sutkada 20 min kubmetr olan qurğu tikiləcək. Layihənin icrası 2016-cı ildə tam başa çatdırılacaq.

Qeyd edildi ki, Göyçay şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1930-1970-ci illərdə mərhələlərlə yaradılıb və istismara yararsız vəziyyətdə idi. Yeni layihə icra olunana qədər abonentlərə içməli su sutkada 1 saat olmaqla qrafiklə verilirdi.

Prezident İlham Əliyev Göyçay şəhərinə təmiz içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonra xatirə şəkli çəkdirildi.

---------

Oktyabrın 6-da Göyçay Şəhər Uşaq Musiqi Məktəbi binasının açılışı olub.

Açılışda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanda mədəniyyət sahəsinə dövlət səviyyəsində qayğı gündən-günə güclənir və bu sahədə çalışanların iş şəraitinin müasir tələblər səviyyəsində qurulması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər paytaxtla yanaşı, regionlarda da geniş vüsət alıb. Son dövrlərdə bölgələrdə müasir tipli yeni mədəni infrastruktur yaradılıb, çoxlu mədəniyyət və incəsənət obyekti tikilərək istifadəyə verilib. Göyçayda inşa olunmuş uşaq musiqi məktəbinin binası da bu sırada mühüm yer tutur.

Hələ kiçik yaşlarından uşaqların incəsənətin bu növünə marağını artırmaq, onların musiqi intellektini istədikləri istiqamətə yönəltmək məqsədilə zövqlə tikilən binada işlərin keyfiyyətlə həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb.

Ümumi sahəsi 650 kvadratmetr olan ikimərtəbəli binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub. Burada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri ilə görüşlərini, həmçinin bu sahəyə göstərdikləri diqqət və qayğını nümayiş etdirən fotolar var. Binada müxtəlif mədəni tədbirlərin keçirilməsi üçün 80 yerlik konsert zalı yaradılıb. Məktəbin fortepiano, skripka, qarmon, xalq çalğı alətləri, tar, kaman, xanəndəlik şöbələrində uşaqlar zəngin incəsənətimizin və musiqimizin sirlərinə yiyələnirlər. Bütün sinif otaqları zəruri alət və avadanlıqla təchiz olunub.

Qeyd edildi ki, məktəbdə 430 şagirdin musiqi təlimi ilə 107 müəllim məşğul olacaq. Musiqi məktəbinə 7-13 yaşlı uşaqlar qəbul edilir. Burada təhsil müddəti 5-7 ildir.

---------

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Yeni Azərbaycan Partiyası ölkəmizin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında, bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir. Partiya ölkənin tərəqqisinə, dövlətçiliyin möhkəm təməllər üzərində qurulmasına çox mühüm töhfələr verir. Bu gün partiyanın sıralarının genişlənməsi və fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması cəmiyyətdə bu siyasi quruma olan hörmət və inamdan qaynaqlanır. Ümumi məqsədlər və amallar naminə fəaliyyətdə partiyanın rayon təşkilatlarının da rolu danılmazdır. Respublikanın bütün bölgələrində Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün inşa olunan inzibati binalar müasirliyi ilə seçilməklə yanaşı, həm də yerləşdiyi şəhərin, rayonun gözəlliyinə əlavə çalarlar qatır. Bu binalarda səmərəli işləmək üçün maksimum şərait yaradılır. Partiyanın Göyçay rayon təşkilatının yeni inzibati binası da bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Prezidenti ikimərtəbəli binada yaradılan şəraitlə tanış oldu.

Foyedə ümummilli lider Heydər Əliyevin büstü qoyulub. Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin və partiyanın sədri, dövlətimizin başçısı İlham Əliyevin bu siyasi qurumun fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərdə çəkilmiş fotolarından ibarət stend quraşdırılıb. Dövlətimizin başçısının rayona səfərləri zamanı çəkilən fotolar da burada nümayiş etdirilir.

Binada akt zalı, elektron kitabxana, Yeni Azərbaycan Partiyası rayon təşkilatının Qadınlar Şurası və Gənclər Birliyi üçün otaqlar var. Binadakı 120 yerlik konfrans zalında istər təşkilatın fəaliyyəti, istərsə də rayonun həyatında baş verən mühüm ictimai-siyasi hadisələrlə bağlı tədbirlər keçirmək mümkündür.

Bildirildi ki, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatının 7663 üzvü var. Onların 4378-i qadın, 3006-sı isə gəncdir. Onlar rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatına mühüm töhfələr verir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində fəal iştirak edirlər.

---------

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göyçaya səfəri çərçivəsində Şahmat Məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı Şahmat Məktəbinin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanda şahmatın qədim ənənələri var. Bu ənənələrin davamı olaraq ölkəmiz dünya şahmat arenasında həmişə mühüm nailiyyətlər əldə edib. İdmanın bu müdrik növü ilə məşğul olanlarda düşünmək, hadisələri qabaqlamaq və düzgün qiymətləndirərək, onları proqnozlaşdırmaq qabiliyyəti daha üstün olur. Məhz bu amilləri nəzərə alan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ötən əsrin 70-ci illərində respublikamızın əksər rayonlarında şahmat məktəbləri tikilib. Bu, ölkəmizdə şahmatın kütləvi xarakter almasında həlledici rol oynayıb.

Müstəqilliyimizin ilk illərində həmin məktəblərin əksəriyyəti yararsız hala düşüb. Lakin 1993-cü ildən sonra ulu öndər Heydər Əliyev, 2003-cü ildən sonra isə Prezident İlham Əliyev yeni şahmat məktəblərinin inşasına xüsusi diqqət yetiriblər. Gənclərin istifadəsinə verilən şahmat məktəbləri bütün zəruri avadanlıqla təchiz edilir, onların idmanın bu qədim növünün sirlərinə yiyələnmələri üçün maksimum şərait yaradılır. Göyçayda yüksək zövqlə inşa edilən Şahmat Məktəbi də bu qəbildəndir.

Məktəbin binasında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin idmançılar, o cümlədən şahmatçılarla görüşlərində, dövlətimizin başçısının müxtəlif regionlarda şahmat məktəblərinin açılışlarında çəkilən fotoları nümayiş olunur.

Bildirildi ki, Göyçay Şahmat Məktəbinin binası 1983-cü ildə istifadəyə verilib. Ötən ildən burada əsaslı yenidənqurma işlərinə başlanılıb. Binanın birinci mərtəbəsində 60 yerlik kiçik yarış zalı, kompyuter, müəllimlər və üç sinif otağı yaradılıb. Məktəbin 90 yerlik böyük yarış zalı da müasirliyi ilə diqqəti cəlb edir. ikinci mərtəbədə dörd sinif otağı yaradılıb. Məktəbin məzunlarının və şagirdlərinin müxtəlif beynəlxalq səviyyəli yarışlarda qazandıqları kuboklar, layiq görüldükləri fəxri fərmanların nümayiş olunduğu guşə də xüsusi maraq doğurur.

Qeyd edildi ki, hazırda məktəbdə təhsil alan 251 şagirdə şahmatın sirlərini 11 müəllim öyrədir. Məktəbin orijinal dizaynı şahmatın sirlərini öyrənənləri daha da ruhlandırır. Burada yeniyetmə və gənclərin şahmat kompozisiyalarını daha dərindən öyrənmələri üçün müxtəlif əyani vəsaitlərdən və informasiya-kommunikasiya texnologiyalarının imkanlarından geniş istifadə olunur. Respublikamızın bütün bölgələrində fəaliyyət göstərən belə şahmat məktəblərində zəngin təcrübə toplayan məktəblilər beynəlxalq səviyyəli yarışlara qatılaraq ölkəmizi yüksək səviyyədə təmsil edirlər.

Sonda məktəbin müəllim və şagirdləri dövlətimizin başçısı ilə xatirə şəkli çəkdirdilər.

---------

Oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göyçay Rayon Mərkəzi Xəstəxanasının binasında əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına məlumat verdi ki, dördmərtəbəli, 170 yerlik xəstəxana və ikimərtəbəli konsultativ poliklinika əsaslı şəkildə yenidən qurulub. Ümumi sahəsi 12 min kvadratmetrə yaxın olan xəstəxana binası əsas, yoluxucu xəstəliklər və digər korpuslardan ibarətdir. Xəstəxananın müalicə korpusunda qəbul, şüa-diaqnostika, rentgen, kompyuter-tomoqrafiya, ginekologiya, urologiya, travmatologiya, terapiya, anesteziologiya-reanimasiya şöbələri, cərrahi əməliyyat bloku və laboratoriya var.

Rayon Mərkəzi Xəstəxanası ən müasir tibbi avadanlıq və ləvazimatlarla təmin olunub. Mərkəzi xəstəxanada və poliklinikada 102 həkim və 223 tibb işçisi əhaliyə xidmət göstərir. Xəstəxananın laboratoriyası da analizlərin dəqiq aparılması üçün zəruri avadanlıqla təchiz edilib. Bu tibb müəssisəsi müasir kompyuter-tomoqrafiya, qrafik və skopik rentgen, rəqəmsal flüoroqrafiya aparatları ilə təchiz olunub. Buradakı ultrasəs müayinə, süni nəfəs və narkoz, fizioterapiya və tibbi bərpa, otolarinqologiya, stomatologiya və oftalmologiya aparatları dünyanın aparıcı ölkələrində istifadə edilən tibbi avadanlıqdır. Xəstəxananın müasir reanimasiya və kardioloji avadanlığı, həmçinin əməliyyatxana üçün səyyar rentgen aparatı vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərməyə imkan verir.

Bütün bunlar göstərir ki, müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionlarda ilk dəfə açıq ürək əməliyyatı və qaraciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atıb. Ötən illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası və ya yenidən qurulması səhiyyə sisteminin köklü şəkildə inkişafından xəbər verir. Yeni tikilən tibb ocaqları, ölkəyə gətirilən müasir tibbi avadanlıq ilk növbədə bir məqsədə - Azərbaycan əhalisinin sağlamlığını qorumaq kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri